Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-630/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025ci il tarixli 2-1(120)-2069/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra-iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür. НЗ seriyalı ******* №-li hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur (1 il 11 ay 28 gün). ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildə “Şirvanneft” Neftqazçıxarma İdarəsinin mənzil-kommunal kontorun ştatına köməkçi fəhlə qismində qəbul olunmuşdur (Əmr № 146/k, xx.xx.1976); xx.xx.1977-ci ildə Əsaslı təmir qrupun 2-ci dərəcə üzrə taxtapuşçu keçirilmişdir (Əmr № 98/k, xx.xx.1977); xx.xx.1978-ci ildə Cari təmir üzrə qurupa 2-ci dərəcə üzrə suvaqçı rəngzas keçirilmişdir (Əmr № 23/k saylı, xx.xx.1978); xx.xx.1978-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr 82 k saylı, 03.07 1978) 1 il 8 ay 3 gün; xx.xx.1981-ci ildə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin ELU-3-ün 15 saylı YiS-ə İİİ sinif sürücü vəzifəsinə təyin edilmişdir ( Əmr № 03, xx.xx.1981); xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 173/k, xx.xx.1981) 9 ay 19 gün; xx.xx.1981-ci ildə Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin ELU-3-ün 15 saylı YİS-ə 3-cü sinif sürücü vəzifəsinə qəbul edilmişdir (Əmr № 191 -§1, xx.xx.1981); xx.xx.1984-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir ( Əmr 84/K § 4, xx.xx.1984) 2 il 4 ay 21 gün; xx.xx.1984-cü ildə Azərbaycan SSR DİN İƏMİ UA38/5 Müəssisəsinə sürücü vəzifəsinə qəbul edilmişdir (Əmr № 34, § 2, xx.xx.1984); xx.xx.1988-ci ildə öz xahişi ilə işdən azad olmuşdur ( Əmr № 145 л/с, xx.xx.1988) 4 il 8 ay 10 gün; xx.xx.1989-cu ildə Salyan sərnişin daşıma avtonəqliyyat müəssisəsinə üçüncü dərəcəli sürücü qəbul edilmişdir ( Əmr № 12 ш/п, xx.xx.1989); xx.xx.1999-cu ildə Salyan SDAM-i Azərbaycan Respublikası DƏK-nin 263 saylı 03 may 1999-cu il tarixli sərəncamı əsasında "xxxx" ATSC-ni adlandırdığına görə işdən azad edilmişdir (Əmr № 2, xx.xx.1999) 10 il 3 ay 23 gün; xx.xx.1999-cu ildə "xxxx" ATSC-ə əvvəlki işinə qəbul edilmişdir (Əmr № 20, xx.xx.1999); xx.xx.1999-cu ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “q” bəndi ilə işdən azad edilmişdir (2 ay 25 gün); xx.xx.1999-cu ildə BCD kateqoriyalı sürücü qəbul edilmişdir (Əmr № 70, xx.xx.1999); xx.xx.2000-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "q” bəndi ilə işdən azad edilmişdir (Əmr №10, xx.xx.2000) 1 ay 24 gün; xx.xx.2000-ci ildə "xxxx" ATSC-yə sürücü işinə qəbul olunmuşdur (Əmr № 30, xx.xx.2000) xx.xx.2006-cı ildə işdən azad edilmişdir (Əmr № 01, xx.xx.2006) 5 il 7 ay 26 gün. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17- 1/2-316443/2024 saylı məktubu ilə Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının təqdim etdiyi iş qovluğu (2000-2005-ci illər) və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (2006-cı il) əks olunan məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarına əsasən "xxxx" ASC tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat cədvəlindən müəyyən olunur ki, 2000, 2001, 2002-ci illər üzrə 0,00 manat, 2003-cü il üzrə 200 manat, 2004-cü il üzrə 290.0 manat, 2005-ci il üzrə 584 manat, 2006-cı il üzrə 928.50 manat ödənilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-240068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “...Təqdim edilmiş sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən cəmi sığorta stajı 20 il 2 ay 29 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərkibi” Qaydalarına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (əmək kitabçasında 16 və 17-ci qeydlərdə möhür oxunaqlı olmadığından) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim edildikdən sonra təkrar müraciət əsasında sığorta stajına daxil edilməsinə baxıla bilər. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Ona xx.xx.2004-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onunla bağlı qəbul edilən əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/2-14-240068/2024 saylı və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi, hüququnun yarandığı 65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.1978xx.xx.1980-ci illərdə həqiqi hərbi xidmət keçməsini, xx.xx.1976-xx.xx.1978-ci illərdə Əli- Bayramlı Mənzil-Kommunal İstismar Sahəsində, xx.xx.1981-xx.xx.1984-cü illərdə Əli- Bayramlı şəhər D-15 Yol İdarəsində, xx.xx.1984-xx.xx.1988-ci illərdə 5 saylı Cəzaçəkmə Müəssisəsində və xx.xx.1989-xx.xx.2006-cı illərdə Salyan Rayon Avtobaza-Sərnişin Daşıma İdarəsində işlədiyi dövlərin sığorta stajı kimi qəbul edilməklə, hüququnun yarandığı 65 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.1976xx.xx.1978-ci illərdə Əli-Bayramlı Mənzil-Kommunal istismar sahəsində işləmiş, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1981-xx.xx.1984-cü illərdə Əli-Bayramlı şəhər D15 yol idarəsində, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək 5 saylı Cəzaçəkmə müəssisəsində işləmişdir və xx.xx.1989-cu ildən xx.xx.2006-cı il tarixədək Salyan rayon Avtobaza-Sərnişin Daşıma idarəsində işləmişdir. İş stajı əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqana hazırkı iddia tələbi ilə bağlı müraciət etsə də, onun müraciətini təmin etməkdən imtina olunmuşdur. Ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Halbuki, 28 il 7 ay 3 gün əmək stajı vardır. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2069/2025 nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilən sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının sığorta stajı 20 il 2 ay 29 gün (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı) təşkil edir. Həmçinin, ******* nömrəli hərbi biletdə hərbi xidmətə başlama tarixi qeyd edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2069/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmişdir. Razılıq əsasında "xxxx" ASC-yə aid avtomobili icarəyə götürərək işlətmiş, bunun qarşılığında icarə haqqı vermiş, "xxxx" ASC tərəfindən ona əmək haqqı verilməmiş, o cümlədən özü tərəfindən də sosial sığorta haqqı ödənilməmişdir. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 2004-2008ci illərdə "xxxx" ASC-də baş mühasib vəzifəsində işləmişdir. Müəssisə özəlləşdirilərkən işçilər işdən azad olunmuş, sonradan "xxxx" ASC-yə işə götürülmüşdürlər. O, vaxt razılaşma olmuşdur ki, sürücülər müəssisənin maşınlarını sürsələrdə öz adlarına VÖEN açdıraraq vergilər və məcburi dövlət sosial sığorta ödənişlərini həmin hesaba ödəsinlər. Lakin sürücülər VÖEN açdırmamışdırlar. Onlar icarə əsasında müəssisənin maşınlarını idarə etmişdirlər, buna görə müəssisəyə icarə haqqı ödəmişdirlər və müəssisədən əmək haqqı almamışdırlar. Sonradan müəssisənin rəhbərliyinə bildirmişdir ki, işçilər müəssisədə işləmədiklərinə baxmayaraq, onların adları müəssisənin işçisi kimi gedir, bu isə qanunveriliciyin pozulması deməkdir. Bundan sonra müəssisənin rəhbəri 2006-cı ildə işçilərin azad olunması barədə onların əmək kitabçalarına qeydiyyat aparmışdır. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər-Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; b) fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar-Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2000-xx.xx.2006-ci illərdəki əmək stajı barədə onun əmək kitabçasında qeydlər mövcuddur və bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehə aid olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. İddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox təşkil edir. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmiş hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması prinsipinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Cavabdehin apellyasiya şikayətinin dəlili olan - hərbi biletdə xidmətə başlama tarixi qeyd edilmədiyindən həmin dövün sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı mövqeyə münasibətdə kollegiya bildirir ki, iddiaçının hərbi xidmət müddətinin başlama tarixi hərbi biletdə “xx.xx.1978-ci il tarix” qeyd edilmişdir. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınsa belə, əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-xx.xx.2006-ci illər üzrə əmək fəaliyyəti nəzərə alınmasa onun 25 il sığorta stajı yoxdur. Belə ki, işdə olan sübutlarla onun 22 il 3 ay 4 gün (xx.xx.1978xx.xx.1980 1 il 11 ay 28 gün + xx.xx.1976-xx.xx.1978 1 il 8 ay 3 gün + xx.xx.1981xx.xx.1981 9 ay 19 gün + xx.xx.1981-xx.xx.1984 2 il 4 ay 21 gün + xx.xx.1984-xx.xx.1988 4 il 8 ay 10 gün + xx.xx.1989-xx.xx.1999 10 il 3 ay 23 gün + xx.xx.1999-xx.xx.1999 2 ay 25 gün + xx.xx.1999-xx.xx.2000 1 ay 24 gün) sığorta stajının olması təsdiqlənir. Əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-xx.xx.2006-ci illər üzrə əmək fəaliyyətinin nəzərə alınması isə qanunvericiliyin tələbinə ziddir. Belə ki, istər xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun, istərsədə “Əmək pensiyaları haqqında” Qanunun tələbi bundan ibarətdir ki, şəxsin işlədiyi müddətin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqları ödənilməlidir. Məcburi dövlət sosial sığorta haqları da ödənilmiş əmək haqqından tutulur. İşin araşdırılması ilə müəyyən olunur ki, iddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.2000-xx.xx.2006-ci illər üzrə əmək haqqı almamış, həmin illər üzrə "xxxx" ATSC-də işləməmiş, özü tərəfindən də fəaliyyəti ilə bağlı məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Qeyd edilənlər iddiaçının özü tərəfindən də məhkəmə iclasında izahatı ilə etiraf edilmiş, həmin hal şahid ifadəsi ilə də təsdiqini tapmışdır. İddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin dispozisiya şərtləri ödənilmir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2069/2025 nömrəli qərarı ləğv edilsin İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.