Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-604/2025 11.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-316/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: - İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1956-cı il təvəllüdlüdür. - H3 № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 9 gün). - xx.xx.1974-cü il tarixli 5466 nömrəli attestatdan görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək 108 nömrəli Prişib orta texniki peşə məktəbində 3-cü dərəcəli traktorçu maşinist ixtisası üzrə təhsil almışdır (1 il, 3 gün). - Seriya ИТ-İ ******* nömrəli 06 noyabr 1981-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək “26 Bakı Komissarı” sovxozunda müvəqqəti işçi (3 il 1 ay 24 gün), - xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “26 Bakı Komissarı” sovxozunda daimi işçi (5 ay 3 gün), - xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək “26 Bakı Komissarı” sovxozunda işçi kimi (2 ay 27 gün), - xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “26 Bakı Komissarı” sovxozunda traktorçu (4 il 11 gün), - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Səyyar Mexanikləşdirilmiş İdarəsinin 9 nömrəli Trestin Lənkəran Tikinti müəssisəsində traktorçu (8 ay 1 gün), - xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Səyyar Mexanikləşdirilmiş İdarəsinin 31 nömrəli Trestin Lənkəran Tikinti Müəssisəsində traktorçu (1 ay 1 gün), - xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Astara rayonu “Şahağacı” Tərəvəzçilik çayçılıq sovxozunda traktorçu vəzifəsində (10 il 1 ay 29 gün) işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-191969/2023 nömrəli məkubunda qeyd olunmuşdur ki, “...İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 20 il 8 ay 17 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan 1 il 9 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 22 il 5 ay 17 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın 16125.09 manat (xx.xx.2006-cı il tarixinədək olan 20 il 8 ay 17 gün sığorta stajına uyğun olaraq 15785.31 manat (2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ), xx.xx.2019-cu il tarixindən pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixindək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 339.78 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində 94.51 manat qeydə alınmışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü vətəndaşın 15 yaşı tamam olmadığı dövrə təsadüf etdiyi üçün sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı ümumi sığorta stajı 25 ildən az olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin, bildiririk ki, mübahisələndirilən dövr (xx.xx.1971-ci il tarixindən xx.xx.1971ci il tarixinədək) sığorta stajına daxil edilsə də yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı tamamlanmır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-272652/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2- 3976/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, “...Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı 2 (iki) fərqli uçot nömrəsi ilə sığortaedən kimi (a) “Torpaq mülkiyyətçisi” - **********0 saylı SUN-la xx.xx.2016-cı il tarixində (fəaliyyət statusu “Ləğv olunmuş”); b) “Fiziki şəxs”-**********5 saylı SUN-la və ********** saylı VÖEN-lə xx.xx.2019-cu il tarixində (fəaliyyət statusu “Dondurulmuş”)) qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, MEİS-də 2006-2018-ci illər üzrə İddiaçı dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1956-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1971-ci ilin aprel ayından başlamışdır. Belə ki, xx.xx.1971-ci il tarixli 68 saylı əmrlə Astara rayon “26 Bakı Komissarı” sovxozunda müvəqqəti fəhlə qəbul edilmişdir. xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixə kimi Prişib 108 nömrəli orta texniki peşə məktəbində oxumuşdur. xx.xx.1974-cü il tarixli 120 nömrəli əmrlə daimi fəhləliyə keçirilmiş, Astara rayon “26 Bakı Komissarı” sovxozunun xx.xx.1974-cü il tarixli 231 nömrəli əmri ilə ordu sıralarında hərbi xidmətə çağırıldığına görə fəhləlikdən azad olunmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olduqdan sonra Astara rayon “26 Bakı Komissarı” sovxozuna 38 nömrəli əmrlə fəhlə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 103 nömrəli əmr ilə işdən azad edilmişdir. Səyyar Mexanikləşdirilmiş İdarəsinin 9 nömrəli Trestin Lənkəran Tikinti Müəssisəsində 34 nömrəli xx.xx.1981-ci il tarixli əmrlə 3-cü dərəcəli traktorçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli 155 nömrəli əmrlə 31 nömrəli SMD-yə keçirildiyi üçün işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixli 03 nömrəli əmrlə 31 nömrəli SMD-yə 3-cü dərəcəli traktorçu təyin edilmiş, xx.xx.1982-ci il tarixli 07 nömrəli əmrlə işdən azad edilmişdir. Astara rayon “Şahağacı” Tərəvəzçilik çayçılıq sovxozunda xx.xx.1982-ci il tarixli 16 nömrəli əmrlə traktorçu təyin edilmiş, xx.xx.1992-ci il tarixli 51 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Beləliklə, xx.xx.1971-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi işlədiyi müddət əmək kitabçasında yazılmışdır. Astara Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 3 mart tarixli 12 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmiş 0.98 hektar pay torpaq sahəsində ailəsi ilə birgə 1999-cü ildən hal-hazıra kimi müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərmişdirlər və Dövlət Sosial Müdafiə Fondunun Astara rayon sahəsinin əməkdaşlarının tələbi ilə sosial sığorta haqqı ödəmişdir. Mülkiyyətə verilmiş pay torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərdiyinə və dövlətə vergi ödədiyinə görə 1999-cu ildən hal-hazıra kimi, yəni 2022-ci ilə kimi olan müddət 24 il sığorta stajı kimi nəzərə alınmalıdır. Ümumillikdə 46 il əmək stajı olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehin etirazları: İddiaya qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 8 ay 17 gün sosial sığorta stajına uyğun olaraq 16843.08 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 463.40 manat olmaqla, ümumilikdə 17306.48 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermədiyi qeyd olunmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. MEİS-də 2006-2018-ci illər üzrə İddiaçı dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Təqdim olunmuş mədaxil qəbzləri Şahağac Bələdiyyəsinə ödənilmiş “əhalidən vergilərin qəbulu üçün” vergilərə aiddir. Yəni, həmin ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmayan digər öhdəliklər üzrə ödənilmiş ödənişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********871200 nömrəli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, İddiaçı vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2006-cı il tarixdən 2019-cu il tarixədək vergilər üzrə ödənişləri olmamış və 175 manat borc məbləği mövcud olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-316/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 26.05. 2021-ci il tarixli **********118800 saylı, xx.xx.2021-ci il tarixli **********056900 saylı və xx.xx.2021-ci il tarixli **********118800 saylı məktublarına əsasən qeydiyyatda olmaqla dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir. Həmin müddətlər, o cümlədən təhsil aldığı müddət də sığorta stajı kimi nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən fərdi hesabda xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı hədiyyə edilir. Nəticədə hətta heç bir stajı olmasa belə pensiya hüququ qazanır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il 9 ay 4 gün; xx.xx.2006-cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək pensiya kapitalı qeydə alınan 1 il 9 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 22 il 6 ay 4 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, xx.xx.2021-ci il tarixə pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 15821.30 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 339.78 manat (2021-ci il tarixə indeksləşdirilmiş məbləğ) olmaqla, ümumilikdə 16161.08 manat təşkil edir ki, bu məbləğ 2021-ci ilə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətə etirazın dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2- 1(120)-316/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün onun tələb olunan 25 il sığorta stajı yoxdur və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, işin araşdırılması ilə müəyyən edilir ki, hətta ən yaxşı halda belə iddiaçının əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti dövrləri tam şəkildə götürülərsə, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 21 il 10 ay 6 gün; “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya kapitalı qeydə alınan 1 il 9 ay əmək fəaliyyəti dövrü, cəmi 23 il 7 ay 6 gün sığorta stajı olur. Eyni zamanda onun fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Bununla da ona münasibətdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin dispozisiya şərtləri ödənilmir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun tərəfindən ödənilən digər ödənişlər məcburi dövlət sosial sığorta haqqına aid olmayan digər öhdəliklər üzrə ödənilmiş ödənişlərdir. Qeyd edilənlərə görə kollegiya hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-316/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-604/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-604/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver