Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-6/2023 23.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)- 319/2022 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh tərəfindən müəssisəyə 2016-cı ilin 4-cü rübü, 2017-ci ilin rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş hesabatlar əsasında məcburi dövlət sosial sığorta haqları üzrə 23 iyul 2018-ci il tarixinə 239727,69 manat borc hesablanmışdır. Sonradan, cavabdehə dəqiqləşdirilmiş hesabatların təqdim olunmasına baxmayaraq, cavabdeh həmin hesabatları qəbul etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Lənkəran şəhər şöbəsində qeydiyyatda olduqlarını bildirmiş, bununla əlaqədar cavabdehin əsl cavabdeh DSMF Lənkəran şəhər şöbəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi əsl cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi ilə əvəz edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.Nuriyev) 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin iddiasının təmin edilməsi, "xxxx" MMC-i tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apelyasiya baxışı mərhələsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən məhkəməyə vəsatət verilmiş və qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlaqədar olaraq sosial sığorta haqlarının toplanması, sosial sığorta iştirakçılarının uçotu, sığorta edənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu və s. bu kimi halların vergi orqanlarına həvalə edildiyini bildirilərək iş üzrə cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilməsi xahiş edilmiş, Apelyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdehlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən İ.Q.Əsədov, hakimlər Z.A.Zeynalov və M.K.Həsənovdan ibarət tərkibdə) 25 aprel 2019-cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarının dəyişdirilməsi, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(102)-2606/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Əhməd Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2- 1(106)-210/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2- 1(086)-2546/2018 saylı qərarının ləğv edilməsi, inzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilib-ödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(120)-619/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Lənkəran şəhər filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim S.Həsənov) 18 may 2021-ci il tarixli, 2-1(120)- 8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" MMC-i apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2-1(106)-401/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadının ləğv edilməsi, inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının nümayəndəsi yazılı vəsatət verərək xx.xx.2018-ci il tarixli, 054 nömrəli müraciətinin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsində qəbul edilib-edilməməsini dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fonduna sorğu verilməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və vəsatət təmin olunaraq məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə vəsatəti təmin etsə də sözügedən sorğunu göndərməmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi vəkil sorğusunun surətini və “Zaman Ekspress”in göndəriş qəbzini məhkəməyə təqdim edərək sorğunun cavabının alınması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə vəsatəti təmin etdiyi halda onu icra etməməklə prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikası Vəkillər Kollegiyası “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin Fondun ləğv olunmuş İri Sığortaedənlərlə İş İdarəsinə daxil olmuş 2018-ci il 9 avqust tarixli 054 nömrəli müraciəti həmin idarə tərəfindən Fondun ləğv prosesində olan Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin 09 avqust 2018-ci il tarixli, 054 nömrəli məktubu Fondun ləğv olunmuş İri Sığortaedənlərlə İş İdarəsinə 17 avqust 2018-ci il tarixdə 1583 qeydiyyat nömrəsi ilə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı hazırki tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və iddianın mümkünlük şərtini yerinə yetirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 87.7-87.7.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatın davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda-inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ləğv edilərək inzibati iş mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir”. Birinci instansiya məhkəməsində üçüncü icraat İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən Məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 7 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 ilə əvəz olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, iddiaçı "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh və üçüncü şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətində qeyd etmişdir ki, müəssisə tərəfindən mübahisələndirilən dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlara nəzər salınarsa həmin hesabatlardakı məbləğlərin 2016, 2017 və 2018-ci ilin müvafiq və qlaan dövrləri ilə müqayisədə kəskin fərqləndiyi görünür. Belə ki, təqdim edilmiş hesabatlarda işçi sayı 2016-cı ildə orta hesabla 422 nəfərə qarşı 86 nəfər, 2017-ci ildə 152 nəfərə qarşı 5 nəfər, o cümlədən 2017-ci ilin 4-cü rübünə münasibətdə 137 nəfərə qarşı 4 nəfər, 2018ci ilin 1-ci rübündə 114 nəfər qarşı 4 nəfər göstərilmişdir. Bundan əlavə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlər məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla demək olar eynilik təşkil etmişdir. Göründüyü kimi, müəssisə tərəfindən ilkin hesabatlarla bağlı yanlışlığa yol verildiyi iddia edilsə də, həmin hesabatlarla bağlı təsdiqedici sənədlər müvafiq orqana təqdim edilməmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə əlaqədar həm də məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilən hesabatlarda dəqiqləşdirmələr cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməmişdir. Digər tərəfdən də, dəqiqləşdirilmiş hesabatlar təqdim edilmədiyi təqdirdə və buna dair hər hansı bir mötəbər sübut olmadığı təqdirdə bu hesablar təqdikm edilmiş hesab ediilə bilməsi və vergi orqanın üzərinə müvafiq öhdəliyin qoyulması ümumiyyətlə anlaşılan deyildir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-319/2022 nömrəli iş üzrə qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, 2016-cı ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübü daxil olmaqla Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Sığorta” (Hesabat) altsistemində yer alan və iddia olunan dəqiqləşdirilmiş rüblük hesablardakı hesablanmış əməkhaqqı və içşi sayı barədə məlumatlar cədvəldə qeyd edilmişdir. Göründüyü kimi Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia olunan dəqiqləşdirilmiş hesabatlar düzgün formada təqdim edilməmişdir. Belə ki, sığortaedən tərəfindən iddia olunan dəqiqləşdirilmiş hesabatlar 2017 və 2018-ci illər həmin dövr üçünqüvvədən düşmüş blanklarda tərtib edilmişdir. Digər tərəfdən iddia olunan dəqiqləşdirilmiş hesabatlarda (9 rüb üçün) yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Forma B3 əlavə edilməmişdir. Hesabatlar arasındakı məbləğ fərqi bilavasitə işçi sayının azalması səbəbindən yarandığına görə həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabat verilərsə, Forma B3 hesabatı, yəni həmin dövrlərdə Cəmiyyətədə çalışan sığortaolunanlar barədə məlumatlar mütləq olaraq təqdim olunmalıdır. Cəmiyyət tərəfindən təqdim edilmiş ilkin (qəbul edilən) hesabatlardan sonra həmin dövrdə Cəmiyyətdə çalışmış işçilərin bir qisminin məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər alması üçün sığortaedən tərəfindən həmin müavinətlərlə bağlı sənədlər MEİS-in “Sığortaedilənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı” alt sisteminə daxil edilmişdir. Fond tərəfindən həmin müavinət sənədləri qanunvericiliyə uyğun olaraq emal edilərək təsdiq edilmiş və ödənişə göndərilmişdir. İddiada mübahisələndirilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları hesabına yalnız ödənişə göndəriən müavinət sənədlərinə baxış zamanı müəyyən edilmişdir ki, müvafiq dövrlərdə müəssisədə iddiaçının iddia etdiyindən daha çox sığortaolunan çalışmışdır. Belə ki, müəssənin işçilərə müavinət təyi edən komissiyasının protokollarında, həmçinin xəstəlik vərəqələrində adları çəkilən əməkdaşlarına nəzər saldıqda 1. 2016-cı ilin 2-ci rübündə 12 əməkdaş olması iddia edilsə də 13 əməkdaşın (M.Əbilov, G.Əliyeva, M.Piriyev, İ.Verdiyeva, P.Abaslı, A.Camalov, X. Sultanov, İ.Qurbanov, F.Talışxanov-komissiya üzvləri- A.Qafarov, E.Aslanov, Q.Hüseynov, V.Hüseynov-müavinət alanlar olmaqla) 2. 2016-cı ilin 4-cü rübündə 6 əməkdaş olması iddia edilsə də, 12 əməkdaşın (E.İsmixanov-direktor, M.Əbilov, G.Əliyeva S.Azməmmədova, A.Camalov, M.Cəfərov, Q.Hüseynov, İ.Qurbanov, F.Talışxanov,-konissiya üzvləri, M.Süleymanov, Ş.Xəlilov, A.Şükürova-müavinət alanlar olmaqla); 3.2017-ci ilin 4-cü rübündə 4 əməkdaş olması iddia edilsə də 8 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva-komissiya üzvləri F.Rəhmanov, M.Eyvazov– müavinət alanla, 3 yaşınadək uşağa qulluğa görə müavinət alan A.Şükürova, rüblük hesabata məsul şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva olmaqla); 4. 2018-ci ilin 1-ci rübündə 4 əməkdaş olması iddia edilsə də 6 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva-komissiya üzvləri, R.Babayev–müavinət alan, rüblük hesabata məsl şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva olmaqla) adları müvafiq sənədlərdə öz əksini tapmışdır. Təkcə bu faktlara və bununla bağlı təqdim olunan sübutedici sənədlərə nəzər saldıqda belə, təqdim edilən dəqiqləşdirilmiş hesabatların həqiqətə uyğun olmadığı aşkar görünür. Belə ki, müəssisədə işləməyən şəxslərin müəssisədə komissiya üzvü olması, hər hansı rəsmi sənədi imzalaması, müəssisə adından təqdim etməsi təbii ki, mümkün deyildir. Əlavə olaraq 4-7 sığortaolunanın çalışdığı müəssidə müavinət təyin edən komissiyanın 5 üzvünün olması faktı belə sual yaradır. Yuxarıda adları çəkilən sığortaolunanlar fəhlə, operator köməkçisi, avto təmir ustası, yük maşını sürücüsü, anbardar, laborant, İT mütəxəssisi, İR üzrə müətəxəssiz, ayrı-ayrılıqda baş mühasib və maliyyə departamentinin müdiri kimi vəzifələrdə çalışırlar. Bu cəhətdən də, faktiki istehsal qabiliyyəti olmayan bir müəssisədə bu vəzifələr üzrə işçilərin çalışması reallığa uyğun olmayan, diqqət yetirilməli bir məqamdır. Qeyd olunan məsələlərin ciddi araşdırılmasını, həmçinin bu məqsədlə məhkəmədən hesabatlarda göstərilən sığortaolunanların həmin dövrlərdə həqiqətən Cəmiyyətdə çalışmasının dəqiqləşdirilməsi, əmək müqavilələrinin qüvvədə olub-olmamasının öyrənilməsi üçün X5 sorğu verilməsini zəruri hesab edərək birinci instansiya məhkəməsinə müraciət edilsə də, bu xahişi əsaslandırılmadan təmin edilməmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarının təqdim etdim etdikləri sübutları və işdə olan digər materialları tam, obyektiv araşdırmadan əsassız olaraq qərar qəbul etmişdir. Ümumiyyətlə sosial sığorta ödəmələrinin (müavinətlərin) hesablanması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də göstərilən qaydada həyata keçirilir. Əsasnamənin 119-cu bəndinə əsasən müəssisənin müdriyyəti və baş (böyük) mühasibi müavinəltərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi müavinət təyin olunması üçün qanunvericiliyə uyğun olaraq haqq-hesab cədvəlləri və digər sənədləri müəssisənin (baş) mühasibi MEİA-in “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil etməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məcburi dövlət sosial sığorta üzrə hesabatları və dəqiqləşdirilmiş hesabatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 20.8-ci maddəsinə əsasən həyata keçirir. Həmin Qaydaların 8.20.9.4-cü maddəsinə əsasən, dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, 8.20.9.7.-ci maddəsinə uyğun olaraq hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilib-edilməməsinin araşdırlması, 8.20.9.8.2-cü maddəsinə əsasən isə əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili üsulu ilə sığorta haqlarına təsir edən məlumatların araşdırlması məqsədilə kameral yoxlamalar həyata keçirilir. Odur ki, Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(120)-319/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-319/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC-nin və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalar: 8.20. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar və arayışlar 8.20.1. Hesabatlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə müvafiq olaraq sığortaedən tərəfindən təqdim edilir. 8.20.2. Hesabatlar hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. 8.20.4. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim edir. 80.20.5. Məcburi dövlət sosial sığorta haqqı ödənişləri muzdlu işdən əldə edilən gəlirlərdən və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən ibarət olmaqla 2 hissəyə ayrılır və həmin gəlirlər üzrə sığorta haqqı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş dərəcələrlə ödənilir. 8.20.6. Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat 2 bölmədən ibarətdir. 8.20.6.1 “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki sığortaedənin uçot nömrəsi (SUN), Sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığorta haqqı üçün fəaliyyət növünün kodu, hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur. 8.20.6.2 “Məcburi dövlət sosial sığortası üzrə məlumat” bölməsində hesabat dövrünün əvvəlinə borc, işçilərin sayı, əmək haqqı və gəlirlər, hesablanmış və ödənilmiş sığorta haqları, DSMF-dən alınmış məlumatlar, hesabat dövründə qanunvericiliklə silinmiş borc, hesabat dövrünün sonuna borc, məcburi dövlət sosial sığorta haqqı üzrə bölüşdürüləcək borc, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər və ya ailə kəndli təsərrüfatı haqqında məlumat və digər məlumatlar əks olunur. 8.20.7. İşsizlikdən sığorta haqqı üzrə rüblük hesabat 3 bölmədən ibarətdir: 8.20.7.1 “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki uçot nömrəsi (SUN), hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur. 8.20.7.2. “İşsizlikdən sığorta üzrə məlumat” bölməsində işsizlikdən sığorta haqqında cəlb olunan əməyin ödənişi fondu, hesabat dövrünün əvvəlinə qalıq, hesablanmış, ödənilmiş, geri alınmış, silinmiş və dondurulmuş sığorta haqları və digər məlumatlar əks olunur. 8.20.7.3. “İşsizlikdən sığorta haqqı üzrə bölüşdürüləcək məbləğ və sığortaolunanlar barədə məlumat” bölməsində işsizlikdən sığortaya cəlb olunan gəlirlər, ödənilmiş işsizlikdən sığorta haqqı, işçilərin sayı və digər məlumatlar əks olunur. 8.20.8. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 8.20.9. Sığortaedənlər tərəfindən təqdim olunmuş hesabatlar AVİS tərəfindən elektron qaydada uyğunsuzluqdan keçirilir. 8.20.10. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır: 8.20.11. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması; 8.20.12. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin araşdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması; 8.20.13. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması; 8.20.14. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi; 8.20.15. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili; 8.20.16. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstərməyən sığortaedənlərin araşdırılması; 8.20.17. Hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilibedilməməsinin araşdırılması; 8.20.18. Sığortaedənin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatların araşdırılması: 8.20.18.1. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatların təhlili; 8.20.18.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatların təhlili; 8.20.18.3. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili; 8.20.18.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatların təhlili; 8.20.18.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasına nail olmaqdan ibarətdir. Başqa sözlə, iddiaçının hazırkı tələbi öhdəliyin icrası haqqında iddia olmaqla, inzibati mübahisədir. Belə ki, cavabdehin dəqiqləşdirilmiş hesabatları qəbul etmək və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablamaq inzibati orqanın faktiki xarakterli hərəkərlərini təşkil edir. Təsadüfi deyildir ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci tarixli məktubunda da bildirmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə borc təqdim edilmiş bəyannamələrə (hesabatlara) əsasən yaranmışdır (3-cü cild, iş vərəqi 7,14). Başqa sözlə, inzibati təcrübədə cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borcların hesablanmasına dair inzibati akt qəbul edilmir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanuna əsasən inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir – inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Faktiki xarakterli hərəkətlər özünü ya hər hansı bir inzibati aktın yaxud normativ-hüquqi aktın icrası kimi, ya da heç bir hüquqi akta əsaslanmadan, birbaşa törədilən hərəkətlər kimi göstərə bilər. Qanunvericilikdə inzibati akta qarşı olduğu kimi, faktiki xarakterli hərəkətlərə qarşı da hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmasa da, hesab olunur ki, belə bir hərəkət inzibati akt olsa (hipotetik baxımdan) və qanunsuz olsa, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılar. Müvafiq olaraq faktiki xarakterli hərəkətlərin yoxlanılması və qiymətləndirilməsi bəzi özəl xüsusiyyətlər nəzərə alınmaqla inzibati aktın yoxlanılması qaydasına uyğun aparılmalıdır. (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 42-ci bəndi). Qeyd olunmalıdır ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. Nəzərə almaq lazımdır ki, formal hüquqi baxımdan qanunilik həm də özündə “işin hallarının obyektiv araşdırılması” prinsipinə riayət edilməsini ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə tərkibi xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələblər üzrə cavabdeh tərəfindən inzibati icraat aparılmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli və ya faktiki xarakterli hərəkəti icra etməlidir. Cavabdeh inzibati orqanının 13 oktyabr 2022-ci il tarixli **********290100 saylı məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2016-ci ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə dəqiqləşdirilmiş hesabatlar 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmədiyindən “Bəyyanamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydaların” 8.20-ci bəndində nəzərdə tutulmuş qaydada hər hansı bir araşdırmalar, o cümlədən inzibati icraat aparılmamışdır (3-cü cild, iş vərəqi 234). Göründüyü kimi, cavabdeh hazırkı iddiaya cavab verməli olan inzibati orqan olmasına baxmaraq, ötən müddət ərzində həm “İnzibati icraat haqqında” Qanunun, həm də “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın tələblərinə riayət etməyini etiraf etmişdir. Halbuki, Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın: 8.20.8. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. 8.20.10. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır: 8.20.11. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması; 8.20.12. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin araşdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması; 8.20.13. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması; 8.20.14. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi; 8.20.15. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili; 8.20.16. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstərməyən sığortaedənlərin araşdırılması; Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan qanunverciliyin tələb etdiyi qaydada zəruri inzibati icraat aparmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun, həm də “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın tələblərini ciddi surətdə pozmuşdur. Bu baxımdan cavabdehin dəqiqləşdirilmiş hesabatların qəbul etməməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasında imtina etməsinə dair faktiki xarakterli hərəkətləri formal-hüquqi baxımdan qanunsuzdur. Məhkəmə tərkibinin qənaətinə görə cavabdehin faktiki xarakterli hərəkətləri formalhüquqi baxımdan qanunsuz olduğundan bu hal, maddi-hüquqi baxımdan onun hərəkətlərinin qanuniliyinin yoxlanılmasını istisna edir və bu baxımdan apellyasiya şikayətlərinin dəlilləri üzrə həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-cı il tarixli, 2-1(120)-319/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-6/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-6/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver