Məhkəmə qərarları › İş №2-1(106)-66/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-66/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-66/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdehin nümayəndəsi Həşimova Elmira Elmar qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1453/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 13 iyun 2023-cü il tarixli, 2- 1(120)-1453/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1995-ci il tarixinədək Salyan Elektrik Qaynaq Avadanlıqları zavodunda qaynaqçı, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər Salyan 86 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə elektrik qaynaqçısı vəzifəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən əmək kitabçasının düzgün doldurulmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Həmçinin iddiaçının pensiya hüququnun 57 yaşdan yaranması baxımından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən üç əvvəlki dövr üçün, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Cavadehin nümayəndəsi məhkəmə iclasında iddiaçının ərizəsinin təmin edilməməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtinası barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. -55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. -55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. -55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibаti Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)-1453/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar