Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-607/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “ünvan 1 ünvanının X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2- 1(120)-944/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İ-ЖГ seriyalı 21649 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X1 arasında xx.xx.1974-cü il arasında bağlanan nikah qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 iyul 1974-cü il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) “Ağayev (a)” soyadı verilmişdir. AZ-İ seriyalı 709962 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 239 nömrə ilə qeyd edilmişdir. X6 filialı tərəfindən verilmiş Rayon İcra Hakimiyyətində, eləcə də ayrı-ayrı idarə müəssisə və təşkilatlarda mənzil növbəsinə durmaq üçün ərizə vermiş vətəndaşların növbəliyinin təsdiqi və növbədə olan bəzi vətəndaşlara mənzil verilməsi barədə Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 1992-ci il 414-ə nömrəli əmrinin arxiv çıxarışından görünür ki, vətəndaşların sənədləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Salyan rayonu ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi qaydalarına görə yoxlanması və mənzil-məişət komissiyasının qərarı nəzərə alınaraq, Lesxoz küçəsi 7 nömrəli kommunal mənzildə yaşayan X2 yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə əmr verilmişdir. Salyan Rayon İcra Hakimiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025ci il tarixli məktubunda qeyd olunur ki, Salyan şəhəri, İ.Quliyev küçəsi, ev 7 mərhum X2 adındadır. Hal-hazırda həmin evdə mərhumun arvadı İddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayırlar və pasport qeydiyyatındadırlar. Lakin həmin ev Salyan "xxxx" MMC-nin balansında deyil. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X5 ilə ünvan 2 ünvanında 1980-ci ildən yaşamağa başlamış, 1992-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 1992-ci il 414-ə nömrəli əmri ilə həmin mənzilə yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülmüşdürlər. Ailə üzvləri ilə həmin mənzildə pasport qeydiyyatındadır. Keçən bu müddət ərzində mənzildə müxtəlif təmir-tikinti işləri aparılmış, mənzilə gözlənən mülkiyyət hüququ var. Hüququn qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etsədə, məsələ müsbət həllini tapmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 28 və 30-cu maddələrinə istinad etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-944/2025 saylı qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-944/2025 saylı qərardadının ləğv edilməsini, mübahisəyə mahiyyəti üzrə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mərhum əri X5 xx.xx.1974-cü ildən 2014-cü ilə qədər Salyan Rayon Hidrometeoroloji Stansiyasında müxtəlif vəzifələrdə, sonradan isə həmin stansiyanın rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində yaşamağa yerləri olmadığı və iş yerinə yaxın olmaq üçün stansiyanın ərazisində yerləşən inzibati binanın bir otağında müvəqqəti yaşamalarına icazə verilmişdir. Yəni, ilk öncə həmin sahə onlara xidməti sahə kimi verilmiş, daha sonra isə mənzil növbəsinə götürülmüşdürlər. Başqa sözlə mənzil növbəsinə götürülmələri həmin mənzilin onlara verilməsinin rəsmiləşdirilməsi istiqamətində atılan addım idi. Bilmir ki, həmin mənzillə təmin olunmaları qərara alınmışdır, yoxsa yox. Bunu ərinin sağlığında ona görə araşdırmamışdır ki, keçən illər ərzində bununla bağlı heç kim onları narahat etməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) və iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-944/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. İddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 1992-ci il 414-ə nömrəli əmri hüquq müəyyənedici sənəd deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 1992-ci il 414-ə nömrəli əmrinə, illərlədir ki, ailə üzvləri ilə həmin mənzilə qeydiyyata alınaraq manesiz yaşamalarına və sair hallara əsaslanaraq hazırkı tələblə çıxış edir. Ortada iddiaçının yaşadığı mənzilə dair müvafiq oraqının iddiaçının məhrum ərinə bağlılığı olan əmr var. X6 filialı tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 1992-ci il 414-ə nömrəli əmri “Rayon İcra Hakimiyyətində, eləcə də ayrı-ayrı idarə müəssisə və təşkilatlarda mənzil növbəsinə durmaq üçün ərizə vermiş vətəndaşların növbəliyinin təsdiqi və növbədə olan bəzi vətəndaşlara mənzil verilməsi barədə”dir. Birinci instansiya məhkəməsi həmin sənədi, həmin sənədin davamı olaraq sonradan hər hansı bir aktın qəbul edilib-edilməməsini və işin digər hallarını araşdıraraq işə mahiyyəti üzrə qiymət verməli idi. Kollegiya qeyd edir ki, işə yenidən baxılarkən mübahisəli mənzilin hansı mənzil fonduna aid olması, mənzilin hansı qrumun balansında olması, həmin qrumun prosesə cəlb edilib-edilməməsi məsələsi və sair hallar da araşdırılmalı və vəziyyətə uyğun olaraq mübahisəyə qanunauyğun qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 2-1(120)-944/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-607/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-607/2025
01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver