Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-612/2025 08.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi hesabında toplanmış sığorta kapitalı, vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar vəsaitlər hesabına topalanmış vəsaitlər daxil olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(120)-770/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü il tarixdən dövlət vergi orqanlarında xidmət etmiş, xx.xx.2023-cü il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdən ümumi qaydada yaşa görə, xx.xx.2023-cü il tarixdən isə vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-278389/2023 nömrəli məktubla bildirilmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq Sizə 26 may 2023-cü il tarixində (2 aprel 2023-cü il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 29 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın - 1150.05 manatın (Mərkəzi Filiala təqdim etdiyiniz əmək haqqınız barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 52707.84 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 25106.51 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin 27601.33 manat 24-ə olan nisbəti) 80 faizi - 920.04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabınıza köçürülür.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər idarəsinin təqdim etdiyi əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışa əsasən vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar, müavinətlər, məzuniyyət pulu, son haqq-hesab kompensasiya büdcə, büdcədən kənar, digər (VMƏ) büdcədənkənar, formalaşan ümumi əmək haqqından pensiya təyin edilmişdir. Pensiyası yenidən fərdi hesabına toplanmış sığorta kapitalı, büdcədənkənar vəsaitlər hesabına toplanmış vəsaitlər daxil olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilməklə pensiyasının yenidən hesablanması, büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər daxil edilməklə yenilənmiş məlumat vərəqəsinin Fonda ötürülməsini təmin etməklə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Halbuki, əmək haqqı anlayışı vəzifə maaşı və ona edilən mükafat sair əlavələrdən ibarətdir. Son haqq-hesab ödənilərkən vəzifə maaşına ödənilən əlavələrin nəzərə alınmaması qanunvericiliyin tələbinə uyğun deyil. Cavabdehin etirazları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonraki artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 20.30-cu maddəsinə uyğun olaraq vergi orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanunun 20.11-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən vergi orqanlarının sabiq əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya 26 may 2023-cü il tarixdə (2 aprel 2023-cü il tarixdən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 29 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının 1150.05 manatın (Mərkəzi Filiala təqdim etdiyi əməkhaqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 52707.84 manatdan büdcədənkənar pul vəsaitləri hesabına ödənilmiş 25106.51 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin 27601.33 manat 24-ə olan nisbəti) 80 faizi-920.04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Bundan əlavə iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-149160/2023 nömrəli məktubla 26 may 2023-cü il tarixdə (2 aprel 2023-cü il tarixdən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 29 il 29 gün qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1150.05 manat) 80 faizi-920.04 manat məbləğində vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin cari ilin aprel (29 gün üçün), may və iyun ayları üzrə iddiaçıya ödənilməli olan 1173.90 manat fərq məbləği hesablanmışdır. Həmin 1173.90 manat pul vəsaitinin cari aydan etibarən hissə-hissə (hər ay 391.90 manat) əmək pensiyasının (920.04 manat) üzərinə əlavə olunaraq ödənilməsi həyata keçirilir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən əlavə edilən maddə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Əlavə edilən 20.30-cu maddəyə görə bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Şirvan İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(120)-770/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmn edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə edilmiş dəyişiklik ona şamil edilməməlidir. Qanunda edilmiş dəyişikliyin geriyə qüvvəsi yoxdur. Dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minmişdir. Qanunvericiliyə həmin dəyişiklik edilənə qədər və ondan sonra da vergi orqanında xidmət etdiyi dövrdə büdcədənkənar mükafat və büdcədənkənar fond vəzifə maaşına əlavə ödənilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-12/2-M3xx-xx/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, işlədiyi son 24 ay ərzində büdcədənkənar vəsait hesabına vəzifə maaşına əlavədən gəliri 21894.35 manat olmaqla qanunamüvafiq qaydalara əsaslanaraq 656.83 manat 3% MDSS haqqı tutulmuş və DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına ödənilmişdir. Ödənilmiş büdcədənkənar vəsait hesabına vəzifə maaşına hesablanan əlavədən gəliri 21894.35 manat təşkil etdiyindən və həmin haqqdan 656.83 manat 3% MDSS haqqı tutulduğundan və DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına ödənildiyindən təyin olunmuş əmək pensiyası büdcədənkənar vəsait hesabına vəzifə maaşına hesablanan 21894.35 manat nəzərə alınmaqla yenidən hesablanmalıdır. Apellyasiya şikayətinə etiraz: Etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(120)-612/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdən təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ona ödənilən vəsaitlərin pensiyanın hesablanmasında nəzərə alınmasıdır. Bununla bağlı qeyd edilməlidir ki, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2-1(120)-770/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-612/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-612/2025
08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver