Məhkəmə qərarları › İş №2-1(106)-662/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-662/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-662/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2-1(120)-727/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1709 nömrəli qərarında qeyd edilmişdir ki, “...Yardımlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin aprel ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - Diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDXnin Yardımlı rayon bölməsinin xx.xx.2018-ci il tarixli 792 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 792 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 555 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin travmatik, xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə bağlı xx.xx.2023-cü il tarixli S00125393CYN nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyəti orta ağırdır. Bələdliyi vaxta görə zəif, qalan istiqamətlərdə qorunur. Zahirən narahatdır, əsəbidir, gərgin və səbrsizdir. Bir yerdə qərar tutmur. Kontakta həvəssiz girir. Verilən suallara narazı halda cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosiaları davamsızdır, qeyri-sabitdir. Qıcıqlanma qabiliyyəti yüksəkdir. Söhbət əsnasında əsəbiləşir. Konfiliktə girir. Dava-dalaş salır. Münasibət məsafəsi gözləmir. Qeyri-iradi hərəkətlər edir. Davranışları psixopatabənzərdir. Yaddaşı zəifdir. Təfəkkürü müfəssəldir. Tənqidi münasibəti formaldır.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərar ilə “İmtina edilib: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətrafl: Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8420 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2023-ci il tarixdə t.e.d.professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8, Kəkələmə F98.5 kimi müəyyən edilmişdir.” “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 710/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı XBT 10 kodu ilə “F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F07.8 Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” isə əsas xəstəliyinin ağırlaşması hesab edilir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər. Xəstəliklər tam reabilitasiya olunmurlar.” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüqiqi şəxsin xx.xx.2025-ci il tarixli 318 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu F.07.0” aşkar edilir. Travma hərbi xidmət dövründə alınmışdır. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin nəticələri ona müvafiq diaqnozun təyin olunması üçün kifayət edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xxxxxxx0003 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı RHK tərəfindən 1993-cü il tarixdə hərbi xidmətə çağırılmış, döyüş zonasında xidmət edərkən 1994-cü ilin aprel ayında odlu silah mərmi partlamasından başın alın nahiyyəsindən bir ədəd, sağ qaşın tüklü hissəsindən bir ədəd, sol qaşın quyruq hissəsindən bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthindən yaralaraq xəsarət almışdır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən həmin xəsarətlərin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiqini tapmışdır. Həmin vaxtdan da müalicələr almaqla getdikcə vəziyyəti daha da ağırlaşmış və hər il müalicə almışdır. Hazırda da baş-beyin travması aldığına görə onda şəxsiyyət və davranış pozuntuları, eyni zamanda yaddaş zəifliyi vardır. Ona “Psixi Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsin 06 dekabr 2023-cü il tarixli rəyi ilə baş beyin travması xəstəliyi nəticəsində yaranan “üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8 kəkələmə F08.5” diaqnozu qoyulmuşdur. Əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hesab edir ki, işdə olan sənədlər ona əlillik təyin edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdeh iddiaya etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir, səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin V00060456RİF nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1 - 14305/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1709 nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, baş gicəllənməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 7-8 ildir vəziyyətinin pisləşdiyini, son 4 ildir ki, kəkələməyə başladığını, əsəbləşdikdən sonra ağlayaraq özünə gəldiyini bildirmiş, qıcolmalarının olduğunu, özünə gəldikdən sonra dərman qəbul edərək yatdığını geyd etmişdir. Müayinə zamanı təpə, sağ baldırın orta 1/3-nin ön səthində çapıq toxuma izlənilmiş, asağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Təqdim olunmuş hərbi qərarda kəllə-beyin travması geyd olunmamış, baş-beynin instrumental müayinəsinin (MRT) nəticəsi posttravmatik patologiyanı təsdiqləməmişdir. Psixi statusunda kövrəklik, kəkələmə müşahidə edilmiş, hazırkı vəziyyəti ifadə olunmuş emosional labil-astenik əlamətlər kimi qiymətləndirilmiş, lakin müalicə müddətinin yetərsizliyindən və müalicə potensialının tükənmədiyini nəzərə alıb müvafiq qərar alınmışdır kimi qeyd olunmuş, xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik ilə əlaqədar müalicənin davam etdirilməsi barədə qərar qəbul edilsin. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrılar, kəskin başağrıları, əsəbilik, yaddaşsızlıq, 3 ildir nitqində problem olmasından şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Klonozepam” qəbul etdiyini bildirmiş, yaddaşlızıqdan şikayətlənsə də, xx.xx.2023-cü il tarixində əyani müayinə zamanı hansı həkim ekspertin onu müayinə etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş beynin instrumental müayinə (MRT) nəticəsinə əsasən kəllə-beyin travması təsdiqlənməmiş, yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmişdir. Həmçinin, təqdim olunmuş tibbi müayinə və müalicə sənədlərdə nitqində olan kəkələməni izah edə biləcək məlumat qeyd olunmamışdır. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahiri normal, həyəcanlı, simulyasion xararkterli davranış nümayiş etdirmişdir. Ünsiyyətə çətinliklə, kəkələyərək daxil olmuş, intellektual amnestik funksiyaları yaşına və sosial məişət şəraitinə uğun olmuş, diqqəti və yaddaşı pozulmamış, əllərinin iç səthində qabarlar müşahidə edilmişdir. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Müayinə zamanı sağ baldırın orta 1/3-də, sağ qaşında və təpə nahiyələrində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli 0419560/2020 nömrəli çıxarışında diaqnoz baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının xx.xx.2022-ci il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sol mastoid hücrələrdə diffuz ödem və bununla yanaşı əsas cibin qonşuluğunda solda yumşaq toxuma proyeksiyasında ödem qeyd edilir (mastoidit, evstaxit əlamətləri). Hər iki maxillar sinusda mukozal qalınlaşma geyd edilir. Sol maxillar sinusu subtotal əhatə edən 35x20 mm retension kist qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və qenisliyi artmışdır (minimal kortikal atrofiya). Beyinin hər iki yarımkürəsində, təpə paylarında subkorlikal millimetrik FLAİR rejimində hiperintensiv ocaqlar aşkar olunur (gliotik ocaqlar) kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2-1(120)-727/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8420 nömrəli mütəxəssis arayışına əsaslanaraq şəxsdə diaqnozun və ağırlaşmaların olduğu qənaətinə gəlmişdir. Mütəxəssis rəyi sübut hesab olunmur. Şəxsdə olan diaqnozun ağırlaşmaların müəyyən olunması sırf ekspert tərəfindən əyani müayinə nəticəsində müəyyən oluna bilərdi. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertizası və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 710/2024 nömrəli ekspert rəyinə də qeyd edilmişdir ki, “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından şəxsin hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyil. Göründüyü kimi, ekspert əyani müayinə keçirə bilməmiş və şəxsdəki diaqnozu müəyyən etməmişdir. O, sadəcə iş materiallarında olan arayışlara əsasən diaqnozu müəyyən etmişdir. Ekspertin əyani müayinə keçirmədən şəxsdə olan diaqnozu müəyyən etməsi ekspert rəyinin əsaslı olmadığını göstərir. Mübahisələndirilən qərar ilə məhkəmə inzibati orqanın orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları” üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası 7.6.2. nəticəsində yaranan digər üzvi mənşəli F07.8 şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1709 nömrəli qərarı ilə iddiaçının aldığı travma Diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, sol qaşın quyruq hissəsində bir ədəd, sağ baldırın orta 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar”, səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kiimi qiymətləndirmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin travmatik, xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə bağlı xx.xx.2023-cü il tarixli S00125393CYN nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyəti orta ağırdır. Bələdliyi vaxta görə zəif, qalan istiqamətlərdə qorunur. Zahirən narahatdır, əsəbidir, gərgin və səbrsizdir. Bir yerdə qərar tutmur. Kontakta həvəssiz girir. Verilən suallara narazı halda cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosiaları davamsızdır, qeyri-sabitdir. Qıcıqlanma qabiliyyəti yüksəkdir. Söhbət əsnasında əsəbiləşir. Konfiliktə girir. Dava-dalaş salır. Münasibət məsafəsi gözləmir. Qeyri-iradi hərəkətlər edir. Davranışları psixopatabənzərdir. Yaddaşı zəifdir. Təfəkkürü müfəssəldir. Tənqidi münasibəti formaldır.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərar ilə “İmtina edilib: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətrafl: Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8420 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2023-ci il tarixdə t.e.d.professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin travması xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə F07.8, Kəkələmə F98.5 kimi müəyyən edilmişdir.” “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 710/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı XBT 10 kodu ilə “F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, F07.8 Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan üzvi mənşəli ifadə olunmuş şəxsiyyət və davranış pozuntusu, yaddaş zəifliyi ilə” isə əsas xəstəliyinin ağırlaşması hesab edilir. Belə xəstəliklərə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər. Xəstəliklər tam reabilitasiya olunmurlar.” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüqiqi şəxsin xx.xx.2025-ci il tarixli 318 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma mənşəli) şəxsiyyət pozuntusu F.07.0” aşkar edilir. Travma hərbi xidmət dövründə alınmışdır. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin nəticələri ona müvafiq diaqnozun təyin olunması üçün kifayət edir.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 710/2024 nömrəli və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüqiqi şəxsin xx.xx.2025-ci il tarixli 318 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş, işdə olan olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsləri tərəfindən verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində ayrı-ayrı vaxtlarda, o cümlədən Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli S00125393CYN nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçı barəsində əlillik təyin edilməsindən imtina edilməsi ilə bağlı bir neçə qərar (xx.xx.2023, xx.xx.2023, məhkəmə qərardadına əsasən müayinə olunduqdan sonra xx.xx.2024) qəbul edilsədə, sonuncu göndəriş əsasında qəbul edilmiş qərar mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2-1(120)-727/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar