Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-632/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Salyan Rayon Yolüstü Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Salyan Rayon Yolüstü Bələdiyyəsinə qarşı “Salyan Rayon Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolu üzrə qəbul edilmiş qərarın və Salyan Rayon Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin 07 avqust 2024-cü il tarixli 09 saylı iclas qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-1507/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Salyan Rayon 1 Varlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatına az yararlı örüş torpaq sahəsindən ümumi istifadədə olmayan 50.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə satılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 №-li qərarına müvafiq olaraq "xxxx" MMC-yə satılan torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsindən xahiş edilmiş, "xxxx" MMCnin rəhbərliyinə tapşırılmışdır ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri 1 Varlı Bələdiyyəsinin "xxxx" ASC-nin Salyan rayon filialındakı hesablaşma hesabına ödəsin və ödəməsi barədə qəbzi 1 Varlı Bələdiyyəsinə təqdim etsin. DT və XK-nin Salyan rayon şöbəsindən xahiş edilmişdir ki, “Torpaqların alğı-satqı qaydaları”na əlavədə göstərilən nümunə əsasında “Torpaqların alğısatqısına dair” üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışdan görünür ki, Salyan rayonu, İ Varlı kəndində yerləşən 15.8 ha torpaq sahəsi, seriya MH ******* saylı çıxarışdan görünür ki, 9.2 ha torpaq sahəsi, seriya MH ******* saylı çıxarışdan görünür ki, 13 ha torpaq sahəsi və seriya MH ******* saylı çıxarışdan görünür ki, 12 ha torpaq sahəsi üzərində "xxxx" MMC-in mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 15.8 ha torpaq sahəsi satıcı "xxxx" MMC tərəfindən alıcı X6 2700 manata satılmışdır. xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 9.2 ha torpaq sahəsi satıcı "xxxx" MMC tərəfindən alıcı X6 1600 manata satılmışdır. xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 13 ha torpaq sahəsi satıcı "xxxx" MMC tərəfindən alıcı X6 2600 manata satılmışdır. xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 12 ha torpaq sahəsi satıcı "xxxx" MMC tərəfindən alıcı X6 2000 manata satılmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində kənd təsərrüfatı təyinatlı 15.8 ha torpaq sahəsi satıcı X7 tərəfindən alıcı X9 10.000 manata satılmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 9.2 ha torpaq sahəsi satıcı X7 tərəfindən alıcı X9 6000 manata satılmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 13 ha torpaq sahəsi satıcı X7 tərəfindən alıcı X9 9000 manata satılmışdır. xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 12 ha torpaq sahəsi satıcı X7 tərəfindən alıcı X9 8000 manata satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Salyan rayonu Birinci Varlı kəndində yerləşən 15.8 ha, 9.2 ha, 13 ha və 12 ha torpaq sahələri üzərində X8 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Salyan Rayon Varlı Bələdiyyəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-32/2-975-H-527-2024 saylı təklifdə Bələdiyyənin xx.xx.2007-ci il tarixli 10 saylı qərarının, alğı-satqı müqavilələrinin və çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi təklif edilmişdir. Salyan Rayon Varlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 09 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 3-16-32/2-975-H-527-2024 saylı təklifi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Salyan Rayon Varlı Bələdiyyəsinin qanunsuz fəaliyyəti ilə bağlı daxil olmuş vətəndaş müraciəti araşdırılarkən məlum olmuşdur ki, Bələdiyyənin (keçmiş İ Varlı Bələdiyyəsi) xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2008-ci il tarixli 1686 nömrəli “Torpaqların alğı-satqı” aktı və 4 ədəd xx.xx.2008-ci il tarixli A № 050014 (9.2 ha), A № 050011 (13.0 ha), A № 050012 (15.8 ha), A № 050013 (12.0 ha) nömrəli DTXK tərəfindən tərtib edilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində yaşayan X2 təsis etdiyi 1206-Ş5-750 nömrə ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-yə satıldığı, həmin sənədlər əsasında 50 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin hüquqlarının xx.xx.2008-ci il tarixli 250801917, 250801918, 250801919, ********* qeydiyyat nömrəli çıxarışlarla dövlət reyestrində qeydiyyata alındığı məlum olmuş və həmin torpaq sahəsi hal-hazırda X5 xüsusi mülkiyyətindədir. Salyan Rayon Varlı Bələdiyyəsinin mülkiyyətinə məxsus 50 ha örüş təyinatlı torpaq sahəsinin "xxxx" MMC-yə 8400 manata satılmasının qanunsuz olması ilə bağlı bir sıra qanun pozuntuları aşkar olunmuşdur. Belə ki, sözügedən torpaq sahələrinin satılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələbləri bələdiyyə torpaqlarının satılması qaydasına münasibətdə pozulmuşdur. Araşdırma zamanı Salyan rayonu, İ Varlı kəndində yerləşən 50 ha örüş təyinatlı torpaq sahəsinə dair Salyan Rayon keçmiş İ Varlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarının inzibati nəzarət qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş baş idarəsinə daxil olmadığı məlum olmuşdur. Müraciətlə bağlı aparılmış araşdırma zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün regional idarə tərəfindən Salyan Rayon Varlı Bələdiyyəsinə xx.xx.2024-cü il tarixli təklif verilmişdir. Salyan Rayon Varlı Bələdiyyəsi tərəfindən İddiaçınə təqdim edilmiş 07 avqust 2024-cü il tarixli 09 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, təklifin müzakirəsi barədə keçirilmiş iclasda təklifin təmin edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Qərar isə onunla əsaslandırılmışdır ki, Salyan Rayon Varlı Bələdiyyəsinin mülkiyyətində olmuş 50 ha örüş təyinatlı torpaq sahəsinin 2007-ci ildə xüsusi mülkiyyətə verilməsi zamanı qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata uyğun olaraq Salyan Rayon Varlı (keçmiş İ Varlı) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasında 01 məsələ üzrə qəbul olunmuş qərarın ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən 3-16-32/2-975-in H-527-2024 saylı xx.xx.2024-cü il tarixli təkliflə bələdiyyəyə müraciət edilmişdir. Salyan Rayon Varlı X3 3-16-32/2-975-in H-527-2024 saylı xx.xx.2024-cü il təklifini 07 avqust 2024-cü il tarixli 09 saylı iclas qərarı ilə müzakirə edərək təklifi təmin etməmiş və bununla da Bələdiyyənin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı qüvvədə qalmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilinməsi barədə dəyişiklik edilmişdir. Etirazlar: Üçüncü şəxs X10 iddiaya etirazda qeyd etmişdir ki, o, həmin torpaq sahələrinə dair 30 aprel 2024-ci ildə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlayarkən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində satıcı olan X4 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Ona görə də onun bir alıcı olaraq həmin torpaq sahələrinin X6 məxsus olmasına güvənib etibar etməsinə hüquqi əsası olmuşdur. Torpaq sahələri ilkin olaraq Bələdiyyə tərəfindən "xxxx" MMC-yə satılmış, "xxxx" MMC X6, sonuncu da ona satmışdır. Belə vəziyyətdə nəinki təkcə o, eyni zamanda X7 da vicdanlı alıcı olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-1507/2025 saylı qərardadı ilə cavabdeh əsl cavabdeh Salyan Rayon Yolüstü Bələdiyyəsi ilə əvəz edilmişdir. Məhkəmənin 27 may 2025-ci il tarixli 2-1(120)-1507/2025 saylı qərardadı (Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-1507/2025 saylı qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, qanunsuz inzibati aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətində onun ləğv olunması ilə bağlı iddia qaldırılmışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçıya poçt vasitəsi ilə göndərilmiş məhkəmə bildirişi onun (nümayəndəsi) tərəfindən qəbul edilməkdən imtina edilmiş, poçt işçisi bu barədə zərfin üzərindəki F-20-də “İmtina edilib” qeydi aparılmaqla məhkəmə bildirişini geri qaytarmışdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 137.2 və 137.4-cü maddələrinə görə ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrıayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının, cavabdehin və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin və üçüncü şəxs X4 iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxs X10 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarların ləğv edilməsi tələbi üzrə üçün qanunvericinin müəyyən etdiyi iddia müddətini buraxmışdır. Məhkəmə, həmçinin 07 avqust 2024-cü il tarixli qərara münasibətdə bildirmişdir ki, həmin qərar Bələdiyyə tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli qərara yenidən baxılmaqla onu qüvvdə saxlamışdır. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən 21 avqust 2024-cü il tarixli və 16 yanvar 2025-ci il tarixli məktublarla və məhkəmə iclasında şifahi qaydada hüquqi yardım göstərilərək, mübahisələndirilən inzibati akt üzrə iddia müddətinə riayət olunmadığı izah olunsa da, iddiaçı tərəfindən inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Salyan Rayon 1 Varlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatına az yararlı örüş torpaq sahəsindən ümumi istifadədə olmayan 50.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə satılmış, sonradan ayrı-ayrı alğı-satqı müqavilələri əsasında 50.0 ha torpaq sahəsi X6, sonuncu tərəfindən isə X1 və torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı Bələdiyyəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-32/2-975-H-527-2024 saylı təklifdə xx.xx.2007-ci il tarixli 10 saylı qərarın, alğı-satqı müqavilələrinin və çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi təklif etmişdir. Cavabdeh Salyan Rayon Varlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 09 nömrəli qərarı ilə iddiaçının təklifi təmin edilməmişdir. Kollegiya qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməyərək, hərəkətsizlik göstərərək qanunsuz hesab etdiyi inzibati aktı (qərarı) ötən illər ərzində aşkar etməmişdir. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Həmçinin, mübahisə üzrə mülki dövriyyənin sabitliyi və etimad hüququnun qorunması prinsipləri də nəzərə alınmalıdır. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Kollegiya qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti qismində Salyan Rayon 1 Varlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının ləğv edilməsi çıxış etmişdir. Digər qərar ilkin qərarın ləğvi məsələsinə baxılması nəticəsində qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Eyni zamanda, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırki iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir. Məhkəmə kollegiyası mübahisələndirilən qərardadı qüvvədə saxlayarkən həmçinin oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud məhkəmə təcrübəsini nəzərə almışdır. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1855/2024 saylı xx.xx.2024, 2-1(102)-171/2025 saylı xx.xx.2025 və 2-1(102)-846/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadları ilə (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) iddianın mümkün sayılmaması ilə bağlı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri mövcud məhkəmə təcrübəsinə görə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli 2-1(120)-1507/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.