Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-594/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-3773/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh X2 qarşı sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 22 avqust 2024-cü il tarixli, 2- 1(120)-3773/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçıya ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi yalnız iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində 6 ay ərzində onun əlilliyinin yenidən müəyyən edilməsi barədə aidiyyəti inzibati orqanın müvafiq qərarı əsasında yaranır. İddiaçının əlilliyinin 6 aydan çox müddət keçdikdən sonra yenidən müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyət sferasına aiddir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, gözdən əllil olmağı ilə bağlı ümumi xəstəliklə 2-ci qrup əlildir. Buna görə də ona pensiya təyin olunmuşdur. Əlilliyi 2021-ci ilin oktyabr ayında əsassız olaraq dayandırılmışdır və həmin tarixdən ona ödənilən müavinət də dayandırılmışdır. O, təkrarən Tibbi Sosial Ekspert Komissiyasından keçmiş, lakin müayinəsi əsassız olaraq 2024-cü ilin fevral ayının 12-dək davam etmişdir. 2024-cü ilin fevral ayında ona 3-cü qrup əlillik təyin olunmuşdur. Ondan asılı olmayan səbəblərdən ona 3 il müddətinə sosial müavinət ödənilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. Cavabdehin imtina və iddiaya qarşı etirza dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2024-cü il tarixdən əlilliyi bərpa edilmiş və müvafiq olaraq xx.xx.2024-cü il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi 342.61 manat olmaqla bərpa edilmişdir. İddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən 6 ay ötürüldüyündən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, əlilliyin müddətinin bitdiyi vaxtdan yeni təyinat tarixinədək 6 aydan artıq müddət keçdiyindən iddiaçının tələbi haqlı sayıla bilməz İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixədək əlillik vəziyyətində olmuş, lakin həmin tarixdən sonra uzun müddət keçdikdən sonra, 2024-cü ildə yenidən əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:- - 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın:- -1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının övladına təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, daha çox müddət keçdikdən sonra təyin edilmişdir. Odur ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-3773/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-594/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-594/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver