Məhkəmə qərarları › İş №2-1(106)-628/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-628/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-628/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların ləğv edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Nümayəndə2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” (üçüncü şəxslər: Nümayəndə2 və "xxxx" MMC) tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-712/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 nömrəli sərəncamından görünür ki, İddiaçı ASC-yə Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə 78.0 ha torpaq sahəsi verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı ASC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli 11 nömrəli müqavilədən görünür ki, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün 78.0 ha torpaq sahəsi illik icarə haqqı 327.60 manat olmaqla 99 il müddətinə İddiaçı ASC-yə icarəyə verilmişdir. Müqavilənin 2.14-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına əsas vermir. İmişli Rayon İcra Hakimiyyəti başçısının İddiaçı ASC-nin 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi haqqında” 07 may 2014-cü il tarixli 100 saylı sərəncamında qeyd edilmişdir ki, “...İmişli Rayon İcra Hakimiyyəti başçısının 31 mart 2014-cü il tarixli 66 saylı sərəncamı ilə İmişli rayonu ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti komissiya vasitəsi ilə araşdırılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, “X9” ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi ilə 78.0 ha torpaq sahəsi icarəyə verilmişdır. Lakin keçən müddət ərzində torpaq sahəsindən təyinatına uyğun istifadə edilməmiş, torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Araşdırma zamanı həmçinin, aydın olmuşdur ki, torpaq sahəsi icarəyə verilərkən də, müvafiq qanunvericiliklərin tələbləri pozulmuşdur. Belə ki, cizgi xəritədə göstərilən 75 ha torpaq sahəsinin 8 hektarı beton zavodun tikintisi altında, bir hissəsi elektrik qovşağının altında olmasına baxmayaraq, sərəncamla həmin torpaqlar kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilmişdir. Araşdırma zamanı aydın olmuşdur ki, həmin ərazi Araz çayına bitişik olan ərazi olmaqla “Bəhramtəpə qum-çınqıl yatağıdır. ...Sərəncamla İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 78.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir.” İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamından görünür ki, Nümayəndə2 qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60.0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və üçüncü şəxsə icarəyə vermə hüququ ilə ayrılıb verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti ilə Nümayəndə2 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 22 iyul 2014-cü il tarixli 56 nömrəli müqavilədən görünür ki, qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 60.0 ha torpaq sahəsi 45 il müddətinə Nümayəndə2 icarəyə verilmişdir. Nümayəndə2 ilə "xxxx" MMC arasında bağlanmış “Torpaq sahəsinin subicarəyə verilməsinə dair” 18 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, Nümayəndə2 İmişli Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 2014-cü il tarixli 56 nömrəli sərəncamı və eyni tarixli icarə müqaviləsinə əsasən icarəsinə verilmiş 60.0 ha torpaq sahəsini "xxxx" Çınqıl MMC-yə subicarəyə vermişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyət tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “1. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir.

2. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ayrılmış 78.0 ha torpaq sahəsinin ərazisi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinə aid bina və qurğuların, elektrik şəbəkəsinin yerləşdiyi ərazilərin (12.18 ha) tikinti sahəsi altında olmaqla daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir.

3. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşadırma aparılan zaman müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha olan hissəsində yerləşir. Ona görə də 49.60 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. Qeyd: Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 10.40 ha olan hissəsinin ərazisi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 torpaq sahəsi həmsərhəd deyil.

4. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsi, o cümlədən mübahisəli ərazidə yerləşən 49.60 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir.

5. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsi olan Beton zavod hal-hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır.

6. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə İmişli Rayon İcra Hakimiyyəti başçısının 22.07 2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşür. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mütəxəssis rəyi ilə eyni məzmunda 08 sentyabr 2022-ci il tarixli 10/4908 nömrəli ekspert rəyi təqdim edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(086)-444/2019 saylı qətnaməsi ilə İmişli Rayon İcra Hakimiyyəti ilə “İmişli Dəmir-Beton” Açıq Səhmdar Cəmiyyət arasında bağlanmış 17 may 2008-ci il tarixli 11 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş torpaq sahəsinin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2-2(106)-16/2020 saylı qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(086)- 444/2019 saylı qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 100 saylı sərəncamının ləğv edilməsi və xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamının isə ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən 9.50 ha hissədə qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 may 2008-ci il tarixdə İddiaçı ASC ilə İmişli Rayon İcra Hakimiyyəti arasında 11 saylı kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün torpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır. Cəmiyyət icarə müqaviləsi üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Hal-hazırda torpaq sahəsi istifadələrindədir və bütün ödənişlər ödənilmişdir. Lakin məlum olan qeyri-rəsmi məlumata əsasən İmişli Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ASC-yə torpağın ayrılması haqqında 17 may 2008-ci il tarixli İmişli Rayon İcra Hakimiyyətinin başçısının 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. Bu hərəkətin qanunsuz olması ilə bağlı dəfələrlə həm şifahi, həm də yazılı şəkildə İmişli Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, heç bir nəticə əldə edilməmişdir. Tərəflər arasında bağlanılan müqavilənin müddəti 99 ildir. Həmin müqavilənin 2.14cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Lakin belə bir məlumat Cəmiyyətə daxil olmamış və İmişli Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-cü il tarixli 100 saylı sərəncamı ilə xəbərdarlıq olunmadan müqaviləyə xitam verilmiş, bununla bağlı qəbul edilmiş inzibati akt onlara təqdim olunmamışdır. Həmçinin, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 nömrəli sərəncamı və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli 11 nömrəli müqavilə ilə İddiaçı ASC-yə icarəyə verilmiş 78.0 ha torpaq sahəsinin müəyyən hissəsi İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamı ilə Nümayəndə2 45 il müddətinə icarəyə verilmişdir.

Cavabdehin etirazı:

Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, İddiaçı ASC müqavilə şərtlərinə əməl etməyərək, torpaq sahəsini istifadəsiz saxlamış, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün fəaliyyəti olmamış, icarəyə verilmiş torpaq sahəsi ilə bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almamış, icarə haqqını və digər tədiyyələri ödəməmiş, torpaq sahəsinin mühafizəsi, keyfiyyətinin qorunması, yaxşılaşdırılması üçün heç bir aqrotexniki tədbirlər görməmiş və s. şərtləri yerinə yetirməmişdir. Bundan başqa, İddiaçı ASC-yə torpaq sahəsi ayrılarkən Torpaq Məcəlləsinin tələblərinə uyğun ayrılmış torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirilməmişdir. Ekspert rəyində qeyd olunmuşdur ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə -yə ayrılmış 78.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ayrılmış 78.0 ha torpaq sahəsinin 12.18 hektarı İddiaçı ASC-nin istehsal sahəsinə aid bina və qurğularının, elektrik şəbəkəsinin yerləşdiyi ərazidir. Qeyd edilən 12.18 ha ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. Ekspertiza işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin istehsal sahəsi olan Beton zavod da, hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. Torpaq sahəsindən İddiaçı ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır.

Üçüncü şəxsin etirazı:

Üçüncü şəxs iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamını mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Ekspert rəyində qeyd edilmişdir ki, “... İddiaçı ASC-nin istehsal sahəsi olan Beton zavod hal-hazırda fəaliyyət göstərmir və eyni zamanda ayrılmış torpaq sahəsində yardımçı təsərrüfatın heç bir fəaliyyət növü qeydə alınmamışdır. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı ASC-ə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşür. Göstərilən torpaq sahəsindən İddiaçı ASC-nin təyinatı üzrə istifadə etməsi müəyyən olunmamışdır.” İddia iddia edir torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. İddiaçı həmin torapq sahələrində mal-qara saxladığını, qoyun-davar otardığını qeyd etmiş, bununla bağlı e-kabinetə şəkillər də yerləşdirmişdir. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin təyinatı qum-çınqıl istehsalı sahəsidir. Nümayəndə2 da öz növbəsində "xxxx" MMC ilə aralarında müqavilə əsasında torpaq sahəsini sonuncunun icarəsinə vermişdir. "xxxx" MMC torpaq sahəsinin bir hissəsində, Araz çayının sahilində qum-çınqıl çıxarılması, emalı və istehsalı ilə məşğuldur. Aydın məsələdir ki, qum-çınqıl yataqlarının olduğu torpaq sahəsi ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi eyni ola bilməz.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-2111/2018 nömrəli qərardadı ilə hakim (Zaur Allahyarov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2014-cü il tarixli 100 saylı sərancamın ləğv edilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə inzibati icraat qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2-1(106)-167/2019 nömrəli qərardadı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X2) apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-2111/2018 nömrəli qərardadı ləğv edilmiş və inzibati işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

c) birinci instansiyası məhkəməsindəki ikinci icraat Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-01/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2014-cü il tarixli 100 saylı və xx.xx.2014-cü il tarixli 158 saylı sərancamların ləğv edilməsi” tələbinə dair iddiası “İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 158 saylı sərancamın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-01/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-324/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-01/2023 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Həmin qərardaddan narazı qalan üçüncü şəxs kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-324/2023 nömrəli qərardadının ləğv edilməsini və iddianın “İmişli İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamının ləğv edilməsi” hissəsində mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

d) kassasiya instansiyası məhkəməsindəki icraat

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2920/2023 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-324/2023 nömrəli qərardadından üçünçü şəxs Nümayəndə2 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamışdır.

e) birinci instansiyası məhkəməsindəki üçüncü icraat

Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-712/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-712/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs Nümayəndə2 da apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-712/2025 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxsə münasibətdə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdehin apellyasiya şikayətinin dəlilləri:

Cavabdehin apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir.

Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri:

Üçüncü şəxs Nümayəndə2 apellyasiya şikayətində göstərmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsindən qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib yığılması və emalı məqsədilə istifadə etməsi iddiaçıya 2014-cü ildən məlum olmuşdur və onun tərəfindən hər hansı etiraz, irad bildirilməmişdir. Həmçinin, məhkəmə iclaslarında - xx.xx.2020-ci ildə və ondan sonrakı iclaslarda İddiaçı ASC-nin nümayəndəsi icarəsində, müqavilə əsasında "xxxx" MMC-nin subicarəsində olan torpaq sahəsinin istifadələrində olmasından məlumatlı olduqlarını və bunun iddiaçının maraqlarına toxunmadığını dəfələrlə bildirmişdir. 60 ha torpaq sahəsinin xx.xx.2014-cü il tarixli 158 saylı sərəncam əsasında torpaq sahəsinin istifadəsinə ayrılması, torpaq sahəsindən istifadə, sonradan subicarə müqaviləsi əsasında "xxxx" MMC-yə subicarəyə verməsi və torpaq sahəsinin hazırki vaxtda da təyinatına uyğun istifadə edilərək, ərazidən qum-çınqıl materiallarının çıxarılması, çeşidlənməsi və emalı qanuni əsaslarla həyata keçirilmiş və iddiaçının maraqlarına toxunan hər hansı hal müəyyən olunmamışdır. İddiaçının 2014-cü ildən Nümayəndə2 və "xxxx" MMC-nin İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamından yararlanaraq 60 ha torpaq sahəsində qum-çınqıl istehsalı ilə məşğul olduğunu bildiyi, "xxxx" MMC-nin həmin sərəncam əsasında ayrılmış 60 ha torpaq sahəsində fəaliyyət göstərdiyi barədə xəbərdar olduğu halda, xüsusən, hazırki işin məhkəmə araşdırmasında - xx.xx.2020-ci il tarixdə 158 nömrəli sərəncamın iş materialına rəsmi daxil olduğu, ondan sonra xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin sərəncamın ona rəsmən təkrarən təqdim olunduğu halda inzibati aktın rəsmi təqdim olunduğundan 30 gün müddətində məhkəməyə müraciət etməli olduğu halda, qanunla müəyyən edilmiş bu müddət daxilində məhkəmədə iddia irəli sürməmiş, bununla da inzibati aktın ləğvinə dair mübahisələndirmə haqqında iddia qaldırılması üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamının qismən ləğv edilməsinə dair iddianın mümkünlüyü məsələsinə birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən münasibət bildirilmişdir. Eyni zamanda, iddianın mümkünlüyü məsələsinin gələcəkdə kassasiya instansiyası məhkəməsində qiymətləndirilməsi də qanunvericiliklə istisna olunmur. Səlahyyətli dövlət orqanı olan İmişli Rayon İcra Hakimiyyətinin hərəkətlərinə və sərəncamına (inzibati aktına) güvənərək, etimad edərək, qum-çınqıl çıxarılması məqsədilə torpaq sahəsinin ayrılmasına etimad hüququ yaranmışdır və bu hüququ da icarəsində olan torpaq sahəsinə Konstitusiya və Mülki Məcəllə ilə verilən müdafiə təminatları ilə bərabər, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsi ilə qorunur. 2014-cü ildə dövlətin asudə fondunda olan torpaq sahəsini qanuni əsaslarla icarəyə götürməsi və təyinatı üzrə istifadə etməsinə görə hazırda İddiaçı ASC-nin “özünə aid olduğunu” iddia etdiyi torpaq sahəsi ilə qismən üst-üstə düşməsi müəyyən olunsa belə, bu hal hüququnun pozulması ilə nəticələnməməlidir.

Apellyasiya şikayətlərinə etiraz:

Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-712/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(120)-712/2025 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxsə münasibətdə iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq heyvandarlığın inkişaf etdirilməsi üçün istifadə edilir və iddiaçının heyvandarlıq təsərrüfatı var. Mübahisəli ərazi ilə sərhəd olan qonşu torpaqlar var. Həmin torpaqlar bir-birindən hər hansı bir nişan (işarə) ilə ayrılmamış, sadəcə tanıdılmışdır. Bu səbəbdən də bir müddət keçdikdən sonra torpağın sərhədlərinin (işarə olmadığı üçün) dəqiq olaraq iddiaçıya məlum olmaması mümkündür. Bu səbəbdən torpaq sahəsindən üçüncü şəxsin istifadəsinə hər hansı bir irad bildirilməmişdir. Sonda Nümayəndə1 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

“İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

Azərbayacan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ...

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə;

Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. ...

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati aktın ləğv edilməsinə əsas olan hallar inzibati orqana məlum olmasına baxmayaraq, qəbul etdiyi aktı 1 il müddətində deyil, illər sonra ləğv etmişdir. Həmçinin, müqavilənin ləğvi ilə bağlı iddiaçıya bildiriş göndərilməmiş, hər hansı bir icraat aparılmadan, onun dinlənilmə hüququ təmin edilmədən, o cümlədən icarə hüququna məhkəmə qaydasında deyil, inzibati orqanın qərarı əsasında xitam verilmişdir. Bundan başqa, torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozulması, cizgi xəritədə göstərilən 75 ha torpaq sahəsinin 8 hektarının beton zavodun tikintisi altında, bir hissəsinin isə elektrik qovşağının altında olması kimi nüanslar torpaq sahəsi icarəyə verilən zaman müvafiq araşdırmanın aparılması və qanunvericilik normalarının tətbiqi idarəçilik qaydaları ilə bağlı məsələ olmaqla son nəticədə cavabdehin məsuliyyəti ilə bağlıdır. Bu məsələ iddiaçının təqsiri ilə bağlı deyil, bu hal hətta mövcud olmuş olsa belə, iddiaçının ziyanına təfsir oluna və onun məsuliyyət sferasına aid edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın xüsusi mümkünlük (müddət ilə bağlı) şərtə münasibətdə bildirilir ki, mübahisələndirilən hər 2 inzibati akt üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları (Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 aprel 2019-cu il tarixli 2-1(106)-167/2019 nömrəli və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(120)-01/2023 nömrəli qərardadları) mövcuddur ki, iddia müddəti ötürülməmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu səbəbdən kollegiya qeyd edilən məsələ ilə bağlı əlavə araşdırma aparılmasını məqbul hesab etmir. İşin faktiki halları ilə müəyyən edilir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 nömrəli sərəncamı ilə İddiaçı ASC-yə Qaratəpə-Bəhrəmtəpə magistral avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olan asudə dövlət fondundan kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün müvəqqəti istifadə hüququ ilə 78.0 ha torpaq sahəsi verilmişdir. Tərəflər arasında bağalnmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli 11 nömrəli müqavilədən görünür ki, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişaf etdirilməsi üçün 78.0 ha torpaq sahəsi illik icarə haqqı 327.60 manat olmaqla 99 il müddətinə İddiaçı ASC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 2.14-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına əsas vermir. İmişli Rayon İcra Hakimiyyəti başçısı torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsinə, torpaq sahəsinin istifadəsiz saxlanılmasına, icarəyə verilmiş 75 ha torpaq sahəsinin 8 hektarının beton zavodun tikintisi altında, bir hissəsinin isə elektrik qovşağının altında olmasına baxmayaraq, torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilməsinə əsaslanaraq 07 may 2014-cü il tarixli 100 saylı sərəncam ilə İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamına və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam vermiş, İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün 78.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Sonradan İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamı ilə Nümayəndə2 qum-çınqıl materiallarının çıxarılması, çeşidlənib daşınması və istehsalı üçün Araz çayının sağ sahilində Bəhrəmtəpə qəsəbəsi yaxınlığında olan dövlət asudə fondundan 60.0 ha torpaq sahəsi icarə müqaviləsi əsasında müvəqqəti istifadə və üçüncü şəxsə icarəyə vermə hüququ ilə ayrılıb verilmiş, tərəfələr arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 22 iyul 2014-cü il tarixli 56 nömrəli müqavilə bağlanmış, torpaq sahəsi 45 il müddətinə Nümayəndə2 icarəyə verilmiş, sonuncu isə torpaq sahəsini “Torpaq sahəsinin subicarəyə verilməsinə dair” 18 yanvar 2019-cu il tarixli müqavilə ilə "xxxx" MMC-yə subicarəyə vermişdir. Ekspert, həmçinin mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmiş, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ayrılmış 78.0 ha torpaq sahəsinin ərazisi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin istehsal sahəsinə aid bina və qurğuların, elektrik şəbəkəsinin yerləşdiyi ərazilərin (12.18 ha) tikinti sahəsi altında olmaqla daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 nömrəli sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşadırma aparılan zaman müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha olan hissəsində yerləşir. Ona görə də 49.60 ha torpaq sahəsinin sərhədləri ləğv edilmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş ilkin yerquruluşu planında qeyd olunmuş istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmiş və koordinatları dəqiqləşdirilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsi, o cümlədən mübahisəli ərazidə yerləşən 49.60 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı” torpaqlar kateqoriyasına aiddir. Ərazi daşlıq, qumluq və yararsız torpaq sahəsindən ibarətdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 120 saylı sərəncamı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 78.0 ha torpaq sahəsinin sərhədləri ilə İmişli Rayon İcra Hakimiyyəti başçısının 22.07 2014-cü il tarixli 158 saylı sərəncamı ilə Nümayəndə2 ayrılmış 60.0 ha torpaq sahəsinin 49.60 ha hissəsində 9.50 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşür. Mübahisələndirilən - İmişli Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-cü il tarixli 100 saylı sərəncamının təhlili onu deməyə əsas veririr ki, inzibati orqan özünün vaxtı ilə qəbul etdiyi İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamını bir hissədə qanuni əlverişli inzibati akt kimi qəbul edir. Sərəncamın digər hissəsini isə - 8 hektarının beton zavodun tikintisi altında, bir hissəsinin isə elektrik qovşağının altında olmasına baxmayaraq, torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilməsi hissəsində qanunsuz əlverişli inzibati akt kimi qiymətləndirir. Kollegiya qeyd edir ki, inzibati orqan iddiaçıya münasibətdə əlverişli inzibati aktın hüquqi qüvvəsini itirmiş hesab etmiş (istifadə hüququna xitam vermiş) və bu hərəkətlər iddiaçıya münasibətdə hər hansı bir icraat aparılmadan, onun məlumatlandırılması və dinlənilməsi təmin olunmadan həyata keçirilmişdir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Mübahisələndirilən qərar ilə 17 may 2008-ci il tarixli 120 saylı sərəncamın ləğv edilməsinə əsas kimi göstərilmiş - icarəyə verilmiş 75 ha torpaq sahəsinin 8 hektarının beton zavodun tikintisi altında, bir hissəsinin isə elektrik qovşağının altında olmasına baxmayaraq, torpağın kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün verilməsi məsələsinə münasibətdə bildirilir ki, torpaq sahəsi icarəyə verilərkən qeyd edilən məsələlərin yoxlanılması cavabdehin vəzifəsi olmuşdur, iddiaçının bununla bağlı hər hansı bir öhdəliyi olmamış və digər şəxsin məsuliyyət sferasına aid olan məsələ və həmin məsələnin dövlət orqanı tərəfindən lazımınca qiymətləndirilməməsi vətəndaşının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Bunu əksi vətəndaş-dövlət etimadına kölgə salar. Dövlət orqanı istənilən vaxt özünün səhvinə əsaslanaraq vətəndaşa münasibətdə əlverişli inzibati aktı ləğv edər. Həmçinin, nəzərə almaq lazımdır ki, qeyd edilən hal inzibati orqana ilk öncədən məlum olmuş və ya olmalı idi. Lakin, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 1 il müddət ərzində deyil, illər sonra (6 ilə yaxın bir müddət) mübahisələndirilən qərar qəbul edilmişdir. Mübahisələndirilən - İmişli Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-cü il tarixli 100 saylı sərəncamında iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi ilə bağlı mövqeyə münasibətdə bildirilir ki, həmin hallar məhkəmə iclası zamanı təsdiqini tapmamış, iddiaçı heyvandarlıq təsərrüfatının olmasını bildirmiş, bunu əks etdirən fotoşəkillər təqdim etmiş, cavabdeh icarə haqqının sonradan ödənilməsini bildirmişdir. Bundan başqa, oda nəzərə alınmalıdır ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı ASC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli 11 nömrəli müqavilənin 2.14-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına əsas vermir. İş materiallarında iddiaçının müqavilə öhdəliyini pozması və qarşı tərəfin rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verməsi, bundan sonra həmin pozuntuların aradan qaldırılmaması barədə sübut yoxdur. İşin araşdırılması vaxtı da cavabdeh belə bir sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əməl etməyərək torpaq sahəsi üzərində istifadə hüququna məhkəmə qaydasında deyil, mübahisələndirilən sərəncam ilə xitam vermişdir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının İddiaçı ASC-nin 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi haqqında” 07 may 2014-cü il tarixli 100 saylı sərəncamında qeyd edilmişdir ki, İddiaçı ASC-yə kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı üçün İmişli Rayon İcra Hakimiyyəti başçısının 17 may 2008-ci il tarixli 120 saylı sərəncamı və 17 may 2008-ci il tarixli 11 saylı icarə müqaviləsi ilə icarəyə verilmiş 78.0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilsin. Halbuki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Ən əsas nəzərə alınmalıdır ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı ASC arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2008-ci il tarixli 11 nömrəli müqavilə məhkəmə qaydasında ləğv edilməmiş və qüvvədədir. Kollegiya mübahisələndirilən - İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 100 saylı sərəncamına münasibətdə isə qeyd edir ki, işin araşdırılması ilə sübut edilir ki, həmin sərəncam ilə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin 9.50 hektarı icarə müqaviləsi əsasında müvəqqəti istifadə və üçüncü şəxsə icarəyə vermə hüququ ilə Nümayəndə2 verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 07 may 2014-cü il tarixli 100 saylı sərəncamının qanunsuzluğu İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 100 saylı sərəncamı ilə üçüncü şəxsə verilmiş iddiaçıya vaxtı ilə verilmiş üst-üstə düşən 9.50 hektar torpaq sahəsi ilə bağlı sərəncamın da qanunsuzluğunu şərtləndirir. Üçüncü şəxsin keçə bu illər ərizndə bununla bağlı mübahisə açmaması mübahisəli ərazinin bir-birindən hər hansı bir nişan (işarə) ilə ayrılmaması, torpağın sərhədlərinin (işarə olmadığı üçün) dəqiq olaraq məlum olmaması ilə bağlı olmuşdur və qeyd edilən hala əsaslanaraq iddianın əsassız olması nəticəsinə gəlmək qanuni hesab edilə bilməz. İddiaçının mübahisəli 9.50 ha torpaq sahəsinə hüquq müəyyənedici sənədi olduğu halda, digər şəxsin mövcud vəziyyətdə etimad hüququna əsaslanması əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli 2-1(120)-712/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar