Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-592/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi (vergi ödəyicisi kimi qeydiyyata alınmama; nağd hesablaşma qaydalarının pozulması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi və sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsinə dair qəbz əldə edilmədən işlərin yerinə yetirilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif İlham oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********1294 nömrəli, xx.xx.2023-cü il tarixli **********1296 və xx.xx.2023-cü il tarixli **********1298 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-792/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1627 saylı qərardan görünür ki, Lerik rayonu ərazisində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, vergi orqanlarında uçota alınmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli **********1294 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli **********1296 “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli **********1298 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə İddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin 3-21-2-13/2-97520/2025 saylı məktubunda qeyd edilmişdir ki, “...”Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1267 nömrəli qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınıb-alınmaması ilə bağlı bildiririk ki, operativ vergi nəzarəti tədbiri çərçivəsində İddiaçı fəaliyyət göstərdiyi obyektdə yoxlama keçirilmiş və iddiaçı həmin vaxt ümumiyyətlə vergi uçotuna alınmadan fəaliyyət göstərmişdir. Yəni, qanunvericiliyə uyğun olaraq fərdi sahibkar kimi uçota alınmaq üçün müraciət etmədən, faktiki olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə isə vergi orqanında uçotda olan fiziki və hüquqi şəxslərə münasibətdə aparılmalı yoxlama prosedurlarını tənzimləyir. Çünki, yoxlamanın reyestrdə qeydiyyata alınması üçün vergi ödəyicisinin VÖEN-i tələb olunur və VÖEN olmadığı halda onun reyestrdə qeydiyyata alınması mümkünsüzdür. Göründüyü kimi Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti zamanı vergi orqanlarında uçota durmayan, yəni vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin əsas məqsədlərindən biridir və belə şəxslərin reyestrə salınması mümkün deyil, çünki onlar vergi ödəyicisi statusuna malik deyillər və uçotda olmadıqları üçün vergi ödəyicilərinin reyestrinə daxil edilə bilməzlər. Bu halda, vergi orqanı belə şəxsləri aşkar etdikdə, onların uçota alınması üçün tədbirlər görür, lakin yoxlama zamanı reyestrə salınma proseduru tətbiq edilmir və bu texniki olaraq mümkün deyil. Belə ki, uçotda olmayan şəxslər barədə məlumatlar toplanır və sonradan qanunvericiliyə uyğun olaraq uçota alınmaları təmin edilir, lakin operativ yoxlama zamanı onların dərhal reyestrə salınması hüquqi və texniki baxımdan icra olunmur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və hər hansı müraciəti olmadığı halda, cavabdeh vergi orqanı tərəfindən qanunsuz olaraq vergi uçotuna alınmaqla adına VÖEN açılmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda hər hansı şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi və göstərilmiş xidmətə görə çek verilməməsi absurddur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1267 nömrəli qərarı əsasında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən “Çənlibel” istirahət mərkəzində xx.xx.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə vermədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, 2 nəfər fiziki şəxsin (X7 və X3) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsi) cəlb edildiyi və 1 çaynik çaya görə ödənilmiş 5.0 manat üçün alıcıya nəzarət-kassa aparatı çekinin təqdim edilmədiyi, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı, bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktları aşkar edilərək xx.xx.2023-cü il tarixli DVX seriyalı 000824 nömrəli “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə”, 002819 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” və 027744 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti barədə” aktların tərtib edildiyi, İddiaçı aktları imza etməkdən və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi müəyyən edilmişdir. Bundan əlavə operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxs izahat verərək İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini, İddiaçılə onların arasında əmək müqaviləsinin bağlanmadığını və onlara əmək müqaviləsi bildirişlərinin təqdim edilmədiyini bildirmişlər. Operativ vergi nəzarəti tədbiri zamanı qeyd edilən obyektdə 2022-ci ildə sahibkarlıq fəaliyyəti göstərmiş (İddiaçı qardaşı) X8 ilə telefon vasitəsi ilə əlaqə saxlanarkən sonuncunun həmin obyektdə sahibkarlıq fəaliyyətini 2022-ci ildən etibarən dayandırdığını, obyektin onun qardaşı İddiaçı inşa etdiyini, obyektin İddiaçı məxsus olduğunu, obyektə heç bir bağlılığının olmadığını, borcu olduğundan həmin obyekti qeydiyyatdan çıxara bilmədiyini, hətta Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi üçün ərizə ilə müraciət etdiyini, bu mövzuda izahat verməsi xahiş edilərkən o, kənddə olduğunu və onlarla növbəti iş günü iş yerində, yəni Lerik Rayon Mərkəzi Xəstəxasında onlarla görüşə biləcəyini bildirdiyini, həmçinin, qardaşı İddiaçılə münasibətlərinin yaxşı olmadığını əsas gətirərək yazılı izahat verə bilməyəcəyini, obyektdə hazırda İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirərək, bu obyektlə bağlı İddiaçı barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bundan əlavə “Çənlibel” istirahət mərkəzinin kimə məxsus olması və istirahət mərkəzində faktiki olaraq kimin sahibkarlıq fəaliyyəti göstərməsini müəyyənləşdirmək məqsədi ilə telefon vasitəsi ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə əlaqə saxlanıldığı, telefon danışığı zamanı “Çənlibel” istirahət mərkəzinin İddiaçı məxsus olduğu, həmin obyektdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və bu barədə vergi orqanına yazılı arayış da təqdim edə biləcəyini bildirdiyi müəyyən edilmişdir. Bundan əlavə operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı işçisi olduğunu bildirən fiziki şəxs X3 (Pin: 7LZ6HN1) izahat yazarkən şəxsiyyət məlumatlarının (X9) düzgün qeyd edilmədiyi müəyyən edilərək sərbəst aktla rəsmiləşdirilmişdir. Eyni zamanda, İddiaçı həmin gün saat 16:25-də istirahət mərkəzinə gəldiyi, bu zaman “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar ilə tanış olması ona bildirilərkən obyektin zəif işlədiyini bildirməklə və s. bəhanələr qeyd edərək qərarla tanış olmaqdan və bu barədə yazılı izahat verməkdən imtina etdiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı yuxarıda qeyd edilən xüsusatlar sərbəst aktlarla rəsmiləşdirilmiş və operativ vergi nəzarətinin nəticələri üzrə aktlara əlavə edilmişdir. Eyni zamanda Lerik rayon İcra Hakimiyyəti Başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli 6-65-33/2-792/2023 nömrəli arayış təqdim edilərək “Çənlibel” ailəvi istirahət mərkəzinin Lerik rayon Piran kəndi ərazisində yerləşdiyi, obyektin İddiaçı məxsus olduğu və sahibkarlıq fəaliyyəti ilə özü məşğul olduğu bildirilmişdir. Tərtib edilmiş aktlar Baş İdarənin xx.xx.2023-cü il tarixli **********288000 və **********289700 nömrəli məktubları ilə vergi ödəyicisinin qeydiyyatda olduğu ünvana göndərilmiş, məktublarda Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə Baş İdarəyə dəvət edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1294 nömrəli qərar qəbul edilərək Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40.0 manat, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli **********1298 nömrəli qərara əsasən 1000.0 manat və 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə xx.xx.2023-cü il tarixli **********1296 nömrəli qərara əsasən 4000.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamələr xx.xx.2023-cü il tarixli **********586100 nömrəli, xx.xx.2023-cü il tarixli **********597500 və xx.xx.2023-cü il tarixli **********592000 nömrəli məktublar ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktublar poçtdan geri qayıtmamışdır. Həmçinin, inzibati şikayətin İddiaçı iştirakı ilə araşdırılması məqsədilə “Araşdırmada iştirak etmək haqqında” xx.xx.2023-cü il tarixli **********884100 nömrəli məktub göndərilərək xx.xx.2023-cü il tarixdə saat 14:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:25-də İddiaçı (070) *** ** ** mobil telefon nömrəsindən Dövlət Vergi Xidmətinə məxsus (012) *** ** ** nömrəli telefona zəng edərək araşdırmada iştirak etməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14:30-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edildiyini, lakin göstərilən tarixdə araşdırmada iştirak etmək üçün gələ bilməyəcəyini, araşdırmanın onun iştirakı olmadan qanunamüvafıq qaydada aparılmasını xahiş etmişdir. Baş İdarənin əməkdaşları X14, X6, X4 və X10 araşdırmaya təqdim etdikləri izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən “Çənlibel” istirahət mərkəzində olduqlarını, bir çaynik çaya görə ödənilmiş 5.0 manat məbləğ üçün alıcıya çek təqdim edilmədiyini, təsərrüfat subyektində (obyektdə) nəzarət - kassa aparatının quraşdırılmadığı, fiziki şəxs İddiaçı vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyinin aşkar edildiyini, özünü administrator kimi təqdim edən X5 “Çənlibel” istirahət mərkəzinin X2 məxsus olduğunu və özü ilə bərabər ofisiant kimi çalışan X1 da İddiaçı işçiləri olduqlarını bildirdiyini, Ə.Əliyevin İddiaçı saat 12:40-da telefonla zəng edərək “Çənlibel” istirahət mərkəzinə vergi işçilərinin gəldiyini bildirdiyini, bu zaman sonuncunun rayonda olmadığını, 1 saata obyektə gələcəyini bildirdiyini, bundan sonra fiziki şəxslər Ə.Əliyevin və H.Təhməzzadənin yoxlamaya izahat verərək İddiaçı işçiləri olduqlarını, İddiaçılə əmək müqaviləsi bağlamdan şifahi razılaşma ilə aylıq 300.0 manat əmək haqqı almağa razılaşdıqlarını bildirdiklərini qeyd etmişlər. İzahatlarında həmçinin, həmin obyektdə 2022-ci ilin yay mövsümündə sahibkarlıq fəaliyyəti göstərmiş X8 ilə telefon ilə əlaqə saxlanılarkən o, sahibkarlıq fəaliyyətini xx.xx.2022-ci il tarixdən dayandırdığını və adı qeyd olunan obyektin qardaşı X2 məxsus olduğunu və hal-hazırda yoxlamanın keçirildiyi “Çənlibel” istirahət mərkəzində İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyini bildirdiyini, E.Hacıyevdən yuxarıda qeyd olunanların yazılı izahat formasında təqdim edilməsi xahiş edilərkən o, hazırda kənddə olduğunu, yalnız xx.xx.2023-ci il tarixdə öz iş yerində, yəni Lerik Rayon Mərkəzi Xəstəxanasında onlarla görüşə biləcəyini bildirdiyini, istirahət mərkəzində faktiki olaraq kimin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu dəqiqləşdirmək məqsəd ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi üzrə nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxladıqlarını, telefon danışığı zamanı şifahi sorğuya cavab olaraq “Çənlibel” istirahət mərkəzinin X2 məxsus olduğunu və istirahət mərkəzində faktiki olaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və bu barədə növbəti iş günü yazılı arayış verə biləcəyini bildirdiyini, nümayəndəlik tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli 5-65-33/2-792/2023 nömrəli arayış verildiyini, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 16:25-də “Çənlibel” istirahət mərkəzinə gəldiyini, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə tanış olması bildirilərkən İddiaçı obyektin zəif fəaliyyət göstərdiyini və s. bəhanələr göstərməklə qərarla tanış olmaqdan və bu barədə yazılı izahat verməkdən imtina etdiyini, bütün bu faktların sərbəst aktla rəsmiləşdirilərək operativ vergi nəzarətinin nəticələri barədə akta əlavə edildiyini bildirmişlər. İzahatlarında həmçinin, “Çənlibel" istirahət mərkəzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli vətəndaş müraciəti daxil olduğunu, müraciətdə Lerik rayonu, “Çənlibel” adlı istirahət mərkəzində ailə üzvləri ilə birgə səhər yeməyinə görə ödənilmiş 101.0 manat xidmət haqqının alınması və bunun müqabilində nəzarət-kassa aparatı çekinin təqdim edilməməsinə görə narazılığını restoran rəhbərliyinə bildirmək istədikdə bir nəfər yaşlı şəxsin özünü administrator kimi təqdim etdiyini, buranın Nürəddin müəllimə aid olduğunu, bizdə müştərilərə çek verilmədiyini söylədiyini və ona çekin təqdim ediləməməsinə görə qanunamüvafiq tədbirlərin görülməsinin xahiş edildiyini bildirmişlər. İzahatlarında həmçinin, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş 2 nəfər fiziki şəxsdən izahatlar alınarkən həmin fiziki şəxslərə heç bir təzyiq göstərilmədiyini, izahatları sərbəst formada və öz xətləri ilə yazdıqlarını və imzaları ilə təsdiq etdiklərini bildirmişlər. Bundan əlavə izahatlarında operativ vergi nəzarəti tədbiri zamanı obyektdə ofisiant kimi işləyən Lerik rayonu, Soru kənd sakini, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 izahat verərkən soyadının İbadov, atasının adını Tahir və yaşadığı kəndi isə Bibiyanı qeyd etdiyini, lakin bunu dəqiqləşdirərkən həmin şəxsin adının X3 (AA5349045) olduğunu müəyyən etdiklərini və bu faktı sərbəst aktla rəsmiləşdirərək operativ vergi nəzarəti tədbirinin nəticələri barədə akta əlavə etdiklərini, bu səbəbdən operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002819 nömrəli aktın əlavəsi kimi tərtib edilmiş siyahıda həmin fiziki şəxsin familiyası və ata adı onun bildirdiyi kimi - səhv qeyd edildiyindən həmin hissələrdə düzəliş edilərək düzgün məlumatları göstərdiklərini bildirmişlər. İzahatlarında həmçinin İddiaçı inzibati şikayətinə əlavə etdiyi fiziki şəxs X5 xx.xx.2023-cü il tarixli ərizəsində qeyd edilənlərin həqiqətə uyğun olmadığını, həmin ərizənin İddiaçı xahişi və ya təkidi ilə Ə.Əliyev tərəfindən İddiaçı müdafiə etmək məqsədi ilə yazılmış olan və həqiqəti əks etdirməyən müraciət olduğunu, belə ki, Ə.Əliyevin operativ vergi nəzarəti tədbiri zamanı sərbəst formada izahat yazaraq İddiaçı tərəfindən vergi qanunvericiliynin pozuntusu faktını təsdiq etdiyini göstərmişlər. Bundan başqa, İddiaçı inzibati şikayətində bildirdiklərinin həqiqətə uyğun olmadığını, özünümüdafiə xarakteri daşıdığını, “Çənlibel” istirahət mərkəzində vergi qanunvericiliyi ilə müəyyən edilən qaydada operativ vergi nəzarəti tədbiri keçirilərək nəticələrinin qanunamüvafiq qaydada rəsmiləşdirildiyini, araşdırmaya təqdim etdikləri video görüntülərdən istirahət mərkəzində heç bir təmir işlərinin aparılmadığını, foto şəkildə isə H.Təhməzzadənin əlində “podnos” tutaraq müştəriyə xidmət etməsinin müşahidə edildiyini, mövsümi hava şəraiti ilə əlaqədar olaraq 2023-cü ildə sentyabr ayının 15-dək havaların mülayim keçməsi səbəbindən turizm obyektlərinin (istirahət mərkəzləri) fəaliyyətlərini davam etdirdiklərini, İddiaçı inzibati şikayətində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nəzarət əhatəsində yerləşən iri obyektlərdə vergi ödəyicilərinin vergilərdən yayınması və buna vergi orqanı tərəfindən şərait yaradılması barədə fikrinin həqiqəti əks etdirmədiyini, böhtan xarakteri daşıdığını, belə bir halın mövcud olmadığını, onlarda bu barədə heç bir məlumat olmadığını, operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinə və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. Aparılmış araşdırma zamanı İddiaçı inzibati şikayətinə əlavə edilmiş fiziki şəxs - X5 adından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanan ərizədəki və operativ vergi nəzarəti tədbiri zamanı Ə.Əliyev tərəfindən tərtib edilmiş izahatdakı imzaların və yazıların oxşar olmadığı müşahidə edildiyi üçün inzibati şikayət üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə Ə.Əliyev araşdırmaya cəlb edilməklə izahatı alınmışdır. Ə.Əliyev araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında İddiaçı inzibati şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədəki imzanın və yazı xəttinin ona məxsus olmadığını, onun tərəfindən ərizə ilə müraciət olunmadığını, İddiaçı məxsus obyektdə aparılan yoxlama zamanı vergi orqanı əməkdaşlarına verdiyi izahatı bir daha təsdiq etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) öyrənilərək, belə nəticəyə gəlinmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Lerik rayonu, Piran kəndində yerləşən “Çənlibel” istirahət mərkəzində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000824 nömrəli 002819 nömrəli, 027744 nömrəli aktlar etibarlı hesab edilməli və həmin aktlar əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1294, **********1296 və **********1298 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmış və vergi ödəyicisinin şikayəti təmin edilməmişdir. Belə ki, operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxslər izahat verərək İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsi (xidmətlərin göstərilməsi)nə cəlb edildiklərini bildirmişlər. Bundan əlavə fiziki şəxs Ə.Əliyev araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında İddiaçı inzibati şikayətinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədəki imzanın və yazı xəttinin ona məxsus olmadığını, onun tərəfindən ərizə ilə müraciət olunmadığını, İddiaçı məxsus obyektdə aparılan yoxlama zamanı vergi orqanı əməkdaşlarına verdiyi izahatı bir daha təsdiq etdiyini bildirmişdir. Eyni zamanda, Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2023cü il tarixli 6-65-33/2-792/2023 nömrəli arayış təqdim edilərək “Çənlibel” ailəvi istirahət mərkəzinin İddiaçı məxsus olduğu və sahibkarlıq fəaliyyəti ilə İddiaçı məşğul olduğu bildirilmişdir. Bundan əlavə araşdırmaya təqdim edilmiş video görüntülərdə operativ vergi nəzarəti tədbiri zamanı istirahət mərkəzində təmir işlərinin aparılmadığı, foto şəkildə isə H.Təhməzzadənin müştəriyə xidmət etməsi görünür. Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-792/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti zamanı vergi orqanlarında uçota durmayan, yəni vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin əsas məqsədlərindən biridir və belə şəxslərin reyestrə salınması mümkün deyil, çünki onlar vergi ödəyicisi statusuna malik deyillər və uçotda olmadıqları üçün vergi ödəyicilərinin reyestrinə daxil edilə bilməzlər. Bu halda, vergi orqanı belə şəxsləri aşkar etdikdə, onların uçota alınması üçün tədbirlər görür, lakin yoxlama zamanı reyestrə salınma proseduru tətbiq edilmir və bu texniki olaraq mümkün deyil. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. Sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. ... Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. ... Maddə 3. Yoxlamaların qanuniliyi ... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. ... Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 13.6. Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 13.7. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Bənd 1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; ... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərindədir. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı halı sübuta yetirə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmasa da, onun hərəkətləri sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən gəlir əldə etməkdən ibarətdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunvericiliyin əsas məqsədi də qanunsuz yoxlamaların qarşısının alınması və sahibkarların hüquq və azadlıqlarının qorunmasını təmin etməkdən ibarət olduğundan, cavabdeh vergi orqanının operativ vergi nəzarətinin vahid məlumat reyestrində qeydə alınmalı olmaması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirləri, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər reyestrdə qeydə alınmalıdır. Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan sahibkarlara münasibətdə də belə nəzarət tədbiri vergi qanunvericiliyinə uyğun aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının operativ vergi nəzarəti vahid məlumat reyestrində qeydə alınmadığından yoxlama özlüyündə qanunsuz olduğundan, həmin yoxlama nəticəsində qəbul edilmiş məsuliyyət qərarları da heç bir hüquqi nəticə doğura bilməz. Odur ki, apellyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə də lüzum qalmır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının eyni məsələ ilə bağlı qəbul etdiyi 2-1(102)- 1436/2025 nömrəli xx.xx.2024-cü il tarixli qərarında hüquqi mövqe hazırkı işə uyğun olmuşdur. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-792/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-592/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-592/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver