Məhkəmə qərarları › İş №2-1(106)-593/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-593/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-593/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əlillik haqqında məlumatın “Əlillik” altsisteminə yerləşdirilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “müddətsiz əlillik haqqında məlumatın “Əlillik” altsisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(120)-909/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya ilkin olaraq xx.xx.2004-ci ildə X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K59 - Bağırsağın digər funksional pozğunluqları => K59.9 - Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan xx.xx.2005, xx.xx.2006, xx.xx.2007, xx.xx.2008, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə hər dəfə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. Seriya TSE-01, 337812 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə isə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh iddiaçıya xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlillik ilə bağlı “Əlillik” altsisteminə X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K59 - Bağırsağın digər funksional pozğunluqları => K59.9 - Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə əlillik təyin edilməsi barədə məlumat yerləşdirmişdir. Cavabdeh bu hərəkətinə səbəb kimi iddiaçının əlilllik vəziyyətinə aid müayinə protokolundakı qeydə istinad etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əlillik” altsistemində İddiaçı əlilliyinin müddətinin xx.xx.2015-ci il tarixində bitməsinə baxmayaraq, pensiyasının ödənişi (pensiya isinə əlavə edilmiş müayinə aktından çıxarışda əlillik müddəti ömürlük qeyd olunub) xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir.” Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı dair müvafiq sənədlərdə texniki yanlışlığa müayinə aktından 337812 nömrəli çıxarışda müddətsiz, tərtib edilmiş protokolda əlillik müddəti bir il qeyd edilmişdir) yol verilmişdir. Bununla əlaqədar, vətəndaş əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə əlillik səbəbini təsdiq edən müvafiq sənədlərlə (epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) birlikdə 16 oktyabr 2024-cü il tarixinə Agentliyə qəbula dəvət edilmişdir. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Sorğuda qeyd etdiyiniz əlillik təyinatının dayandırılması ilə əlaqədar nəzərinizə çatdırırıq ki, “Əlillik” altsistemində vətəndaşa dair hər hansı inzibati icraat prosesi aparılmamışdır. Dövlət Sosial Müdafiə Fondunun əldə edilən məlumatını olduğu kimi nəzərinizə çatdırırıq: “...İddiaçı pensiya işi qovluğuna daxil olan SER TSE-01 337812 saylı müayinə aktından çıxarışa əsasən ona xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz İİ dərəcə əlilliyinin olması qeyd edilib (qoşma əlavə olunur). Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı əmək pensiyasının ödənişi “Pensiya işinin müddəti bitib” səbəbilə sistem (AGAPUS) tərəfindən xx.xx.2021-ci il tarixində dayandırılıb.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “müddətsiz əlillik haqqında məlumatın “Əlillik” altsisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdə ağır cərrahi əməliyyata məruz qalmışdır. Həkimlər ona “Dərin bağırsaq keçməməzliyi” diaqnozu qoymuşdur. Bir ilə yaxın keçən müalicədən sonra əlillik dərəcəsi təyin edilməsi üçün müvafiq sənədləri toplayıb Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Mərkəzinin 10 saylı (hazırkı 30 saylı) Tibbi Sosial Ekspert Komissiyasına (bundan sonra - TSEK adlanacaq) təqdim etmiş, TSEK tərəfindən ona xx.xx.2004-cü ildə ilkin müayinə nəticəsində 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra hər il 1 il müddətinə əlillik təyin edilmiş, 10 il keçəndən sonra isə TSEK tərəfindən xx.xx.2014-cü il tarixli tibbi müayinə zamanı qanunvericiliyə uyğun şəkildə ona müddətsiz ikinci dərəcli əlillik təyin edilmişdir. 2021-ci ilin fevral ayınadək (7 il) ikinci dərəcəli müddətsiz əlil kimi pensiya almışdır. 2021-ci ilin fevral ayından pensiyası dayandırılmış, buna səbəb kimi əlilllik vəziyyətinə aid müayinə protokolunda əlilliyin 1 il müddətinə təyin edilməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin hərəti qanunsuzdur. Belə ki, onun əlilliyin müddətsiz olması barədə qüvvədə olan müvafiq qərar var. Cavabdehin etirazları: Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Əlillik altsistemində şəxsin müddətsiz əlil olması ilə bağlı hər hansı qeyd yoxdur. İş materiallarına əlavə edilmiş müddətsiz əlilliklə bağlı sənədlərlə bağlı bildirilir ki, qeyd edilən sənədlərin mötəbərliyi sual altındadır. Vətəndaş əyani müayinəyə cəlb ediləcəyi təqdirdə obyektiv zərurət üzə çıxacaqdır. Şirvan İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(120)-909/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.2004-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2005-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbilə 1 il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinin dəqiqləşdirilməsi (müayinə aktından 337812 nömrəli çıxarışda müddətsiz, tərtib edilmiş protokolda əlillik müddəti 1 il qeyd edilmişdir) məqsədi ilə əlillik səbəbini təsdiq edən müvafiq sənədlərlə (epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) birlikdə 16 oktyabr 2024-cü il tarixə Agentliyə qəbula dəvət edilməsinə baxmayaraq, gəlməmişdir. “Əlillik” altsistemində şəxsin müddətsiz əlil olması ilə bağlı hər hansı qeyd yoxdur. Müddətsiz əlillik təyinatı ilə bağlı 337812 nömrəli müayinə aktından çıxarışın mötəbərliyi sual altındadır. İddiaçı əyani müayinəyə cəlb ediləcəyi təqdirdə obyektiv zərurət üzə çıxacaqdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “Əlillik” altsistemində iddiaçının əlilliyinin müddətsiz olması barədə məlumat mövcud deyil. İddiaçıya 2014-cü ildə 1 il müddətinə əlillik təyin edilmişdir. Təmsil etdiyi qrumda iddiaçının əlilliyinin müddətsiz olması barədə seriya TSE-01, 337812 nömrəli TSEK-də müayinə aktından çıxarış var və 2021-ci ilədək əlillik ilə bağlı pensiya həmin sənədə əsasən verilmişdir. İddiaçının müddətsiz əlilliyinin ləğv edilməsi ilə bağlı qərarın mövcud olub-olmamasından məlumatılı deyil. Sonda Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: İddiaçıya 2014-cü ildə əlillik təyin edilə zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.Ümumİ müddəalar ... Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamlı, dönməz morfoloji dəyişiklikləri və pozulmaları zamanı görülən reabilitasiya tədbirlərinin səmərəsizliyi nəticəsində xəstəliyin gedişini yaxşılaşdırmaq və sosial uyğunlaşmanı bərpa etmək mümkün olmayan hallarda əlillik yenidən (təkrar) müayinə müddəti göstərilmədən təyin edilir. İddiaçıya 2014-cü ildə əlillik təyin edilə zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:

3. Tibbi-sosial ekspert komissiyalarının vəzifələri və hüquqları 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir; ...

4. Tibb-sosial ekspert komissiyalarında müayinə qaydaları ... 4.11. Müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir. Müayinə iclasının sonunda iclasın protokolu bütün müayinə halları daxil edildikdən sonra komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. ... 4.14. Müayinə başa çatdıqdan sonra tibbi-sosial ekspert komissiyaları 3 gündən gec olmayaraq aşağıdakı sənədləri müvafiq təşkilatlara göndərirlər: pensiya təyinatı aparan orqana müayinə aktından çıxarış;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması ... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin qiymətləndirilməsi üçün sübut əhəmiyyəti daşıyan əsas sənəd müayinə aktıdır və aktdakı məlumatlar “Əlillik” altsisteminə yerləşdirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin faktiki hallarından məlum olur ki, iddiaçıya ilkin olaraq xx.xx.2004-ci ildə X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K59 - Bağırsağın digər funksional pozğunluqları => K59.9 - Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan xx.xx.2005, xx.xx.2006, xx.xx.2007, xx.xx.2008, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə hər dəfə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. Seriya TSE-01, 337812 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə isə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh iddiaçıya xx.xx.2014-cü il tarixdə təyin edilmiş əlillik ilə bağlı “Əlillik” altsisteminə X1 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K59 - Bağırsağın digər funksional pozğunluqları => K59.9 - Bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu, Diaqnozun mətni: Kəskin bağırsaq keçməməzliyi diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə əlillik təyin edilməsi barədə məlumat yerləşdirmişdir. Cavabdeh bu hərəkətinə səbəb kimi iddiaçının əlilllik vəziyyətinə aid müayinə protokolundakı qeydə istinad etmişdir. İddiaçıya Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əlilliyə görə əmək pensiyasının ödənişi (SER TSE-01 337812 saylı müayinə aktından çıxarışa əsasən) xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh orqanın istinad etdiyi və onun tərəfindən məhkəməyə təqdim edilmiş “Təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabı”ndakı qeydlərə diqqət yerildikdə müəyyən olunur ki, həmin kitabdakı qeydlər şəxsin müayinə olunması ilə bağlı bütün prosesi təfərrüatı ilə özündə əks etdirən və baş verənlərin tam şəkildə qeyd edildiyi qeydiyyat kitabı deyil. Həmin kitabdakı qeydlər ilə müayinə aktındakı qeydlər demək olar ki, eynidir. Yəni, müayinə aktında əlillik ilə bağlı hansı məlumatlar qeyd edilirsə, həmin məlumatlar qeyd edilən ptotoklda da qeyd edilir. Demək istənilən məsələ bundan ibarətdir ki, ən pis halda protokol kitabındakı məlumatın qərardakı məlumatdan fərqli olması hələ birmənalı şəkildə o demək deyil ki, qərardakı məlumat səhvdir. Əksinə, mümkündür ki, qərardakı məlumat düz, protokoldakı məlumat səhv olsun və ya tərsinə. Bundan başqa, məhkəmə tərəfindən sorğu verilərək xx.xx.2014-cü il tarixli qərar üzrə əlilik vəziyyətini əks etdirən müayinə iclaslarının protokol kitabının özünün məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin həmin kitab cavabdeh tərəfindən təqdim edilməmiş, cavabdeh tərəfindən təqdim edilmiş kitabdan çıxarışda isə əlillik müddətinin 1 il olmasını gözlə müəyyən etmək mümkün deyil. Hətta, vəziyyət cavabdehin iddia etdiyi şəkildə olmuş olsa idi, yenə də cavabdehin hərəkəti qanuni deyil. Qeyd edilən vəziyyətdə cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat apararaq, yekunda aparılmış icraatın nəticəsi üzrə qərar qəbul etməli idi. Yoxsa, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı qərar qüvvədə olduğu dövrdə cavabdeh tərəfindən faktiki hərəkətlə qərardan fərqli məlumatı (əlilliyin 1 il müddətinə təyin edilməsi ilə bağlı) “Əlillik” altsisteminə yerləşdirilməsi qanuni hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2014-cü il tarix qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Bu səbəbdən həmin inzibati aktın (qərarın) hüquqi qüvvəsi və etibarlılığı tanınmalıdır. Ən əsas məsələ isə ondan ibarətdir ki, işin araşdırması ilə müəyyən olunur ki, iddiaçıya eyni diaqnoz ilə ardıcıl olaraq 10 il müddətli əlillik təyin edilmiş, növbəti əlillik müddətində müayinə olunaraq mövcud diaqnoz əvvəlki diaqnoz ilə eyni olmuş və ona müddətsiz əlillik təyin edilmişdir. İddiaçıya müddətsiz əlilik təyin edilən zaman (xx.xx.2014) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin “Ümumi müddəalar” adlanan 1-ci bölməsinin 8-ci abzasına əsasən birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. Deməli, iddiaçıya ilkin olaraq xx.xx.2004-ci ildə təyin edilmiş ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin edilmiş, onun xəstəliyi növbəti dəfə 2014-cü ildə qiymətləndirilərkən əlillik təyinatına əsas vermiş və belə bir vəziyyətdə qanunun imperativ tələbinə görə inzibati orqan iddiaçıya əlillik növbəti müayinə müddəti göstərilmədən təyin etməli idi və belə davranış nümayiş etdirilərək əlillik müddətsiz təyin edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli 2-1(120)-909/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar