Məhkəmə qərarları › İş №2-1(106)-597/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-597/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-597/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3907/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 05 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-3907/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1992-xx.xx.2018-ci illərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000—23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. İddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmətdövrü də daxil olmaqla 25 ildən artıq ümumi ( 25 il 2 ay 23 gün ) və 12 il 6 aydan artıq ( 17 il 10 ay 27 gün) güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pesniya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, 08 sentyabr 2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətinə imtina cavabı verilmişdir. O, orta təhsilini başa vurduqdan sonra xx.xx.1979-cu il Ukrayna SSR-də 20 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsində rəngsaz şagirdi olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-ci ildə rəngsaz olaraq sərbəst çalışmağa başlamışdır. xx.xx.1980-ci ildən işdən çıxmış, xx.xx.1981-xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixində X3 elektro-avoaraba sürücüsü şagirdi kimi işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə yükləyici sürücü keçmişdir. xx.xx.1984-cü ildə yığıcı şagirdi keçirilmişdir. xx.xx.1985-ci ildə şinlərin yığıcısı keçirilmişdir. xx.xx.1985-ci il tarixində işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Lənkəran rayon Oktyabr sovxozunda fəhlə peşəsində qəbul edilmişdir. xx.xx.1986-cı ildə işdən çıxmışdır. xx.xx.1987-ci ildə Bakı Tikinti Quraşdırma İdarəsində müvəqqəti olaraq fəhlə peşəsinə qəbul edilmişdir və 21 may 1987-ci il ildə işdən çıxmışdır. xx.xx.1987-ci ildə Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiya maşinisti kursunda əyani təhsil almışdır. xx.xx.1988-ci ildə Azərbaycan Dəmir Yollarının X4 Vaqon Deposunda refrijerator seksiya maşinisti vəzifəsinə qəbul edilmişdir. 10 mart 1992-ci ildə refrijerator seksiya mexaniki kimi briqadaya rəhbərlik funksiyaları üzərinə qoyulmuşdur. xx.xx.2018-ci ildə işdən çıxmışdır. xx.xx.2018-ci ildə X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az ( 4 il 1 ay 6 gün ( xx.xx.1986- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin həlli mümkün olmamışdır. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. “Azərbaycan Dəmir Yolları" QSC-nin arayışına əsasən xx.xx.1992-xx.xx.2018-ci illər arasındakı dövr ərzində İddiaçı mexaniki rəhbər işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən vəzifə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletin, sertifikatın surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək (2 il 6 gün) həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Refrijerator seksiyalarının mexanikləri kursunda təhsil almışdır (təhsil müddəti 5 ay 15 gün). -xx.xx.1979-cu ildə doldurulmuş əmək kitabçasında iddiaçının xx.xx.1979-cu ildə Ukrayna SSR “20 №-li Xüsusi tikinti İdarəsi”ndə rəngsaz şagirdi qismində işə qəbul edilməsi, xx.xx.1980-ci ildə işdən azad edilməsi (1 il 3 ay 5 gün), xx.xx.1983-cü il tarixdə 1 №-li sexə elektro-avtokar sürücüsünün şagirdi vəzifəsinə qəbul edilməsi, xx.xx.1985-ci ildə işdən azad edilməsi (1 il 9 ay 13 gün), xx.xx.1985-ci ildə Lənkəran rayonu “Oktyabr” sovxozunun 11 nömrəli briqadasında fəhlə qəbul edilməsi, xx.xx.1986-cı ildə işdən azad edilməsi (1 il 5 ay 22 gün), xx.xx.1987-ci ildə “Soyuztelefontikinti”-yə müvəqqəti olaraq ikinci dərəcəli fəhlə qəbul edilməsi, xx.xx.1987-ci ildə işdən azad edilməsi (3 ay 25 gün), xx.xx.1988-ci ildə Azərbaycan Dəmir Yolları Ələt-Yeni Refrijerator vaqon deposunda Refrijerator seksiyaları mexaniki vəzifəsinə qəbul edilməsi, xx.xx.1992-ci ildə Refrijerator seksiyaları mexaniki (rəhbər) keçirilməsi, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2018-ci ildə X7 Refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul olunması, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilməsi barədə qeydlər aparılmışdır. -"xxxx" QSC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 13-1/2-A-1150/1-42/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulması bildirilmişdir. -Həmin qurumun 13-1/2-5782/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ADY-nin X4 vaqon deposunda xx.xx.1992-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək (25 il 10 ay 28 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Müvafiq qərarın 1-1-ci bəndi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’nda nəzərdə tutulmamışdır Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3907/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar