Məhkəmə qərarları › İş №2-1(106)-611/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-611/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-611/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi ilə bağlı inzibati icraatın aparılması, qərarın ləğv edilməsinə əsas olan halın inzibati orqana məlum olma vaxtı, etimad hüququ və hüquqi müəyyənlik) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2- 1(120)-2761/2025 nömrəli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya aid ******* nömrəli əmək kitabçasından görünür ki, Masallı Rayon Tüklə Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 02 №-li əmri ilə İddiaçı Masallı Rayon Tüklə Bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilmiş, xx.xx.2020-ci il tarixli 01 №-li əmr ilə vəzifəsindən azad edilmişdir. Masallı Rayon Tüklə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 01 №-li arayışdan görünür ki, Məmmədova X4 bələdiyyəsində işlədiyi dövrdə 2015-ci ildə 1375.00 manat, 2016-cı ildə 1500.00 manat, 2017-ci ildə 1500.00 manat, 2018-ci ildə 1500.00 manat, 2019-cu ildə 1620.00 manat, cəmi 7495.00 manat əmək haqqı almışdır. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli M-3-48-33RA/2-051/2025 saylı məktubunda qeyd olunmuşdur ki, sabiq “Tüklə (keçmiş “Gürcüstan”) sovxozu inzibati binasının xx.xx.1994-cü ildə yanması ilə əlaqədar “Gürcüstan” sovxozunun əmr kitabları və əmək haqqı sənədləri Arxivə verilməyib. Bu səbəbdən də, İddiaçı 1983-1994-cü illərdə keçmiş “Gürcüstan” sovxozunda işləməsini və əmək haqları almasını sübut edən əmrlərin və əmək haqqı cədvəllərinin surətlərinin məhkəməyə təqdim olunması imkanları xaricindədir. Lakin, sovxozun inzibati binasında baş vermiş yanğınla əlaqədar yaradılmış staj komissiyasının tərtib etdiyi və Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü ildə təsdiq etdiyi siyahının 2-ci səhifəsində, 53-cü sırasında, “Tüklə” (keçmiş “Gürcüstan”) sovxozunda on bir il işləməsi təsdiqlənmişdir.” Məktuba əlavə olunmuş Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş xx.xx.1994-cü il tarixli “Tüklə” sovxozunun komissiya tərəfindən əmək stajı müəyyən edilmiş fəhlə və qulluqçuların siyahısında 53-cü sırada İddiaçı stajı 11 (on bir ) il göstərilmişdir. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Dövlət X3 xx.xx.2024-cü il tarixli 3-18- 223/2-M-18-42/24 saylı məktubundan görünür ki, xx.xx.1994-cü il tarixdə Tüklə (keçmiş Gürcüstan) sovxoz idarəsinin binasında yanğın hadisəsi baş vermiş və nəticədə bina yanaraq yararsız hala düşmüşdür. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-39221/2025 saylı məktubuna əlavə olunmuş İddiaçı aid 034458 №-li pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 №-li Zona TSEK-in 052463 №-li müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ümumi əsaslarla ikinci dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17- 4/2-5400/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim olunmuş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Qərarın qeyd hissəsində qeyd olunmuşdur ki, vətəndaşın sosial sığorta stajı 1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbi ilə şahid ifadələri üzrə protokola əsasən təyin olunmuşdur. Yanğın aktının olmaması, şahid ifadəsi verənlərin əmək kitabçasının olmadığından və qeyd edilən rayonun işğal rayonu olmadığından şahid ifadələri ilə staj hesablanması qanunauyğun olmaması səbəbindən əmək pensiya ləğv edilir. Artıqvermə məbləği 12565.15 manat. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-31119/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “...xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixində Sizə 1983-1994-cü illərdə Masallı rayon Tüklə sovxozunun inzibati binasının yanması səbəbi ilə şahid ifadələri üzrə protokola əsasən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə pensiyanızın ödənişi davam etdirərək xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərdən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, idarə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Xidməti araşdırma zamanı əlilliyə görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Yanğın aktının, şahid ifadəsi verənlərin əmək kitabçasının və qeyd olunan rayonun işğal rayonu olmaması səbəbindən sözügedən dövrün sığorta stajına şahid ifadələri ilə hesablanması qanunauyğun hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sizə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğindən olmaqla əlilliyə görə sosial müavinət təyin olunub.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 1983- 1994-cü illərdə sabiq Tüklə (Gürcüstan) sovxozunda və 2015-2020-ci illər ərzində Masallı Rayon Tüklə Bələdiyyəsində işlədiyi dövr nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin olunmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ikinci dərəcəli əlildir, xx.xx.2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası almışdır. 1983-1994-cü illərdə Tüklə (keçmiş Gürcüstan) sovxozunda işləmişdir, sovxozun sənədləri yandığı üçün staj komissiyası tərəfindən tərtib olunmuş və Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş siyahı ilə 11 il iş stajı təsdiq olunmuşdur. Həmçinin, ona pensiya təyin olunan zaman 2 nəfər şahid çağırılmış və onların əmək kitabçası yoxlanılmışdır. Onun həmin dövrdə əmək kitabçası olmamışdır. Bundan başqa, 2015-2020-ci illər ərzində Masallı Rayon Tüklə Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir. Ümumilikdə 16 il iş stajı var. Pensiya almaq hüququ xx.xx.2005-ci il tarixdə yaranmış və həmin tarixdəndə pensiya uzun illər almış, xx.xx.2024-cü il tarixdə pensiyası dayandırılmışdır. Hüququ yarandığı zaman qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanuna əsasən əmək pensiyası iş stajı əsasında təyin olunmuşdur və həmin zaman iş stajı pensiya təyin olunması üçün yetərli olmuşdur. Hazırda Qanunun dəyişməsi vətəndaşın vəziyyətini ağırlaşdıra bilməz. İş stajını təsdiq edən staj komissiyasının protokolu, arxiv sənədləri və şahidlər vardır. Hazırda qüvvədə olan Qanunun tələbindən də aydın olduğu kimi sığorta stajı azı 5 il olduqda əlilliyə görə əmək pensiyası təyin olunur. İnzibati orqan düzgün araşdırma aparmamış, Qanunun normalarını düzgün tətbiq etməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, “İnzibati icraat” haqqında Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibatı akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Fondun “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 2020ci il 23 iyul tarixli **********1 nömrəli və 2020-ci il 25 sentyabr tarixli **********0 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-4-5389/2023 nömrəli qərarı ilə “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edildikdən sonra Mərkəzi Filial tərəfindən pensiya işlərinin inventarlaşdırılmasına başlanılmış, invertarlaşdırma zamanı xidməti araşdırma aparılarkən iddiaçının əlilliyə görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək təyin edilmiş əlilliyə görə əmək pensiyası ləğv edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-2761/2025 nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-2761/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Pensiyaların təyin edilməsi halları. Əlillik qrupları Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən “Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında” təlimata uyğun müəyyən olunur. Maddə 25. Pensiyaların təyin edilməsi şərtləri Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur):

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

2. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. ...

16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.

17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 2 8.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman (xx.xx.2005) qüvvədə olmuş qanunvericiliyə görə tələb olunan sığorta stajına malik olmuş, bundan başqa, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almadan qanunsuz olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Mübahisəyə qiymət verilməsi baxımından ilk növbədə araşdırılmalı olan məsələ iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman (xx.xx.2005) qüvvədə olan qanunvericiliyə görə onun buna hüququnun olub-olmamasının qiymətləndirilməsi məsələsidir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. Ona xx.xx.2005-ci il tarixdən (36 yaşdan) ümumi əsaslarla ikinci dərəcə əlillik təyin olunmuşdur. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinin ikinci abzasına görə ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. İddiaçı 23 yaşdan sonra əlil olmuşdur. Beləliklə iddiaçıya əlilliyə görə pensiya təyin edilən zaman (xx.xx.2005) qüvvədə olan qanunvericiliyə görə ona münasibətdə 4 il (1 il + (36-23=13 il x hər il üçün üç ay=39 ay=3 il 3 ay)+3 il=4 il) staj tələb olunurdu. Bu onu deməyə əsas verir ki, hətta cavabdehin iddia etdiyi kimi götürülsə belə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) 17-ci bəndinin ikinci abzasına əsasən şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə) barədə mövqeyə münasibətdə də iddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən staja malik olmuşdur (şahid ifadəsi ilə 11 il stajı təsdiqlənmişdir.) Bundan başqa, mübahisələndirilən qərarda (xx.xx.2024) “yanğın aktının olmaması, şahid ifadəsi verən şəxslərin əmək kitabçasının olmaması və qeyd edilən rayonun işğal rayonu olmaması” barədə cavabdehin mövqeyinə münasibətdə bildirilir ki, iş materiallarında olan sübutlar (arxiv arayışı, Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Dövlət X3 xx.xx.2024-cü il tarixli 3-18-223/2-M-18-42/24 saylı məktubu və s.) birmənalı şəkildə iddiaçının vaxtı ilə işlədiyi “Tüklə” (keçmiş “Gürcüstan”) sovxozunda yanğın olmasını və iş stajını müəyyən etməyə imkan verən sənədlərin (əmək kitabçaları, əmr kitabları) tamamilə yanmasını sübut edir. Bununla bağlı sənədləşdirilmənin hansı qaydada aparılması (yanğın aktının tərtib edilməməsi və s.) iddiaçının məsuliyyət sferasına daxil olan məsələ deyil, qeyd edilən hal buna cavabdeh olan müvafiq dövlət orqanının vəzifəsi idi və həmin haldan törəyən nəticə vətəndaşın sosial təminat hüququnun pozulmasının əsasını təşkil edə bilməz. Stajın təsdiqlənməsi ilə bağlı şahid kimi ifadə vermiş X5 və X2 həmin sovxozun işçiləri olmuşdur. İddiaçıya pensiya təyin edilən zaman (xx.xx.2005) qüvvədə olan qanunvericiliyə əsasən “iş stajının şahid ifadəsi əsasında təsdiq edilməsi” üçün rayonun işğal rayonu olması barədə tələb nəzərdə tutulmurdu. Belə ki, (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilirdi. Mübahisəyə qiymət verilməsi baxımından araşdırılmalı olan digər məsələ inzibati orqan tərəfindən inzibati aktın ləğv olunması qanunvericiliyin tələbləri gözlənilməklə düzgün həyata keçirilib-keçirilməməsi məsələsinin qiymətləndirilməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, prinsipcə şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan 23 oktyabr 2024-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Cavabdeh yalnız iddaya etirazda və apellyasiya şikayətində müddətlə bağlı Fondun “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 2020-ci il 23 iyul tarixli **********1 nömrəli və 2020-ci il 25 sentyabr tarixli **********0 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-4-5389/2023 nömrəli qərarı ilə “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edildikdən sonra Mərkəzi Filial tərəfindən pensiya işlərinin inventarlaşdırılmasına başlanılmasını, invertarlaşdırma zamanı xidməti araşdırma aparılarkən iddiaçının əlilliyə görə pensiya təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığının müəyyən edilməsini və xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək təyin edilmiş əlilliyə görə əmək pensiyasının ləğv edilməsini bildirmişdir. Bu isə qəbul edilən deyil. Belə ki, inzibati orqan 19 ildən sonra qəbul etdiyi qərarın qanunsuz olmasını iddia edir. Halbuki, keçən bu müddət ərzində pensiya işi onun tərəfindən dəfələrlə təftiş edilmişdir. Əgər mübahisə üzrə 1 illk müddətin başlanğıcı kimi Fondun “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 2020-ci il 23 iyul tarixli **********1 nömrəli və 2020-ci il 25 sentyabr tarixli **********0 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3- 4-5389/2023 nömrəli qərarı götürülsə, onda belə bir məntiq çıxır ki, heç bir müddət olmadan istənilən müddətdən sonra belə bir qərar qəbul olunarsa həmin qərardan 1 il müddətində cavabdeh orqan qanunsuz hesab etdiyi qərarı ləğv edilə bilər. Bu isə qanuni deyil. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Odur ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-2761/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar