Məhkəmə qərarları › İş №2-1(106)-653/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-653/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-653/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-1(120)-2447/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC-nin icra orqanının rəhbəri olan zaman Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1721/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1994-cü il tarixdə Neftçala rayonu, 2-Mayak kəndində anadan olmuş və Neftçala rayonu, Kürkənd Ərazi Dairəsi, 2№-li Mayak kəndində qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1721/2023 nömrəli qətnaməsinin icrası ilə bağlı İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması ilə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli **********406200 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi isə X2r. “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, "xxxx" MMC barədə vergi orqanında olan məlumatlarda Cəmiyyətin rəhbəri kimi X3 qeyd edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmiş, cavabdeh iddiaçının tələbini təmin etməyərək bildirmişdir ki, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxmamışdır. Məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin icra orqanının rəhbəri vəzifəsindən azad olunması ilə bağlı ölkədən getmək hüququna tətbiq olunmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-12108/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Bir müddət sonra həmin Cəmiyyət fəaliyyətini dayandırmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, Cəmiyyətin dövlət büdcəsinə olan 3,08 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2046,83 manat, işsizlikdən sığorta fonduna olan 90,39 manat, İcbari Tibbi Sığorta Fonduna olan 361,55 manat olmaqla, ümumilikdə 2501,85 manat məbləğində vergi borcu yaranmışdır və buna görə də onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra, Cəmiyyətin təsisçisinə müraciət edərək onu direktor vəzifəsindən azad etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cəmiyyətdə direktor vəzifəsindən azad edildikdən sonra vergi borcunun əslində Cəmiyyətə məxsus olması səbəbindən ölkədən getmək hüququ ila bağlı tətbiq olunmuş məhdudiyyətin götürülməsi üçün xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidməti tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda ölkədən getmək hüququ ila bağlı tətbiq olunmuş məhdudiyyətin aradan qaldırılması üçün əsasların olmadığı bildirilmişdir. Bu baxımdan, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Onun vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb Cəmiyyətin icra orqanının rəhbəri olması və Cəmiyyətin vergi borcunun olması olmuşdur. Yəni, bu əsasların ikisindən birinin aradan qalxması artıq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması hesab edilməlidir. Belə qənaətə gəlmək mümkündür ki, Cəmiyyətin dövlət büdcəsinə vergi borcu olmasa idi Cəmiyyətin icra orqanının rəhbəri olsa belə onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməzdi. Digər tərəfdən Cəmiyyətin dövlət büdcəsinə vergi borcu olsa idi və həmin Cəmiyyətin icra orqanının rəhbəri olmasa idi onda onun ölkədən getmək hüququ bu əsasla məhdudlaşdırıla bilməzdi. Bu iki əsasların hər biri olduğuna görə onun ölkədən getmək hüququ məhdudlaşdırılmış, lakin hazırda Cəmiyyətin icra orqanın rəhbərliyindən çıxmış, Cəmiyyətə heç bir aidiyyəti yoxdur və Cəmiyyətin icra orqanın rəhbəri artıq başqa şəxsdir. Belə olduqda isə onun qeyd edilən Cəmiyyətin icra orqanının rəhbərliyindən çıxması nəzərə alınaraq, ölkədən getmək hüququnun məhdudlaşdırmasının götürülməsi, hazırkı direktorun isə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməli idi. Belə ki, 2 şəxsin bir rəhbər vəzifəyə görə hüquqlarının məhdudlaşdırılması qanunvericilik baxımından hüquqların kobud pozuntusu hesab edilməlidir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin hazırda borcu ümumilikdə 2754,36 manat, o cümlədən, vergilər üzrə 3,85 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 2260,34 manat, işsizlikdən sığorta haqları üzrə 92,43 manat və icbari tibbi sığorta haqları üzrə 397,74 manatdır. İddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, borc tam şəkildə ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-1(120)-2447/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin hazırda borcu ümumilikdə 2754,36 manat, o cümlədən, vergilər üzrə 3,85 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 2260,34 manat, işsizlikdən sığorta haqları üzrə 92,43 manat və icbari tibbi sığorta haqları üzrə 397,74 manatdır. İddiaçının ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məhz onun "xxxx" MMC-nin icra orqanın rəhbəri olduğu dövrdə yaranmış vergi borcu ilə əlaqədardır. Borc ödənilmədiyi üçün iddiaçının ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün əsas olan hal aradan qalxmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq qeyd olunan tarixdə səlahiyyətli nümayəndənin iştirakının mümkün olmayacağını qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kollegiya cavabdehin nümayəndəsinin “iş yükünün çoxluğu ilə əlaqədar olaraq səlahiyyətli nümayəndənin iştirakının mümkün olmayacağı səbəbindən məhkəmə iclasının təxirə salınması” barədə vəsatətə münasibətdə bildirir ki, qeyd edilən hal məhkəmə iclasının təxirə salınması üçün əsas ola bilməz. Həmin məsələ (işin təşkili) cavabdeh orqanın özünə aid olan məsələdir, məhkəmə iclasının keçirilərək işə mahiyyəti üzrə qiymət verilməsi işdə iştirak edən şəxslərin iş rejimi (yükü) ilə bağlı olan məsələ deyil. Təbii ki, məhkəmənin də işlərə vaxtlı-vaxtında baxılması ilə bağlı planlaşdırılmış gözləntisi var, o cümlədən işlərə vaxtlı-vaxtında baxılması məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək; Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3040/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda hüquqi şəxsin icra orqanının rəhbəri deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı mübahisə mahiyyət etibarı ilə MMC-nin borcuna görə iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İşin müəyyən edilmiş hallarına görə iddiaçı vergi ödəyicisi olan MMC-nin əvvəl qanuni təmsilçisi olmuş və vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərinə uyğun olaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1721/2023 nömrəli qətnaməsi ilə hazırkı iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçisi deyil, “Hüquqi şəxs haqqında məlumat”dan da görünür ki, "xxxx" MMC-nin rəhbəri iddiaçı deyil. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Halbuki, işdən göründüyü kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da cavabdehin konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasın aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 -ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq, MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Beləliklə, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi iddiaçının icra orqanının rəhbərinin olması halı hazırki işdə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi 2-1(102)-3040/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyə əsasən “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.” Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-1(120)-2447/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar