Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-669/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X5 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2785/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: SER TSE-01 069010 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli 748 nömrəli qərarından görünür ki, X6 xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İİ-ЖГ seriyalı 270120 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 11 mart 1979-cu il tarixdə X10 ilə X11 arasında nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 11 mart 1979-cu il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) “Əhmdəov (a)” soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli seriya AZ-İİ 376284 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/1-Ə-53841/2024 nömrəli qərarından görünür ki, İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2014-cü il tarixli 40/452 nömrəli məktubda qeyd edilmişdir ki, “...DSMF Şirvan şəhər şöbəsinə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciətinizə cavab olaraq məlumat veririk ki, təqdim etdiyiniz sənədlərə baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən olunur ki, Sizin işlədiyiniz peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilən vəzifələrə uyğun gəlmir və bu səbəbdən Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərhum həyat yoldaşınız X7 23 iyul 2014-cü tarixdən Fondun Şirvan şəhər şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Sizə 25 fevral 2024-cü il tarixindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. ... Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etdiyiniz mərhum Əbülfəz Əhmədova dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun qanunvericiliklə tələb olunan azı 12 il 6 ay güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən ödənilən ailə başçısını itirməyə görə əmək pensiyanızın ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X10 həqiqətən də xx.xx.1975xx.xx.1980-ci il tarixə (Əmr № 33/k) kimi “X16-Piy Zavodu”n-da “5-ci dərəcəli çilingər”, xx.xx.1980-ci il tarixdən (Əmr № 43/k) xx.xx.1987-ci il tarixə (Əmr № 22/k) kimi həmin zavodda dəmir-yol sahəsinə “5-ci dərəcəli maşinist-teplovoz”, xx.xx.1988-ci il tarixdən (Əmr № 9-k) xx.xx.1994-cü il tarixə (Əmr № 2/k) kimi “X16-Piy Kombinatı”nda “5-ci dərəcəli maşinist-teplavoz”, xx.xx.1994-cü il tarixdən (Əmr № 39/k) xx.xx.2000-ci il tarixə kimi həmin kombinatda “maşinist-teplavozçu”, xx.xx.2001-ci il tarixdən (Əmr № 48/k) xx.xx.2002-ci il tarixə (Əmr № 13/k) kimi “X16-Piy ATSC”də “çiyid sexi”ndə “yükləyici”, xx.xx.2002-ci il tarixdən (Əmr № 36/k) xx.xx.2003-cü il tarixə (Əmr № 17/k) kimi həmin Cəmiyyətdə “nəqliyyat sahəsi”ndə “teplavozçu-maşinist”, xx.xx.2003-cü il tarixdən (Əmr № 33/k) xx.xx.2004-cü il tarixədək (Əmr № 16/k) “teplavozçu-maşinist”, xx.xx.2004-cü il tarixdən (Əmr № 47/k) xx.xx.2005-ci il tarixə (Əmr № 39/k) kimi həmin Cəmiyyətdə “nəqliyyat sahəsi”ndə “sürücü”, xx.xx.2005-ci il tarixdən (Əmr № 60/k) xx.xx.2006-cı il tarixə kimi “nəqliyyat sahəsi”ndə “yükləyici”, xx.xx.2008-ci il tarixdən (Əmr № 33/k) xx.xx.2009-cu il tarixə (Əmr № 02/k) kimi “teplavozçu-maşinist”, xx.xx.2009-cu il tarixdən (Əmr 01/k) xx.xx.2009-cu il tarixə (Əmr № 13/k) kimi "xxxx" MMC-nin “Şirvan Yağ-Piy” filialında “teplovoz-maşinist” peşələrində işləmişdir. Onun işlədiyi peşələr ağır və zərərli iş stajı olduğuna görə hesab edir ki, ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 25 ildən çox (27 il 10 ay 27 gün) və 12 il 06 aydan çox (25 il 01 ay 12 gün) güzəştli iş stajı olduğuna görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına əsasən xx.xx.2010-cu il tarixdən, 57 yaşından hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin mərhum əri X10 hüququ yarandığı 2010-cu il tarixdə ərizə ilə DSMF-nun Hacıqabul rayon şöbəsinə ərizə ilə müraciət etmiş, həmin tarixdə ona imtina etmişlər, həmçinin, xx.xx.2014-cü il tarixdə böyrək çatışmamazlığı (dealiz) xəstəliyinə tutulduqdan sonra əlillik təyin edildiyi vaxtda da onun güzəştli iş stajı olduğu halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və DSMF-nin Hacıqabul rayon şöbəsi tərəfindən mərhum ərinə əlillik pensiyası təyin edilməsinə üstünlük verdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Lakin uzun sürən xəstəliyinə görə mərhum əri X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Halbuki, mərhum əri X6 işlədiyi peşələr ağır iş stajı olduğuna görə ona xx.xx.2010-cu il tarixdən, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmədiyindən, bu səbəbdən də arvadı İddiaçı hüquqi varisi olaraq ərinin haqqı olduğu üçün ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qanunvericilklə tələb olunan sənədlərlə cavabdehə ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh ona xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-4275/2024 №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi mərhum əri Əbülfəz Əhmədovun qanunvericiliklə tələb olunan güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilən ailə başçısının itiriməyə görə əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının mərhum ərinin xx.xx.2006-cı il tarixə kimi ümumi 25 ildən çox (27 il 10 ay 27 gün) və 12 il 06 aydan çox (25 il 01 ay 12 gün) güzəştli iş stajının olduğu üçün hesab edir ki, onun mərhum əri X6 xx.xx.2010-cu il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh onun mərhum ərinin xx.xx.2006-cı il tarixə kimi 12 il 06 ay güzəştli iş stajının olmadığını, həmçinin yenidən hesablanmanın qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə yenidən hesablanıb yaranmış fərqin ödənilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol vermişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya etirazda qeyd etmişdir ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək mərhum əri X4 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və hüququ yarandığı xx.xx.2010-cu il tarixdən əlillik təyin edildiyi xx.xx.2014-cü il tarixə kimi ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsinin və xx.xx.2014-cü il tarixdən vəfat etdiyi xx.xx.2014-cü il tarixə kimi yenidən hesablanaraq yaranmış fərqin, pensiya məbləğinin ödənilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-4275/2025 nömrəli məktubla iddiaçının ərizədə qeyd etdiyi əsaslarla pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçının mərhum həyat yoldaşı X7 23 iyul 2014-cü il tarixdə Fondun Şirvan şəhər şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ə.Əhmədov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı da 25 fevral 2024-cü il tarixdən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı R.X8 təqdim etdiyi mərhum həyat yoldaşı Əbülfəz Əhmədova dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı mövcud deyildir. Göründüyü kimi İddiaçı tələbinin qanunvericiliyin əsaslan baxımından həyata keçirilməsi mümkün deyildir. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2785/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ var. Həmçinin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh orqan tələb üzrə onun subyektiv hüququnun olmasını qəbul etmiş, tələbinin təmin edilməsindən yalnız mərhum ərinin güzəştli iş stajının olmaması əsası ilə imtina etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinin dəlilləri iddiya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməklə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının ərinə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmiş, sonuncu bununla razılaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, iddiaçının məhrum əri X10 DSMF Şirvan şəhər şöbəsinə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, inzibati orqan xx.xx.2014-cü il tarixli 40/452 nömrəli məktubu ilə bundan imtina etmiş, o, isə bunu mübahisələndirməmişdir. Sonradan iddiaçının ərinə 23 iyul 2014-cü il tarixdə Fondun Şirvan şəhər şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə vəfat etmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırkı iddia ilə vəfat etmiş ərinə 57 yaşdan pensiya təyin edilməsini və bununla bağlı ödənilməli ödənişlərin ödənilməsini tələb edir. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Kollegiya qeyd edir ki, pensiya hüququ şəxsə bağlı olan hüquqdur, bu hüquq hər hansı pensiya məbləğinə deyil, məhz həmin şəxs tərəfindən pensiya tələbinə dair hüquqdur və şəxsin vəfatı ilə bu hüquqa da xitam verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin təhlili onu deməyə əsas verir ki, pensiya hüququ vərəsəlik qaydasında keçmir, yalnız əmək pensiyaçısının (artıq əmək pensiyası təyin edilmiş şəxsin) vəfatı ilə əlaqədar ödənilməmiş pensiya məbləği miras kütləsinə daxil olur və mülki qanunvericilikdə nəzərədə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinin yalnız konkret şəxsin mövcud əmlakına münasibətdə tətbiq edilən olduğunu və əmlakın əldə edilməsi hüququna təminat vermədiyini (Marks Belçikaya qarşı iş üzrə 13 iyun 1979-cu il tarixli Qərar, §50) nəzərə alan Avropa Məhkəməsi X1rşı iş üzrə 14 iyun 2011-ci il tarixli Qərardadında qeyd etmişdir ki, əgər dövlətin daxili qanunvericiliyində müvafiq hüquq nəzərdə tutulmamışdırsa, Konvensiyanın qeyd olunan norması özözlüyündə pensiyanın hər hansı növünə və ya onun müəyyən həcminə olan hüquqa təminat vermir.” İş üzrə mövcud vəziyyət ondan ibarətdir ki, iddiaçının mərhum əri inzibati orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır, keçən bu illər (2013-2025) ərzində bunu mübahisələndirmir, vəfat etdikdən sonra isə arvadı mübahisələndirir. Onda məntiqi baxımından sual yaranır. İddiaçının əri ölməsəydi, o, sağ ola-ola (inzibati orqanın mövqeyi ilə razılaşaraq) qaldırmadığı hazırkı iddianı onun arvadı qaldıra bilərdimi? Təbii ki, subyektiv hüquq baxımından xeyr. Ondan belə nəticə çıxır. İddiaçının mərhum ərinin ölümü ona hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqmu yaradır? Təbii ki, xeyr. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-2785/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-669/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-669/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver