Məhkəmə qərarları › İş №2-1(106)-640/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-640/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-640/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması barədə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətdə olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2- 1(120)-373/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətdə olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi vardır. xx.xx.2022-ci il tarixli ərizə ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha torpaq sahəsi üzərində xüsusi lisenziyalı təşkilat tərəfindən çəkilmiş layihə sənədlərinə qanunvericiliyə uyğun olaraq icazə verilməsi üçün razılıq verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli 2/511 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2018-ci il tarixli 369 saylı qərarı ilə təsdiq edilmiş müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda İddiaçı tərəfindən ünvan 1 ünvanında tikiləcək qeyri-yaşayış obyekti üçün tərtib edilmiş şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi məsələsinə təkrar olaraq baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzi 06 may 2022-ci il tarixli MİHO/2.1.2-2-2022-2207 nömrəli məktubla imtina etmişdir. Məktubda göstərilmişdir ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Bilasuvar şəhərinin baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, müşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm,istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Hesab edir ki, təqdim etdiyi eskiz-layihə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi ilə müəyyən edilmiş tələblərə tam uyğundur. İmtina əsassız olmaqla formal xarakter daşıyır. İmtina Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun əsaslandırılmamışdır. Tikinti ərazisinin baş planını özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü də digər sənədlərlə birlikdə ərizəyə əlavə edilmişdir. Torpaq sahəsi 2006-cı ildən mülkiyyətindədir. Biləsuvar şəhərinin baş planı isə bundan sonra işlənilmiş və mülkiyyətində olan torpaq sahəsi baş planda nəzərə alınmamışdır. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəhərsalma əsaslandırılması layihəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanması Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən həyata keçirilir. Belə ki, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli Qərarına əsasən şəhərsalma əsaslandırılması layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aiddir. Həmin Qərarın 1.8-ci bəndinə və Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci bəndinə əsasən sifarişçinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti qoşma (əlavə) edilir. Eyni zamanda hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 2/511 nömrəli məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1 2-2-2022-2207 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında vətəndaş İddiaçı tərəfindən qeyri-yaşayış (xidmət) obyektinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması zamanı tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Biləsuvar şəhərinin baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 20.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 11.3.1-ci maddəsinə əsasən tikilməsi nəzərdə tutulan obyektin baş plana zidd olmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları” na əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərin əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Qeyd olunan səbəblərdən təqdim olunmuş şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılmışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarı Komitəyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Komitə prosesin gedişatında cavabdeh qismində işə cəlb olunsa da, Elektron Məhkəmə İnformasiya Sisteminə daxil edilməmişdir. Bu səbəbdən iş üzrə yekun məhkəmə qərarı barədə yalnız həmin qərarın icrası ilə bağlı Komitəyə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(120)-373/2025 nömrəli məktuba əsasən məlumat əldə edilmişdir. Göründüyü kimi, üzürlü səbəbdən Komitə qərardan apellyasiya qaydasında şikayət verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər Biləsuvar Rayon İcra Hakimiyyətinin və Biləsuvar Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarı icra olunması üçün 29 may 2025-ci il tarixli məktub ilə Komitəyə 09 iyun 2025ci il tarixdə daxil olmuşdur. Müddətin ötürülüb-ötürülməməsini dəqiq bilmirlər, icra ilə bağlı məktub gəldiyinə görə müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmənin diqqətini bu məsələyə yönəltməyə çalışmışdırlar ki, əgər müddət ötürülübsə məhkəmə tərəfindən üzürlü sayılsın. Məhkəmənin yekun qərarı elektron kabinetə yerləşdirilməmişdir. Mübahisələndirilən qərarın Komitəyə 28 aprel 2025-ci il tarixdə çatdırılması barədə məlumatı yoxdur. Həqiqətən də qərar Komitəyə 28 aprel 2025ci il tarixdə çatdırılsaydı, Hüquq şöbəsinin bundan məlumatı olardı. Sonda nümayəndə işdə qərarın qeyd edilən tarixdə Komitəyə çatdırılması barədə sübut varsa, həmin məsələnin araşdırılması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, məhkəmənin 26 fevral tarixli qərardadı ilə Komitə işə cavabdeh qismində cəlb olunmuşdur və qeyd olunan tarixdən sonra iş üzrə məhkəmə iclası 07 aprel 2025-ci il tarixə təyin olunmuşdur. 07 aprel 2025-ci il tarixdə cavabdeh qismində 6 iş üzrə məhkəmə iclaslarında iştirak etməli olduqlarından iş yükü ilə əlaqədar olaraq məhkəmə iclasında nümayəndə vasitəsi ilə təmsil oluna bilməmişdirlər. Hesab edilmişdir ki, işə yeni cavabdeh qismində cəlb olunduqları üçün məhkəmə iclası təxirə salınacaqdır. İş üzrə yekun məhkəmə qərarı barədə yalnız həmin qərarın icrası ilə bağlı Komitəyə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(120)-373/2025 nömrəli məktuba əsasən məlumat əldə etmişdirlər. 28 aprel tarixdə Komitəyə məhkəmənin qərarı deyil, yalnız qərarın məktubu daxil olmuşdur. Məktuba qərar əlavə edilsə idi, bu barədə qeydiyyat jurnalında qeyd aparılardı. Sonda nümayəndə müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin, qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan reyestrin üzərindəki qeyddən (möhürdən) və poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarı 22 aprel 2025-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, həmin qərar 28 aprel 2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi qaydada (poçt vasitəsi ilə) təqdim edilmişdir (iş vərəqi 135). İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarı qanuni qüvvəyə mindiyi üçün icra edilməsi üçün 29 may 2025-ci il tarixli məktubla cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarından cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayəti 08 iyul 2025-ci il tarixdə poçt xidmətinə təqdim edilmişdir. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, 07 aprel 2025-ci il tarixli 2- 1(120)-373/2025 saylı qərar 28 aprel 2025-ci il tarixdə cavabdehə rəsmi poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin qərardan 08 iyul 2025-ci il tarixdə poçt vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Halbuki, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin sonuncu günü 29 may 2025-ci il tarixində bitir. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 30 gündən gec poçt vasitəsi ilə Şirvan İnzibati Məhkəməsinə ünvanlanmışdır. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 39 gün gec verilmişdir. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı cavabdehə rəsmi qaydada 28 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edildiyindən və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 08 iyul 2025-ci il tarixdə poçt xidmətinə təhvil verildiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddət ötürülmüşdür. Məhkəmə kollegiyası cavabdehin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizədə göstərdiyi - Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarının cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə məhkəmə tərəfindən yerləşdirilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik məhkəmə aktının təqdim edilməsinin hansı qaydalarla həyata keçirilməsini tənzimləyir və cavabdehin iddia etdiyi şəkildə elektron kabineti olan şəxsə məhkəmə qərarının kabinet vasitəsi ilə deyil, poçt vasitəsi ilə təqdim edilməsinin təqdim edilmə kimi tanınmaması ilə bağlı norma yoxdur. Əksinə, bir daha qeyd edilir ki, qanunvericilk məhkəmə aktının təqdim edilməsinin hansı qaydalarla həyata keçirilməsini tənzimləyir ki, bunlardan biri də məhkəmə aktının “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasıdır. Kollegiya cavabdehin nümayəndəsinin - məhkəmə qərarından şikayət verilməsi üçün müddətin ötürülməməsi, qərardan məlumatlı olduqları vaxtdan 30 gün müddətində apellyasiya şikayətinin verilməsi və 28 aprel 2025-ci il tarixdə mübahisələndirilən qərarın deyil, yalnız qərarın məktubunun (qərarın özünün deyil) cavabdehə poçt vasitəsi ilə təqdim edilməsi ilə bağlı mövqelərinə münasibətdə bildirir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməklə, birbaşa olmasada, dolayı yolla mübahisələndirilən qərardan şikayət verilməsi üçün müddəti ötürməsini etiraf etmişdir. Axı məntiqi baxımından ötürülməyən müddətə münasibətdə buraxılmış prosessual müddətin bərpasından söhbət gedə bilməz. Əgər həqiqətən də cavbadehin nümayəndəsinin iddia edildiyi şəkildə, yəni 28 aprel 2025-ci il tarixdə mübahisələndirilən qərar deyil, yalnız qərarın məktubu cavabdehə poçt vasitəsi ilə təqdim edilmişdirsə, bununla bağlı məhkəmədən daxil olan zərf açılarkən qoşmada qeyd edilən qərarın olmaması ilə bağlı akt tərtib edilməli, səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməli və bu barədə qarşı tərəf də məlumatlandırılmalı idi. Belə bir akt tərtib edilməmiş (olsa idi məhkəməyə təqdim edilərdi), mübahisələndirilən qərarın cavabdehə poçt vasitəsi ilə təqdim edilməsi barədə məhkəmə iclasında iştirak edən nümayəndənin bundan xəbəri olmamış, yalnız qərarın təqdim edilməsi barədə poçt qəbzi ona göstərildikdən sonra növbəti məhkəmə iclasında o, qeyd edilən mövqeni sərgiləmişdir. Kollegiya cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh təşkilata xx.xx.2025-ci il tarixdə daxil olmuş sənədlərin qeydiyyat kitabındakı qeyd - “sıra

23. Şirvan İnzibati Məhkəməsi, № 2-1(120)-373/2025” ilə bağlı bildirir ki, həmin hal bir daha təsdiq edir ki, mübahisələndirilən qərar cavabdeh orqana 28 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin daxilolma sənədindən çıxarışa diqqət yetirildikdə müəyyən olunur ki, daxil olmuş sənədlərdə konkret hansı sənədin daxil olması barədə qeyd aparılmamış, yalnız işin nömrəsi qeyd edilmişdir. Məsələn, 7, 18, 20-ci sıralarda müvafiq olaraq Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi, Gəncə Şəhər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsindən sənədi daxil olması barədə qeydlər aparılmış, yalnız daxil olmuş sənədlərin iş nömrəsi yazılmış, konkret olaraq hansı sənədin daxil olması barədə qeyd aparılmamışdır. Cavabdehin nümayəndəsinin mövqeyi ilə razılaşmaq o, anlama gələr ki, cavabdeh mənafeyinə uyğun istədiyini iddia edə bilər ki, daxil olmuş sənədlərdə flan sənəd yox idi. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək bu nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə göstərdiyi dəlillər müddətin bərpası üçün əsas ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və cavabdeh müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27, 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 2-1(120)-373/2025 saylı qərarından vermiş olduğu apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar