Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-600/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 2364/2024 nömrəli qərarından cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı barəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda İddiaçı ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik müddətsiz olaraq təyin edilməsi barəsində müayinə aktından çıxarış, Ağcabədi ƏSMM-nin sərəncamları, arayış, ərizə, xx.xx.2014-cü il tarixdən müddətsiz 3-cü dərəcə əlillik təyin edilməsi səbəbi ilə xx.xx.2014-cü sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarı mövcuddur. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət almışdır. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin "Pensiya" və "Sosial ödənişlər" alt sistemləri üzrə məlumatların “Əlillik” altsistemi ilə üzləşdirilməsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada aparılan audit nəticəsində müayinə aktından çıxarışlar və protokollar üzrə məlumatlar uyğunsuzluq təşkil etdiyindən vətəndaşa dair əlillik təyinatının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixdə etibarsız edildiyi üçün onun əlilliyə görə sosial müavinətin ödənişi dayandırılmış, lakin o, xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət almışdır. Yaranmış mübahisə ilə bağlı İddiaçı cavabdeh X3 qarşı “xx.xx.2014-cü il tarixdən təyin edilmiş 3-cü dərəcə müddətsiz təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslarına görə o, 1989-cu ildən (14 yaşından) əlil kimi qeydiyyatdadır və əmək stajı yetərli olmadığına görə 18 yaşından sonra ona 3-cü dərəcəli əlil kimi sosial müavinat təyin edilmişdir. Əvvəllər əlil kimi ayda 47 manat sosial müavinat almış, sosial müavinat dayandırıldığı günədək yəni, 2023-cü ilin iyul ayınadək ayda sosial müavinat almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli TSEK-ı tərəfindən xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən İddiaçı ümumi xəstəlik səbəbilə (qeyd: sağ əlin 3 barmağı işləmir) müddətsiz olaraq 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı 34 ildir 3-cü dərəcə əlillik təyin edilməsinə baxmayaraq, cavabdeh təşkilat vətəndaşa sosial müavinatın verilməsini 2023-cü ilin iyul ayından dayandırmış və qanunsuz olaraq iddiaçıya yenidən müayinədən keçməli olduğu şifahi olaraq bildirilmişdir. Qəbul edilmiş qərar barədə iddiaçının ünvanına rəsmi olaraq məktub, qərarın surəti göndərilməmişdir. Bu səbəbdən müavinatın dayandırılması barədə qərarın surətini ərizəyə əlavə edə bilməmişlər. Bu barədə cavabdeh təşkilata sorğu ünvanlanmışdır lakin, sorğuya cavab bu günədək verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2364/2024 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən “Əlilliyin qiymətləndirilməsi qaydaları”nın tələbləri təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Cavabdeh nümayəndəsi X3 həmin qərarından apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəxtəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S48 - Yuxarı ətraf qurşağı və bazunun travmatik a.....; Diaqnozun mətni: sağ saidin aşağı 1/3 nin damaq sinir və vətərələrinin kəsilməsi plastik plastik əməliyatdan sonrakı vəziyət Meyar: 2. 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ saidin aşağı 1/3 nin damaq sinir və vətərələrinin kəsilməsi plastik plastik əməliyatdan sonrakı vəziyət);” səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2021-ci ildən etibarsız hesab edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin "Pensiya" və "Sosial ödənişlər" altsistemləri üzrə məlumatların “Əlillik” altsistemi ilə üzləşdirilməsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada aparılan audit nəticəsində müayinə aktından çıxarışlar və protokollar üzrə məlumatlar uyğunsuzluq təşkil etdiyindən vətəndaşa dair əlillik təyinatının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin "Pensiya" və "Sosial ödənişlər" altsistemləri üzrə məlumatların “Əlillik” altsistemi ilə (bundan sonra – TSERAS) üzləşdirilməsi əsasında elektron qaydada aparılan audit nəticəsində TSERAS üzrə əlilliyi etibarsız edilmiş, o cümlədən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) müvafiq filial və nümayəndəlikləri üzrə pensiya, müavinət və təqaüd işlərində olan Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktlarından çıxarışlarda əlilliyinin müddətinin müddətsiz qeyd olunmasına baxmayaraq TSERAS-da əlilliyinin müddəti bitmiş vətəndaşların əmək pensiyaları, sosial müavinətlər və təqaüdlərinin ödənişlərinin davam etdirilməsi, bir sıra hallarda isə ödənişin dayandırılmaması nəticəsində artıq ödəmələrin yarandığı aşkar edilmişdir. Qeyd olunan əlillik müddətlərinin aydınlaşdırılması üçün 1993 nəfər vətəndaşın məlumatları Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və onun yerli qurumlarına göndərilmiş, həmçinin əlillik müddətlərinin müayinə aktları və protokollar üzrə üzləşdirilməsi həyata keçirilmişdir. X3-dən təqdim olunmuş məlumatlar əsasında aparılan araşdırma zamanı bir sıra hallarda müayinə aktından çıxarışlar və protokollar üzrə əlillik müddətinin hər iki sənəd üzrə müddətsiz və ya bir il müddətinə (müddəti bitmiş) olduğu, müəyyən hallarda isə əlillik müddətlərinin müayinə aktından çıxarışlar və protokollar üzrə məlumatların uyğunsuzluq təşkil etdiyi və ya məlumatların tapılmadığı müəyyən olunmuşdur. Eyni zamanda, TSERAS üzrə əlillikləri etibarsız edilmiş vətəndaşlara əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin ödənişi davam etdirilmiş və nəticədə 63 işdən 22 pensiya işi üzrə aylıq məbləğlərin cəmi 10575,10 manat olmaqla ümumilikdə 236506,95 manat, eyni zamanda pensiya alan şəxslərdən 2 təqaüd işi üzrə aylıq məbləği 330,00 manat olmaqla ümumilikdə 6750,61 manat, 40 sosial müavinət işi üzrə aylıq məbləğlərin cəmi 5530,00 manat olmaqla ümumilikdə 115969,14 manat, eyni zamanda müavinət alan şəxslərdən 13 təqaüd işi üzrə aylıq məbləğlərin cəmi 1780,00 manat olmaqla ümumilikdə 33299,56 manat artıq vəsait ödənildiyi müəyyən olunmuşdur. Qeyd olunanlarla yanaşı Fondun müvafiq filial və nümayəndəlikləri üzrə pensiya işlərində olan Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktlarından çıxarışlarda əlilliyinin müddətsiz qeyd olmasına baxmayaraq TSERAS müayinə aktları və protokollarda əlilliyinin müddəti bitmiş, o cümlədən akt və protokollar üzrə uyğunsuzluq təşkil edən, habelə əlilliyinin müddəti barədə heç bir məlumat tapılmayan vətəndaşlara əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin ödənişi davam etdirilmiş və nəticədə 745 halda aylıq məbləğlərin cəmi 196511,83 manat olmaqla ümumilikdə 9544956,17 manat əmək pensiyası, 260 halda aylıq məbləğlərin cəmi 31750,00 manat olmaqla ümumilikdə 1212800,68 manat sosial müavinət, 114 halda aylıq məbləğlərin cəmi 18000,00 manat olmaqla ümumilikdə 791085,80 manat əlilliyi olan şəxs kimi Prezident təqaüdü və 46 halda aylıq məbləğlərin cəmi 2350,00 manat olmaqla 33700,00 manat İ dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün ödənildiyi müəyyən olunmuşdur. Beləliklə, aparılan araşdırma zamanı əlillikləri etibarsız edilmiş vətəndaşlar üzrə əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin ödənişi zamanı 63 iş üzrə aylıq məbləğlərin cəmi 18215,10 manat olmaqla yekunda 392526,26 manat artıq məbləğ ödənildiyi, eləcə də TSERAS, müayinə aktları və protokollarda əlilliyinin müddəti bitmiş, o cümlədən akt və protokollar üzrə məlumatları uyğunsuzluq təşkil edən və əlilliyinin müddəti barədə heç bir məlumat tapılmayan vətəndaşların əmək pensiyalarının, sosial müavinət və təqaüdlərinin ödənişi zamanı 1165 halda aylıq məbləğlərin cəmi 248611,83 manat olmaqla 11582542,65 manat vəsaitin ödənildiyi müəyyən edilmişdir. İstənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə "qanuna uyğun” olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması X3 ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1. maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İPM-nin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81,83,85-ci və Mülki Prosessual Məcəlləsinin 385-386-cı maddələrinə əsasən Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)- 2364/2024 saylı qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının iştirakı: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “İnzibati icraat haqqında Qanun: -67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3.Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: -3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Qanun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqa inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: -1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: -“Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinin tələbinə görə əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqan üçün məcburi prosedur qaydası müəyyən edilmişdir. Belə ki, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -Göründüyü kimi, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Lakin cavabdeh tərəf həmin tələblərə əməl etmədən, şübhəli məqamların araşdırılması üçün iddiaçını əyani müayinəyə cəlb etmədən, birbaşa əlilliklə bağlı nəticələrin etibarsız hesab edilməsi barədə qərar qəbul etmişdir. -İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələrinin tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. -İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. - Cavabdeh olan inzibati orqan istinad edilən normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə İddiaçı məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız ümumi əsaslarla şübhəli hallara istinadən iddiaçının əlilliyini etibarsız hesab etmişdir. -Bundan başqa nəzərə alınmalıdır ki, əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixdə etibarsız edildiyi halda, iddiaçı xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət almışdır. Yəni xx.xx.2023-cü il tarixə qədər iddiaçının əlilliyinin etibarsız hesab edilməsindən məlumatlı olmamışdır. Göründüyü kimi, cavabdeh müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə mübahisəli qərar qəbul edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2364/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-600/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-600/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver