Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-602/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1751/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh X4 Xidmətinin Lənkəran (4 saylı Cəlilabad) Regional maliyyə müfəttişliyinə qarşı maliyyə yoxlama nəzarət aktının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 Xidmətinin Lənkəran (4 saylı Cəlilabad) Regional maliyyə müfəttişliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, barəsində Sarxanlı kənd orta məktəbində müvəqqəti direktor vəzifəsini icra etdiyi 2017- 2022-ci illər üçün aparılmış maliyyə yoxlama nəzarət aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 17 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-1751/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Haqqı ödənilən ictimai işlərin monitorinqinə dair xx.xx.2023-cü il tarixli Aktın surətindən müəyyən edilir ki, həmin aktla Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin 15 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi olan dövrün maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Qanunvericinin inzibati akta verdiyi tərifdən aydın olur ki, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi akt sadəcə orqanın maliyyə nəzarət tədbirləri səlahiyyətinə uyğun olaraq Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasndan ibarət olmuşdur, başqa sözlə iddiaçıya münasibətdə hər hansı hüquq və vəzifə yaratmamış, onun üzərinə öhdəlik qoymamış və ya hüquqi statusunu dəyişməmişdir. Mübahisələndirilən aktı qəbul etmiş orqan inzibati orqan hesab edilsə də, inzibati orqanın fəaliyyəti nəticəsində qəbul etdiyi hər bir akt inzibati akt hesab oluna bilməz. Həmçinin həmin inzbati aktın forması İnzibati icraat haqqında Qanunun 59cu maddəsinə əsasən inzibati aktların rekvizitlərinə də uyğun deyildir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-2022-ci illərdə Cəlilabad rayonu, Sarxanlı kənd ümumi orta məktəbində direktor vəzifəsini müvəqqəti icra etmişdir. Ərizəsi əsasında 2022-ci ilin dekabr ayının ilk 10 günlüyündə müvəqqəti direktor vəzifəsindən azad edilmişdir. Həmin vaxtdan ixtisası üzrə müəllim işləyir. 2023-cü il iyul ayında 4 saylı X1 müfəttişliyi Sarxanlı kənd ümumi orta məktəbində maliyyə yoxlaması aparmışdır. Direktor vəzifəsini müvəqqəti icra etdiyi 2017-2022-ci illər dövrü onun iştirakı təmin edilmədən yoxlanılmışdır. Azərbaycan Respublikası X3 Xidməti tərəfindən maliyyə nəzarəti tədbirlərinin planlaşdırılınası, aparılması və nəticələrinin rəsmiləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə AR Maliyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2013cii il tarixli Qərarına əsasən, həmin yoxlamada müfəttiş tərəfindən bildiriş verilməli, iştirakı təmin edilməli, həmin aktla tanış edilməli, yekun aktın bir nüsxəsi yoxlama aparılan şəxsə təqdim edilməlidir. Tədris yoxlamasının ona bildiriş verilmədən keçirilməsi, yoxlama aktı ilə tanış edilməməyi, təqdim edilməməsi, qanunla qorunan hüquqlarının pozulmasıdır. Yoxlamanın belə aparılması AR Maliyyə Nazirliyinin maliyyə nəzarəti üzrə təsdiq edilmiş normativ aktlarının, nəzarət tədbirinin keçirilməsinə aid 15 fevral 2013-cil il tarixli Qərarla təsdiq edilmiş qaydaların ciddi pozulmasıdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X3 Xidmətinin 4 saylı Regional maliyyə müfəttişliyinin, Cəlilabad rayonu üzrə təhsil sektorunun, Baş mühasibin müavinin, Təsərrüfat İstismar qurupunun rəhbərinin və Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin direktorunun iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 04/xid 1685 nömrəli məktubunun, Cəlilabad rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 Xidmətinin 09 iyun 2023-cü il tarixli MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən 4 saylı Regional Maliyyə müfəttişliyinin nəzarətçi müfəttişinə Cəlilabad rayonu Sarxanlı kənd ümumi orta məktəbinin 15 sentyabr 2017-ci il tarixdən 30 dekabr 2022-ci il tarixə kimi olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması tapşırılmış, yoxlama nəticəsində aşkar edilmiş qüsur və çatışmazlıqlar rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin: -2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: -2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1751/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-602/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-602/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver