Məhkəmə qərarları › İş №2-1(106)-67/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-67/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-67/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-2838/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 07 avqust 2024-cü il tarixli, 2- 1(120)-2838/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək baş memar vəzifəsində işlədiyi 2 il 2 ay 14 gün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əli Bayramlı gömrükxanasında yük şöbəsinin böyük inspektoru və həmin şöbənin rəis müavini vəzifələrində işlədiyi 7 il 9 ay 23 gün olmaqla, ümumilikdə 10 il 7 gün stajı onun dövlət qulluğu stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasınının yenidən hesablanması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında təyin edilməsi və 29 aprel 2023-cü il tarixindən yeni əmək pensiyası təyininə qədər müddətdəki fərqin hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajina görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasınm Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İ.İ.Cəbrayilovun 1996-1998-ci illərdə Qazıməmməd şəhər inizbati ərazi vahidi üzrə nümayəndəliyində işlədiyi baş memar vəzifəsi, yəni yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Həmçinin, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqinda Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azerbaycan Respublikası Prezidentinin 2002-ci il il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ila təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajina və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqinda Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqandır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. İddiaçının dövlət qulluğu stajı ümumilikdə 26 il 10 ay 2 gün (mübahisə edilməyən 16 il 9 ay 25 gün + mübahisələndirilən 2 il 2 ay 14 gün və 7 il 9 ay 23 gün) təşkil edir və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanarkən onun pensiya hüququ pozulmuş, habelə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə iddiaçının tələbindən imtina edilərkən işin faktiki və hüquqi halları düzgün müəyyən olunmamışdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 142,93 manat, ixtisas dərəcəsina görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 153,50 manat, digər növ əlavəsi 336, 88 manat olmaqla orta aylıq əmək haqqı 1203,31 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 55,25 faizi-664,83 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Lakin ona əmək pensiyası hesablanarkən yalnışlığa və qanunun qeyri-düzgün tətbiqinə yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 25 illik qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 80 faizi miqdarında əmək pensiyası almalı olduğu halda ona 16 il 9 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1203,31 manat) 55,25 faizi-664,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Belə ki, əmək kitabçasının 16-19-cu səhifələrindəki qeydlərdən və Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 saylı arayışından görünür ki, o, 10 fevral 1996-cı ildən 24 aprel 1998-ci il tarixədək Qazıməmməd şəhər İƏD üzrə nümayəndəlikdə baş memar vəzifəsində işləmişdir. Əmək kitabçasının 18-21-ci səhifələrindəki qeydlərdən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 3-33/3-4-184/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219 Ş nömrəli əmri ilə X1 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilmiş, Komitənin 16 avqust 1999-cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, xidmətə Komitənin 20 fevral 2006-ci il tarixli, 141Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir. Gömrük orqanlarında xidmət stajı 7 il, 9 ay, 23 gün təşkil edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Hacıqabul (Qazıməmməd) Şəhər İnzibati Ərazi Vahidliyinin baş memarı vəzifəsində işlədiyi xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair Azərbaycan Respublikasının X8 ünvanlanan sorğuya cavabın məzmununda həmin fəaliyyət dövrünün dövlət qulluğu stajına aid olub-olmamasına konkret münasibət bildirilməmişdir. Tərəflərindən Azərbaycan Respublikasının X8 sorğu göndərilmiş, lakin cavab daxil olmamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 1998- 2006-cı illərdə iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində çalışmış və bu vəzifələrin dövlət qulluğunun xüsusi növü olduğu nəzərə çatdırılmışdır. Dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1398 nömrəli Fərmanı ilə həmin qurum Azərbaycan Respublikası Nazirlər Kabinetidir. Məntiqi olaraq, İddiaçı gömrük orqanlarında xidmət etdiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınması məsələsinə həmin qaydalar və şərtlər müəyyən edildikdən sonra baxılması mümkün olacaqdır. Odur ki, iddiaçının Hacıqabul (Qazıməmməd) Şəhər İnzibati Ərazi Vahidliyinin baş memarı vəzifəsində işlədiyi xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövrün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində işlədiyi 1998-2006-cı illər arasındakı dövrün dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. Şikayətin dəlilləri ondan ibarətdir ki, Şirvan İnzibati Məhkəməsi qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nə istinad etsə də, elə qeyd olunan hüquqi aktdakı digər maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, sözügedən Qaydaların 4.2-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 28.01,2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasf’nın 8-ci bəndində də qeyd olunur ki, dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. Həmin normanın tələbinə görə hər hansı dövrün qulluq stajına daxil edilməsi şəxsin çalışdığı dövlət orqanının səlahiyyətinə aiddir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya dövlət qulluqçusu kimi pensiyanı yalnız o halda təyin edə bilər ki, müvafiq dövlət orqanı tərəfindən mübahisələndirilən qulluq illəri staja daxil edilmiş olsun. Bu hal iş materialları ilə müəyyən edilmədiyindən iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbi əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi iddiaçının çalışdığı dövlət orqanının verməli olduğu rəyə əsaslanaraq qərar qəbul etmək əvəzinə, səhvən X7 cavab məktubunu əsas götürməklə iddianı təmin etmişdir. Halbuki, X7 cavab məktubu işin düzgün həlli üçün həlledici olmayan və yalnız digər sübutlarla yanaşı qiymətləndirildiyi halda yekun qərara təsir edə bilən sənəd kimi nəzərə alına bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı məhkəmə prosesinin gedişatı zamanı qəbul olunmuş, iddiaçı bu zaman yenidən cavabdehə müraciət etməmiş, nəticədə cavabdeh yeni hüquqi aktı nəzərə alaraq inzibati icraat aparmaq imkanına malik olmadan iddia təmin edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarında dövlət qulluğu stajına və qulluq illərinə daxil edilərkən nəzərə alınan dövrlər müəyyən olunsa da, həmin dövrlərin daxil ediləcəyi təqdirdə pensiyanın və pensiyaya əlavələrin necə hesablanacağı ilə bağlı məsələlər həmin Qərarda və digər normativ hüquqi aktlarda öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunda, eləcə də dövlət qulluqçularının və xüsusi (hərbi) rütbəli şəxslərin pensiyasının hesablanması məsələsini tənzim edən digər normativ hüquqi aktlarda hər iki pensiya növünə münasibətdə fərqli tənzimetmə müəyyən edilmişdir. Bu səbəbdən Nazirlər Kabinetinin qeyd olunan Qərarının qəbul olunması hələ onun pensiyalara münasibətdə necə tətbiq ediləcəyi məsələsinə aydınlıq gətirmədiyinə və bu istiqamətdə yeni akt qəbul olunmadığına görə Şirvan İnzibati Məhkəməsinin qərarının icrası qeyri-mümkün olacaqdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə etmişlər və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin Apellyasiya şikayətinin müvafiq dəlilinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı məhkəmə prosesin gedişatı zamanı qəbul olunmuş, iddiaçı bu zaman yenidən cavabdehə müraciət etməmiş, nəticədə cavabdeh yeni hüquqi aktı nəzərə alaraq, inzibati icraat aparmaq imkanına malik olmadan iddia təmin edilmişdir) əsasən məhkəmə kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nə uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi, nəticəsi barədə cavabdehin həmin müddət ərzində məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardada cavab olaraq cavabdeh orqanın 29 dekabr 2024-cü il tarixli məktubunda Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların sabiq dövlət qulluqçularının pensiya təminatına şamil edilmədiyi barədə əsassız məlumat verilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2023-cü il tarixli, 1869 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 10 fevral 1996-cı il tarixdən 24 aprel 1998-ci il tarixədək 2 il 2 ay 14 gün Qazıməmməd şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş memar vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3- 33/3-4-184/2023 nömrəli arayışına əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin 28 aprel 1998-ci il tarixli, 219Ş nömrəli əmri ilə Əli X2 şöbəsinin böyük inspektoru vəzifəsinə xidmətə qəbul edilmiş, Komitənin 16 avqust 1999-cu il tarixli, 365Ş nömrəli əmri ilə həmin şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, Dövlət Gömrük Komitəsinin 18 aprel 2005-ci il tarixli, 129Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüş, onun gömrük orqanlarında xidmətinə öz təşəbbüsü ilə 20 fevral 2006-cı il tarixli, 141Ş nömrəli əmrlə xitam verilmişdir. Gömrük orqanlarında xidmət stajı 7 il 9 ay 23 gün təşkil edir. -Azərbaycan Respublikası X7 xx.xx.2024-cü il tarixli, 9-3/2-2093/2024 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısfmn 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəlikdə baş memar vəzifəsində iş müddətilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. -Azərbaycan Respublikası X7 Azərbaycan Respublikası X7 iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-48xx-xx-1018/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində və 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1996-1998-ci illərdə Qazıməmməd şəhər inizbati ərazi vahidi üzrə nümayəndəliyində baş memar vəzifəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən 31 avqust 2003-cü il tarixədək olan dövr) rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş mütəxəssis vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında baş məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mövcud olan vəzifələr inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. İddiaçı 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Eyni zamanda, Əli-Bayramlı gömrükxanası həmin Fərman ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatlarının siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilən struktur və əsasnamə xx.xx.2012-dək qüvvədə olmuşdur. Qeyd edilənlərə əsasən İ.İ.Cəbrayılovun 1998-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 şöbəsində böyük inspektor və həmin gömrükxananın rəis müavini vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Kollegiya qeyd edir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 aprel 2022-ci i! tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1 -ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: -5.1-ci maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1-ci maddəsinə əsasən Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005-ci il tarixdən sonra dəyişiklik) -5.1-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: -"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; -1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; -1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1398 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Sərəncamında qeyd olunan Fərmanın icrası məqsədilə bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin: -4.1ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilərkən qulluq (xidmət) stajını müəyyən edən sənəd müvafiq olaraq əmək kitabçası və ya hərbi biletdir. Əmək kitabçası və ya hərbi bilet olmadıqda və ya onda müvafiq qeydlər aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq (xidmət) illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, arayışlar, şəxsi hesab vərəqələri, əməkhaqqının ödəniş cədvəlləri və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas götürülür. 4.2. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. 4.3. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğuna qəbul üzrə keçirilən ümumi müsahibələrdə iştirak etmək üçün müraciət etdikdə bu Qaydanın 2.1-ci və 2.2-ci bəndləri ilə müəyyən edilmiş qulluq (xidmət) müddəti nəzərə alınır. 4.4. Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş, habelə dövlət qulluğunda işləmiş və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri (qulluq stajı) bu Qaydaya uyğun olaraq yenidən hesablanır. 4.5. Bu Qaydanın müddəalarının tətbiqi ilə əlaqədar mübahisə yarandıqda müvafiq dövlət orqanı və ya şəxs bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət X3 və məhkəməyə müraciət edə bilər. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində öz mövqeyini əsaslandırmaq üçün qaydaların 4.2-ci bəndinə əsasən iddiaçının dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsinin şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilməli olmasına istinad etmiş, qaydaların 4.4-cü bəndinin tələblərini nəzərə almamışdır. Bundan əlavə cavabdeh apellyasiya şikayətində sözügedən qaydalarda dövlət qulluğu stajına və qulluq illərinə daxil edilərkən nəzərə alınan dövrlər müəyyən olunsa da, həmin dövrlərin daxil ediləcəyi təqdirdə pensiyanın və pensiyaya əlavələrin necə hesablanacağı ilə bağlı məsələlərin həmin Qərarda və digər normativ hüquqi aktlarda öz əksini tapmamasına istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli Sərəncamında məlum Fərmanın icrası məqsədilə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıqlar verilmişdir. Pensiyanın və pensiyaya əlavələrin hesablanması bilavasitə həmin qurumun vəzifələrinə aid edildiyindən cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə, öz fəaliyyətini tənzimləyən müvafiq əsasnaməyə, eyni zamanda Nazirliyin Kollegiyasının 28 aprel 2022-ci i! tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun pensiyanın və fərqinin hesablanmasını həyata keçirməyə borcludur. Xüsusilə qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda pensiyanın hesablanması yolları deyil, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi şərtlərini və əsaslarını müəyyən edilmişdir ki, bu hal da apellyasiya şikayətinin sözügedən dəlillərinin əsassız olmasına dəlalət edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-2838/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar