Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-637/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması, iddia müddətinin ötürülməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(120)-180/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 33 №-li TSEK müayinə aktından çıxarışdan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 saylı Zona TSEK seriya AR 606714 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin qiymətləndirilməsi barədə elektron altsistemdən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik; xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik; tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0311003AAT05 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və Komissiyanın xx.xx.2021-cü il tarixli xxxxxxx0004 nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi, Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi” səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 13 avqust 1993-cü il tarixində İddiaçı İİ dərəcə əlilliyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Adı çəkilən şəxsin əlilliyinin müddətinin bitməsi ilə əlaqədar olaraq 31 iyul 2021-ci il tarixində ona ödənilən əmək pensiyasının ödənişi dayandırılmışdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “xx.xx.2021-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və 2003-cü ildə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dəyişdirilmiş iddia icraata qəbul edilmiş və həmin tələbə mahiyyəti üzrə baxılmışdır. İddiaçının əsaslandırması İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.1993-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, travması “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətlənmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək müddətli, xx.xx.2003-cü il tarixdən isə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin iyul ayının 08-i Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə əsasız olaraq imtina edilib kimi göstərilmişdir. Hesab edir ki, cavabdehin mövqeyi əsassızdır və ona xx.xx.2003-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş 3-cü dərəcəli müddətsiz əlilliyi elektron sistemdə bərpa edilməlidir. Əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin odlu silah yaralanması, sol ağciyərin güllə yaralanması ilə əlaqədar aparılmış cərrahi əməliyyatdan sonrakı hal.sol tərəfli dıafraqmal plevral bitişmələr.ÜİX,stabil gərginlik stenokardiyası”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2-1(120)-180/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-180/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və xx.xx.2003-cü il tarixdən 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin elektron əlillik altsistemdə xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 2015 və 2016-cı illərdə əliliyi ilə bağlı qəbul edilmiş qərarlardan məlumatlı olmuş, həmçinin əlillik dərəcəsinin 2016-cı ildə üçüncü dərəcədən ikinci dərəcəyə dəyişdirilməsindən də məlumatlı olmuşdur. Əlillik dərəcsinin dəyişməsi aldığı pensiya məbləğində də fərq yaratmışdır. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 24. Prosessual müddətlərin bərpa olunması ... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində müddətsiz əlilliyin ləğv edilərək yenidən 2015-ci il tarixdə müddətli əlilliyin təyin edilməsindən xəbərdar olmaması ağlabatan hesab edilə bilməz. Lakin o, bununla bağlı nə cavabdeh orqana, nədə ki, məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı 2003-cü il tarixli müddətsiz əlilliyinin bərpasını tələb edə bilməz. İddiaçı hazırda əlil statusunda deyildir və mübahisəli məsələ xüsusi bilik tələb etdiyindən, məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması, iddiaçıda mövcud olan xəstəliklərin dairəsinin müəyyən edilməsi və ona müddətsiz əlilliyin təyin edilməsinə əsas verib-verməməsini müəyyən etmək üçün qərardad qəbul edərək məhkəmə-tibbi ekspertizasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin iddiaçı ekspertizadan yayınaraq imtina etmişdir. Belə olan halda, iddiaçıda olan xəstəliklər müəyyən edilmədiyindən, həmçinin ona əlilliyin təyin edilməsi üçün faktiki və hüquqi əsasların mövcudluğu aşkar edilmədiyindən, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçıya xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək üçüncü dərəcəli, xx.xx.2003-cü il tarixdən isə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonradan ona təyin edilmiş müddətsiz əlillik müddətliyə çevrilərək xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcəli əlillik; xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0311003AAT05 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə əlillik vəziyyəti sonuncu dəfə qiymətləndirilmiş və Komissiyanın xx.xx.2021-cü il tarixli xxxxxxx0004 nömrəli qərarı ilə “Diaqnozun əlillik əlaməti təyin etməməsi, Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi” səbəbi ilə əlillik təyinindən imtina edilmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin müəyyən olunmuş halları ilə təsdiq olunmur. İddiaçı “xx.xx.2021-cü il tarixli xxxxxxx0004 nömrəli qərarın ləğv edilməsi və xx.xx.2003-cü il tarixdən 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin elektron əlillik altsistemdə ləğv edilən tarixdən bərpa edilməsi”ni tələb etsədə, əsl həqiqətdə onun hüquqi marağı xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli qərarların ləğv edilməsidir. Hansıki, xx.xx.2015-ci il tarixli qərarla onun müddətsiz əlilliyi müddətliyə çevrilərək 1 il müddətinə, xx.xx.2016-cı il tarixli qərarla isə əlilliyi üçüncü dərəcədən ikinci dərəcəliyə dəyişdirilərək 5 il müddətinə əlilik təyin edilmişdir. İddiaçı “xx.xx.2003-cü il tarixdən 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin elektron əlillik altsistemdə ləğv edilən tarixdən bərpa edilməsi”ni arzulayır. Bu məqsədə onun xx.xx.2021-cü il tarixli xxxxxxx0004 nömrəli qərarın ləğv edilməsi ilə çatması mümkün deyil. İddiaçıya xx.xx.2015-ci il tarixli qərarla onun müddətsiz əlilliyinin müddətliyə çevrilərək 1 il müddətinə, xx.xx.2016-cı il tarixli qərarla isə əlilliyinin üçüncü dərəcədən ikinci dərəcəliyə dəyişdirilərək 5 il müddətinə əlillik təyin edilməsi barədə qərarlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddianın mümkün sayılmamasının əsasını iddiaçının düzgün hüquqi müdafiə vasitəsinin seçilməməsi, mübahisələndirilməli olan qərarlara münasibətdə isə onun tərəfindən cavabdehin ona müddətsiz təyin edilmiş əlilliyinin müddətliyə çevrilməsi barədə xx.xx.2015 və xx.xx.2016-cı il tarixli qərarların qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə, qanunvericiliklə müəyyən edilmiş iddia verilməsi müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət olunmaması təşkil edir. Belə ki, iddiaçı tərəfindən ona müddətsiz təyin edilmiş əlilliyinin müddətliyə çevrilməsi barədə cavabdehin xx.xx.2015 və xx.xx.2016-cı il tarixli qərarları mübahisələndirilməmiş, bununla da həmin qərarların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının məhkəmə iclasında vermiş olduğu izahatı da onun 2015 və 2016-cı illərdə əliliyi ilə bağlı qəbul edilmiş qərarlardan məlumatlı olmasını təsdiq edir. Qeyd edilən məsələlər iddiaçının diqqətinə çatdırılmışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı əlil olduğunu iddia edirsə, o, əlillik təyin edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). 32. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2-1(120)-180/2025 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.