Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-663/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Masallı Rayon Mənzil İstismar sahəsi) “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-1642/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Masallı Rayon İcra Hakimiyyətinin 259 №-li xx.xx.2021-ci il tarixli İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1-də ümumi sahəsi 51,7 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamı ilə İddiaçı İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nin 20.3 və 21-ci maddələrini rəhbər tutuaraq qərara alınmışdır: İddiaçı xüsusi mülkiyyətində olan, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31, 1-ci mərtəbə, mənzil 37-də yanğın təhlükəsizlik qaydalarını, sanitar-gigiyena və “Ətraf mühtin mühafizəsi haqqında” Qanunun tələblərini gözlənilmək şərti ilə ümumi sahəsi 51.7 kv.m olan mənzilin 47.5 kv.m sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilsin. İddiaçı tapşırılsın ki, binanın fəsadında əlavə konstruktiv dəyişikliyə yol verilməsi şərti ilə qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulan hissəyə sərbəst gediş-gəlişin qurulmasını, ətraf yaşıllıq ərazinin abadlaşdırılmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bildiriş” vətəndaşa təqdim edilsin. İddiaçı tapşırılsın ki, qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərini mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə həyata keçirsin və Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qəbul aktının alınmasını və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmasını təmin etsin. Sərəncamın icrasına nəzarət Masallı RİHB-nnin birinci müavininə, aparatın Memarlıq və tikinti şöbəsinə və Rayon Mənzil İstismarı Sahəsinin rəhbərliyinə həvalə edilsin. Masallı Rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişində göstərilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.m olan mənzilin 47,5 kv.m sahəsinin iaşə xidməti məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq: 1. Sahənin: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə aşağıdakı işlərin müəyyən edilmiş qaydada aparılması şərtilə keçirilməsi; Masallı şəhəri, Cabbarlı küçəsi, bina 31, mənzil 37də binanın fəsadənda heç bir konstruktiv dəyişiklik etmədən eyvan hissəsindən obyektə giriş üçün relyefə uyğun pilləkən qurulmalı və mövcud piyada səkisinə qədər olan hissədə beton tavacıqlardan istifadə etməklə gediş-gəliş yolu qurmalı, ətraf ərazidə yaşıllıq qorumalıdır. 2. Qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işləri mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl edilməklə həyata keçirilsin. Keçirilmiş sahə qeyri yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə riayət edilsin. Masallı Rayon Mənzil İstismar sahəsinin 5-16-66-40/2-22/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı şəhəri, C.Cabbarlı küçəsi, 31 saylı bina Masallı Rayon Mənzil İstismar sahəsinin balansındadır. Lakin binanın mərtəbəli planı müəssisənin arxivində aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın **********24 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər tam şəkildə təqdim edilməmişdir. Mənzil Məcəlləsinin 21.9cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qeyri-yaşayış sahəsinə dair qəbul komissiyasının qəbul aktı təqdim olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı sifarişi əsasında “X2” MMC tərəfindən trətib olunmuş 104 №-li xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31 ünvanında yerləşən 37 saylı mənzil faktiki olaraq mənzil kimi istifadə olunur. Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31 ünvanında yerləşən 37 saylı mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadə olunmasını Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Sözügedən mənzilin yerləşdiyi binanın dayanıqılığı nəzərə alınaraq, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün, eyvanın pəncərə boşluğundan çölə açılması nəzərdə tutulan qapı ətrafındakı tikililərə, eləcə də binanın dayanıqlılığına hər hansı bir təhlükə yaratmır. Bu onunla izah olunur ki, həmin sahə binanın konstruktiv baxımdan açıq tipli eyvan olub, sonradan kənarları hörülərək həmin sahəyə pəncərə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində 31 saylı evdə yerləşən ümumi sahəsi 51.7 kv.m olan 1-ci mərtəbədə yerləşən 37 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 259 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilməsi üçün planda nəzərdə tutulmuş qaydada işlər aparılmışdır. Yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı mövcud tikinti normalarına və təhlükəsizlik qaydalarının tələblərinə əməl edilmişdir. Mənzildə aparılmış işləri yekunlaşdıraraq qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Qeyri-yaşayış sahəsinə qəbul aktının verilməsi üçün xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinə və xx.xx.2024-cü il tarixdə FHNnin X4 rəsmi qaydada müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-1642/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-1642/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyətdə olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı plandankənar heç bir iş görülməmişdir. Qeyri-yaşayış sahəsinə qəbul aktının verilməsi ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin X4 də müraciət etmişdir. Apellyasiya şikayətinə dair etiraz: Cavabdeh inzibati orqanın və üçüncü şəxsin apellyasiya şikayətinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyri-yaşayış sahəsinə qəbul komissiyasının qəbul aktı olmadan da hüququn qeydiyyata alınmalı olduğunu bildirərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 26. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını və vəkilini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı iddiaçının üzərinə qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərini mövcud Tikinti Norma və Qyadalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə həyata keçirməsi və Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qəbul aktının alınması tapşırılmışdır (Sərəncamın 4-cü bəndi). İddiaçı işlərin sona çatmasını təsdiqləyən qeyri-yaşayış sahəsinə dair qəbul komissiyasının qəbul aktını təqdim etməmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmasını təsdiq edən sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında 1 mərtəbədə yerləşən ümumi sahəsi 51.7 kv.m olan mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyətinin 259 №-li xx.xx.2021-ci il tarixli İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1-də ümumi sahəsi 51.7 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamı ilə yanğın təhlükəsizlik qaydalarını, sanitar-gigiyena və “Ətraf mühtin mühafizəsi haqqında” Qanunun tələblərini gözlənilmək şərti ilə ümumi sahəsi 51.7 kv.m olan mənzilin 47.5 kv.m sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, eyni zamanda həmin sərəncam ilə iddiaçının üzərinə qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərini mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə həyata keçirməsini və Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qəbul aktının alınmasını təmin etmək öhdəliyi qoyulmuşdur. Eyni zamanda ona təqdim edilmiş Masallı Rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişdə də qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərinin mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl edilməklə həyata keçirilməsi, keçirilmiş sahə qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə riayət edilməsi bildirilmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququnun və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın olmasına əsaslanaraq qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə bundan imtina etmiş, səbəb kimi Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qeyri-yaşayış sahəsinə dair qəbul komissiyasının qəbul aktının təqdim olunmamasını göstərmişdir. Kollegiya hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” barədə İV fəslinin tələbinə əməl etməmişdir. Belə ki, Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qanunvericiliyin qeyd edilən tələbi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Masallı Rayon İcra Hakimiyyətinin 259 №-li xx.xx.2021-ci il tarixli sərəncamı ilə də (sərəncamın 4-cü bəndi) iddiaçının üzərinə qoyulmuşdur. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənməsində qanunvericiliyin məqsədi görülmüş işlərin qanunvericiliyin tələblərinə əməl edilməklə icra olunub-olunmamasının yoxlanılmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” adlanan 8-ci maddəsinin dispozisiya şərtlərinə görə tələb edilən mənzil üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yoxdur. İşin halları ilə müəyyən edilir ki, iddiaçının qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsas mövcuddur. Bu səbəbdən cavabdehin imtinası qanuni olmuşdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(120)-1642/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-663/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-663/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver