Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-603/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətdə olan oğlu X4 Azərbaycan Respublikası Daxili Qoşunlarının Gəncə N nöməli hərbi hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2- 1(120)-639/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qəradadı qəbul etdi. İşin halları: 17072 saylı Hərbi hissə komandirinin nizami hissə üzrə 07 dekabr 2019-cu il tarixli 294 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə ağciyər-ürək çatışmazlığı xəstəliyindən vəfat etmiş, xx.xx.1997-ci il təvəllüdlü, Cəlilabad rayonu, Cəfərxanlı kəndində anadan olmuş, xx.xx.2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, əsgər X7 şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Seriya AZ-İİ 041218 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-180/2-1487/24 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı1 şikayəti ilə bağlı izahatı alınan zaman oğluna şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi məqsədilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə müraciət etdiyini bildirmişdir.” Azərbaycan Respublikası DİN Daxili Qoşunların 17072 nömrəli Hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 3-13-14-18/2-1242/2024 nömrəli məktubuna əlavə olunmuş arayışdan görünür ki, X5 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə əsas olmamışdır. X2 məzuniyyətdə olduğu vaxt xəstəliyi bilinməyən səbəbdən dünyasını dəyişmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı1 cavabdeh 17072 saylı Hərbi hissəyə qarşı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək “X4 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1934/2024 saylı qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi tanınmışdır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 2019-cu ilin iyul ayında SHXÇDX tərəfindən hərbi həkim komissiyasının rəyinə əsasən sağlam vəziyyətdə hərbi xidmətə yararlı hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinə göndərilmişdir. Övladı həqiqi hərbi xidmətdə olduğu müddətdə vəfat etmişdir. Cavabdehin etirazları: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, X7 həqiqi hərbi xidmətdə olarkən xəstəliyi ilə bağlı məzuniyyətə getmiş və məzuniyyətdə olarkən vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. X4 vəfat etməsi xx.xx.2019-cu il tarixdə yaşadığı ünvanda “kəskin ağciyər və ürək çatışmazlığı” səbəbindən olduğundan yuxarıda qeyd olunan Qaunun və Qərarın tələbləri ona şamil olunmur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının tələblərinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi Qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarın 1.2.6-cı bəndinə istinad edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) xx.xx.2025-ci il tarixli 2- 1(120)-639/2025 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-639/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-639/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin, əlavə olaraq bildirdi ki, mövcud tələb ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi ... Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.
Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 54.1 Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-639/2025 nömrəli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum oğlu X4 ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, xx.xx.2019-cu il tarixdə ağciyər-ürək çatışmazlığı nəticəsində vəfat etdiyindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddia tələbə cavab verməli olmayan cavabdehə münasibətdə təmin edilməmişdir. İddiaçı 17072 saylı Hərbi hissəyə qarşı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək “X4 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti vəzifəsini yerinə yetirərkən həlak olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1934/2024 saylı qərardadı ilə iddiaçının ərizəsinə əsasən cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi tanınmışdır. İşə baxılarkən hansı qurumun cavabdeh olması ilə bağlı hər hansı bir araşdırmanın aparılması müəyyən olunmur, qərarda iş üzrə cavabdehin hansı səbəbdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi olması ilə bağlı hər hansı normativ-hüquqi akta istinad yoxdur. Halbuki, qeyd edilən halın araşdırılması tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. Həmçinin, iddiaya qarşı 17072 saylı Hərbi hissə də etirazında (səh. 29-32), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi də etirazında (səh. 57-60) iş üzrə cavabdehin müəyyən edilməsi məsələsini məhkəmənin diqqətinə çatdırmasına baxmayaraq, həmin məsələyə qiymət verilməmiş, nəticə etibarı ilə iddiaya cavab verməli olmayan cavabdehə qarşı mahiyyəti üzrə işə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Həmçinin, formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, “şəhid statusu ilə bağlı arayışın verilməsi” barədə tələbə gizir və zabit heyətindən başqa digər hərbi qulluqçulara münasibətdə onların hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrinə qarşı baxılır. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, tələb üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi olmalıdır. İşin baxılması üçün geri qaytarılması ilə bağlı mövqeyə gələrkən kollegiya iddiaçının ilkin olaraq qeyd olunan qruma qarşı tələb irəli sürməsini (bax. iddia ərizəsinin nəticə hissəsi), məhkəmə tərəfindən ona İPM-in 13-cü maddəsinin tələbi baxımından yardım edilməməsini, iddiaçının tələb üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət etməsini bildirməsini, həmin məsələnin Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3-180/2-1487/24 nömrəli məktubunda da qeyd edilməsini və prosessual qənaət prinsipini də nəzərə almışdır. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən araşdırılmalı olan məsələlər ilə yanaşı təbii ki, iddianın mümkünlüyünün qiymətləndirilməsi məsələsi məhkəmənin ilkin vəzifəsi olmalıdır. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması ilə mübahisələndirilən qərar qəbul edilmişdir. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-639/2025 saylı qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.