Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-633/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddəti ötürülmüş borcun ümidsiz borc qismində silinməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “iddia müddəti ötmüş borcun şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-1612/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, "xxxx" X2 Cəmiyyəti (bundan sonra - Cəmiyyət) 5 saylı Ərazi Vergilər İdarəsində uçotdadır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cəmiyyətin xx.xx.2019-cu il tarixə 40073.06 manat vergi borcu və 4306.24 manat faiz borcu olmuşdur. Həmin borcdan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə 16541.79 manat, xx.xx.2019-cu il tarixdə 416.83 manat, xx.xx.2021-ci il tarixdə: 399.14 manat, xx.xx.2021-ci il tarixdə 908.71 manat, xx.xx.2021-ci il tarixdə 10913.37 manat, cəmi 29179.84 manat silinmə aparılmışdır. Cəmiyyət xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək Vergi Məcəlləsinin 85.4-cü maddəsinə müvafiq olaraq 12657.50 manat əsas qalıq və 6395.92 qalıq faiz borcun şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. Cavabdehin Cəmiyyətə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məsələ müsbət həllini tapmamış, məsələyə “siyahlya alınmış əmlakın satılması” ilə bağlı iddiaya mahiyyəti üzrə baxılıb qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra baxıla bilməsi vurğulanmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-396/2025 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı “xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(106)-336/2025 nömrəli qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı "xxxx" X2 Cəmiyyəti cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “12657.50 manat əsas qalıq və 6395.92 qalıq faiz borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəmiyyətin şəxsi hesab vərəqəsində xx.xx.2020-xx.xx.2024-ci il müddətinə vergilər üzrə 6479.13 manat faiz, ümumilikdə 19136.63 manat, 36434.99 manat isə vaxtı ötmüş borc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2024 tarixli müraciət edilmişdir. Həmin müraciətlərə əsasən xx.xx.2019-cu il tarixə 5 il öncə mövcud olmuş 40073.06 manat vergi borcu və 4067.69 manat faiz borcundan Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə 16.541.79 manat, xx.xx.2019-cu il tarixdə 416.83 manat, xx.xx.2021-ci il tarixdə 399.14 manat, xx.xx.2021-ci il tarixdə 908.71 manat, xx.xx.2021-ci il tarixdə 10913.37 manat, cəmi 29179.84 manat borc silinmişdir. Hesab edir ki, qalan ümidsiz borc da silinməlidir. Məsələ ilə bağlı edilmiş müraciət müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-1612/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilərək, iddiaçı "xxxx" X2 Cəmiyyətinin şəxsi hesab vərəqəsində iddia müddəti ötmüş 12657.50 AZN əsas qalıq və 6.395.92 AZN faiz üzrə qalıq borcun vergi öhdəliyinin yerinə yetirilməsi üçün 5 illik müddətin ötürüldüyünə görə ümidsiz vergi borcu hesab edillərək silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə hesab edirlər ki, 5 illik tələb etmə müddətinin bitməsi əsas gətirilərək, xüsusilə də borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi həyata keçirilməməli, lakin bu müddətdən sonra vergi borcu tələb edilməməlidir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh orqan şikayətdə 5 illik tələb etmə müddəti bitmiş vergi borcunun tələb edilməli olmamasını etiraf etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək yeni qərar çıxarılmalı, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 12657.50 manat əsas və 6395.92 manat faiz borc üzrə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə tələbetmə müddəti ötürülmüşdür və bu səbəbdən ümidsiz borc kimi silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk öncə qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı). Beləliklə, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Cəmiyyətin xx.xx.2019-cu il tarixə 40073.06 manat vergi borcu və 4306.24 manat faiz borcu olmuşdur. Həmin borcdan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə 16541.79 manat, xx.xx.2019-cu il tarixdə 416.83 manat, xx.xx.2021-ci il tarixdə: 399.14 manat, xx.xx.2021-ci il tarixdə 908.71 manat, xx.xx.2021-ci il tarixdə 10913.37 manat, cəmi 29179.84 manat silinmişdir. Mübahisələndirilən qərar üzrə birinci instansiya məhkəməsi tərəfindən VM-in 85.4-cü maddəsinə əsasən 12657.50 manat əsas və 6395.92 qalıq faiz borcu silinmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin məlumatlara əsasən həmin borc mələğindən 234.92 manat xx.xx.2020-ci il tarixdə, 23.4.92 manat xx.xx.2020-ci il tarixdə yaranmış, 40 manat maliyyə sanksiyası xx.xx.2020-ci il tarixdə tətbiq edilmiş, 234.92 manat borc xx.xx.2021-ci il tarixdə, 234.92 manat xx.xx.2021-ci il tarixdə yaranmış, 40 manat maliyyə sanksiyası xx.xx.2021-ci il tarixdə, 40 manat maliyyə sanksiyası xx.xx.2022-ci il tarixdə tətbiq edilmiş, 234.92 manat borc xx.xx.2023-cü il tarixdə, 234.92 manat xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə 234.92 manat, cəmi 1644.44 manat vergi borcu və 120 manat tətbiq edilmiş maliyyə sanksiyası qeyd edilən dövrlər üzrə yaranmışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, ümumilikdə 1644.44 manat vergi borcu, ona hesablanmış faizlər və tətbiq edilmiş 120 manat maliyyə sanksiyası üzrə VM-in 85.4-cü maddəsinə əsasən 5 il müddət keçmədiyindən həmin borclar ümidsiz borc hesab edilə bilməz və iddiaçı həmin hissədə tələbində haqlı deyildir, birinci instansiya məhkəməsi iddianı bu hissədə düzgün araşdırmamışdır. Beləliklə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - 1644.44 manat vergi borcunun, ona hesablanmış faizlərin və tətbiq edilmiş 120 manat maliyyə sanksiyasının silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-1612/2025 nömrəli qərarı qismən - 1644.44 manat vergi borcu, ona hesablanmış faizlər və tətbiq edilmiş 120 manat maliyyə sanksiyasının silinməsi hissəsində ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-633/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-633/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver