Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-619/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müddətsiz birinci dərəcə əlilliyin bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)- 1464/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1987-ci ildə əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə təkrar qiymətləndirilmiş, X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri=> G80-83-Serebral iflic və digər paralitik sindromlar=> G80-Uşaq serebral iflici=> G80.8-Uşaq serebral iflicin digər növü, Diaqnozun mətni: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu”, Meyar: 2.1 Birinci dərəcəli əlillik=> Digər: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu diaqnozu anadangəlmə səbəbi ilə xx.xx.2002-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. .... Qeyd edilənləri nəzərə alaraq Siz xx.xx.2023-cü il tarixində saat 11:00-da əyani müayinəyə dəvət olunursunuz. ...Əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir.” Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-1- 95372/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 1 (bir) nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın əyani müayinəsini həyata keçirmiş, tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 1.Ağcabədi rayon sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspertiza komissiyası tərəfindən xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və ona “USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu.” Diaqnozu ilə “anadangəlmə” əlillik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-N-26362/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilmiş və komissiyada iştirak etmişdir. Müayinəyə gələrkən uşaqlıqdan xəstə olduğunu söyləmiş, belində ayaqlarına irradiasiya edən ağrılardan yerişin çətinliyindən şikayət etmiş daim reabilitasiya müalicəsi almağına baxmayaraq tam yaxşılaşma olmadığını söyləmiş, müayinə və müalicə sənədləri təqdim etməmişdir. Obyektiv müayinə zamanı yuxarı ətraflarında əzələ inkişafi paralel, əzələ gücü 5/5 bal, reflekslər canlı olmuş, aşağı ətraflarında bud və baldır əzələlərində hipotrofiya izlənilmiş, əzələ gücü, bud, baldır və pəncənin əzələlərində 3,5-4 baladək enmiş, reflekslər canlanmış, əzələ tonusu yüksəlmiş, yeriməyi bir asanın köməkliyi ilə çətinliklə icra etmiş, yerişi spastik xarakterli olmuşdur. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.2.2-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulmasına uyğun görülmüş, bu da xx.xx.2023-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair qərar verməyə imkan vermiş, lakin vətəndaşın müraciəti əsasında yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilmədiyi nəzərə alınaraq Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə uyğunlaşdırılaraq xx.xx.2023-cü il tarixindən etibarən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.” xx.xx.2023-cü il tarixli xxxxxxx0001 nömrəli qərardan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, qərarda TSEK-in diaqnozu: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu, Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcəli əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəsgin nəzərəçarpan vegetativ və hərəkəti-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri göstərilmişdir. Məhkəmə sorğusuna əsasən daxil olmuş cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 39 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli 3-17-4/2-N- 26362/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xxxxxxx0002 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən 2002-ci il tarixdə təyin olunmuş ümumi xəstəlik səbəbi ilə birinci dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə fiziki qüsurludur. Doğuşdan iflic olduğu üçün ömürlük əlilliyə görə pensiya təyin edilmişdir. 2002-ci ildən anadangəlmə əlillik səbəbi ilə müddətsiz birinci dərəcəli əllik təyin edilmişdir. Sonradan onu müayinə edərək, qanunsuz olaraq əlillik dərəcəsini birinci dərəcədən ikinci dərəyəcə dəyişmişdirlər. Xəstəliyi reabilitasiya olunan xəstəlik deyil. Cavabdehin etirazı: Cavabdehin iddiaya qarşı etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1464/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq inzibiati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. İnzibati icraat qanuni başlanılmışdır. İddiaçı əyani müayinəyə cəlb edilməmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan Əsasnamənin 3.7-ci bəndinə əsasən əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim etməmiş, həmçinin qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.1987-ci ildə əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə təkrar qiymətləndirilmiş, X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri=> G80-83-Serebral iflic və digər paralitik sindromlar=> G80-Uşaq serebral iflici=> G80.8-Uşaq serebral iflicin digər növü, Diaqnozun mətni: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu”, Meyar: 2.1 Birinci dərəcəli əlillik=> Digər: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu diaqnozu anadangəlmə səbəbi ilə xx.xx.2002-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı cavabdehin xx.xx.2023cü il tarixli bildirişi ilə əyani müayinəyə dəvət edilmiş, buna səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad edilmişdir. İddiaçı əyani müayinəyə cəlb edilmiş, xx.xx.2023-cü il tarixli xxxxxxx0001 nömrəli qərar ilə onun əvvəlki əlilliyinin dərəcəsi dəyişdirilmiş, yəni ümumi xəstəlik səbəbi ilə birinci dərəcəli əlilliyi ikinci dərəcəli müddətsiz əlilliyə dəyişdirilmişdir. Qeyd edilən qərarda TSEK-in diaqnozu: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu, Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcəli əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəsgin nəzərəçarpan vegetativ və hərəkəti-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri kimi göstərilmişdir. İddiaçı məsələ ilə bağlı yuxarı inzibati orqana şikayətlər etmişdir. Məhkəmə sorğusuna əsasən daxil olmuş cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 39 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli 3-17-4/2-N-26362/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.” Kollegiya ilk növbədə iddianın xüsusi mümkünlük (müddət ilə bağlı) şərti ilə bağlı bildirir ki, işdə cavabdeh qurum tərəfindən mübahisələndirilən qərar barədə iddiaçıya məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli bildiriş var, lakin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, iddiaçıya hüquqi müdafiə vasitələri lazımi qaydada (hansı məhkəməyə müraciət etməsi) izah edilmir və iddiaçı məsələ ilə bağlı yuxarı inzibati orqana şikayətlər etmişdir. Qeyd edilən səbəblərdən kollegiya hesab edir ki, iddia mümkündür. Kollegiya şikayətin dəlillərinə münasibətdə bildirir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bunun üçün qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Təbii ki, birinci şərtin ödənilməməsi, ikinci şərtə keçidi mümkünsüz edir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Cavabdeh iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etsədə, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir sübuta əsaslanmamışdır. Məhkəmə sorğusuna əsasən daxil olmuş cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda da Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan monitorinq zamanı 39 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq inzibati icraatın başlanılması göstərilsədə, cavabdeh orqan inzibati icraatın başlanılması üçün, yəni “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut” ortaya qoya bilməmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı anadangəlmə xəstəlik səbəbindən əlildir, ona müddətsiz İ dərəcəli əlillik təyin edilən zaman qoyulmuş diaqnoz ilə İİ dərəcəli əlillik təyin edən zaman qoyulmuş diaqnoz: USİ diplegik forma, hər iki aşağı ətrafın spastik parezi funksiya pozğunluğu eynilik təşkil edir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1464/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-619/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-619/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver