Məhkəmə qərarları › İş №2-1(106)-643/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-643/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-643/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın satılması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli e-2-1(120)-3122/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 18876.39 manat məbləğində borcu yaranmış, iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmiş, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak - (Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən bina 5 mənzil 28) siyahıya alınmış və saxlanc üçün cavabdehə təhvil verilmişdir. Sabirabad Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 1-128 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 9 aprel 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. Məhkəmə sorğusuna əsasən 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş 04 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “ ...Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) vergilər üzrə borcu 2021-ci ilin avqust ayına ƏDV üzrə 951.10 manat və 2021-ci ilin FŞGV üzrə 12702.58 manat vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlamasından yaranmışdır və xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsində vergilər üzrə ödənilməmiş 18901.80 manat ( o cümlədən əsas vergi borcu 13626.46 manat, 5275.34 manat faiz) borcu vardır.” Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 oktyabr 2025-ci il tarixli məktubu ilə daxil olmuş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 61.2 kvadratmetr olan mənzil; ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 266.3 kvadratmetr olan fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlak üzərində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 18876.39 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təmin etmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən qanunla müəyyən edilən qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 18876.39 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirməmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli e-2-1(120)-3122/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti qərarın ləğv xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin bütün kommunal xərcləri oğluna aiddir. Pandemiya dövründə COVİD-19 virusuna yoluxmuş, bu səbəbdən iş qabiliyyətini itirdiyi üçün öhdəliyini yerinə yetirə bilməmişdir. Qeyd edilən hal fors-major hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər … 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. .. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. ... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəməlidir və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Siyahıya alınmış mənzil üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 18876.39 manat məbləğində borcu yaranmış, bildirişlə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmiş, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak - (Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən bina 5 mənzil 28) siyahıya alınmış və saxlanc üçün cavabdehə təhvil verilmişdir. Həmin mənzil üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 61.2 kvadratmetr olan mənzil; ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 266.3 kvadratmetr olan fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ daşınmaz əmlak üzərində qeydiyyata alınmışdır. Mülkiyyətdə olan 2 daşınmaz əmlakdan biri siyahıya alınmışdır. İddiaçının vergilər üzrə borcu 2021-ci ilin avqust ayına ƏDV üzrə 951.10 manat, 2021-ci ilin FŞGV üzrə 12702.58 manat vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlamasından yaranmışdır. Tələb edilən borc vergi borcu və ona hesablanmış faizlərdir. Borcdan ödəniş edilməmişdir. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə yekun məqsədə xidmət edən, bir-biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alınmışdır. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığı riayət edilməklə həyata keçirilməlidir. Siyahıya alınma barədə qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edən maraqlı şəxslər siyahıya alınma barədə qərarı mübahisələndirməklə hüquqi müdafiə imkanlarından istifadə edə bilərlər. Çünki, həmin qərar vergi ödəyicisinin əmlakları barəsində hüquqlarının müəyyən dərəcədə məhdudlaşdırılması nəticəsini yaradır. Borc üzrə siyahıya alınma barədə qərar mübahisələndiriləməmişdir. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Kollegiya tələb edilən borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmış və müəyyən edilmişdir ki, borcun yaranmasından uzun bir müddətin keçməsinə baxmayaraq, ödəniş edilməmişdir. Kollegiya hesab edir ki, borcun ödənilməsini təmin etmək üçün siyahıya alınmış əmlak Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsinə uyğundur. Vergi ödəyicisinin apellyasiya şikayətinin dəlili olan pandemiya dövründə COVİD-19 virusuna yoluxması vergi öhdəliyindən azad etmənin əsası ola bilməz. Bu səbəbdən də cavabdehin həqiqətən də pandemiya dövründə COVİD- 19 virusuna yoluxub-yoluxmaması araşdırılmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 may 2025-ci il tarixli e-2-1(120)-3122/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar