Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-62/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2-1(120)-672/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ş-21174/2023 qərarın ləğv edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 iyul 2024-cü il tarixli, 2- 1(120)-672/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-Ş-21174/2023 qərarının ləğv edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2019-cu il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında və arxiv sənədlərində olan qeydlərə uyğun işə daxil olması, kolxozda işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə, Kürdəmir rayon "Əzizbəyov" adına kolxoz mövcud olmuş, iddiaçı kolxozda fəhlə işləmiş və əmək haqqı almış, sadəcə 1991-ci ildən 1997-ci ilədək olan sənədlər tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları natamam aşkar edilmişdir. İddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda fəhlə işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. İddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) tam qaydada arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci ilin yanvar axından Kürdəmir rayonunun keçmiş «Əzizbəyov» adına kolxozda əmək fəaliyyətinə başlamışdır. Kolxozun iribuynuzlu mal fermasinda hesablayıcı işinə qəbul olunmuşdur. Sonradan kolxozda mühasib müavini, baş mühasib və sonda 1997-ci ildən 1998-ci ilin axırlaranadək kolxoz sədri işləmişdir. Ümumiyyətlə 1972-ci ilədən 1998-ci illərin sonlarınadək «Əzizbəyov» adına kolxozda miixtəlif vəzifəiərdə işləmişdir. Onun pensiya hüququ yaranmış və pensiyaya çıxmaq üçün DSMF-nin Kürdəmir rayon şöbəsinə müraciət etmiş, lakin pensiyasının təyin elməkdən imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı 1972-ci il tarixdən 1998-ci tarixədək Kürdəmir rayon “Əzizbəyov adına kolxoz”da işlədiyini iddia edir. R.X6 təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 5 ay 5 gün təşkil edir.Qeyd olunan dövrlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2019-cu il tarixə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 16206,56 manat təşkil edir. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda arxivdə saxlanılan “Əzizbəyov adına kolxoz”un sənədlərinə əsasən iddiaçının adına qeyd edilən əmək haqqı cədvəlləri aşkar edilsə də işə daxilolma, işdən azadedilmə, məzuniyyətə çıxma və məzuniyyətdən geri qayıtma əmrləri arxivə təhvil verilməmişdir. Əmək haqqı cədvəllərində ata adı qeyd edilməmişdir. 1975-ci il tarixdən 1995-ci il tarixədək əmək haqqı kitabları təhvil verilmişdir. 1997-ci il tarixdən 1998ci il tarixədək əmək haqqı kitabları arxivə təhvil verilməmişdir. İddiaçının sosial sığorta stajının yoxlanılmasına dair qarşılıqlı yoxlama keçirilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Aktın məzmununa əsasən arxivdə saxlanılan “Əzizbəyov adına kolxoz”un sənədlərinə əsasən 1972-ci tarixdə vətəndaşın adı qeyd edilsə də adam günü və əmək haqqı qeyd edilmədiyi bildirilmişdir. Həmçinin 1973-cü il tarixdə adam günü qeyd edilməsə də əmək haqqı qeyd edilmişdir.1993-cü il tarixdə vətəndaşın adı qeyd edilsə də, adam günü və əmək haqqı qeyd edilməmişdir. 1977-ci il tarixdən 1994-cü il tarixədək və 1995-cı il tarixdə isə vətəndaşın ata adı qeyd edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (xx.xx.2019-cu il tarixdə) çatmışdır. Lakin tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına (22 il 5 ay 5 gün) uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Odur ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmış və hazırda ödənişdədir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Zərbalıyev Həbib Babaş oğlu bildirmişdir ki, iddiaçı ilə uzun müddət "Əzizbəyov" adına kolxozda birlikdə işləmişlər, özü 1989-cu ildə kənd icra nümayəndəsi təyin edilmişdir, iddiaçı həmin vaxt kolxozda mühasib işləyirdi. İddiaçı 1997-ci ildə həmin kolxozun sədri təyin edildi, 1998-ci ilədək həm də Aqrar İslahat Komissiyasının sədri işlədi. 1998-ci ildə AİK-nın möhürü icra nümayəndəliyinə verildiyinə görə iddiaçının əmək kitabçasında səlahiyyətli işçi tərəfindən yazılmış 1997-1998-ci illərə dair qeydi o, təsdiq etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, attestatın surətlərindən və attestatın verilməsi ilə bağlı səlahiyyətli qurumun məlumatından görünür ki, iddiaçı xx.xx.1955-cı il tarixdə anadan olmuş, 1972-1998-ci illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1972-ci il tarixdə 15 nömrəli X10 Məktəbinin “Kiçik baytar feldşeri” ixtisas qrupuna daxil olmuş və xx.xx.1973-cü il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 185 nömrəli, xx.xx.2019-cu il tarixli 70 nömrəli, xx.xx.2023-cü il tarixli 3-48-25/2A/2-71/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-48-25KA/2-15/2024 nömrəli arxiv arayışlarında bildirilir ki, Kürdəmir rayonun “Əzizbəyov” adına kolxoz 1972, 1973, 1974 , 1975 -ci illərə aid şəxsi heyyətə dair sənədləri Arxiv İdarəsinə qismən təhvil verilmiş, 1995, 1997 və 1998-ci illərin inzibati-idarə sənədləri isə Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir; İddiaçı 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1994, 1996-cı illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır; arxivdə araşdırılma aparılmış Kürdəmir rayon "Əzizbəyov" adına kolxozun əmək haqqı kitablarında İddiaçı barədə olan məlumatlar aşkar edilərək cədvəllərin təsdiq olunmuş surətləri göndərilmişdir, "Əzizbəyov" kolxozunun digər işçilərə aid əmək haqqı kitablarında minimum adam günü norması qeyd olunmamışdır; Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 70 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətində olduğu 1976-1996-cı illərdə minimum adam günü göstərilmədiyi üçün digər kolxozlarda həmin illərdə minimum adam günü norması və qazanç orta hesabla nə qədər olması barədə məhkəməyə məlumat vermək xahiş edilmişdir. Araşdırılma aparılmış" Sabir" adına kolxozunun 12 nömrəli staj kitabının 45 nömrəli şəxsi hesabında X2 və 10 nömrəli şəxsi hesaba əsasən Quliyev Gülalı barədə hesablanmış adam günləri və əmək haqqı cədvəlləri aşkar edilərək təsdiq olunmuş surətləri tanış olmaq üçün göndərilir. -xx.xx.2023-cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı adına verilmiş arayış yerində araşdırılmış, onun "Əzizbəyov" adına kolxozun 1972-ci ilə aid kitabda adı qeyd olunsa da, adam günü və əmək haqqı qeyd olunmamışdır. 1973-cü ildə əmək haqqı qeyd olunsa da adam günü qeyd olunmamışdır. 1993-cü ildə də adam günü və əmək haqqı qeyd olunmamışdır. 1977-ci ildən 1996-cı il tarixədək ata adı qeyd edilməmişdir. -birinci instansiya məhkəmısində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, İddiaçı uşaqlıqdan tanımışdır, iddiaçı 1972-ci il tarixdən kolxozda mühasibatlıqda işləyirdi. Özünün kolxoz sədri olması barədə sənədlər pensiya fondunda yerləşir, 1978-ci il tarixdən "Əzizbəyov" adına kolxozuna sədr təyin olunmuş, 1980-ci il tarixdə iddiaçını baş mühasib vəzifəsinə təyin etmiş, 1978-ci il tarixdən 1994-cü ilədək bilrikdə çalışmışlar. 1994-cü il tarixdə özü işdən azad olunmuşdur, onun özünə də məhkəmə qərarı əsasında yaşa görə pensiya təyin edilmişdir, hal-hazırda yaşa görə əmək pensiyası alır. -məhkəmə kollegiyasının müvafiq sorğusu ilə əldə edilmiş “Əzizbəyov” adına təsərrüfatın Yerli aqrar islahat komissiyasının 18 may 1998-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı həmin dövrdə komissiyanın sədri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1955-ci il doğumludur, xx.xx.2019-cu il tarixdə onun pensiya hüququ yaranmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası, həmçinin şahid ifadələri ilə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına və arxiv sənədlərinə istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müəyyən dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və ya natamam verilməsi, kolxoz tərəfindən şəxsin adam günü normasının natamam qeyd edilməsi, habelə müəyyən sənədlərdə ata adının qeyd edilməməsi halı iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını güman etmək üçün kifayət etmir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, iddiaçı ilə eyni kolxozda əmək fəaliyyəti olmuş ayrı-ayrı şəxslər həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş və onun həmin kolxozda işləməsini təsdiq etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının tələb olunan həcmdə (25 il) sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2-1(120)-672/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-62/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-62/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver