Məhkəmə qərarları › İş №2-1(106)-617/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-617/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-617/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: 984 nömrəli Hərbi hissə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli e-2-1(120)-2955/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmrindən çıxarışdan görünür ki, 984 nömrəli Hərbi hissənin 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının rəisi baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə göndərilmişdir. İddiaçıya aid seriya EZ ******* saylı bərbi biletdən görünür ki, hərbi biletin 11-ci səhifəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmri ilə; 16-cı səhifədə isə İddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən qeydiyyata alınması ilə bağlı qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə Azərbaycan Respublikası Ali Hərbi Təyyarəçilik Məktəbini bitirərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursuna daxil olmuş və kursu bitirdikdən sonra 984 nömrəli Hərbi hissədə radiolokasiya bölüyünün radiolokasiya stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. 984 saylı Hərbi hissənin səlahiyyətli şəxsləri Həsənov İbrahim, Aqil Hüseynov və Musayev Zamin birlikdə ona qurma sənədlər və məhkəmə düzəldərək vəzifəsinin sonlandırılmasına səbəb olmuşlar. Belə ki, Həsənov İbrahim tarixini dəqiq xatırlamadığı bir vaxt onun vəzifədə olduğu yerə gələrək açıq-aydın şəkildə üzünə baxaraq ondan heç xoşunun gəlmədiyini, zatən yerinə başqa tanışlarını gətirmək istədiyini və nə olursa olsun mütləq onun vəzifəsini sonlandıracağını demişdir. Nə səhvinin olduğunu soruşanda isə ona cavab olaraq, heç nə səndən xoşum gəlmir və getməlisən vəssalam demişdir. Xidmət etdiyi müddət ərzində barəsində dəfələrcə guya onun məsuliyyətindəki texnikaları saz saxlamadığını, vəzifəyə gec gəldiyini, üzünü qırxmadığını, mənfi hallara yol verdiyi, laqeyd hərəkətlər etdiyini, intizamsızlıq hallarına yol verdiyi iftiraları ilə haqqında 13 dəfə yalan və saxta aktlar tərtib edilmişdir. Hər dəfəsində ona etdiklərinin yalan, qurma, şər olduğunu və həqiqəti əks etdirmədiyini desə də, o cümlədən tərtib etdiyi aktları imzalamasa da, o yenə də onun üçün onun imza atıb-atmadığının bir əhəmiyyətinin olmadığını və öz bildiyini edəcəyini demişdir. Bu minvalla xx.xx.2017-ci il tarixdə qeyd etdiyi şəxslər əlbir olaraq saxta və qurma aktları öz aralarında imzalayaraq, guya onunla profilaktik söhbətlər aparıldığını, onun mənfi cəhəddən hərəkətlər etdiyi, nizam-intizam qaydalarını pozduğu səbəbləri ilə öz aralarında anlaşaraq, yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışlar və yalan, saxta, qurma, şər dolu bir məhkəmə düzəldərək, onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə məhkəməyə çağırmışdılar. Həmin saxta və qurma məhkəməyə 984 saylı Hərbi hissənin qərargah rəisi Musayev Zamini təyin edilmişdir. Bundan sonra barəsində yuxarı komandanlıq qarşısnda vəsatət qaldırılmış və Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məsələ ilə bağlı etdiyi müraciətlər nəticəsiz qalmışdır. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən əmr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəsinin əsaslandırması: Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmr ona təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli e-2-1(120)-2955/2025 nömrəli qərardadı (hakim F.Abbasov) ilə buraxılmış prosessual müddət bərpa edilməmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə cavabdehə və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmrindən məlumatlı olmuş, əmrin ləğvi ilə bağlı özü və valideynləri tərəfindən bir çox orqanlara müraciət edilmişdir. Qanunla məhkəməyə hansı müddət ərzində müraciət edilməli olduğunu bilməmişdir. Bu səbəblərdən hesab edir ki, müddət üzürlü səbəbdən buraxılmışdır. Sonda İddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (7 il 10 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İPM-in 35-ci maddəsinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmçinin, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Baxılan işdə birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. İddiaçı isə məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, əmr ona rəsmi qaydada təqdim edilməmişdir. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmri ilə 984 nömrəli Hərbi hissənin 13-cü radiolokasiya bölüyünün radiolokasiya stansiyasının rəisi baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə göndərilmişdir. İddiaçıya aid seriya EZ ******* saylı bərbi biletdən görünür ki, hərbi biletin 11-ci səhifəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmri ilə; 16-cı səhifədə isə İddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən qeydiyyata alınması ilə bağlı qeydiyyat aparılmışdır. Həmçinin, iddiaçı da məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Müdafiə nazirinin 01 mart 2017-ci il tarixli 0159 nömrəli əmrindən məlumatlı olmasını bildirmişdir. Yəni, iddiaçıya inzibati akt olaraq əmrin özü təqdim olunmasa da, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı verilmişdi və həmin məlumat daşıyıcısının məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. Həmçinin, işdə olan sənədlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya mübahisələndirilən qərar barədə dəfələrlə rəsmi qaydada məlumat verilmişdir. İşin bu halında, yalnız inzibati aktın təqdim olunmamasına istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, normanın tətbiqində ifrat formallığa yol verilməsi olardı. İşin halları, yəni şikayət verilməsi üçün 30 gün müəyyən edilmiş inzibati aktın qüvvəyə mindikdən 7 ildən sonra mübahisələndirilməsi, iddia müddətinin araşdırılmasında formal tələblərdən çıxış etməni məhudlaşdırır. Çünki iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə müddətin bərpa olunmasından imtina etmək barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. İddiaçının prosessual müddətin buraxılmasına haqq qazandıracaq bu cür üzürlü səbəblər (onun iddia ərizəsi tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar) müəyyən olunmur. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Şəxsin mübahisələndirilən qərardan müxtəlif orqanlara müraciət etməsi və ya qanuni bilməməsi iddia müddətinin bərpası üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğv olunmasına əsas vermir. Məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında iddiaçının ərizəsinin təmin edilməməsi və iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli e-2-1(120)-2955/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərardadından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərardadı onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar