Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-595/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X6. Cavabdeh XX-in iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1057/2024 nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Sabirabad regional “ASAN xidmət” mərkəzinə “yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-Ə-41270/2023 saylı imtina məktubu göndərərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş arxiv arayışına, əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 4 ay 14 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçadında qeyd edilmiş edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlər eyni xəttlə möhürün üzərindən yazılıb) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır Müraciətindən imtina edilməsindən sonra İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə çıxış etmişdir. İddia tələbinin əsaslarına görə, o, cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, iddiaçı 1975-ci ildən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş və işləməsi barədə müvafiq qeydlər əmək kitabçasında, arxiv arayışında öz əksini tapır. Mövcud mübahisə bağlı XX iddia tələbinə İddiaçı cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-41270/2023 saylı imtina məktubda qeyd olunan eyni əsaslarla etiraz etmiş və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirilir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. İddiaçı isə inzibati orqana əmək kitabçasından başqa heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlər eyni xəttlə möhürün üzərindən yazılıb) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının 46-47-ci səhifələrində olan qeydlər kiril qrafikalı azərbaycan dilində, möhürdəki qeydlər isə latın qrafikalı azərbaycan dilindədir. Bu isə, həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Fondun Sosial dənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3- 1-68503/2023 nömrəli xidməti məktubuna əsasən İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976- cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə mübahisələndirilməyən sığorta stajı 18 il 4 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişir. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1057/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı tarixdən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin mövqeyinə görə xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə “Əli X9” Bazasında işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının işlədiyi illərə dair müəssisənin məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən cavabdeh XX tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdeh tərəfin yuxarıda qeyd olunmuş etirazı ilə eyni məzmunda əsaslandırmış, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975ci il tarixdən xx.xx.1976- cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə mübahisələndirilməyən sığorta stajı 18 il 4 ay 14 gün təşkil etdiyinə görə, Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1057/2024 nömrəli məhkəmə qərarının ləğv olunması, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabdeh XX qızı şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: - NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -xx.xx.1984-cü il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 xx.xx.2023-cü il tarixli, 3-48-DA- 11F/-2-209-39-23 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 1980-1983-cü illərdə Şamaxı rayonunun Quşçu kənd Xəqani adına sovxozda, 1990-1994-cü il Quşçu kənd icra nümayəndəliyində işləmişdir. - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/-2-390-23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Əli X9” Bazasında əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmadı. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********021600 nömrəli məktubunda göstərilmişdir ki, “Əli X9” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə D- 3336 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. “Əli X9” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-17500/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Əli X9” Açıq Səhmdar Cəmiyyətinə dair məlumatların təqdim edilməsinə köməklik göstərilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2001-ci il tarixli, 212 nömrəli Sərəncamına əsasən Dövlət Neft Şirkətinin “Quruda neft və qazçıxarma” X5 X9 bazasında yaradılmış “Əli X9” Açıq Səhmdar Cəmiyyəti 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2/2-2336/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin “Quruda Neft və Qazçıxarma” X5-Bayramlı şəhəri, Kürovdağ sahəsində yerləşən “X4” bazasının əsasında İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli 212 saylı Sərəncamı ilə “X4” Səhmdar Cəmiyyəti yaradılmış və ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 209 nömrəli əmrinə əsasən “X4” bazası “Quruda Neft və Qazçıxarma” İstehsalat Birliyinin tabeçiliyindən çıxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "X4" Səhmdar Cəmiyyətinə aidiyyəti üzrə müraciət etməyi məqsədəmüvafiq hesab edir. - Şirvan şəhər Bələdiyyəsinin Torpaq Tikinti-Təmir Şöbəsinin müdiri M.Məmmədov, Şirvan İH-nin 1 saylı Ərazi İnzibati Nümayəndəsi F.Həsənov, «X14 Alətlər Bazası» ASC-nin İcraçı direktoru Q.Lətifov tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktda bildirmişlər ki, Şirvan şəhəri, X12 ünvanında yerləşmiş «X14 Alətlər Bazası» ASC-nin inzibati binasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün düşmüş sakinlər tərəfindən qış fəslində qızınmaq üçün müəssisəyə məxsus olmuş sənədləri yandırmışlar və bu səbəbdən də müəssisədə heç bir sənəd saxlanılmamışdır. Hal-hazırda da fəaliyyətini dayandırmış «X14 Alətlər Bazası» ASC-nin inzibati binasında Zəngilan rayonundan məcburi köçkün düşmüş sakinlər yaşayırlar. Aktın tərtib edilməsində məqsəd «X14 Alətlər Bazası» ASC-nin fəaliyyəti dövründə müxtəlif tarixlərdə çalışmış işçilərin yaşa görə pensiya çıxan zaman onlara məxsus əmək kitabçaları əsasında Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon və şəhər şöbələri tərəfindən nəzərə alınsın. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-3228/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, ki, X4” Bazası (sonradan “Əli X9” ASC) 20 may 1996-cı il Xırdalan Texservis” ASC isə 20 sentyabr 2001-ci il tarixlərdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. -Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, X4 Bazasında işləmişdir, işlədiyi müddətdə əmək haqqı almışdır. X4 Bazasında işlədiyi zaman İddiaçı da həmin birlikdə işləmişdir. O, da işlədiyi müddətdə əmək haqqı almışdır. Hazırda pensiyaçıdır. -Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq, cavabdeh orqan tərəfindən X1 pensiya işi iş materiallarına daxil olmuş, pensiya işinə baxış zamanı müəyyən edilmişdir ki, yaşa görə əmək pensiyası təyin olunarkən onun “Əli X9 Bazasında” xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. İşin faktiki hallarında əsasən iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə “Əli X9” Bazası mövcud olmuş, iddiaçı həmin müəssisəyə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarənin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə “Əli X9” Bazasında işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Məhz bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə “Əli X9” Bazasında işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etməklə, həmin illərin sosial sığorta stajına daxil etməsi qanuni hesab edilməlidir. Belə ki, iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının dəlilləri tədqiq olunan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1057/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-595/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-595/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver