Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-67/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(120)-537/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 07 oktyabr 2022-ci il tarixli, 2-1(120)-537/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (16 fevral 2021-ci il) əvvəlki illər üçün, yəni 16 fevral 2018-ci il tarixdən 16 fevral 2021-ci il tarixədək (həmin müddətdə ümumi əsaslarla aldığı pensiya məbləği çıxılmaqla) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci il tarixdə Yardımlı rayonunun Deman kəndində anadan olmuşdur. 1963-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. O, xx.xx.1973-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X12 Boruları Zavodunda (sonrakı adı 5 saylı Sənaye Kombinatı, hazırkı adı "xxxx" ASC) çilingər peşəsində işləmişdir. Hazırda yaşa görə əmək pensiyası alır, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqanın ona ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi arayışda xx.xx.1973-cü il tarixdən xx.xx.1996-ci il tarixədək "xxxx" ASC-nin qurutma sexində əmək fəaliyyəti ilə məşğul olduğu “çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Həmçinin arayışda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyası”nın hansı bənd və ya yarımbəndində, hansı kodlu vəzifəyə uyğunluğu qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçının təqdim etdiyi arayışda xx.xx.1973-cü il tarixdən xx.xx.1996-ci il tarixədək "xxxx" ASC-nin qurutma sexində əmək fəaliyyəti ilə məşğul olduğu “çilingər” vəzifəsi nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X12 Boruları Zavodunda (sonrakı adı 5 saylı Sənaye Kombinatı, hazırkı adı "xxxx" ASC) təmirçi çilingər vəzifəsində işləmişdir. Əmək kitabçasında vəzifəsi çilingər göstərilsə də, o, təmirçi çilingər vəzifəsində işləmiş və təmirçi çilingərin vəzifə funksiyalarını yerinə yetirmişdir. Onlar gildən xammal kimi istifadə edərək gil kərpic, kirəmit dam örtüyü və borular istehsal edirdilər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə Yardımlı rayonu, Deman kəndində doğulmuş, Şirvan şəhəri, Xanlar küçəsi, ev 21-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1964-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş tərcüməsindən və surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdən xx.xx.1973-cü il tarixədək X13 Qovşağında, xx.xx.1973-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X12 Boruları Zavodunda (sonrakı adı 5 saylı Sənaye Kombinatı, hazırkı adı "xxxx" ASC) fəhlə, 4-cü dərəcəli çilingər və 5-ci dərəcəli çilingər-sazlayıcı vəzifələrində işləmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı 1973-cü ildən 1996-cı ilə qədər qurutma sexində tənzimləyici çilingər vəzifəsində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi arayışda xx.xx.1973cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" ASC-nin qurutma sexində işlədiyi “çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Ona görə də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 012 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1996-cı il tarixədək aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1973-cü il tarixdə X12 Boruları zavodunda qurutma sexində fəhlə işinə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə qurutma sexində 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü il tarixdə qəlibləmə sexində 5-ci dərəcəli çilingərsazlayıcı vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixdə X12 Boruları zavodunun adı 5 saylı Sənaye Kombinatına dəyişdirilmiş, xx.xx.1996-cı il tarixdən qəlibləmə sexinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə qəlibləmə sexində 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə 5 saylı Sənaye Kombinatı ləğv edildiyi üçün işdən azad edilmişdir. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri Şahid və Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının mütəxəssisi X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, X12 Boruları zavodunun və 5 saylı Sənaye Kombinatının xx.xx.1973-xx.xx.1996-cı illəri əhatə edən əmrlər kitabı müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyi üçün İddiaçı iş stajını yoxlamaq mümkün olmadı. Seçmə üsulla idarədə saxlanılan əmək haqqı cədvəlləri kitabına baxış keçirildi və vətəndaşın adına rast gəlindi. 1982-ci ildə ata adı Heydər və 1983-cü ildə ata adı Hilalxan olaraq qeyd olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışda qeyd edilmişdir ki, X12 Boruları zavodunun və 5 saylı Sənaye Kombinatının xx.xx.1973xx.xx.1996-cı illəri əhatə edən əmrlər kitabı müəssisənin hüquqi varisi olan "xxxx" ASC-yə təhvil verilmədiyi üçün saxlanılmamışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmişdir ki, o, hazırda "xxxx" ASC-nin İdarə Heyətinin sədridir. 1989-cu ildən 5 saylı Sənaye Kombinatında müxtəlif vəzifələrdə, o cümlədən laboratoriya rəisi, sex rəisi, baş mühəndis vəzifələrində işləmişdir. Onun əmək kitabçasında dəmiryolu ustası vəzifəsində işlədiyi yazılsa da, əslində elə bir vəzifə tutmamışdır. O, betonçu yox, armaturçu vəzifəsində işləmişdir. Həmçinin onun əmək kitabçasında xx.xx.2008-ci il tarixdə baş mühasib təyin edildiyi yazılsa da, o, baş mühəndis vəzifəsində işləmişdir. İddiaçı kərpic sexində çilingər vəzifəsində işləmişdir. İddiaçının işlədiyi istehsalat tikinti materialları istehsalı ilə əlaqədar olmuşdur. Onlar gil deyil, tikinti materialı istehsal edirdilər. Yəni onların istehsalatı giltorpaq istehsalatı deyil, tikinti materialları istehsalatı olmuşdur. Onların istehsalatının metallurgiya, əlvan metallurgiya, giltorpaq istehsalatı ilə əlaqəsi olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası müəyyən etdi ki, İddiaçı xx.xx.1947-ci il tarixdə doğulmuşdur. İddiaçı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu əsas gətirərək cavabdeh inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi İddiaçı 25 ildən çox ümumi iş stajının olduğunu, o cümlədən həmin müddətin 12 il 6 aydan çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirib iddia tələbinin qismən təmin edilməsini qərara almışdır. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1973-xx.xx.1996-ci il tarixləri dövr ərzində "xxxx" ASC-nin qurutma sexində əmək fəaliyyəti ilə məşğul olduğu “çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişi sığortaolunanın azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışsa, 57 yaşına çatdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı iddiaçının işlədiyi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarla, peşələrlə, vəzifələrlə və göstəricilərlə eyniliyi müəyyən edilərkən qeyd ediləcəklərin əsaslandırılması, əsaslanacaq sənədlərin, vəzifə təlimatlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim edilməsi, məhkəmənin müraciətinin iddiaçının, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının və "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılması, araşdırmanın nəticəsi barədə məlumat və zəruri sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Lakin aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajı müəyyən edilməmişdir. Eyni zamanda sözügedən Siyahılar üzrə qanunvericiliklə tələb olunan güzəştli sığorta stajının olmasına dair iddiaçı tərəfindən də məhkəməyə hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusu ilə iddiaçının işlədiyi iş yerləri, vəzifələri, peşələri və tarixləri (gün, ay, il tam dəqiq göstərilməklə), həmçinin istehsalatın xüsusiyyətləri (hansı şəraitdə, hansı üsulla, hansı xammaldan istifadə edərək hansı məhsulun istehsal edilməsi, həmin istehsal prosesində iddiaçının vəzifəsi və sair) tam dəqiq göstərilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işləməsi və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nda nəzərdə tutulmuş hansı istehsalat, peşə, vəzifə və göstərici ilə eynilik təşkil etməsi barədə məlumat verilməsi xahiş edilmiş, həmin sorğuda iddiaçının ilkin olaraq işlədiyi istehsalatın, istehsalatın xüsusiyyətlərinin müəyyən edilməsi, ilkin olaraq tam dəqiq iddiaçının işlədiyi istehsalatın, daha sonra isə peşə, vəzifə və vəzifənin xüsusiyyətlərinin müəyyən edilməsi tələb olunmuşdur. İddiaçının iş stajının yoxlanılmasının nəticələri barədə tərtib edilmiş akt və müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, lakin həmin sənədlərlə də iddiaçının güzəştli sığorta stajı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə kifayətlənməyərək "xxxx" ASC-nin İdarə Heyətinin sədri Şahid qismində məhkəmə iclasına çağırmışdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri Şahid ifadəsində qeyd etmişdir ki, İddiaçı kərpic sexində çilingər vəzifəsində işləmişdir. İddiaçının işlədiyi istehsalat tikinti materialları istehsalı ilə əlaqədar olmuşdur. Onlar gil deyil, tikinti materialı istehsal edirdilər. Yəni onların istehsalatı giltorpaq istehsalatı deyil, tikinti materialları istehsalatı olmuşdur. Onların istehsalatının metallurgiya, əlvan metallurgiya, giltorpaq istehsalatı ilə əlaqəsi olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı İddiaçı güzəştli iş stajının olmaması iddiaçıya güzəştli iş stajı barədə arayış vermiş, hazırda "xxxx" ASCnin İdarə Heyətinin sədri olan şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(120)-537/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(120)-537/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-67/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-67/2023
30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver