Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-665/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(120)- 537/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsinin müdiri V.Məmmədov tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq olunmuş rəydə qeyd olunmuşdur ki, “...İddiaçı satılması üçün nəzərdə tutulmuş torpaq sahəsi 130 kv.m olmaqla İmişli Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi 1-ci qiymət zonasına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.” İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 130 (bir yüz otuz) kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İmişli Bələdiyyəsinin sədri X1, İddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri X5 tərəfindən imzalanmış və adları qeyd olunan təşkilatların möhürləri ilə təsdiq olunmuş 29 avqust 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktında qeyd olunmuşdur ki, “...İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı torpaq sahəsi almaq barədə ərizə ilə İmişli Bələdiyyəsinə müraciət etmiş, İmişli Bələdiyyəsi tərəfindən ona yaşıllıq və bağ salmaq üçün 130 (bir yüz otuz) kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, bununla əlaqədar iddiaçı tərəfindən İmişli Bələdiyyəsinin hesabına əvvəlcədən 26 manat haqq ödənilmişdir.” Aktın aşağı hissəsində aktın İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində 04 aprel 2008-ci il tarixdə 184 nömrə ilə qeydiyyata alındığı qeyd edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsinin müdiri V.Məmmədov və İmişli Bələdiyyəsinin sədri F.Vəliyev tərəfindən imzalanmış və adları qeyd olunan təşkilatların möhürü ilə təsdiq olunmuş İmişli şəhər sakini İddiaçı satılmış 130 kv.m torpaq sahəsinin planından, 29 avqust 2007-ci il tarixli aktdan və seriya A № 079360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, satılmış torpaq sahəsinin planı tərtib edilmiş, torpaq sahəsi alıcıya naturada təhvil verilmiş, torpaq sahəsi ilə bağlı göstəricilər, o cümlədən döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin məlumatlar X7 kitabında 10 sentyabr 2008-ci il tarixdə 254 nömrə ilə uçota alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “...Sizin İmişli şəhəri, M.Əsədov küçəsi ərazisində yerləşən 0.013 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Cavab olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, müraciətinizə əlavə edilmiş sözügedən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmadı. Əlavə olaraq bildiririk ki, X2 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri əsasında İmişli şəhəri, M.Əsədov küçəsi ərazisində yerləşən 0.013 ha olan torpaq sahəsi uzərındə mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir.” Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/3867 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “...“1-ci sual üzrə. İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli 08 saylı protokol qərarına əsasən İmişli şəhəri, H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı satılmış 130 kv.m torpaq sahəsinin naturada sərhədləri keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş, İmişli rayon şöbəsi və İmişli Bələdiyəsinin sədri tərəfindən təsdiq olunmuş 1:10000 miqyasında olan yerquruluşu planında olan istinad nöqtələrindən istifadə etməklə koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə. Qeyd olunan 130 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. 3-cü sual üzrə. Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı Bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olmuşdur. İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli 08 saylı protokol qərarına əsasən 130 kv.m torpaq sahəsi 29 avqust 2007-ci il tarixdə “Torpaqların alqı-satqı”sına dair tərtib olunmuş akta əsasən İddiaçı satılmışdır. Hal-hazırda isə X2 X3 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə, 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. 4-cü sual üzrə. Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur. Hal-hazırda da X2 X3 yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə yaşadığı evin yaxınlığında yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində İmişlı Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən 130 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Bu fakt bələdiyyənin qərarı, torpağın alqısatqısına dair akt, torpaq şöbəsinin rəyi, arayış, plan-xəritə və aktlarla təsdiq olunur. Bu barədə məlumatlar X7 kitabında 10 sentyabr 2008-ci il tarixdə 254 nömrə ilə uçota alınmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Torpaq sahəsi tanıdılmış və yerində təhvil verilmişdir. Cavabdehə hüququn qeydiyyatı ilə bağlı müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmamışdır. Bundan əlavə, X2 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edildiyi və təqdim edilən sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(120)-537/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməməsinin 01 iyul 2025-ci il tarixli 2-1(120)-537/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, torpağın satılması ilə bağlı qərar (inzibati akt) qüvvədədir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı
"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli Qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüququn yaranmasına əsas olan inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxladığından hüququn qeydiyyata alınması üçün əsasdır. Eyni zamanda, iddiaçının qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyi 130 kv.m torpaq sahəsinin X2 X3 71.64 kv.m hissəsinin tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsinin isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmasının məsuliyyətininin onun üzərinə qoyulması düzgün deyil və bu hal onun mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli 08 saylı qərarı əsasında ona satılmış 130 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması yönəlmişdir. Cavabdehin imtinasında, eləcə də apellyasiya şikayətinin dəlillərində “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmaması, X2 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edildiyinə və təqdim edilən sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya satılan zaman torpaqların idarə olunması sahəsində dövlətin funksiyalarını icra edən DTXK-nın yerli orqanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu təsdiq etmişdir. Qeyd edilən hal işin araşdırılması zamanı cavadeh orqanın xx.xx.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/3867 nömrəli ekspert rəyi ilə də sübut edilir. Belə ki, ekspert rəyində 3-cü sual üzrə göstərilir ki, qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı Bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0, 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi 29 avqust 2007-ci il tarixli 08 saylı qərarı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əsaslandığı bələdiyyə qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin sonradan X2 Uçotu və İnformasiya Sistemində fərqli qaydada qeyd edilməsi iddiaçının təqsiri deyil və bu onun mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni əsaslarla verildiyindən, yuxarıda istinad edilən normalara əsasən o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır ...... Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin (hazırki işdə torpağın ayrılması ilə bağlı DTXK-nin rayön şöbəsinin rəyində nömrə və tarixin qeyd edilməməsi) nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İmişli Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 29 avqust 2007-ci il tarixli 08 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(120)-537/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.