Məhkəmə qərarları › İş №2-1(106)-596/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-596/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-596/2025 31.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu, Səmidxan kəndində yerləşən yaşayış evinin altında olan torpaq sahəsinin iddiaçıya tanıdılması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2- 1(120)-2865/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəradadı qəbul etdi. İşin halları: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-082A KOD 80526028 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.66 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, yaşayış evinin altında olan torpaq sahəsinin kimə məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etmişdir. Cavabdeh torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər ilə Masallı regional “ASAN xidmət” Mərkəzinə müraciət etməyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Səmidxan kəndində yaşayır. Yaşayış evinin altında olan torpaq sahəsinin kimə məxsus olmasına dair məlumat əldə etmək üçün bir sıra orqanlara müraciət etsə də, nəticə olmamışdır. Torpaq sahəsinin yerində tanıdılmasını istəyir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 23 iyun 2025-ci il tarixli 2-1(120)- 2865/2025 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(120)-2865/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə tərəfindən maddi və prosessual normalarının tələbi pozulmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati məhkəmə icraatının iştirakçıları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə icraatının iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində icraatının iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 62.1. Məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(120)-2865/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı geri götürmüş hesab etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə icraatından 30 gündən çox müddət ərzində ardıcıl olaraq yayınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında şərh olunmuşdur ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.” Birinci instansiya məhkəməsinin qanunun müvafiq maddələrinə istinad olunmaqla iddiaçı tərəfindən yerinə yetirilməməsinin iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi kimi hüquqi nəticələri aydın şəkildə ifadə edən xəbərdarlıq məqsədli tələbinin iddiaçıya sübut oluna biləcək qaydada çatdırılması (təqdim olunması) iş materialları ilə təsdiqini tapmır. Bundan əlavə işdə iddiaçıya 24 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə məlumat verilməsi ilə bağlı sübut yoxdur, 23 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməklə birgə yalnız iclasa gəlmədiyi halda İPM-in 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş hesab olunacağı barədə məlumat var. İşin halları iddiaçının mübahisə ilə bağlı prosessual marağının itməsini deməyə əsas vermir. Əksinə, o, tələbinə mahiyyəti üzrə baxılmasında israrlıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı faktiki cəhətdən əsassız, prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2-1(120)-2865/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar