Məhkəmə qərarları › İş №2-1(106)-660/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-660/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-660/2025 24.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qeydiyyatdan çıxarılma; iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər: X4 və X18 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 2-1(120)-2143/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Yanvar 1992-ci il tarixdə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportundan görünür ki, ünvan 8 fərdi yaşayış evinə dair X8 adına texniki pasport tərtib edilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı Füzuli rayonunun işğalına qədər və hazırda Nümayəndəliyin “Təsərrüfatbaşına” kitabında Füzuli şəhəri, N.Nərimanov küçəsi, ev 6 ünvanında təsərrüfatbaşçısı kimi qeydiyyatdadır. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Füzuli şəhəri, N.Nərimanov küçəsi, ev 6 ünvanında hazırda heç bir fərdi yaşayış evi yoxdur. 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun işğalı zamanı Füzuli şəhərindəki evlər dağıdılmış və məhv edilmişdir. Hal-hazırda həmin evdə yaşayış yoxdur. X13 və X30 həmin evdə daimi qeydiyyatdadırlar, lakin yaşayış yoxdur. Tərəfimizdən 04 mart 2025-ci il tarixli arayışımızda da İddiaçı təsərrüfatbaşçısı olması qeyd olunmuşdur. Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Təsərrüfatbaşına” kitabının kitab 4, səhifə 33-də təsərrüfatbaşçısı kimi qeydə alınmışdır. 1990-1993-cü illərə aid Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Təsərrüfatbaşına” kitabları işğalla əlaqədar olaraq işğal zonasında qaldığı üçün xilas edilə bilməmişdir. Həmin illərdə təsərrüfatda kimlərin olması haqqında məlumat yoxdur. 2010- 2018-ci illərdə “Təsərrüfatbaşına” kitablar arxivə təhvil verilmişdir. 2018-ci ildən təsərrüfatbaşına kitablar elektronlaşdırılmışdır. ... Qeyd: X30 xx.xx.2009-cu il tarixdə ünvan 2 ünvanına İddiaçı keçmiş həyat yoldaşı 2019-cu il tarixədək Füzuli şəhərində daimi qeydiyyatda olan, hal-hazırda isə Füzuli rayonu, Aybasanlı kəndində daimi qeydiyyatda olan X5 ərizəsinə əsasən daimi qeydiyyata alınmışdır.” “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək mümkün olmadı.” Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...X4 və X18 ünvan 4 ünvanına qeydiyyata düşmələrinə səbəb olan sənədlərin saxlanma müddəti 5 il olduğu üçün həmin sənədlər yandırılaraq məhv edilmişdir. ünvan 4 ünvanında hal-hazırda qeydiyyatda olan X14, X15, X2, X16, X9, X19, X22, X10, X6, X20, X11, X23, X21, X24 və X1 qeydiyyatdadırlar. Siyahıda adları göslərlən şəxslərin valideynləri işğaldan əvvəl həmin ünvanda qeydiyyatda olduqları üçün onların övladları və nikahla gələn gəlinlər ailə başçısının ərizəsi əsasında ünvan 4 ünvanına qeydiyyata alınıblar.” “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 38/7979 nömrəli arayışdan, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan və nikah haqqında arayışdan görünür ki, iddiaçı və üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatdadılar, üçüncü şəxslər arasında xx.xx.2009-cu ildə nikah qeydə alınmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...DİN-nin xx.xx.2010-cu il tarixli 550 №-li əmrin 2.5-ci bəndinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respblikası Qanununa əsasən vətəndaş başqa ünvana qeydiyyata alındıqdan sonra bildiriş əsasında və ya məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Odur ki, ərizədə göstərilən vətəndaşların qeydiyyatdan çıxarılmaları üçün özləri şəxsən müraciətləri əsasında başqa ünvana qeydiyyata alındıqdan sonra və ya məhkəmə qətnamasi alındıqdan sonra həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına baxılacaqdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “üçüncü şəxslər: X4 və X18 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı ona məxsusdur. Həmin ev ona mərhum atası X7 qalmış, onun vəfatından sonra həmin ünvanda ailə başçısı kimi qalmışdır. Ona məxsus olan və qeydiyyatda olduğu ünvana xəbəri olmadan övladı X13 və onun həyat yoldaşı X31 qeydiyyata düşmüşdülər. Cavabdehə üçüncü şəxslərin qeyd edilən ünvandan qeydiyyatdan çıxarılması barəsində müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Cavabdehin imtinası əsassızdır. X31 daimi olaraq yaşadığı və qeydiyyatda olduğu işğal altında olmayan Füzuli rayonu, Bala Bəhmənli kəndindən qeydiyyatdan çıxarılaraq işğal altında olan ona məxsus ünvan 4 ünvanına razılığı olmadan qeydiyyata düşmüşdür. xx.xx.2009-cu ildən xx.xx.2019-cu ilə qədər ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək 1 ay müddətində Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmuş və həmin müddətdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin və üçüncü şəxsin etirazları: Cavabdehin iddiaya dair münasibəti məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X30 məhkəməyə yazılı şəkildə müraciət edərək bildirmişdir ki, iddiaçı ünvan 4 ünvanı ilə bağlı subyektiv hüquqa malik olmayan şəxsdir. Həmin qeydiyyatın aparıldığı ünvanda daşınmaz əmlak mövcud deyil. İddiaçı həmin daşınmaz əmlaka münasibətdə hər hansı hüquqmüəyənedici sənədə malik deyil. O, qeydiyyatda olan şəxslərlə bərabər hüquq və səlahiyyətlərə malikdir. Qeydiyyatda olan şəxslərin hər hansı birinə münasibətdə üstün səlahiyyəti yoxdur. Daşınmaz əmlak məhv olunduğundan istifadə imkanına əsaslanaraq hər hansı tələbin irəli sürülməsi yolverilməzdir. Üçüncü şəxs iddianın mümkün sayılmamasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 2-1(120)-2143/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin yerləşdirilməsi zamanı qeydiyyatda olan şəxslərin sayı nəzərə alınır və onların mənzilə təminatı həyata keçirilir. Üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olması onun onlarla eyni mənzillə təmin olunmasına səbəb olacaqdır. Bu səbəbdən də üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia tələbi müəyyən məqsəd güdür. İşdə olan sənədlərə əsasən X3 həyat yoldaşı 2019-cu il tarixədək Füzuli şəhərində daimi qeydiyyatda olan, hazırda isə Füzuli rayonu, Aybasanlı kəndində daimi qeydiyyatda olan X5 ərizəsinə əsasən daimi qeydiyyata alınmışdır. Onunla keçmiş həyat yoldaşı arasında olan nikaha Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2004-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Nikahlarına xitam verilən zaman məhkəmə qətnaməsində keçmiş həyat yoldaşının onunla hər hansı əmlak üzərində birgə mülkiyyət hüququnun olmasına dair heç bir müddəa olmamışdır. Yəni, birgə nikahlarına xitam verilərkən L.Behbudova ilə birgə mülkiyyətlərində heç bir əmlak olmamış və ona məxsus olan heç bir əmlakda keçmiş həyat yoldaşının payı olmamışdır. Birgə nikahlarına 2004-cü ildə xitam verildiyindən 2009-cu ildə keçmiş həyat yoldaşı L.Behbudovanın kimisə (eləcə də üçüncü şəxs Z.Babayevə) ünvan 4 ünvanına qeydiyyata salmağa razılıq verməyə səlahiyyəti olmamışdır. Subyektiv hüququ olmayaolmaya L.Behbudova onun təsərrüfat başçısı kimi çıxış etdiyi ünvana kiminsə qeydiyyata düşməsinə razılıq verə bilməzdi. Cavabdeh qanunsuz olaraq keçmiş həyat yoldaşı L.Behbudovanın razılıq ərizəsi əsasında üçüncü şəxs Z.Babayevi ünvan 4 ünvanına qeydiyyata almışdır. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 mart 2025-ci il tarixli arayışına əsasən Nümayəndəliyin təsərrüfatbaşına kitabında ünvan 7 ünvanında təsərrüfat başçısı kimi o, qeydiyyata alınmışdır. Həmçinin, Nümayəndəliyin 07 may 2025-ci il tarixli arayışına əsasən “Təsərrüfatbaşına” kitabında kitab 4, səhifə 33-də ünvan 7 ünvanında təsərrüfat başçısı kimi o, qeydiyyata alınmışdır. Eləcə də, “Ev Təsərrüfatlarının uçotu” kitabından əldə etdiyi müvafiq elektron çıxarışdan da göründüyü kimi təsərrüfat üzvlərinin siyahısında “Təsərrüfat başçısı” qismində onun adı qeyd edilmişdir və Z.Babayevin (eləcə də onun həyat yoldaşının) adı ümumiyyətlə ailə üzvləri sırasında yoxdur. 2009-cu ildə ünvan 7 ünvanında heç bir mənzil və ya daşınmaz əmlak olmamışdır və belə olan halda Z.Babayevin həmin ünvana qeydiyyata düşməsi qanuni ola bilməzdi. Əgər qeyd edilən ünvanda daşınmaz əmlak yoxdursa, onda o və digər ailə üzvləri (yetkinlik yaşına çatmayan uşaqları) hansı əsasla mövcud olmayan daşınmaz əmlakda yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar? ünvan 7 ünvanında həqiqətən də fərdi yaşayış evi mövcud olmuş və mərhum atası Şirin Həsənovun mülkiyyətində olmuşdur. Lakin, işğalla əlaqədar olaraq Füzulu rayonunda yerləşən daşınmaz əmlaklara dair arxiv materiallar məhv olduğundan hazırda həmin əmlakın mərhum atasının mülkiyyətində olması ilə bağlı heç bir məlumat yoxdur. Mərhum atası ölümündən əvvəl evin kiçik övladı olduğu üçün onunla birgə yaşamış, onun himayəsində olmuş, bütün müalicə xərcləri, eyni zamanda bütün dəfn xərcləri də tərəfindən qarşılanmışdır. Atasına məxsus olan əmlakda yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Digər qardaşları və ya bacıları nə mirasın qəbulu barədə notariat orqanına ərizə vermiş, nədə mirası faktiki qəbul etmişlər. Bütün bu hallar onun ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı yeganə vərəsə olduğunu sübuta yetirir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, övladı X13 əvvəldən ünvan 7 ünvanında qeydiyyaytda olmuşdur. X30 isə 2009-cu ildə qeydiyyata düşmüş, 2012-ci ildə təxminən 1 aylıq qeydiyyatdan çıxmış, sonradan yenidən qeydiyyata düşmüşdür. Onun həmin ünvanda qeydiyyatda olmasından məlumatı olmamışdır. 2009-cu ildə yenidən ailə həyatı qurduğu üçün övladı X13 ilə münasibətləri pisləşmişdir. Ona görə istəyir ki, övladı və kürəkəni həmin ünvandan qeydiyyatdan çıxsınlar. Sonda İddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vMaddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarı: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mövcud olmayan daşınmaz əmlakdan formal olaraq şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsi baxımından qanunvericiliyin güddüyü məqsədə mütənasib hesab edilə bilməz. Hazırki halda iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, üçüncü şəxslərdən X13 iddiaçının övladı, X30 isə kürəkənidir. Vaxtı ilə ünvan 8 fərdi yaşayış evi faktiki olaraq mövcud deyil. Təbii ki, belə vəziyyətdə orda yaşayış da yoxdur. Qeyd edilən evə dair iddiaçının atası X8 adına yanvar 1992-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasport tərtib edilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına görə İddiaçı Füzuli rayonunun işğalına qədər və hazırda Nümayəndəliyin “Təsərrüfatbaşına” kitabında Füzuli şəhəri, N.Nərimanov küçəsi, ev 6 ünvanında təsərrüfatbaşçısı kimi qeydiyyatdadır. Üçüncü şəxslərin qeyd edilən ünvana qeydiyyata alınmaya əsas olan sənədlər məhv edilmişdir. İddiaçının övladı X13 işğala qədər qeyd edilən ünvanda yaşamış və orda qeydiyyatda olmuş, 2009-cu ildə X30 ilə evlənmiş və sonuncu da həmin ünvana qeydiyyata düşmüşdür. İddiaçı və üçüncü şəxslər qeyd edilən ünvanda qeydiyyatdadılar. Cavabdeh iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılma ilə bağlı müraciətindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Hazırkı işə münasibətdə üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olmaları iddiaçının hər hansı hüququnu pozmur. İddiaçı bununla bağlı apellyasiya şikayətində “işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin yerləşdirilməsi zamanı qeydiyyatda olan şəxslərin sayının nəzərə alınmasını və üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olması onun onlarla eyni mənzillə təmin olunmasına səbəb olmasını” göstərsədə, həmin məsələnin qeyd edilən şəkildə tənzimlənməsi ilə bağlı normativ-hüquqi akt yoxdur və inandırıcı deyil. Belə ki, ayrı-ayrı ailənin eyni ünvanda qeydiyyatda olmaları və onlara gələcəkdə qeyd edilən formada (bütün ailələrə yalnız qeydiyyat məsələsinə görə birgə 1 mənzil verilməsi, ümumiyyətlə mənzilin yalnız qeydiyyata görə verilməsi) mənzil verilməsi ağlabatan deyil. Həmin məsələ ilə bağlı sonradan iddiaçı məhkəmə iclasında bildirmişdir ki, “...2009-cu ildə yenidən ailə həyatı qurduğu üçün övladı X13 ilə münasibətləri pisləşmişdir. Ona görə istəyir ki, övladı və kürəkəni həmin ünvandan qeydiyyatdan çıxsınlar. “ Həmçinin, nəzərə alınmalıdır ki, ünvan daşınmaz əmlaka görə verilir. ünvan 8 fərdi yaşayış evi faktiki olaraq mövcud deyil. Hazırki vəziyyətidə həmin əmlak üzərində iddiaçının hüququnun qeydiyyatı, həmin əmlaka gözlənti hüququnun olması da mümkün deyil. Belə ki, iddiaçı atasının və ya özünün həmin əmlaka münasibətdə hər hansı hüquqla hüququnun qeydiyyatını tələb edəsi olsa idi, əmlakın məhv olması əsası ilə imtina ediləcəkdir. Məhv olmuş əmlaka hüququn qeydiyyatından söhbət gedə bilməz. Bundan başqa, hətta həmin əmlak mövcud olmuş olsa idi belə, həmin əmlaka münasibətdə vərəsəlik məsələsi ortaya çıxardı. Bununla bağlı isə iddiaçının notariusa müraciəti olmamışdır. Olmuş olsa idi belə, əmlakın olmamasına görə həmin əmlaka münasibətdə vərəsəlik müəyyən edilə bilməzdi. Bundan başqa, kollegiya qeyd edir ki, olmayan fərdi yaşayış evinə dair ünvana şəxsin qeydiyyata alınması cavabdehin qanunsuz hərəkəti nəticəsində olmuş olsa belə, bu onun həmin ünvandan qeydiyyatdan çıxarılmasının əsasını təşkil edə bilməz. İşin araşdırılması nəticəsində üçüncü şəxlərin ünvan 4 ünvanına qeydiyyata düşmələrinə səbəb olan sənədlər məhv edildiyi üçün onların qeyd edilən ünvana hansı sənədlər əsasında düşməsini müəyyən etmək olmamışdır. Füzuli Rayon İcra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəxsi hər hansı ünvana qeydiyyata alan və qeydiyyatdan çıxaran orqan olmadığı üçün həmin məsələ ilə bağlı onun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmiş məlumatlar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 2-1(120)-2143/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar