Məhkəmə qərarları › İş №2-1(106)-620/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-620/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-620/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və övladının sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-962/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçının övladı Qasımlı Şövqi Qasım oğlu xx.xx.2014-cü il təvəllüdlüdür. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0311003AAJ8U nömrəli göndərişi (Forma 88) əsasında Qasımlı Şövqi Qasım oğlunun sağlamlıq vəziyyəti qiymətləndirilmiş, ilkin olaraq xx.xx.2017-ci il tarixdən “X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G80-83-Serebral iflic və digər paralitik sindromlar=>G80-Uşaq serebral iflici=>G80.2-Uşaq hemipeligiyası”; Diqanozun mətni: “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici. Hemiplegik forma. Sağ tərəfli orta hemiparezlə, paralitik yeriş”; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.2 davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0311003AAPQ9 nömrəli göndərişi (Forma 88) əsasında onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş, təkrar olaraq xx.xx.2020-ci il tarixdən “X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G80-83-Serebral iflic və digər paralitik sindromlar=>G80-Uşaq serebral iflici=> G80.8-Uşaq serebral iflicin digər növü; Diqanozun mətni: “Uşaq serebral iflici. Hemiparetik forma. Uşaq hemiplegiyası (sağ tərəfli), inkişaf etaplarının kəskin geri qalması”; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.2 davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçının övladı barəsində əsas diaqnoz G80.2 Hemiplegik spastik serebral iflic, hemiplegik spastik serebral iflic, Ağırlaşmalar: G81.1- Spastik hemiplegiya, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır), F78- Əqli geriliyin digər formaları, yüngül dərəcəli əqli gerilik (İQ 56%), Z74.1- Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyacın olması, F80.0- Nitq artikulyasiyasının spesifik pozuntusu, nitq və dil inkişafının spesifik pozuntusu, R26-Hərəkətin və yerişin pozulmaları, yerişin kəskin çətinləşməsi ilə bağlı xx.xx.2024-cü il tarixli S00174957XDL nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 6NGTC1F0010 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T90/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Ş.Q.Qasımlı xx.xx.2024-cü il tarixdə X2 Əsas xəstəlik: “G80.2-Hemiplegik Spastik serebral iflic; Aşırlaşma: G81.1- Spastik hemiparez; Yanaşı xəstəlik: F78- Əqli gerilik” diaqnozu ilə müayinə olunmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Lakin onun iş materiallarında olan tibbi sənədlərinə əsasən sonuncu müayinəyə dair məlumatın verilməsində qeyd edilmiş “Spastik hemiplegiya. Dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır)” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsi tibbi-sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. ... Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar o, sahə poliklinikasında dispanser qeydiyyata götürülməklə yanaşı nevropatoloqun nəzarəti altında vaxtaşırı müayinə olunmalıdır. Yuxarıda 1-ci bənddə olan xəstəliklər tam reablitasiya olunmurlar. İş materiallarında onun barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 göndərişi tam doldurulmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 6NGTC1F0010 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Qasımlı Şövqi Qasım oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü övladı Qasımlı Şövqi Qasım oğluna “Hemiplegik spastik serebral iflic”, “Spastik hemiparez” və “Əqli gerilik” diaqnozları qoyulmuş və ona sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin edilmişdir. 12 mart 2024-cü il tarixdə əyani müayinə edildikdən sonra cavabdeh orqan övladının tam reabilitasiya olunması barədə qərar qəbul etmiş və övladı sağlamlıq imkanları məhdud uşaq hesab edilməmişdir. Halbuki, övladı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Sabirabad Rayon Mərkəzi Xəstəxanasında əyani müayinədə olmuş və yuxarıda qeyd edilmiş xəstəliklərdən əziyyət çəkməsi barədə göndəriş rəsmiləşdirilmişdir. Cavabdehin etirazları: Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının oğlunun əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Spastik hemiplegiya, Dərin spastik hemiparezlə (Əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Şəxsə əyani olaraq tam reabilitasiya qərarı verilib səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini Qasımlı Şövqi Qasım oğlu DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sabirabad rayonu, Quruzma kəndində qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında övladı Qasımlı Şövqi Qasım oğlunun (FİN6NGTC1F) əlillik vəziyyəti səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması“ qərarı verilmişdir. Ətraflı səbəb: “Müalicə müddəti yetərli deyil, ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyə edilir.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, səhiyyə müəssisəsinin J00129771XRC nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Qasımlı Şövqi Qasım oğlunun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Hemiplegik spastik serebral iflic, nitq və dil inkişafının spesifik pozuntusu. Yerişin kəskin çətinləşməsi ilə, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal.distal 3 baldır).” diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına daiir Əsasnamə”yə müvafiq olaraq “Tam Reabilitasiya” qərarı verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-962/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə yazılı şəkildə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1 serebral iflic və digər paralitik sindromlar G81-G83 (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər 40-60 2 il azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçısını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının övladı Qasımlı Şövqi Qasım oğlunun sağlamlıq vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0311003AAJ8U nömrəli göndərişi (Forma 88) əsasında qiymətləndirilmiş, ilkin olaraq xx.xx.2017-ci il tarixdən “X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G80-83-Serebral iflic və digər paralitik sindromlar=>G80-Uşaq serebral iflici=>G80.2-Uşaq hemipeligiyası”; Diqanozun mətni: “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici. Hemiplegik forma. Sağ tərəfli orta hemiparezlə, paralitik yeriş”; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.2 davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonradan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0311003AAPQ9 nömrəli göndərişi (Forma 88) əsasında onun sağlamlıq vəziyyəti yenidən qiymətləndirilmiş, təkrar olaraq xx.xx.2020-ci il tarixdən “X1: Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G80-83-Serebral iflic və digər paralitik sindromlar=>G80-Uşaq serebral iflici=> G80.8-Uşaq serebral iflicin digər növü; Diqanozun mətni: “Uşaq serebral iflici. Hemiparetik forma. Uşaq hemiplegiyası (sağ tərəfli), inkişaf etaplarının kəskin geri qalması”; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.2 davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçının övladı barəsində əsas diaqnoz G80.2 Hemiplegik spastik serebral iflic, hemiplegik spastik serebral iflic, Ağırlaşmalar: G81.1- Spastik hemiplegiya, dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır), F78- Əqli geriliyin digər formaları, yüngül dərəcəli əqli gerilik (İQ 56%), Z74.1- Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyacın olması, F80.0- Nitq artikulyasiyasının spesifik pozuntusu, nitq və dil inkişafının spesifik pozuntusu, R26-Hərəkətin və yerişin pozulmaları, yerişin kəskin çətinləşməsi ilə bağlı xx.xx.2024-cü il tarixli S00174957XDL nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 6NGTC1F0010 nömrəli qərar ilə “İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T90/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Ş.Q.Qasımlı xx.xx.2024-cü il tarixdə X2 Əsas xəstəlik: “G80.2-Hemiplegik Spastik serebral iflic; Aşırlaşma: G81.1- Spastik hemiparez; Yanaşı xəstəlik: F78- Əqli gerilik” diaqnozu ilə müayinə olunmuşdur. Belə ki, o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Lakin onun iş materiallarında olan tibbi sənədlərinə əsasən sonuncu müayinəyə dair məlumatın verilməsində qeyd edilmiş “Spastik hemiplegiya. Dərin spastik hemiparezlə (əzələ gücü proksimal 3-4 bal, distal 3 baldır)” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsi tibbi-sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. ... Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar o, sahə poliklinikasında dispanser qeydiyyata götürülməklə yanaşı nevropatoloqun nəzarəti altında vaxtaşırı müayinə olunmalıdır. Yuxarıda 1-ci bənddə olan xəstəliklər tam reablitasiya olunmurlar. İş materiallarında onun barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 göndərişi tam doldurulmuşdur.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş), o cümlədən xx.xx.2025-ci il tarixli T90/2024 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçının övladında olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Nəzərə alınmalıdır ki, iddiaçının övladı göndəriş verilən xəstəxanada qeydiyyatdadır, əvvəlki göndərişlər də həmin xəstəxana tərəfindən verilmişdir. Onda olan xəstəliyə göndərişi verən tibb müəssisəsi daha yaxından bələddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçının övladı barəsində Sabirabad Rayon Mərkəzi Xəstəxanası ərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli S00174957XDL nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Bundan başqa, iddiaçının övladına əvvəllər əlillik (sağlamlıq imkanı məhdud uşaq) təyin edilməsinə əsas olan xəstəlik ilə hazırkı xəstəlik eynidir. Ekspert rəyi ilə təsdiq edilir ki, həmin xəstəliklər tam reabilitasiya olunmur. İddiaçının övladı barəsində əlillik təyin edilməsindən imtina edilməsi ilə bağlı bir neçə qərar (xx.xx.2023, xx.xx.2024, xx.xx.2024) qəbul edilsədə, xx.xx.2024-cü il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən təyin edilməlidir. İddiaçının övladına əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının övladının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının övladının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Qanundan “o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” ifadəsi çıxarılmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “sağlamlıq imkanları məhdud uşaq” ifadəsi “əlillik təyinatı” ilə bağlı ifadəni ehtiva edir. Bu səbəbdən yalnız formal mülahizələrə görə qərar dəyişdirilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-962/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar