Məhkəmə qərarları › İş №2-1(106)-608/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-608/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-608/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdehnə qarşı “X1 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli Qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün və bu qanun pozuntusunun inzibati və mülki məhkəmədə baxılmasını aydın etməkdən ötrü Azərbaycan Respublikasının vətəndaşı olaraq Ali orqan olan məhkəmənin ona köməklik etməsini və bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması haqqında qərardad çıxarılması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-2475/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 2021- 2022, 2022-2023 və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli Qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün və bu qanun pozuntusunun inzibati və mülki məhkəmədə baxılmasını aydın etməkdən ötrü Azərbaycan Respublikasının vətəndaşı olaraq Ali orqan olan məhkəmənin ona köməklik etməsini və bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması haqqında qərardad çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli, 103 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən kimya-biologiyaya, biologiya-kimya, riyaziyyat-fizikaya, fizika-riyaziyyata və informatika-riyaziyata mahiyyət etibarı ilə yaxın fənnlərdir. Orand kənd orta məktəbinin direktoru Babək Rəhimov Nazirlər Kabinetinin Qərarını öz yaxınlarının xeyrinə dəyişərək qanunsuz dərs bölgüsü aparmışdır. Məktəbin direktoru Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli, 103 nömrəli Qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri-ixtisas dərslərinin tədrisini tapşıraraq övladının keyfiyyətli təhsil almaq hüququnu pozmuşdur. İxtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri-ixtisas olan biologiya fənnindən necə diaqnostik imtahanda və kurikulum üzrə təlim kursunda iştirak etmiş, hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifikat vermiş və nəyin müqabilində?! İdman müəllimi Ramizin oğlu olan kollec təhsilli ibtidai sinif müəllimi Rəhimov Mustafa necə diaqnostik imtahanda iştirak etmiş və hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat vermişdir? Bu şəxs 5-11-ci sinfə kimi 2021-2022-ci tədris ilində riyaziyyatdan dərsləri əvəzçilik qaydasında tədris etmişdir? Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Babək Rəhimov musiqidən hansı kurikulum kursunun sertifikatını almışlar və hansı yolla? Rəhimovlar ailəsi qeyri-ixtisas fənlərindən hansı təlim kurslarından keçərək qeyriixtisas fənnlərinin peşəkarcasına bilmələri ilə bağlı verilmiş rəylərlə onunda bir valideyn kimi tanış olmaq hüququ vardır. Çünki bu müəllimlər onun azyaşlı övladına guya bilik öyrədirlər. Məktəb dövlət müəsissəsidir, dövlət vəsaiti hesabına maliyyələşir, aşkarlıq, şəffaflıq və demokratik prinsiplərlə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlarının şəxsi müəsissəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri-ixtisas fənnləri olan kimya, biologiya, informatika, musiqi, riyaziyyat fənlərini, hətta dərnək saatlarını da guya tədris edirlər. Belə ki, ata idman müəllimi olan Rəhimov Ramiz və oğul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov dərnək saatlarının pulunu da tədris adı ilə mənimsəyirlər. Babək Rəhimovu məktəbdə dərslərin tədrisi düşündürmür. O, özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Bununlada şagirdlərin keyfiyyətli təhsil almaq hüququnu məhdudlaşdırırlar. Babək Rəhimov yuxarıda adlarını qeyd etdiyi qardaşlarının və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün qonşu məktəblərdən saat hesabı da olsa ixtisaslı müəllim gətirmək istəmir ki, qardaşları və qohumlarını qanunsuz dərs yükü ilə təmin etsin. Dəfələrlə Elm və Təhsil Nazirliyinə Orand kənd tam orta məktəbində aparılmış dərs bölgüsünün hansı qanunvericiliyə uyğun şəkildə aparıldığı haqqında müraciət etsə də, müraciətinə aid olmayan cavablar verilərək valideyn kimi hüququnu pozmuşdular. Hansı Qanunda yazılıb ki, kimya fənni fizika fənninə, biologiya fənni bədən tərbiyə fənninə, (kollec təhsilli) ibtidai sinif fənni 5-11 siniflər üzrə riyaziyyat fənninə, texnologiya fənni informatika fənninə, texnologiya fənni musiqi fənninə yaxın fənlərdir. Övladına 2022-2023-cü tədris ilində Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli, 103 nömrəli Qərarının 6.2-ci bəndinə zidd olaraq informatika və müsiqi fənlərini texnologiya müəllimləri tədris etmişdir. Digər övladına 2023-2024-cü tədris ilində məktəbdə ixtisaslı informatika müəllimi olduğuna baxmayaraq, qanunsuz olaraq yalnız övladının sinifinə informatika fənnini ibtidai sinif müəllimi tədris etmişdir. Necə olur ki, 2023-2024-cü tədris ilində məktəbin ixtisaslı informatika müəllimi ikinci sinifdən 11-ci sinifə kimi informatika dərslərini tədris edir. 2023- 2024-cü tədris ilində yalnız övladının oxuduğu sinifin informatika dərslərini ibtidai sinif müəlliminə həvalə olunur? Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-2475/2025 nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd etdiklərini təkrarlamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək yolun uzaq olması və iş rejimi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş, məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələbə cavab vermir. Belə ki, iddia tələbi aydın deyil, onun nə istədiyini müəyyən etmək mümkün olmadığından iddia tələbi üzrə cavabdehi də müəyyən etmək mümkün olmur. İddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda natamam faktiki məlumatların tamamlanması ilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı tələbində dəqiqləşdirmə aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsədə, iddia ərizəsinin İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələbə cavab verməməsi, konkret olaraq tələbin aydın olmaması əsası ilə mümkün saymamaqda haqlı olmamışdır. Belə ki, işin araşdırılmasından müəyyən edilir ki, iddiaçı oxşar tələb üzrə bir neçə dəfə inzibati və mülki qaydada iddia qaldırmış, məhkəmələr arasında fərqli yanaşma olmuş, onun iddiasına işin inzibati və ya mülki icraat qaydasında baxılmalı olmaması əsasından çıxış edilərək mahiyyəti üzrə baxılmamışdır. Bu səbəbdən o, həmin məsələnin, yəni məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün hazırkı iddianı qaldırmışdır. Kollegiya qeyd edir ki, iddiaçı arzuladığı əsl məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmiş, o, məhkəmənin xidməti vəzifəsinə aid olan bir məsələyə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılaraq qiymət verilməsini tələb edir. Belə ki, istənilən iddianın aidiyyət məsələsinin yoxlanılması məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. İddiaçıya izah edilir ki, iddiasının hansı məhkəməyə aidiyyətinin olması ilə bağlı qəbul edilmiş məhkəmə aktlarından narazı olduğu halda qanunla müəyyən edilmiş qaydada və müddətlə şikayət vermək hüququ var. İşin hallarından müəyyən edilir ki, iddiaçı oxşar tələblə bir neçə dəfə inzibati qaydada iddia qaldırmış, həmin iddialar mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qeyd edilən məsələlər üzrə hüquqi yardım edilmiş olsa idi, nəticə etibarı ilə yenə də iddia mümkünsüz olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkünlük şəərtlərinin yenidən araşdırılması məqdəsi ilə işin həmin məhkəməyə qaytarılması zərurəti də aradan qalxmış olur. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təırəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-2475/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar