Məhkəmə qərarları › İş №2-1(106)-631/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-631/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-631/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(120)-1067/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. Onun sağlamlıq vəziyyəti qiymətləndirilmiş, ilkin olaraq xx.xx.2009-cu il tarixdə “Ensefalapatiya hipertenzion sindrom tez-tez inkişaf etaplarının və qan venalarının ləngiməsi” diaqnozu ilə 2 il müddətinə (xx.xx.2011) sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2015-ci ildə eyni diaqnoz ilə 2 il müddətinə, xx.xx.2017-ci ildə eyni diaqnoz ilə 3 il müddətinə, xx.xx.2020-ci ildə “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi”nin xx.xx.2020-ci il tarixli 1849 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2020-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnoz: Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F71.1, Nitq inkişafının spesifik pozuntusu F80.0.” “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 501 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, “...İddiaçı orta dərəcəli əqli gerilik diaqnozu təyin edilmişdir.” “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası” tərəfindən iddiaçıya əsas diaqnoz: F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-49%, nitq qüsurlu, Ağırlaşma: F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu, nitq qüsurlu, Ağırlaşma: F71 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-49%, nitq qüsuru ilə bağlı xx.xx.2024-cü il tarixli J00161754CHB nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Status localis” adlanan bölmədə qeyd edilmişdir ki, “...Anamnestik məlumatlardan aydın olur ki, ilkin psixi inkişafı ləng keçib. Anadan doğuş travması ilə doğulub, infeksion xəstəlik keçirməsi inkar edilir. Ailədə 3 uşağın 1-cisidir. Təhsili 4-cü sinifə kimi formal olub.18 yaşına kimi “Orta dərəcəli əqli gerilik,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə SİMU təyinatlı olub. Xəstəliyi ilə əlaqədar hərbi xidmətə aparılmayıb. Yerli poliklinikada psixi kabinet üzrə dispanser müşahidəsində qeydiyyatdadır. Müayinəyə atası tərəfindən gətirirlib. Əsəbilik, yaddaşsızlıq, baş ağrıları, nitqinin anlaşılmaz olmasından şikayət edilir. Psixi Status: Zamama, məkana, özünə bələdliyi formaldır. Zahirən geyimi səliqəsizdir. Ünsiyyətə daxil olmur. Yalnız sadə suallara cavab verə bilir. Nitqi qüsurludur. Anlaşılmır. Söz ehtiyatı məhduddur. İntellekt bilik ehtiyatı İQ-49% dir. Təfəkkürü primitivdir. Sadə riyazi hesablama bilmir. Atalar sözlərinin mənasını bilmir. Əşyalar arasındakı fərqli və oxşar cəhətləri bilmir. Əhval ruhiyyəsi dəyişkəndir. Tənqidi formaldır. Yuxusu qeyri-sabit olur. Aparılan müalicələr. Amitriptillin, fenozepam, klonozepam.” Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xxxxxxx0005 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2025-ci il tarixli T 104/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...“Saatlı Mərkəzi Rayon Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş 0309003AALSQ nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilən “X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90- G99-Sinir sisteminin digər pozğunluqları => G99- Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8 Digər... Diaqnozun mətni: Diensefal sindrom tez-tez baş verən qıcolma tutmaları və adreno-simpatik krizlərlə. Hərəkət koordinasiyasının kəskin pozulması. Ataksiya, hiperkinetik sindrom ilə” diaqnoz stasionarda onun müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsi tibbi sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. Xəstəlik anadangəlmə olduğu üçün onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət olmasa da xəstəlik reabilitasiya olunmur.” Məhkəmə sorğusuna əsasən “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli 201 nömrəli məktubunda qeyd edilmişdir ki, “...xx.xx.2005-ci il təvəllüdlü Ağayev X3 RMX-nın xx.xx.2023-cü il tarixli 3584 nömrəli elektron göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Salyan Rayonlararası Psixiatriya X2 Komissiyasında müayinədə olmuş, aparılan psixiatrik müayinələr və təqdim edilmiş digər tibbi sənədlərə əsasən ona, F71.1, F80.0 “Orta dərəcəli əqli gerilik İQ-49%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, nitq qüsurlu” diaqnozu təsdiq edən xx.xx.2023-cü il tarixli 998 saylı tibbi rəy təqdim edilmişdir. Xəstənin əlilliyin təyini ilə bağlı tibbi sənədləri (anketi) Saatlı RMX Həkim Məsləhət Komissiyası tərəfindən F71.1, F80.0 “Orta dərəcəli əqli gerilik İQ-49%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, nitq qüsurlu” diaqnozu ilə protokollaşdırılaraq Salyan RPX HMK-ya təqdim edilmiş və təqdim edilən tibbi sənədlərə (anket) əsaslanaraq xx.xx.2024-cü il tarixdə eyni diaqnozla elektron göndəriş (Forma-88) tərtib edilərək TSEKnın elektron altsisteminə ötürülmüşdür. TSEK tərəfindən göndərişə “Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz təsdiqlənmədi.” imtinası verilmişdir. Xəstəyə təyin olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci bəndinə uyğundur. İİ dərəcəli əlillik.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli xxxxxxx0005 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 65- 80 faiz aralığında pozulması ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-49%, nitq qüsurlu” xəstəlikləri üzrə əsas, digər isə “Nitq inkişafının əqli geriliyi” diaqnozu qoyulmuşdur. Xəstəliklərinə görə mütəmadi müalicə almışdır. Əvvəllər əlil olmuş və ona pensiya təyin edilmişdir. Lakin sonradan əsassız olaraq əlillik təyin edilməmişdir. Xəstəliyi anadangəlmədir, sağalan xəstəlik deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nın J00161754CHB nömrəli göndərişi və özünün müraciəti əsasında əyani müayinə nəticəsində qiymətləndirilmiş, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından xx.xx.2024-cü il tarixli xxxxxxx0005 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(120)-1067/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə ekspert rəyinə əsaslanaraq, halbuki, ekspert rəyi ilə əlillik təsdiq edilmir, şəxsin hazırda həmin xəstəlikdən əziyyət çəkməsi qənaətinə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları” 7.2. Əqli gerilik F70-F73 Qeydlər. Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Qiymətləndirmə orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və 7.2.2. qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq 65-80 müddətsiz çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilkin olaraq xx.xx.2009-cu il tarixdə “Ensefalapatiya hipertenzion sindrom tez-tez inkişaf etaplarının və qan venalarının ləngiməsi” diaqnozu ilə 2 il müddətinə (xx.xx.2011) sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, xx.xx.2015-ci ildə eyni diaqnoz ilə 2 il müddətinə, xx.xx.2017-ci ildə eyni diaqnoz ilə 3 il müddətinə, xx.xx.2020-ci ildə “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. “Psixi Sağlamlıq Mərkəzi”nin xx.xx.2020-ci il tarixli 1849 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2020-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnoz: Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F71.1, Nitq inkişafının spesifik pozuntusu F80.0.” “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 501 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, “...İddiaçı orta dərəcəli əqli gerilik diaqnozu təyin edilmişdir.” “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası” tərəfindən iddiaçıya əsas diaqnoz: F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-49%, nitq qüsurlu, Ağırlaşma: F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu, nitq qüsurlu, Ağırlaşma: F71 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-49%, nitq qüsuru ilə bağlı xx.xx.2024-cü il tarixli J00161754CHB nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Status localis” adlanan bölmədə qeyd edilmişdir ki, “...Anamnestik məlumatlardan aydın olur ki, ilkin psixi inkişafı ləng keçib. Anadan doğuş travması ilə doğulub, infeksion xəstəlik keçirməsi inkar edilir. Ailədə 3 uşağın 1-cisidir. Təhsili 4-cü sinifə kimi formal olub.18 yaşına kimi “Orta dərəcəli əqli gerilik,qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə SİMU təyinatlı olub. Xəstəliyi ilə əlaqədar hərbi xidmətə aparılmayıb. Yerli poliklinikada psixi kabinet üzrə dispanser müşahidəsində qeydiyyatdadır. Müayinəyə atası tərəfindən gətirirlib. Əsəbilik, yaddaşsızlıq, baş ağrıları, nitqinin anlaşılmaz olmasından şikayət edilir. Psixi Status: Zamama, məkana, özünə bələdliyi formaldır. Zahirən geyimi səliqəsizdir. Ünsiyyətə daxil olmur. Yalnız sadə suallara cavab verə bilir. Nitqi qüsurludur. Anlaşılmır. Söz ehtiyatı məhduddur. İntellekt bilik ehtiyatı İQ-49% dir. Təfəkkürü primitivdir. Sadə riyazi hesablama bilmir. Atalar sözlərinin mənasını bilmir. Əşyalar arasındakı fərqli və oxşar cəhətləri bilmir. Əhval ruhiyyəsi dəyişkəndir. Tənqidi formaldır. Yuxusu qeyri-sabit olur. Aparılan müalicələr. Amitriptillin, fenozepam, klonozepam.” Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli xxxxxxx0005 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2025-ci il tarixli T 104/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...“Saatlı Mərkəzi Rayon Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş 0309003AALSQ nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilən “X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90- G99-Sinir sisteminin digər pozğunluqları => G99- Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8 Digər... Diaqnozun mətni: Diensefal sindrom tez-tez baş verən qıcolma tutmaları və adreno-simpatik krizlərlə. Hərəkət koordinasiyasının kəskin pozulması. Ataksiya, hiperkinetik sindrom ilə” diaqnoz stasionarda onun müayinə və müalicəsi zamanı anamnestik, klinik, aparılmış bütün funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, onun əmək qabiliyyətinin itirilməsi tibbi sosial ekspertləri tərəfindən 0% olması qeyd edilmişdir. Xəstəlik anadangəlmə olduğu üçün onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət olmasa da xəstəlik reabilitasiya olunmur.” Məhkəmə sorğusuna əsasən “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli 201 nömrəli məktubunda qeyd edilmişdir ki, “...xx.xx.2005-ci il təvəllüdlü Ağayev X3 RMX-nın xx.xx.2023-cü il tarixli 3584 nömrəli elektron göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Salyan Rayonlararası Psixiatriya X2 Komissiyasında müayinədə olmuş, aparılan psixiatrik müayinələr və təqdim edilmiş digər tibbi sənədlərə əsasən ona, F71.1, F80.0 “Orta dərəcəli əqli gerilik İQ-49%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, nitq qüsurlu” diaqnozu təsdiq edən xx.xx.2023-cü il tarixli 998 saylı tibbi rəy təqdim edilmişdir. Xəstənin əlilliyin təyini ilə bağlı tibbi sənədləri (anketi) Saatlı RMX Həkim Məsləhət Komissiyası tərəfindən F71.1, F80.0 “Orta dərəcəli əqli gerilik İQ-49%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, nitq qüsurlu” diaqnozu ilə protokollaşdırılaraq Salyan RPX HMK-ya təqdim edilmiş və təqdim edilən tibbi sənədlərə (anket) əsaslanaraq xx.xx.2024-cü il tarixdə eyni diaqnozla elektron göndəriş (Forma-88) tərtib edilərək TSEKnın elektron altsisteminə ötürülmüşdür. TSEK tərəfindən göndərişə “Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz təsdiqlənmədi.” imtinası verilmişdir. Xəstəyə təyin olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci bəndinə uyğundur. İİ dərəcəli əlillik.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, məhkəmə sorğusunun cavablandırılması və s.), o cümlədən xx.xx.2025-ci il tarixli T 104/2025 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş, işdə olan olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsləri tərəfindən verilmişdir. Bundan başqa, iddiaçıya əvvəllər əlillik (sağlamlıq imkanı sağlamlıq imkanları məhdud uşaq) təyin edilməsinə əsas olan xəstəlik ilə hazırkı xəstəlik eynidir. Ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik reabilitasiya olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli J00161754CHB nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçı sonuncu göndəriş əsasında qəbul edilmiş qərarı (xx.xx.2024) mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(120)-1067/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar