Məhkəmə qərarları › İş №2-1(106)-613/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-613/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-613/2025 28.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının “dövlət hesabına vəkillə təmin edilmə barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə muzey və tarixi abidənin bütün ehtiyatlarının təmin olunması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli 2-1(120)-3182/2025 saylı qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 08 may 2025-ci il tarixli 2-1(120)-3182/2025 saylı qərardadın ləğv edilməsini və işin obyektiv baxılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsində iddiaçı qismində iştirak etdiyi 6 və ya 8 inzibati iş var. Həmin işlər onun ziyanına yekunlaşarsa, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün vəkilə ehiyac olacaqdır. Məhkəmənin iclasında iştirak edən iddiaçı bildirdi ki, Şirvan İnzibati Məhkəməsində iddiaçı qismində iştirak etdiyi 6 və ya 8 inzibati iş var. Həmin işlərin bəziləri üzrə artıq məhkəmə aktları qəbul olunmuşdur. Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi üçün vəkilə ehtiyacı var. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin mülahizəsini dinləyərək, aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunmasına dair ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Kollegiya hesab edir ki, ərizəyə mahiyyəti üzrə baxılaraq qiymət verilməsindən öncə hazırkı mərhələdə ərizəyə mahiyyəti üzrə baxılmasının apellyasiya məhkəməsinin səlahiyyətləri çərçivəsində olub-olmaması baxımından dəyərləndirilmə aparılmalıdır. Qanunvericiliyin imperativ tələbinə görə birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə icraatı zamanı işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. İşin halı ilə müəyyən olunur ki, iddiaçı onun ziyanına olmuş və əgər ziyanına olarsa digər işlər üzrə məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi üçün vəkillə təmin edilməsini xahiş edir. Beləliklə, kollegiya göstərilənlərə əsasən hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, o, hazırkı tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şirvan İnzibati Məhkəməsinin icraatında olan inzibati işlər üzrə “dövlət hesabına vəkillə təmin edilməsi barədə” ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar