Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-65/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə ( Açar sözlər: qərarın ləğv edilməsi ) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2-1(120)-137/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya vergi orqanı tərəfindən 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş, yoxlama ilə əlavə vergi məbləği hesablanmışdır. Yekun olaraq iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilmişdir. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və qərarın verilməsi üçün göndərilən “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannamənin onun tərəfindən imzalanmadığını bildirir və 03 may 2021-ci il tarixli həmin qərarı mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, aidiyyat üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsi olan vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Eyni zamanda onun fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. 2019-cu il Gəlir Vergisi, bəyannaməsi uzrə keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır Belə ki, kameral yoxlama aparılan cari bəyannamə onun tərəfindən göndərilməmişdir. Bu xüsusat onunla sübut olunur ki, vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində, həmin arayışın vergi bəyannaməsinin onun tərəfindən cavabdeh inzibati orqana göndərilməsi əks olunmur. Bununla bağlı, dəfələrlə onun tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (indiki Dövlət Vergi Xidmətinə) 6 saylı ƏVD-nə (indiki 6 saylı Ərazi Vergilər Baş İdarəsinə bu halı şübhəsiz subut edən dəlillər təqdim etməklə şikayətlər edilmişdir, lakin bu məsələnin araşdırılması əvəzinə sonralar da onun əvəzindən elektron dəqiqləşmiş bəyannamələr də göndərilmişdir. Belə ki, onun şəxsi hesab vərəqəsində qeyd olunan xx.xx.2019-cu il tarixdə FŞGV 2019- CARİ (ARAYİŞ) və xx.xx.2019-cu il tarixdə FŞGV 2019-dəqiqləşmiş (B) bəyannamələri onun tərəfindən verilməmişdir. Yenə də bu hal xx.xx.2020-ci il tarixli bəyannamə siyahısı barədə internet vergi idarəsindən çıxarışda öz əksini tapmamışdır. Onun tərəfindən arayış və bəyannamə təqdim edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, ona qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Belə ki, mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qanunvericiliklə müəyyən edilmiş qaydada ona təqdim olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarı qəbul edərkən araşdırma zamanı elektron qaimə fakturası məlumatlarına əsasən 2019-cu il ərzində iddiaçı tərəfindən taxta materialının kub metrinin satış qiyməti 355,0 manat təşkil etdiyinə idxal məlumatlarına görə kub metrinin alış dəyəri 268,0 manata başa gəlmişdir ki, bu zaman ticarət əlavəsi 33,0 faiz təşkil etdiyi aşkar edilmiş, bu uyğunsuzluqlar guya sənədsiz mal alışı və satışı ilə məşğul olma, həmçinin guya satış dövriyyəsinin gizlədilməsi kimi qeyd edərək əsaslandırmağa çalışmışdır. Bildirilmişdir ki, iddiaçının (2017-40%, 2018-20,5%, 2019-4,3%) illər üzrə ticarət əlavələri qeyd olunub. Həmin hesabatlarda qeyd edilən ticarət əlavələri həqiqəti əks etdirir. Bunu müvafiq sənədlər təsdiq edir. Vergi orqanı tərəfindən bildirilir ki, 2019-cu ildə ölkə üzrə eyni adlı malın satışında ticarət əlavəsi 33% təşkil etmişdir. Bu müqayisəni aparan hörmətli vergi əməkdaşı, diqqət etməmişdir ki, iddiaçının satışı 2019-cu ilin 1-ci rübündə baş vermişdir. Vergi orqanı tərəfindən iddiaçının 1-ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edir ki, bütöv 2019-cu ilin nəticələri ilə ilin 1-ci rübünün müqayisəsi effektiv deyildir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, o, 2019-cu ildə sahibkarlıq fəaliyyətini dayandırdığına görə həmin dövrdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cüzi ticarət əlavəsi ilə satmışdır. Bu heç bir halda istər iqtisadi, istər hüquqi cəhətdən vergiyə cəlb edilən satış dövriyyəsinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. 2018-ci il ərzində 113641,38 manat dəyərində mal idxal edilmişdir. Göndərilən məktubda bu rəqəm səhv qeyd edilmişdir. Cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri (hesabatları, bəyannamələri) təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan onun vergidən yayınma halını təsdiq edən hər hansı halı sübut edə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Onun tərəfindən 2019-cu il üzrə fiziki şəxslərin gəlir vergisinin cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim edilmədiyi təqdirdə onun hesab vərəqəsinə xx.xx.2019-cu il tarixində FŞGV 2019 Cari (arayış) işlənmişdir. Onun tərəfindən 2019-cu il FŞGV bəyannaməsi təqdim edilmədiyi halda xx.xx.2019-cu il tarixində kimsə onun əvəzinə saxta bir imza ilə 6 Saylı Ərazi Vergilər Baş İdarəsinə arayış formasında bəyannamə təqdim etmişdir və dərhal bu bəyannaməyə Kameral vergi yoxlaması aparılmışdır. Artıq ödəmə onun şəxsi hesab vərəqəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən onun bank hesabına qoyulmuş sərəncam nəticəsində qanunsuz və əsassız olaraq bank hesabından silinmişdir. 2019-cu il Gəlir vergisi cari bəyannaməsinə əsasən keçirilən kameral vergi yoxlaması və göstərilən səbəblər tamamilə ilə əsassızdır. Belə ki, qeyd edilən bəyannamə onun tərəfindən göndərilməmişdir, əvəzindən ona aid olmayan imza ilə arayış təqdim edilmişdir. Onun tərəfindən artıq ödəminin qaytarılması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan bir sıra əsassız məktublar göndərərək, artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2021-ci il tarixli **********771600 nömrəli, vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Baş Vergilər İdarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, borclu vergi ödəyicisi İddiaçı (VÖEN **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş Vergi Bəyannaməsinin əlavəsinə əsasən hesabat dövrünün sonuna sahibliyində 209806.09 manat mal qalığı qalmışdır. Vergi ödəyicisi sahibkarlıq fəaliyyətinin 5 aprel 2019-cu il tarixdən dayandırmışdır. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən obyektin fəaliyyətini isə 11 aprel 2019-cu il tarixdən ləğv etmişdir. 2019-cu ilin yanvar-aprel ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV-siz dövriyyəsi 6843.8 manat göstərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir kimi 135666,00 manat gösərilmişdir. Halbuki 2019-cu ilin əvvəlinə 209806.09 manat mal qalığı olduğu üçün 74140,09 manat kənarlaşma yaranmışdır. Vergi ödəyicisinin sahibliyində olan mal qalığının araşdırılması zamanı obyektin ləğv edildiyi və ödəyicinin sahibliyində qalan malın olması aşkar edilməmişdir. Yaranmış kənarlaşma ilə iddiaçı tərəfindən təqdim edilmiş vergi məbləği (797,52 manat) nəzərə alınmaqla 7594,72 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2021ci il tarixli **********726300 nömrəli bildiriş göndərilmişdir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilməmişdir. Beləliklə də Vergi Məsəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya 8392,24 manat 209806.09/5*20%=8392.24) əlavə vergi məbləği hesablanmışdır. 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********771600 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq idiaçıya göndərilmişdir. Arayış və cari bəyannamənin iddiaçı tərəfindən vergi orqanına göndərilməməsi və bu xüsusatın vergi ödəyiciləri üçün yaradılmış bəyannamə siyahısı barədə internet vergi idarəsində həmin arayışın və vergi bəyannaməsinin iddiaçı tərəfindən cavabdeh inzibati orqana göndərilməsinin əks olunmaması ilə sübut olunması dəlili ilə bağlı bildiririk ki, iddia ərizəsində qeyd olunan arayış və bəyannamə iddiaçı tərəfindən poçt vasitəsi ilə vergi orqanına təqdim edildiyi üçün qeyd olunan hesabatda (internet vergi idarəsində) görsənməməsi mümkündür. Lakin sonradan təqdim olunan dəqiqləşdirilmiş bəyannamələr iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir ki, bu bəyannamələr ilə də iddiaçı tərəfindən müvafiq vergilər hesablanmışdır. Həmin bəyannamələrin iddiaçı tərəfindən təqdim edilməməsini sübut edən hər hansı bir il barəsində iddia ərizəsində qeyd edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, “Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********771600 saylı xx.xx.2021-ci il tarixli qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır”. Bildirilir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli mübahisələndirilən inzibati akt xx.xx.2021 -ci il tarixdə **********771600 nömrə ilə qanunvericiliyə uyğun olaraq elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və iddiaçı tərəfindən qeyd olunan qərar xx.xx.2021-ci il tarixdə, saat 11:05:31-də oxunmuşdur. Göründüyü kimi iddiaçının qeyd olunan, təhrif olunmuş və heç bir əsası olmayan dəlili hüquqdan sui-istifadə olaraq hakimdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bu isə yolverilməzdir və qanunvericiliyin tələblərinə birbaşa zidd hərəkətdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “Vergi orqanı tərəfindən iddiaçının 1-ci rübü üzrə satış ilin müvafiq dövrü ilə müqayisə edilmişdir. Hesab edir ki, bütov 2019-cu ilin nəticələri ilə ilin 1-ci rübunun müqayisəsi effektiv deyildir. 2019-cu ildə sahibkarlıq fəaliyyətimi dayandırdığıma görə həmin dövrdə yeni məhsul da idxal etməmiş və anbarda qalan malı tez bir zamanda pula çevirmək üçün cüzi ticarət əlavəsi ilə satmışdır. Əlavə olaraq qeyd edir ki, 2018-ci İldə 113641.38 manat dəyərində mal idxal edilmişdir”. Göstərilən dəlillərlə bağlı məlumat üçün qeyd edirik ki, iddiaçı tərəfindən xx.xx.2019-cu tarixdə təqdim edilmiş 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3.2-ci sətrində (Mallar) dövr ərzində 388276.41 manat mal alındığı, 259454.02 manat dəyərində mal satıldığı göstərilmişdir. Hesabat dövrünün sonuna 128822.39 manat mal qalığı qalmışdır. Lakin hesabatda dövrün əvvəlinə, yəni 2017-ci ilin sonuna olan 80983.70 manat mal qalığı gösətrilməmişdir. Məlumat üçün bildiririk ki, 2017ci il ərzində iddiaçı tərəfindən 694707.20 manat dəyərində mal alınmış, 613723.5 manat dəyərində mal isə satılmışdır. (128822.39+80983.70=209806.09 mal qalığı) Qeyd olunan faktlar iddiaçı tərəfindən təqdim olunan hesabatlarla təsdiq olunur. Nəticə etibarı ilə kameral vergi yoxlaması ilə əlavə 7594,72 manat (iddiaçı tərəfindən əqdim olunmuş hesabata əsasən qeyd olunan 797.52 manat vergi məbləği nəzərə alınmaqla) (209806.09/5*20%o-8392.24) vergi məbləği hesablanmışdır. Eyni zamanda bildirilir ki, iddia ərizəsində qeyd olunan “2019-cu ilin nəticələri ilə ilin 1-ci rübunun müqayisəsi” ifadəsi ziddiyətlidir və anlaşılan deyildir. İddia ərizəsində iddia tələbinin dəlili olaraq qeyd edilir ki, “Hesab edirəm ki, cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatları əsasında hesablandığını göstərməmiş, verginin baza məlumatları əsasında hesablandığını bildirsə də, həmin baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində baza məlumatları əsasında vergi ödəyicilərinə əlavə vergilərin hesablanması nəzərdə tutulmamışdır”. Qeyd olunanlarla bağlı məlumat üçün bildirilmişdir ki, iddiaçıya kameral vergi yoxlaması ilə əlavə verginin hesablanması zamanı hər hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatlarından istifadə edilməmişdir. Əlavə vergi məbləği Vergi Məsəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən iddiaçıya hesablanmışdır. Hesab edir ki, heç bir əsası olmayan dəlillərə istinad edərək iddia tələbini irəli sürmək hüququndan sui-istifadədir. Baza məlumatları dedikdə, iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar da daxil olmaqla idxalı təsdiq edən gömrük məlumatları və digər sənədlər hesab edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(120)-137/2021 saylı qərarı ilə (hakim H.N.Nəcəfov) iddia təmin olunaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında onu əsaslandırmışdır ki, “Vergi Məcəlləsinin müddəalarına görə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi vergi orqanına müvafiq bəyannaməni hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edir. Cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir”. İddiaçıya kameral vergi yoxlaması ilə əlavə verginin hesablanması zamanı hər hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və məlumat hesabatlarından istifadə edilməmişdir. Əlavə vergi məbləği Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə uyğun olaraq “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixlik 55 nömrəli qərarına əsasən iddiaçıya hesablanmışdır. Baza məlumatları dedikdə iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar da daxil olmaqla idxalı təsdiq edən gömrük məlumatları və digər sənədlər hesab edilir. Məhkəmə öz qərarında qeyd edir ki, “cavabdeh inzibati orqanın 03 may 2021-ci il ci il tarixli həmin qərarı-əlverişsiz inzibati akt yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Belə ki, həmin aktın özündə yalnız Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM -nin 38.1-ci maddələrilnə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar əlavə vergi məbləğinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericliklə (“İnzibati icraat haqqında” Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılması tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda “İnzibati icraat haqqında” Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur”. Məhkəmənin qeyd edilən dəlilinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 2-1(102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən hallar qərarlar yalnız cədvəl kimi müvafiq məbləğləri və dövrləri göstərməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslarla söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarikxli, 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən qəbul edilən əsyyar vergi yoxlamasının qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. İnzibati akt cədvəl üzrə kifayət qədər aydın və anlaşılan olmasına, ünvanladığı hüquqi şəxsi, nizama saldığı və həll etdiyi məsələləri dəqiq göstərməsinə və qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş fakt və sübutlarla əsaslandırmağına baxmayaraq məhkəmə qeyd olunan hüquq normalarını tətbiq etmişdir. Çünki məhkəmənin gəldiyi qənaət subyektiv mülahizəyə deyil obyektiv həqiqətin müəyyən olunmasına xidmət edən daxili inamına söykənməlidir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-137/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-137/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və onun nümayəndəsi və vəkilinə rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə qərar, məktublar və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Maddə 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Maddə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; Maddə 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; Maddə 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; Maddə 67.1.7. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; Maddə 67.1.9. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin 03 may 2021-ci il tarixli, **********771600 nömrəli qərarının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq müddətinə-İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) də cavab verməlidir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı iddia tələbində mübahisələndirmə haqqında iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını onunla əsaslandırmışdır ki,...“Cavabdeh vergi orqanı iddiaçıya kameral qaydada əlavə verginin hansı vergi ödəyicisi tərəfindən təqdim olunmuş uçot və hesabat məlumatların əsasında hesablandığını göstərməmiş, baza məlumatlarının əks olunduğu sənədləri təqdim etməmişdir. İnzibati orqan “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannaməyə əsasən kameral vergi yoxlaması aparmışdır ki, iş materiallarında olan 27 aprel 2022-ci il tarixli 4/461 nömrəli ekspert rəyinə əsasən həmin arayışın saxta yolla imzalandığı sübuta yetirilmişdir. Nəticə etibari ilə iddiaçının hüquqları, Vergi Məcəlləsinin və İnzibati İcraat haqqında qanunun tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqanın 03 may 2021-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, vergi ödəyicisi kimi iddiaçının fəaliyyəti xx.xx.2019-cu ildən dayandırılmış, sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə edilən obyektin fəaliyyətini isə xx.xx.2019-cu ildən ləğv etmişdir. Cavabdeh qəbul edir ki, iddiaçı fəaliyətini dayandırdıqdan sonra gəlir vergisi üzrə cari bəyannaməni xx.xx.2019-cu il tarixdə təqdim etmişdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Göründüyü kimi, iddiaçı fəliyyətini dayandırğı vaxtdan (xx.xx.2019-cu il tarixdən) 30 gün müddətində vergi orqanına bəyannamə təqdim etməsə də, cavabdeh qanunverciliyin ona verdiyi imkandan istifadə etməmiş (hərəkətsizlik göstəmiş), başqa sözlə, iddiaçı barəsində 40 manat məbləğində maliyyə sanksiyası tətbiq etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli cari bəyannamə və daha sonra dəqiqləşdirilmiş bəyannamələr üzrə cavabdeh tərəfindən kameral yoxlamalar keçirilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, “vergi öhdəliyinin yaranmaması haqqında” **********598500 nömrəli arayış formasında bəyannamədəki imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda işin birinci instansiya məhkəməsindəki icraatı zamanı iddiaçı 18 noyabr 2021-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki,...“mənim tərəfimdən vergi orqanına heç bir bəyannamə, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergi öhdəliyinin yaranması haqqında” **********5988500 nömrəli arayış təqdim edilməmişdir. Yəni həmin arayış mənim tərəfimdən tərtib edilməmiş və imzalanmamışdır, həmin arayışda olan imza mənə məxsus deyildir. Hansı ki, hazırda hesablanmış vergi həmin arayışa görə hesablanmışdır. Qeyd edirəm ki, Masallı rayonunda qeydiyyatda olmağıma baxmayaraq Bakı şəhərində yaşayıram. Ona görə də, Masallı rayonundan mənim tərəfimdən vergi orqanına hər hansı bir arayış göndərilməmişdir” (1-ci cild, i/v 217). Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən tərtib edilməmiş (imzalanmamış) “Vergi öhdəliyinin yaranması haqqında” **********5988500 nömrəli arayış kameral yoxlamaların keçirilməsinə əsas olmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24, 36.2,53.3 və 54-cü maddələri). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçıya 2019cu il gəlir vergisi bəyənnaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozmuşdur. Həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Başqa sözlə, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə 2021-ci ildə cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilməklə mübahisələndirilən qərar qəbul edilmişdir. Bundan başqa, iş materiallarından olan sənədlərdən müəyyən olunur ki, "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına əsasən iddiaçıya mübahisləndirilən qərarla vergi borcu hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, yuxarıda qeyd olunan maddələrin tələbinə görə Vergi Məcəlləsinin 67.1ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində təsbit edilmiş qaydalara əməl edilmədən əlavə vergi məbləği Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından ) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının mənfəətini birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən cavabdeh tərəfindən şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğininh esablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır.» Bundan başqa nəzərə almaq lazımdır ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Bu növ iddialarda mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Ancaq hazırkı halda cavabdeh mübahisləndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-137/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-65/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-65/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver