Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-673/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(120)-1568/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 7 gün), Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildə Rabitə şöbəsinə poçtalyon vəzifəsinə qəbul edilmiş (əmr № 42, xx.xx.1981), xx.xx.1982-ci ildə işdən azad edilmişdir (əmr № 52, xx.xx.1982) (1 il 1 ay 27 gün), xx.xx.1984-cü ildə “Sovet Astarası” qəzetində müvəqqəti olaraq mürəttib vəzifəsinə qəbul edilmiş (əmr № 52, xx.xx.1984), xx.xx.1984-cü il tarixdə V dərəcə verilmiş və daimi olaraq mürəttib vəzifəsinə təyin edilmiş (əmr № 163, 1.10.1984), xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Dövlət Nəşriyyatının 22 aprel 1985-ci il tarixli 114 nömrəli əmrinə əsasən “Sovet Astarası” qəzeti mətbəəsinin Lənkəran mətbəəsinə birləşməsi ilə əlaqədar Lənkəran mətbəəsinə köçürülmüşdür (əmr № 222, xx.xx.1985) (8 ay, 20 gün), xx.xx.1985-ci ildə Mətbəələrin birləşməsi ilə əlaqədar Astara şöbəsi üzrə Lənkəran mətbəəsinə 5-ci dərəcə üzrə linotipçi qismində qəbul edilmişdir (əmr № 30, xx.xx.1985); xx.xx.1989-cu il tarixdə “Sovet Astarası” qəzetinin mətbəəsinə 5-ci dərəcə üzrə linotipçi keçirilmiş (əmr № 30 §2, xx.xx.1989), xx.xx.1999-cu ildə işdən azad edilmişdir (əmr № 6, xx.xx.1999) (14 il 6 ay 26 gün), xx.xx.1999-cu ildə Astara Rayon İcra Hakimiyyəti aparatının inzibati binasına gözətçi vəzifəsinə təyin edilmiş (əmr № 91, xx.xx.1999), xx.xx.2002-ci ildə işdən azad edilmişdir (əmr № 10.xx.xx.2002) (2 il 3 ay, 1 gün), xx.xx.2003-cü il tarixdə “X1” Səhmdar Bankında mühafizəçi vəzifəsinə təyin olunmuşdur (əmr № 22, xx.xx.2003), xx.xx.2012-ci il tarixə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 27, xx.xx.2012) (8 il 4 ay 6 gün), cəmi 29 il 0 ay 27 gün. “Astara” qəzeti redaksiyasının baş direktoru tərəfindən imzalanmış və möhür ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “...İddiaçı xx.xx.1984cü ildə 153 nömrəli əmrlə “Sovet Astarası” qəzetində müvəqqəti olaraq mürəttib vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə 163 nömrəli əmrlə daimi olaraq bu vəzifəyə təyin edilmişdir. xx.xx.1985-ci ildə 222 nömrəli əmrlə “Sovet Astarası” qəzeti mətbəəsindən Lənkəran mətbəəsinə köçürülmüşdür. Daha sonra İddiaçı 06 may 1985-ci ildə 30 nömrəli əmrlə 5-ci dərəcəli linotipçi (yığma-sətirtökən maşınların yığıcısı) vəzifəsinə təyin edilmişdir. 26 iyun 1989-cu ildə 30 nömrəli əmrlə Lənkəran mətbəəsindən “Sovet Astarası” qəzeti mətbəəsinə köçürülmüşdür. xx.xx.1999-cu ildə İddiaçı 6 nömrəli əmrlə işdən azad edilmişdir. “Astara” qəzeti redaksiyasının əvvəlki binası söküldüyü üçün redaksiyaya aid çox sənədlər itmişdir. İddiaçı redaksiyanın əmrlər kitabında məzuniyyət və işdən azad olunma əmrləri mövcuddur. Digər əmrlər isə onun əmək kitabasında qeyd olunmuşdur. Tələb olunan digər sənədlər (əmək haqqı cədvəli, arayış və sair) hazırda yoxdur.” Məktuba əlavə olunmuş əmrlərdən görünür ki, 23 №-li xx.xx.1997-ci il tarixli əmrlə İddiaçı 1996 və 1997-ci illərdə istifadə etmədiyi məzuniyyətləri 1998-ci ilə keçirilmiş, 8 №-li xx.xx.1999-cu il tarixli əmrlə İddiaçı ərizəsinə əsasən işdən azad edilmişdir. Astara rayonu “Astara” Qəzeti redaksiyası tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışda qeyd olunmuşdur ki, “...İddiaçı xx.xx.1984-xx.xx.1999-cu il tarixədək “linotipçi” (yığma-sətirtökən maşınların yığıcıları) vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 15 il 1 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri “yığma-sətirtökən maşınların yığıcıları” ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 20-ci bəndinin “c” yarımbəndinə uyğundur.” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 1-2-42/2-50/2025 saylı məktubunda qeyd olunmuşdur ki, “...linotipçi vəzifəsi mətbəələrdə istifadə olunan linotip (yığma-sətirtökən) maşınlarda qurğuşun ərintisindən hazırlanan sətrlərin yığıcısı vəzifəsi ilə eynidir. Linotipçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 yanvar tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə XXV “Poliqrafiya, kinosurətlər istehsalı” bölməsinin 227000a-14807 kodu ilə işarələnmiş və Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 20-ci “Poliqrafiya istehsalatı” bölməsinin “c” bəndində qeyd olunmuş “yığma-sətirtökən maşınların yığıcıları” vəzifəsi ilə uyğunluq təşkil edir.” Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-M181183/2024 saylı məktubda qeyd olunmuşdur ki, “...Mərkəzi Filiala təqdim olunmuş “Astara” qəzeti redaksiyasının Sizə dair xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışında xx.xx.1984xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində linotipçi peşəsində işlədiyi qeyd olunmuşdur. Qeyd olunan müəssisələrdəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğularına cavab olaraq əmək haqqı cədvəllərinin və 1984-cü ilə dair əmr kitablarının saxlanılmadığı, eyni zamanda işdən azad olma əmrində ata adının qeyd olunmadığı bildirilmişdir. Bu fakt “Astara” qəzeti redaksiyası tərəfindən 31 may 2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də sözügedən dövrdə işləyib-işləmədiyinizi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də Sizin ümumi iş stajınız 25 ildən az (14 il 5 ay 1 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə 6 il 9 ay)) təşkil edir, güzəştli stajı isə yoxdur. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 5179,20 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” X3 Filialının xx.xx.2025-ci il tarixli 3-48-DA-77/1-55/2025 saylı məktubunda qeyd olunmuşdur ki, “...Lənkəran mətbəəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün əmək haqqı cədvəllərindən İddiaçı aid hissəsinin təsdiq olunmuş surətinin təqdim edilməsi mümkün olmamışdır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamışdır. 42 saylı əmrlə Rabitə şöbəsində poçtalyon vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdə öz ərizəsi ilə vəzifəsindən azad olmuşdur. Astara Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1982-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.1984-cü il tarixli 63 №-li əmrə əsasən xx.xx.1984-cü ildə tarixdə ordudan təxris olunmuşdur. “Sovet Astarası” qəzet redaksiyasının mətbəəsinə müvəqqəti mürəttibliyə xx.xx.1984-cü il tarixli 153 №-li əmrlə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdən 163 nömrəli əmrlə 5-ci dərəcə verilməklə daimi olaraq mürəttib vəzifəsinə təyin edilmişdir. xx.xx.1985-ci il tarixli, 222 nömrəli əmrlə Azərbaycan SSR Dövlət Nəşriyyatının 22 aprel 1985-ci il tarixli 114 nömrəli əmrinə əsasən “Sovet Astarası” qəzetinin mətbəəsinin Lənkəran mətbəəsinə birləşməsi ilə əlaqədar Lənkəran mətbəəsinə köçürülmüşdür. xx.xx.1985-ci il tarixli 30 § 9 nömrəli əmrilə 5-ci dərəcəli linotipçi peşəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixli 6 nömrəli əmr ilə ərizəsinə əsasən işdən çıxarılmışdır. xx.xx.1999-cu il tarixli 91 nömrəli əmrlə Astara Rayon İcra Hakimiyyəti aparatının inzibati binasına gözətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixli 22 nömrəli X1 Səhmdar Bankında mühafizəçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci il tarixli 27 nömrəli əmrlə işdən azad edilmişdir. Ümumi iş stajı 29 il 3 ay 7 gün təşkil edir. xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işdə çalışmağına dair xx.xx.2024-cü il tarixli 23 nömrəli arayış verilmişdir. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciəti təmin olunmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(120)-1568/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1568/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXV. Poliqrafiya, kinosurətlər istehsalı, bölməsi yığma‐sətrtökən maşınların yığıcıları –Kod-2270000a—14807.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 20-ci bölməsi Poliqrafiya istehsalatı; c) fəhlələr: yığma-sətirtökən maşınların yığıcıları
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2024-cü il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il sığorta stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün həmin tarixdə yaş senzi ödənilmişdir. Tələb olunan 25 il ümumi sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına və arayışa əsasən onun ümumi sığorta stajının 25 ildən çox olması müəyyən edilir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 06 ay güzəştli iş stajının və 25 il ümumi iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1984-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Astara” qəzetində işlədiyi illərə dair əmək haqqı cədvəllərinin, əmrlər kitabının və işdən azad olma əmrində ata adının qeyd olunmadığını əsas götürərək ümumi və güzəştli iş stajının az olduğu qənaətinə gəlmişdir. İddiaçının işlədiyi müəssisənin sənədləri saxlanılmadığından, o cümlədən müvafiq güzəştli arayış əmək kitabçası əsasında verildiyindən sözügedən arayışdakı məlumatların əsassız olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin saxlanılmaması səbəbindən qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Kollegiya qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1984xx.xx.1999-cu illərdə “Astara” Qəzetində işlədiyi “linotipçi” vəzifəsində işlədiyi illərin təsdiq olunmamasıdır, beləliklə də onun tələb olunan ümumi və güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli (eyni zamanda ümumi) əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı kollegiya qeyd edir ki, “Astara” qəzeti redaksiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışına (məktubuna) əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Astara” qəzetində “linotipçi” vəzifəsində işləmişdir. Bəzi saxlanılan sənədlərdən iddiaçının 1996 və 1997-ci illərdə istifadə etmədiyi məzuniyyətlərin 1998-ci ilə keçirilməsi barədə 23 №-li xx.xx.1997-ci il tarixli əmr, o cümlədən onun işdən azad olunması barədə xx.xx.1999-cu il tarixli əmr məhkəməyə təqdim edilmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın da mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 1-2-42/2-50/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan iddiaçının xx.xx.1984-xx.xx.1999-cu illərdə işlədiyi “Linotipçi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 yanvar tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə XXV “Poliqrafiya, kinosurətlər istehsalı” bölməsinin 227000a-14807 kodu ilə işarələnmiş və Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 20-ci “Poliqrafiya istehsalatı” bölməsinin “c” bəndində qeyd olunmuş “yığma-sətrtökən maşınların yığıcıları” peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Odur ki, iddiaçının xx.xx.1984-xx.xx.1999-cu il tarixlərdə “Astara” Qəzetində işlədiyi “Linotipçi” vəzifəsi onun güzəştli (eyni zamanda ümumi) iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı və 25 il ümumi iş stajı mövcuddur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan azı 25 il sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, o hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(120)-1568/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.