Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-623/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1998-xx.xx.2005-ci illərdə işlədiyi müddətin nəzərə alınaraq xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-787/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Seriya H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 1 ay 15 gün), Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək fəhlə vəzifəsində (2 il 10 ay 23 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda çilingər vəzifəsində (1 il 11 ay 3 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda sürücü vəzifəsində (1 il 1 ay 1 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda sürücü vəzifəsində (11 il 5 ay 27 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində (7 il 11 ay 3 gün) işləmişdir. Cəmi 27 il 6 ay 3 gün. "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş Cəlilabad Avtokombinatı üzrə əmrlərdən çıxarışdan görünür ki, X3 yanvar 1998-ci il tarixdə Avtobus parkına Paz-672 markalı 61-12 nömrəli avtomaşına növbə sürücüsü təyin edilmiş, xx.xx.2009-cu il tarixli 09 nömrəli əmr ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-15275/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “...“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq ləğv olunmuş "Azəravtonəqliyyat” X2 Avtokombinatının 2727 nömrəli Avtomobil dəstəsinin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 30.11 2002-ci il tarixli 401 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2007-ci il tarixinə kimi səhmlərinin 69.98%-i özəlləşdirilmiş və xx.xx.2013-cü il tarixində Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-13/2-11554/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Arxiv və uçot-baza məlumatlarında “X1 Cəlilabad rayonu üzrə Avtokombinat-2727-nin X1 xx.xx.1993-cü il tarixli 199 nömrəli əmri ilə yaradılması, onun hüquqi varisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə vergi orqanında ********* saylı (doqquz rəqəmli) VÖEN-lə uçota alınması, xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində D-3477 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçməsi, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək ********** saylı VÖEN alması, xx.xx.1998-xx.xx.2009-cu illər üzrə vergi orqanına fəaliyyəti barədə hesabatlar təqdim etməsi barədə məlumatlar mövcuddur.” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2- 730/01-3/2024 nömrəli məktubunda göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) 05 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyyatdadır. Cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-158173/2023 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məktubda qeyd edilmişdir ki, “...Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 19 il 6 ay 23 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu ii tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "Cəlilabad Avtonəqliyyat” ASC-də olan dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrində düzəliş edilmişdir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlüdür. xx.xx.1975ci ildən xx.xx.1976-cı ilə kimi Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra yenidən xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1982-ci ildə təkrar olaraq Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda “Kamaz” vinovoz avtomaşınında, xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-də sürücü işləmiş, bunu təsdiq edən əmək kitabçası və şahidləri var. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi iş stajları nəzərə alınmamış və ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-787/2025 nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi dövrün bütöv araşdırılması lazım gəldiyi halda məhkəmə iddia tələbinə əsasən yalnız müvafiq dövrü xx.xx.2005-ci il tarixədək staja daxil etmişdir. Məhkəmənin həmin dövrə yanaşmasından belə nəticə çıxır ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ayrıca baxılmalı olan bir dövrdür. Halbuki, sözügedən dövr üzrə iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması xx.xx.2005-ci il tarixdən əvvəlki dövrdə də iddiaçının işlədiyini sual altına qoyur. Məhkəmə "xxxx" ASC-yə dair emissiya prospektini əldə etməmiş, iddiaçının adının sözügedən hüquq müəyyənedici sənəddə olub-olmamasını yoxlamamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-623/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (87-ci maddənin 28 iyun 2024-cü il tarixədək qüvvədə olan redaksiyası): Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslanaraq iddiaçının xx.xx.2023-cü il tarixə 25 il sığorta stajına və 65 yaşa malik olmasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının mübahisələndirilmədiyi sığorta stajı onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 19 il 6 ay 23 gün təşkil edir. Mübahisələndirilən dövr - iddiaçının əmək kitabçasında qeyd edilmiş onun xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də işlədiyi müddətdir. Daha dəqiq desək, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətdir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun xx.xx.2005-ci il tarixdən əvvəlki dövrdə də işləməsini sual altına alır. Kollegiya qeyd edilən məsələyə münasibətdə bildirir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətdə qüvvədə olmuş normativ-hüquqi aktlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun xx.xx.2005-ci il tarixdən əvvəlki dövrdə işləməməsini birmənalı sübut etmir. Belə ki, iddiaçıya münasibətdə (xx.xx.2006-cı ildən sonra) və ya ümumiyyətlə (xx.xx.2006-cı ilədək) sığorta haqlarının ödənilməməsi xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrü onun ziyanına şərh oluna bilməz. Təsadüfü deyil ki, məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borclarla bağlı dövlət tərəfindən amnistiya tətbiq edilmiş, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. İşin araşdırılması zamanı məhkəmə tərəfindən sorğu göndərilərək iddiaçının işlədiyi Cəmiyyətdən onun işə qəbul və işdən azad edilmə barədə əmrlərdən çıxarışlar əldə edilmiş, eyni zamanda Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq dövlət orqanlarından məlumatlar əldə edilmişdir. Qeyd edilənlər əmək kitabçasındakı qeydlərin mötəbərliyini bir qədər də möhkəmələndirmişdir. İş üzrə əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Bundan başqa, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, əmək kitabçasındakı sözügedən qeydlərin qeyri-mötəbərliyinə dair sübutlar təqdim olunmadığından əmək fəaliyyətinin digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Beləliklə, işin müəyyən olunmuş hallarından yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi, iddiaçının tələb olunan 65 yaşa və 25 il sığorta stajına malik olduğu görünür. Bu səbəbəbdən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli 2-1(120)-787/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.