Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-602/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(106)-945/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. Seriya H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur (1 il, 11 ay 29 gün), İddiaçıya aid əmək kitabçasında görünür ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək X4 İdarəsində dərzinin şagirdi vəzifəsində (2 ay 29 gün), xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək X4 İdarəsində bufetçi köməkçisi vəzifəsində (3 il 7 ay 21 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 3 saylı İş Təchizatı İdarəsinin İmişli 23 nömrəli mağazasında satıcı vəzifəsində (1 il 4 ay 2 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 3 saylı İş Təchizatı İdarəsinin İmişli 26 nömrəli mağazasında satıcı vəzifəsində (9 il 4 ay 8 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərittifaq” Ümumi rayon X2 Ticarət Birliyi 20 nömrəli mağazada müdir satıcı vəzifəsində (3 il 1 ay 28 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərittifaq” Ümumi rayon X2 Ticarət Birliyinin nəzdində yaradılmış “Xeyriyyə” Səhmdar Cəmiyyətində tədarükçü vəzifəsində (2 ay 15 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Azərboru-kəmərtikinti” icarə müəssisəsinin 7 nömrəli trestində anbar müdiri vəzifəsində (2 il 12 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “X5” MMC-də Nərimanov rayonu üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (2 ay 6 gün), xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “X5” MMC-də Bakı şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (3 il 10 ay 4 gün) işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 08 avqust 2025-ci il tarixli məktubu ilə iddiaçının fərdi hesabından çıxarış məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş fərdi hesabdan çıxarışdan görünür ki, sığortaolunan İddiaçı (SSN **********037) sığorta edən “X5” MMC (SUN **********6) tərəfindən 2020 oktyabr-2024 dekabr dövrü üçün sığortalanmışdır (cəmi gəlir: 15503,62, cəmi hesablanmış 3875,91, cəmi ödənilmiş 3875,90, pensiya kapitalı 4094,41). Cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 12 fevral 2024-cü il tarixli qərarından qeyd edilmişdir ki, “...“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün, həmçinin Qanunun 22-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmır. Faktiki sığorta stajı 23 il 5 gün təşkil edir (xx.xx.2006-cı il tarixədək 19 il 10 ay 5 gün, xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3066.11 manat pensiya sığorta kapitalı əsasında 3 il 2 ay). xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü tarixədək olan dövrlər əmək kitabçasının doldurulma qaydasına riayət edilməməsi səbəbindən sosial sığorta stajına daxil edilmir. Belə ki, qeyd olunan dövr SSRİ ştampı ilə təsdiq edilmiş, sonradan yeni möhür vurulmuşdur, həmçinin qeyd olunan müəssisənin ünvana baxış keçirilmiş, arxiv sənədlərinin saxlanılmaması səbəbindən yoxlanması mümkün olmamışdır.” Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş-43276/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 23 il 5 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 10 ay 5 gün sığorta stajına uyğun olaraq 19999,25 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3066,11 manat olmaqla, ümumilikdə 23065,36 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" icarə müəssisəsinin xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan arxiv sənədləri İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda Mərkəzi Filialın xx.xx.2024-cü il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən "xxxx" icarə müəssisəsinin hüquqi ünvanında da xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədlərinin saxlanılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (qeydlər SSRİ-yə aid möhürlə təsdiqlənmişdir). Bu səbəblərdən xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-291158/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “....Vergi orqanında olan uçot baza məlumatlarına əsasən "xxxx" İcarə Müəssisəsinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə (9 rəqəmli VÖEN: 150015189, xx.xx.1997-ci il tarixdə ilkin qeydiyyat) vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. ...Həmçinin, bildiririk ki, vergi orqanında olan uçot baza məlumatlarında vergi ödəyicisi "xxxx" İcarə Müəssisəsi tərəfindən 2003-cü ilin sentyabr ayı ərzində dövlət büdcəsinə vergi məbləğinin ödənilməsi barədə məlumat mövcuddur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinəı qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(120)-945/2025 nömrəli qərardadı ilə iddia tələbinə “işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il təvəllüdlüdür. 65 yaşı və hərbi xidmət dövrü nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı var. xx.xx.2001xx.xx.2003-cü illərdə “Azərboru-kəmərtikinti” icarə müəssisəsində olan əmək fəaliyyəti ilə bağlı heç bir şübhə ola bilməz. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-945/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-945/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin 28 iyun 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslanaraq iddiaçının 25 il sığorta stajına və 65 yaşa malik olmasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 19 il 10 ay 5 gün; xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3066.11 manat pensiya sığorta kapitalı əsasında 3 il 2 ay, cəmi 23 il 5 gün təşkil edir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü tarixədək olan dövrləri nəzərə almır və buna səbəb kimi qeyd olunan dövrün SSRİ ştampı ilə təsdiq edilməsini, sonradan yeni möhür vurulmasını, həmçinin qeyd olunan müəssisənin ünvana keçirilmiş baxış nəticəsində arxiv sənədlərinin saxlanılmaması səbəbindən yoxlanması mümkün olmamasını göstərir. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən əsaslar iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü tarixədək olan dövrlər üzrə iş stajının nəzərə alınmamasının və bununla da sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Belə ki, işçi nə əmək kitabçasını dolduran, ona möhür vuran şəxsdir, nədə ki, işlədiyi müəssisəyə aid müvafiq sənədlərin arxivə verilməsinə cavabdeh olan şəxsdir. Onun üzərinə qanunla belə bir vəzifə qoyulmamaışdır. Həmçinin, oda nəzərə alınmalıdır ki, iddiaçının qeyd edilən illərdə işlədiyi "xxxx" İcarə Müəssisəsi xx.xx.1997-ci il tarixdən vergi uçotuna alınmışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən sənəddir. İddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Göstərilənlərə əsasən kollegiya iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü tarixədək olan dövrləri onun iş stajı kimi nəzərə alır. Kollegiya qeyd edir ki, işin araşdırılması ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 65 yaşı xx.xx.2022-ci ilddə tamam olmuşdur. O, xx.xx.2006-cı il tarixədək 21 il 11 ay 21 gün (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 1 il, 11 ay 29 gün + xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək 2 ay 29 gün + xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 3 il 7 ay 21 gün + xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 1 il 4 ay 2 gün + xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 9 il 4 ay 8 gün + xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək 3 il 1 ay 28 gün + xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 2 ay 15 gün + xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 2 il 12 gün) iş stajına malikdir; 2020-ci ilin oktyabr ayından ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını nəzərə alınmaqla onun xx.xx.2024-cü il tarixə azı 25 il sığorta stajı düzəlir və bu ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquq verir. İddiaçı apellyasiya instansiya məhkəməsində iddianın dəyişdirilməsi barədə ərizə vermiş və dəyişdirilmiş iddia icraata qəbul edilərək tələbə ona uyğun baxılmışdır. Hətta, belə bir müraciət olmasa idi, kollegiya onun pensiya hüququnun yaranmasını birinci instansiya məhkəməsinin müəyyən etdiyi 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən deyil, 25 il sığorta stajının tamamlandığı tarixdən nəzərə alacaqdır. Qeyd edilən səbəbdən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilərək, iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-945/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.