Məhkəmə qərarları › İş №2-1(106)-608/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-608/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-608/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3250/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı Cavabdehnə qarşı “li” soyad sonluğundan “ov” soyad sonluğuna deyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydində Əmirli olan soyadının “li” soyad sonluğunun “ov” sonluğu ilə əvəz edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli qərarına əsaslanaraq (Azərbaycan Respublikasının vətəndaşları “-ov”, “-yev” sonluğu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluğu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər) ərizəsinə imtina cavabı vermişdir. Qanunvericliyə müvafiq olaraq ad soyad, ata adının verilməsi, dəyişdirilməsi üçün müraciət edərək yetkinlik yaşına çatmayan azyaşlı öz valideyn soyadına uyğun olaraq ov, yev sonluğu soyad qəbul etmək hüququna malik olsada bu sonluğu sonradan qəbul etmək istəyən onun üçün yuxarıda qeyd olunan qərar məhdudiyyət yaradır ki, buda bir sıra konstitusion və mülki hüquqlarının pozulmasına səbəb olur. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3250/2024 nömrəli qərarı ilə iddiası təmin olunmamışdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Şirvan inzibati Məhkəməsi iddia ərizəsinin rədd edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 2-1(120)-3250/2024 saylı qərarda məhkəmənin istinad etdiyi qanuni əsaslara nəzər yetirdikdə qeyd olunan maddi normaların iddia ərizəsinin təmin olunmasını ya dəstəklədiyi, ya da həmin normaların ümumiyətlə iddia predmentinə aid olmadığı məlum olur. -Məhkəmənin istinad etdiyi ilk 3 maddi normaya diqqət yetirdikdə (Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir) iddiasının təmin edilməsini rədd edən normalar olmadığı məlum olur. Məhkəmənin istinad etdiyi sonraki 2 maddi normaya diqqət yetirsək (Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir) iddiamın təmin edilməsini rədd edən normalar olmadığı yenidən məlum olur, beləki məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.2 maddəsində qeydiiyat şöbəsinə müraciət edilməsi müddəası qeyd olunur ki, o, qeydiyyat şöbəsinə müraciət etmiş, imtina cavabı almışdır. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir deyə qeyd olunmuşdur, lakin Məhkəmənin onun barəsində sorğusu əsasında Biləsuvar Rayon Polis İdarəsinin Məhkəməyə verdiyi cavab məktubunda barəsində hər hansı cinayət işi, təqsirləndirici material, sadələşdirilmiş material və.s olmadığı qeyd olunmuşdur. Eyni zamanda barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərdə tətbiq edilməmişdir. Yeni doğulmuş yetkinlik yaşına çatmayan azyaşlı öz valideyn soyadına uyğun olaraq -ov, -yev sonluqlu soyad qəbul etmək hüququna malik olsada bu sonluğu sonradan qəbul etmək istəyən onun üçün Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993cü il tarixli 495 nömrəli qərarı başqa bir məhdudiyyət yaradır ki buda Azərbaycan Respublikasının Konstitusiyasının 149-ci maddəsində qeyd olunan Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır müdəasına ziddiyət təşkil edir. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-3250/2024 qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı ərizə verərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh tərəf isə bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur -82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -26.1. və 26.4-cü maddələrinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -161.1-161.3.-cü maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. -189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları: -1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. -6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. -6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. -6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Məhkəmə kollegiyası iddiaçının “Məhkəmə müdafiəsinə təminat verilməsi” Konstitusiya əsasının pozulmasına münasibətdə xüsusilə bildirir ki, əsas Qanunun 32-ci maddəsinin İİ hissəsində “Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.” və 71-ci maddəsinin İ və İİ hissələrində “ Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” qeyd olunmuşdur. Həmin müddəalardan göründüyü kimi, qanunun əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan (dövlətin neqativ öhdəliyi) ibarətdir. Bununla belə pozitiv öhdəliklər də vardır. -Şəxsi və ailə həyatına hörmət hüququnun tətbiq dairəsinə əsasən Avropa İHAK-nın 8-ci maddəsində də qeyd olunmuşdur ki, hər kəs şəxsi və ailə həyatına, mənzilinin və yazışma sirrinin toxunulmazlığına hörmət edilməsi hüququna malikdir. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.” -Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür. Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). -Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıbaşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X2rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). -Apellyasiya baxışı iclasında iddiaçının hazırkı iddia ilə bağlı hüquqi mənafeyinin pozulması hallarının və imtinanın qanuniliyinin araşdırlmasından aydın olmuşdur ki, ümumiyyətlə iddiaçının məqsədi aydın deyil. Soyadın dəyişkilik etmək onun şəxsiyyəti bağlı hüquq olsa da, o, soyadın deyil, soyadın sonluq hərflərinin dəyişdirilməsini arzu edir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan halla bağlı Azərbaycan Respublikası Milli Məclisi “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarında vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd olunmuşdur: -1. Azərbaycan Respublikasının vətəndaşları «-ov», «-yev» sonluqlu soyadlarını «-lı» (sözün kökündən asılı olaraq «-li», «-lu», «-lü»), «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. -2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. -Qeyd olunalara əsasən məhkəmə mübahisəyə fərdi yanaşaraq, məhz hazırkı inzibati icraata münasibətdə vurğulayır ki, iddiaçının irəli sürdüyü həmin əsas və səbəblər onun soyadının sonluğunun yenidən dəyişməsi üçün qanuni əsas ola bilməz və göstərilən əsaslar üzrə müraciərdən imtina olunması qanuni məhdudiyyətlərə tam uyğundur. -Göstərilən hallara əsasən Cavabdeh iddiaçının müraciətindən imtinası qanuni hesab olunmalıdır. Bununla da iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallar müəyyən olunmamışdır. Beləliklə, məhdudiyyəti zəruri hesab edən qanuni məqsədlərə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3250/2024 saylı qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar