Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-647/2025 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Nəsirov Emin Valeh oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nəsirov Valeh Sədi oğlunun iştirakı ilə, İddiaçı Nəsirov Emin Valeh oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2535/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Maddi sübutların tədqiqatı haqqında 955/K nömrəli aktdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavininin 25.10.2021-ci il tarixli 7/768 nömrəli təliqəsinə əsasən 411 nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenanat Nəsirov Emin Valeh oğlundan götürülmüş qan, sidik, və tük nümunələri 26.10.2021-23.12.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə edilmiş və rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəydə qeyd edilmişdir ki, “...Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkil aminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olundu. Aşkarlanan bu maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir.” “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 11.01.2022-ci il tarixli 121 nömrəli müayinə aktından və 25.06.2023-cü il tarixli məktubdan görünür ki, Nəsirov Emin Valeh oğlunun ərizəsinə əsasən ekspress test üsulun nəticəsinə müvafiq olaraq müayinə zamanı sidiyindən narkotik maddə aşkar edilməmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş 07.02.2022-ci il tarixli 277/K saylı rəydə qeyd edilmişdir ki, “...Obyektin və maddi sübutların təsviri: Məhkəmə-kimya şöbəsinə faylın içərisində 10 ml-lik şprisdə 2 ml qan və 50 ml-lik sınaq qabında 25 ml sidik nümunəsi daxil olmuşdur....Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.” 13.02.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 411 nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Nəsirov Emin Valeh oğlunun analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 411 nömrəli hərbi hissə komandirinin 21 yanvar 2022-ci il tarixli təqdimatından görünür ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ethiyata buraxılması üçün vəsatət qaldırılmış, buna səbəb kimi Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin 955/k nömrəli aktına əsasən ondan götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi metamfetamin adlı psixotrop maddənin aşkar olunması, “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 9 nömrəli 06.04.2020-ci il tarixli qərarının 8.1-ci bəndinin (Hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddəllər qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozması göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 02.03.2022-ci il tarixli 0208 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 411-ci Aviasiya bazasının (411 nömrəli hərbi hissə) raketlərin hazırlanma mövqeyinin konservasiya-raskonservasiya qrupunun rəisi baş leytenant Nəsirov Emin Valeh oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 10.03.2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, 411 nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Nəsirov Emin Valeh oğlunun barəsində İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və inzibati icraat materialları baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə Nəsirov Emin Valeh oğlunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair iş üzrə təkrar məhkəmə-kimyəvi ekpretiza təyin edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin məhkəməyə ünvanladığı 18.07.2023-cü il tarixli 565 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzində 26.10.21-ci il tarixdə 411 №li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Nəsirov Emin Valeh oğlundan 10 ml qan, 80 ml sidik və 1q tük nümunəsi götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 955/K saylı akt tərtib edilmişdir. Aktın qeydiyyatlarına əsaslanaraq Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. 24.01.2022-ci il tarixdə 411 №li hərbi hissə komandirinin məktubu əsasında təhqiqatçı M.Əzimov tərəfindən qalan nümunələrin bir hissəsi (3 ml qan, 50 ml sidik, 1q tük nümunəsi) digər tibb müəssisəsində müayinə məqsədilə götürülmüşdür. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin arxivində saxlanılan nümunələrin qalan hissəsi 28.11.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarında qeyd olunmuş bioloji nümunə saxlanılma qaydasının tələblərinə uyğun olaraq məhv edilmişdir.” “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 1370/K saylı rəydə qeyd edilmişdir ki, “...Obyektin və maddi sübutların təsviri: Məhkəmə-kimya şöbəsində Nəsirov Emin Valeh oğlundan 20 ml qan və 60 ml sidik nümunələri götürülmüşdür... Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqtına əsasən barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.” Tərtər Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş inzibati xətaya dair iş üzrə 13.06.2022-ci il tarixli 3(098)-170/2022 saylı qərarında qeyd edilmişdir ki, “...Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallardan görünür ki, 2021-ci ilin oktyabr ayının sonlarında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsindən 411 nömrəli hərbi hissəyə həmin hərbi hissənin hərbi qulluqçusu baş leytenant Nəsirov Emin Valeh oğlunun narkotik vasitədən istifadə edib-etməməsi ilə bağlı Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib analiz nümunələri vermələri ilə əlaqədar telefonoqram daxil olmuş, 26.10.2021-ci il tarixdə E.V.Nəsirov Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə gedərək orada qan, sidik və saçından analiz nümunələri vermiş və həmin Mərkəz tərəfindən verilmiş 23.12.2021-ci il tarixli 955/K nömrəli aktla E.V.Nəsirovun qan və sidik nümunələrinin tərkibində psixotrop maddə hesab olunan metamfetamin aşkar edildiyi göstərilmişdir. Bununla əlaqədar Tərtər Hərbi prokuroru tərəfindən İXM-in 206-cı maddəisilə inzibati xətaya dair icraat başlanaraq, materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. ...İş materiallarından görünür ki, 411-li hərbi hissənin təhqiqatçısı 21 yanvar 2022-ci il tarixli qərarı ilə Nəsirov Emin Valeh oğlunun barəsində məhkəmə-kimyəvi ekspertizası təyin etmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxs tərəfindən verilmiş 07 fevral 2022ci il tarixli 277/K nömrəli ekspert rəyində Emin Nəsirovun qan və sidik nümunələrində metamfetamin aşkar olunduğu göstərilmişdir. Həmin rəyin «obyektin və maddi sübutların təsviri» hissəsində «məhkəmə-kimya şöbəsinə faylın içərisində 10 ml-lik şprisdə 2 ml qan və 50-ml-lik sınaq qabında 25 ml sidik nümunəsi daxil olmuşdur» göstərilsə də, bu nümunələrin hansı qablaşdırma əlamətlərinə görə məhz Emin Nəsirova aid olduğu, nümunələrin nə vaxt və hansı şəraitdə, kim tərəfindən götürüldüyü, habelə nümunələrin eyniləşdirilməsini təmin edən məlumatlar göstərilməmişdir. Həmin ekpertizaya təqdim olunmuş qan və sidik nümunələrinin eyniləşdirmə əlamətləri olmadığından bu nümunalərin Emin Nəsirova aid olmasına şübhələr yaranmış, bu səbəbdən məhkəmə tərəfindən təkrar kimyəvi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin 26 aprel 2022-ci il tarixli 1370/K nömrəli ekspert rəyində Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində amfetamin və metamfetamin, fenotiazin, pirazolan, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədiyi göstərilmişdir. ....Beləliklə, məhkəmə yuxarıda araşdırılmış sübutları məcmu halında qiymətləndrməklə belə nəticəyə gəlir ki, həmin sübutlarla Emin Nəsirovun psixatorp maddə olan metamfetamin qəbul etməsi inkar olunur.” Nəticədə Nəsirov Emin Valeh oğlunun əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 02 mart 2022-ci il tarixli 0208 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə səhhətində problem yaranmış və məzuniyyətdə olduğu dövrdə Bakı şəhərində yerləşən “Medera” Hospitalda sinir sistemi ilə bağlı müalicə almış, uzun müddət psixotrop və antidepresant dərmanlardan istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının 23-də digər hərbi qulluqçularla birlikdə qanda narkotik maddələrin olub-olmamasını müəyyən etmək üçün Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə müayinəyə göndərilmişdir. 2021-ci ilin yanvar ayının 8-də xidmət keçdiyi hərbi hissədə test cavabının müsbət çıxdığı ona elan olun, yanvar ayının 11-də tibbi müayinədən keçmək üçün “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsə getmiş, müayinə nəticəsində heç bir narkotik maddədən istifadə etmədiyi müəyyən edilmişdir. Bütün bu proseslərdən sonra ona elan olunan müayinənin cavabından narazı olduğunu yazılı şəkildə bildirmiş və təkrar müayinədən keçirilməsi ilə bağlı raportla müraciət etmişdir. Heç bir narkotik maddədən istifadə etməmişdir. Bununla bağlı aparılan araşdırma nəticəsində Tərtər Hərbi Məhkəməsi tərəfindən qəbul edilən inzibati xətaya dair iş üzrə 13.06.2022-ci il tarixli 3(098)-170/2022 saylı qərar ilə əməlində inzibati xəta tərkibi olmadığından barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, maddi sübutların tədqiqatı haqqında 955/K nömrəli aktdan görünür ki, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavininin 25.10.2021-ci il tarixli 7/768 nömrəli təliqəsinə əsasən 411 nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenanat Nəsirov Emin Valeh oğlundan götürülmüş qan, sidik, və tük nümunələri 26.10.2021- 23.12.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə edilmiş və rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəyə əsasən ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkil aminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. Aşkarlanan həmin maddə dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxildir. İddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasının əsasında ondan götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan metamfetamin adlı psixotrop maddənin aşkarlanması olmuşdur. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətləri, silah və sursatlara buraxılışının olması, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyü və sair baş verə biləcək təhlükəli nəticələr nəzərə alınaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etmişdir. İddiaçı narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2-1(120)-323/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən araşdırılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2- 1(106)-523/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2-1(120)-323/2024 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2535/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi, Nəsirov Emin Valeh oğlu barəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 02 mart 2022-ci il tarixli 0208 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili iddiaya etirazla eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində 2020-ci ildə səhhətində problem yarandığı üçün məzuniyyətdə olduğu dövrdə Bakı şəhərində yerləşən “Medera” Hospitalda sinir sistemi ilə bağlı müalicə almış, uzun müddət psixotrop və antidepresant dərmanlardan istifadə etməsini bildirsədə, qeyd edilən məsələ araşdırılmamışdır. Bundan başqa, iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmadığı barədə 7 fevral 2022 və 20 aprel 2022-ci il tarixli rəylər Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertizası və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən 26 oktyabr 2021-ci il tarixli rəydən müvafiq olaraq 3 ay 7 gün, 5 ay 20 gün sonra verilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.07.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22. Təklif, ərizə və şikayət hüququ Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məhkəmələrin qərarları Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra -qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, müəyyən olunur ki, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavininin 25.10.2021-ci il tarixli 7/768 nömrəli təliqəsinə əsasən 411 nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenanat Nəsirov Emin Valeh oğlundan götürülmüş qan, sidik, və tük nümunələri 26.10.2021-23.12.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə edilmiş və rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəyə əsasən iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkil aminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. İddiaçı “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsə müraciət edərək, müayinə olunmuşdur. “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsə tərəfindən verilmiş 11.01.2022-ci il tarixli 121 nömrəli müayinə aktından və 25.06.2023-cü il tarixli məktubdan görünür ki, ekspress test üsulun nəticəsinə müvafiq olaraq müayinə zamanı iddiaçının sidiyindən narkotik maddə aşkar edilməmişdir. 411 nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən iddiaçının analiz nümunələrində psixotrop maddələrinin aşkar edilməsi ilə bağlı araşdırma aparılmış, bu zaman ekspertiza keçirilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş 07.02.2022-ci il tarixli 277/K saylı rəydən görünür ki, Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Araşdırma nəticəsində 13.02.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar ilə iddiaçının analiz nümunələrində psixotrop maddələrin izlərinin aşkar edilməsi faktında cinayət hadisəsi olmadığından həmin fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 411 nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən iddiaçı barəsində araşdırma aparılarkən 411 nömrəli hərbi hissə komandiri yuxarı komandanlıq qarşısında iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ethiyata buraxılması üçün vəsatət qaldırmış, buna səbəb kimi Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin 955/k nömrəli aktına əsasən ondan götürülmüş nümunələrin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi metamfetamin adlı psixotrop maddənin aşkar olunmasını, “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 9 nömrəli 06.04.2020-ci il tarixli qərarının 8.1-ci bəndinin (Hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddəllər qəbul etməməlidirlər) tələblərini kobud şəkildə pozulmasını göstərmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 02.03.2022-ci il tarixli 0208 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 411-ci Aviasiya bazasının (411 nömrəli hərbi hissə) raketlərin hazırlanma mövqeyinin konservasiya-raskonservasiya qrupunun rəisi baş leytenant Nəsirov Emin Valeh oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 411 nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən 13.02.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildikdən sonra qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, prokuror tərəfindən 10.03.2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və qərar və inzibati icraat materialları baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarı ilə Nəsirov Emin Valeh oğlunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətaya dair işə baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, ekspertiza iddiaçıdan yeni götürülmüş qan və sidik nümunələri əsasında aparılmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 1370/K saylı rəydən görünür ki, Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqtına əsasən barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin məhkəməyə ünvanladığı 18.07.2023-cü il tarixli 565 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzində 26.10.21-ci il tarixdə 411 №li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Nəsirov Emin Valeh oğlundan 10 ml qan, 80 ml sidik və 1q tük nümunəsi götürülərək kimyaçı ekspert tərəfindən məhkəmə kimyəvi tədqiqat aparılmış və 955/K saylı akt tərtib edilmişdir. Aktın qeydiyyatlarına əsaslanaraq Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilaminlərin sintetik yolla əldə olunan nümayəndəsi olan metamfetamin adlı psixotrop maddə aşkar olunmuşdur. 24.01.2022-ci il tarixdə 411 №li hərbi hissə komandirinin məktubu əsasında təhqiqatçı M.Əzimov tərəfindən qalan nümunələrin bir hissəsi (3 ml qan, 50 ml sidik, 1q tük nümunəsi) digər tibb müəssisəsində müayinə məqsədilə götürülmüşdür. Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin arxivində saxlanılan nümunələrin qalan hissəsi 28.11.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarında qeyd olunmuş bioloji nümunə saxlanılma qaydasının tələblərinə uyğun olaraq məhv edilmişdir.” Tərtər Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş inzibati xətaya dair iş üzrə 13.06.2022-ci il tarixli 3(098)-170/2022 saylı qərarında qeyd edilmişdir ki, “...Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallardan görünür ki, 2021-ci ilin oktyabr ayının sonlarında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsindən 411 nömrəli hərbi hissəyə həmin hərbi hissənin hərbi qulluqçusu baş leytenant Nəsirov Emin Valeh oğlunun narkotik vasitədən istifadə edib-etməməsi ilə bağlı Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib analiz nümunələri vermələri ilə əlaqədar telefonoqram daxil olmuş, 26.10.2021-ci il tarixdə E.V.Nəsirov Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə gedərək orada qan, sidik və saçından analiz nümunələri vermiş və həmin Mərkəz tərəfindən verilmiş 23.12.2021-ci il tarixli 955/K nömrəli aktla E.V.Nəsirovun qan və sidik nümunələrinin tərkibində psixotrop maddə hesab olunan metamfetamin aşkar edildiyi göstərilmişdir. Bununla əlaqədar Tərtər Hərbi prokuroru tərəfindən İXM-in 206-cı maddəisilə inzibati xətaya dair icraat başlanaraq, materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. ...İş materiallarından görünür ki, 411-li hərbi hissənin təhqiqatçısı 21 yanvar 2022-ci il tarixli qərarı ilə Nəsirov Emin Valeh oğlunun barəsində məhkəmə-kimyəvi ekspertizası təyin etmiş, həmin qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxs tərəfindən verilmiş 07 fevral 2022ci il tarixli 277/K nömrəli ekspert rəyində Emin Nəsirovun qan və sidik nümunələrində metamfetamin aşkar olunduğu göstərilmişdir. Həmin rəyin «obyektin və maddi sübutların təsviri» hissəsində «məhkəmə-kimya şöbəsinə faylın içərisində 10 ml-lik şprisdə 2 ml qan və 50-ml-lik sınaq qabında 25 ml sidik nümunəsi daxil olmuşdur» göstərilsə də, bu nümunələrin hansı qablaşdırma əlamətlərinə görə məhz Emin Nəsirova aid olduğu, nümunələrin nə vaxt və hansı şəraitdə, kim tərəfindən götürüldüyü, habelə nümunələrin eyniləşdirilməsini təmin edən məlumatlar göstərilməmişdir. Həmin ekpertizaya təqdim olunmuş qan və sidik nümunələrinin eyniləşdirmə əlamətləri olmadığından bu nümunalərin Emin Nəsirova aid olmasına şübhələr yaranmış, bu səbəbdən məhkəmə tərəfindən təkrar kimyəvi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin 26 aprel 2022-ci il tarixli 1370/K nömrəli ekspert rəyində Nəsirov Emin Valeh oğlundan götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında və sidiyində amfetamin və metamfetamin, fenotiazin, pirazolan, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədiyi göstərilmişdir. ....Beləliklə, məhkəmə yuxarıda araşdırılmış sübutları məcmu halında qiymətləndrməklə belə nəticəyə gəlir ki, həmin sübutlarla Emin Nəsirovun psixatorp maddə olan metamfetamin qəbul etməsi inkar olunur.” Nəticədə Nəsirov Emin Valeh oğlunun əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam verilmişdir. İlk növbədə iddianın mümkünlüyü məsələsinə münasibətdə bildirilir ki, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2-1(120)-323/2024 nömrəli qərardadı ilə iddia müddəti ilə bağlı məsələ üzrə iddia mümkün sayılmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2-1(106)-523/2024 nömrəli qərardadı ilə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlinərək, apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2-1(120)-323/2024 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddia müddəti məsələsi apellyasiya şikayətinin də dəlili deyil. Qeyd olunan səbəblərdən iddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirilir ki, Tərtər Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş inzibati xətaya dair iş üzrə 13.06.2022-ci il tarixli 3(098)-170/2022 saylı qərarı ilə iddiaçının psixotrop maddə olan metamfetamin qəbul etməsi inkar olunmuş və bu səbəbdən məhkəmə əməldə inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati icraata xitam vermişdir. Mübahisələndirilən inzibati akt iddiaçının psixotrop maddə olan metamfetamin qəbul etməsi səbəbindən qəbul edilmişdir. Halbuki, həmin hala məhkəmə tərəfindən qiymət verilmiş və iddiaçının psixotrop maddə olan metamfetamin qəbul etməsi inkar olunmuşdur. “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, “...Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.” Məsələyə qiymət verilməsi baxımından nəzərə alınmalı olan önəmli məsələdən biri mübahisənin davam etməsinə baxmayarq, inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsi, hətta, iddiaçı 2022-ci ilin sentyabr ayında aktın mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırdıqdan və bundan inzibati orqanın məlumatlı olmasına baxmayaraq (iddiaya etiraz 04.11.2022-ci ildə məhkəməyə daxil olmuşdur), iddiaçıdan götürülmüş qalan nümunələrin 28.11.2022-ci il tarixdə məhv edilməsidir. Bununla izibati orqan mübahisə olduğu halda sübutu özü məhv etmişdir. İPM-in 14.1-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlili olan - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilməməsi məsələsi ilə bağlı qeyd edilir ki, istinad olunan norma “qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmə” halını istina edir. Hazırki mübahisə üzrə isə mübahisələndirilən əmrin qəbulu ilə bağlı qanunvericiliyin pozulması sübut olunur. Mübahisə üzrə digər tələblər ilkin tələb üzrə gəlinmiş nəticədən asılı olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin məsələlərə ayrıca qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli 2-1(120)-2535/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-647/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-647/2025
02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver