Məhkəmə qərarları › İş №2-1(106)-634/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-634/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-634/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)- 1541/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: 218 nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 37/2 nömrəli travma haqqında arayışda qeyd edilmişdir ki, “...t/x baş leytenantı İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respuplikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Mina partlayış zədələnməsi. Barotravma. Qapalı kəllə beyin travması. Sol almacıq nahiyyəsinin sıyrılmış, sol gözaltı nahiyyənin hematoması. Burun nahiyyəsinin sıyrılmış yarası” xəsarətini almışdır. xx.xx.2024-cü il tarixli 5195 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də İddiaçı aldığı travma ilə bağlı diaqnoz: F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalarla, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, T 70,0 H 93,3 H 90,3 Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. S 06.0, G 90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Y 36,2, M 79.5, L 90.5, T 01.8 Sağ kürək və sağ bazu nahiyələnin kor qəlpə yaralanmasına (xx.xx.2015) görə aparılmış yaraların İ cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı (2015) bərkimiş dəri çapıqları. Sağ kürək sümüyünün yumşaq toxumalarının yad cismi (metal qəlpə); travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi kimi müəyyən edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4870 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F 07.0.” qoyulmuşdur. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Dz,F0.7 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınan KBT) mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funkisyaların enməsi ilə, anamnezində intihar cəhdləri; Ağırlaşmalar: F.06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, S06.0 Baş beynin silkələnməsi ilə bağlı 01 iyul 2024-cü il tarixli Y00202921YNL nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 177 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi və anamnezində psixotik epizodlar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular sübut edir.” Məhkəmə sorğusuna əsasən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-28-29/2-8822/2025 nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub. xx.xx.2025-ci il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affekiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə.” Məhkəmə sorğusuna əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı əlilliyinin təyini ilə bağlı tibbi sənədləri (anket) Şirvan Şəhər Mərkəzi Xəstəxanası HMK tərəfindən F07.0, F06.3,S06.0 Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınan KBT) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, anamnezində intihar cəhdləri. Əhvalın üzvi mənşəli (affektiv) pozuntu. Baş beyin silkələnməsi" diaqnozları ilə protokollaşdırılıb Salyan Rayonlararası Psixiatriya X2 Komissiyasına təqdim edilmişdir. Təqdim edilən tibbi sənədlər əsasında xəstənin əlilliyinin təyini üçün Y00202921YNL saylı elektron göndəriş (Forma-88) yazılaraq TSEK-nın elektron altsisteminə yerləşdirilmişdir. Göndərişə TSEK tərəfindən “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir”imtina verilmişdir. Xəstəyə təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2-ci bəndinə uyğundur. İİ dərəcəli əlillik.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli xxxxxxx0002 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk dəfə 22 avqust 2015-ci il tarixdə düşmən tərəfindən minaatanlarla atəşkəsin pozulması nəticəsində xəsarət almış və bu barədə müvafiq arayış təqdim edilmişdir. Vətən Müharibəsi zamanı 02 oktyabr 2020-ci ildə mina partlaması nəticəsində “Mina partlayış zədələnməsi, barotravma, qapalı kəllə beyin travması, sol almacıq nahiyyəsinin sıyrılmış, sol gözaltı nahiyyəsinin hematoması, burun nahiyyəsinin sıyrılmış yarası” xəsarətlərini almışdır. Aldığı xəsarətlərdən getdikdə psixi vəziyyəti pisləşməyə doğru getmişdir. Belə ki, müharibədən sonra xidmət etdiyi təxminən 1 il 6 ay ərzində psixi vəziyyəti pisləşdiyi üçün dəfələrlə tibbi müayinələrdən keçmişdir. Artıq psixi vəziyyəti kəskinləşdiyi üçün onu ilkin olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirmişdilər. 24 yanvar 2023-cü il tarixdə verilmiş “Xəstəlik haqqında şəhadətnamədə” həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu qeyd edilmiş və ordu sıralarından tərxis edilmişdir. Tərxis edildikdən sonra 6 dəfə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş və 27 may 2024-cü ildə təqdim edilmiş “Xəstəlik haqqında şəhadətnamədə” onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu qeyd edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Həkim psixiatr komissiyasının rəyi ilə ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin traxması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F07.0” diaqnozu qoyulmuşdur. “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. 19 iyul 2024-cü il tarixdə müayinədən keçdikdən sonra 08 avqust 2024-cü il tarixdə ona ünvanlanmış sms-də “Diaqnoz əlillik təyin etməməsi səbəbindən” əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin qərarı əsasızdır. Əlilliyini işdə olan sübutlar təsdiq edir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınan KBT) şəxsiyyət pozuntusu, affektiv epizodlar. Tez-tez dekompensasiyalar. Koqnitiv funksiyaların enməsi ilə. Anamnezində intihar cəhdləri. Əhvalın üzvi mənşəli (affektiv) pozuntu. Mərkəzə göndərilmənin. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Şirvan şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 5195 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalarla, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsidə keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ kürək və sağ bazu nahiyələrinin kor qəlpə yaralanmasına (xx.xx.2015) görə aparılmış yaraların İ (birincili) cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı (2015) bərkimiş dəri çapıqları, sağ kürək sümüyünün yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11672/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13726/2023 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar; koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4086/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 7353/24 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasivalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-cü il tarixli 4870 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasivalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnezində evdə qaçış, ayaq səsləri eşitməsindən, əşyaları 7-ci mərtəbədən yerə atmasından, özünü atmaq istəməsindən bəhs etmişdir. Sonuncu dəfə imtina cavabı gəldikdən sonra kriz keçirdiyini bildirmişdir. Müayinə zamanı bələdliliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası canlı izlənilmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, suallara detallı cavablar vermiş, aqravasiya müşahidə edilmişdir. Aparılan müalicələr vaxtı Ketilept, Duxet, Abizol qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, şəxsiyyət pozuntusu istisna olunmur'' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-1541/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işi lazımi qaydada araşdırmayaraq, sırf ekspert rəyinə əsasən iddianı təmin etmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı və vəkili apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə 65-80 2 il nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını və vəkilini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixli 5195 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də iddiaçının aldığı travma ilə bağlı diaqnoz: F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalarla, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, T 70,0 H 93,3 H 90,3 Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 2,5 metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. S 06.0, G 90 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Y 36,2, M 79.5, L 90.5, T 01.8 Sağ kürək və sağ bazu nahiyələnin kor qəlpə yaralanmasına (xx.xx.2015) görə aparılmış yaraların İ cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı (2015) bərkimiş dəri çapıqları. Sağ kürək sümüyünün yumşaq toxumalarının yad cismi (metal qəlpə); travmanın səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi kimi müəyyən edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4870 nömrəli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə F 07.0.” diaqnoz qoyulmuşdur. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Dz,F0.7 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınan KBT) mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funkisyaların enməsi ilə, anamnezində intihar cəhdləri; Ağırlaşmalar: F.06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, S06.0 Baş beynin silkələnməsi ilə bağlı 01 iyul 2024-cü il tarixli Y00202921YNL nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 177 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi və anamnezində psixotik epizodlar (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular sübut edir.” Məhkəmə sorğusuna əsasən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-28-29/2-8822/2025 nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub. xx.xx.2025-ci il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affekiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar cəhdi ilə.” Məhkəmə sorğusuna əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı əlilliyinin təyini ilə bağlı tibbi sənədləri (anket) Şirvan Şəhər Mərkəzi Xəstəxanası HMK tərəfindən F07.0, F06.3,S06.0 Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınan KBT) şəxsiyyət pozuntusu, affektiv epizodlar, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə, anamnezində intihar cəhdləri. Əhvalın üzvi mənşəli (affektiv) pozuntu. Baş beyin silkələnməsi" diaqnozları ilə protokollaşdırılıb Salyan Rayonlararası Psixiatriya X2 Komissiyasına təqdim edilmişdir. Təqdim edilən tibbi sənədlər əsasında xəstənin əlilliyinin təyini üçün Y00202921YNL saylı elektron göndəriş (Forma-88) yazılaraq TSEK-nın elektron altsisteminə yerləşdirilmişdir. Göndərişə TSEK tərəfindən “Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir”imtina verilmişdir. Xəstəyə təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.6.2.2-ci bəndinə uyğundur. İİ dərəcəli əlillik.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi, məhkəmə sorğularının cavablandırılması və s.), o cümlədən xx.xx.2025ci il tarixli 177 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş, işdə olan olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsləri tərəfindən verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində ayrı-ayrı vaxtlarda, o cümlədən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş sonuncu 01 iyul 2024-cü il tarixli Y00202921YNL nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-1541/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar