Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-68/2023 20.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Saatlı-Taxıl” şirkətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə. İddiaçı “Saatlı-Taxıl” şirkətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)821/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı “Saatlı-Taxıl” şirkəti tərəfindən subsidiyanın əldə edilməsindən ötrü 2020-ci ildə 44,2 min reproduksiyalı buğda və 70,0 min kq 2-ci reproduksiyalı buğda istehsal edilib, satılmasına dair məlumatları X3 İnformasiya Sisteminə (EKTİS) daxil etmişdir. Həmin məlumatlar əsasında “Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib, fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə dövlət büdcəsindən 7997,51 manat subsidiya vəsaiti ayrılmışdır. Lakin buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat yanında Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya vəsaitin ayrıldığı dövr ərzində "xxxx" ASC-nin müvafiq filialında şirkətin bank hesabının açılmaması səbəbindən hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasını şirkətə köçürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək, hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması, həmin vəsaitin başqa təyinat üzrə yönəldilməməsi öhdəliyinin üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması, habelə vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılma Qaydası”nın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X4 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə məbləğində əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Yuxarıda göstərilən “Qayda”ya əsasən 2020-ci ilin 1 yanvar tarixindən eti subsidiyaların verilməsi X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Odur ki, 2020-ci ildə “Saatlı-Taxıl” şirkəti tərəfindən 44,2 min reproduksiyalı buğda və 70,0 min kq 2-ci reproduksiyalı buğda istehsal edilib satılmasına dair məlumatlar X3 İnformasiya Sisteminə (EKTİS) edilmişdir ki, həmin məlumatlar əsasında sözügedən “Qayda”nın 3.7-ci bəndinin və X4 müvafiq qərarı, habelə subsidiyaya təqdim olunan miqdarı nəzərə alınmaqla “Saatlı-Taxıl” şirkətinə 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat 51 qəpik) məbləğində toxum subsidiyası hesablanmışdır. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfat yanında Aqrar Kredit və İnkişaf Agentliyi (gələcək cavabdeh) “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat məbləğində toxum subsidiyasını şirkətin Azərbaycan Respublikası Bankının Saatlı filialında olan hesabına köçürməkdən davamlı olaraq yayınmış hərəkətini isə hər dəfə tamamilə əsassız olaraq, yəni heç bir qanun normasına istinad etmədən, şirkətin "Kapital Bank” ASC-nin Saatlı filialında bank hesabını əlaqələndirmişdir. Şirkət məcburiyyət qarşısında qalıb "xxxx" ASC-nin hesab açmaq istəsə də bu ilk vaxtdan mümkün olmamışdır. Belə ki, həmin filialda “Saatlı-Taxıl” şirkətinin Nizamnaməsinin hələ də “kiril əlifbası”nda olduğu, orada əks olunmuş təsis paylarının köhnə manat məzənnəsi ilə göstərildiyi və s. bu kimi səbəblərdən, şirkətə həmin filialda hesab açılmasının qeyri- mümkün olduğu, həmin çatışmamazlıqların aradan qaldırılması üçün isə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində yenidən dövlət qeydiyyatına alınmağın vacib olduğu bildirilmişdir. Lakin təsisçilərinin xeyli hissəsinin xaricdə olması və pandemiya səbəbindən respublikaya qayıda bilməmələri səbəbindən şirkətin yenidən qeydiyyatının təcili surətdə həyata keçirilməsi məsələsi bir neçə ay uzanmış və yalnız bu ilin sentyabr ayında mümkün olmuşdur ki, məhz bundan sonra "xxxx" ASC-nin Saatlı filialında bank hesabı açılmış və bu barədə şirkətin 20 saylı xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məlumat verilərək 7997,51 manat (yeddi min doqquz yüz doxsan yeddi manat 51 qəpik) məbləğində toxum subsidiyasının şirkətin Kapital Bank ASC-nin Saatlı filialında olan hesabına köçürülməsinə sərəncam verilməsi xahiş edilmiş və həmin ərizəyə biznes kart rekvizitləri əlavə edilmişdir. Lakin bütün bunlara baxmayaraq şirkətin həmin ərizəsinə Aqrar Kredit və İnkişaf Agentliyinin 12 oktyabr 2021ci il tarixli 22/xx/xx-4168 saylı məktubu ilə cavab olaraq əsassız surətdə bildirilmişdir ki, yuxanda göstərilən Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır... Vəsaitin ayrıldığı dövr ərzində “Saatlı-Taxıl” şirkəti tərəfindən fermer biznes kartının əldə edilməsi gecikdirilmişdir. Bu səbəbdən 1-ci və 2-ci reproduksiyalı toxumıın satışına dair EKTİS-ə daxil edilmiş məlumatlara əsasən dövlət büdcəsinin vəsaiti hesabına 2020- ci il üzrə ayrılmış subsidiyanın “Saatlı-Taxıl” şirkətinin hesabına ödənilməsi mümkün olmamışdır.” Şirkətin təkrar müraciətlərinə də agentliyin 26 oktyabr 2021-ci il tarixli 22/xx/xx-4390 saylı və 15 noyabr 2021-ci il tarixli 22/xx/xx-4645 saylı məktubları" ilə eyni məzmunda imtina edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. 16 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Saatlı-Taxıl” şirkətinə hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)821/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin bu qərarı qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız və qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydas”ına əsasən fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına X5 İnformasiya Sistemi vasitəsi ilə subsidiyalar ödənilir. Qaydaların 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X4 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalıtoxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Toxum subsidiyaları hesablanarkən subsidiyaya təqdim olunan toxumun miqdarı, habelə hər bitki növü üzrə X4 müəyyən etdiyi kvotanın həcmi nəzərə alınır. Qaydanın 3.7-ci bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyanın hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq dövr ərzində istehsalçılara ödənişlər həyata keçirilmişdir. Vəsaitin ayrıldığı dövr ərzində “Saatlı- Taxıl” şirkəti tərəfindən fermer biznes kartının əldə edilməsi gecikdirilmişdir. Bu səbəbdən 1-ci və 2-ci reproduksiyalı toxumun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlara əsasən dövlət büdcəsinin vəsaiti hesabına 2020-ci il üzrə ayrılmış subsidiyanın “Saatlı- Taxıl” şirkətinin hesabına ödənilməsi mümkün olmamışdır. Göründüyü kimi, R1 və R2 reproduksiyalı taxıl toxumunun satışına dair “Saatlı-Taxıl” şirkətinin EKTİS-ə daxil etdiyi məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla hesablanan toxum subsidiyasının ödənilməsi vəsaitin ayrıldığı dövr ərzində şirkət tərəfindən bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına və bu Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 2019-cu il 30 dekabr tarixli,05Q nömrəli qərarı ilə təsdiq edilmiş “Toxum subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə əsasən 2020-ci ilin yanvarın 1-dən kənd təsərrüfatı istehsal vasitələrinin təchizatçısı kimi fiziki və hüquqi şəxslərin qeydiyyatı “X3 İnformasiya Sistemi” vasitəsi ilə həyata keçirilir. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilməsi EKTİS-də elektron formada bəyan edilir. Reqlamentin 17-ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara əsasən fermer-toxumçu (tingçi) təchizatçı olaraq EKTİS vasitəsi ilə toxum və tinglərin satışını həyata keçirir, bu barədə məlumatları EKTİSə daxil edir. Toxum subsidiyası ölkədə istehsal edilən, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatga alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır. Qaydanın 2.2 və 2.4-cü bəndlərinə əsasən aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır və Şura hər il yanvarın 15-dək toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların tətbiqi barədə qərar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. Qaydanın 3.15-ci bəndində fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək EKTİS-in altsistemi olan X1 daxil edirlər və Agentlik bunları təsdiqləyir. Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi xidməti reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Reqlamentin 17-ci hissəsi ilə müəyyən edilən xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlara əsasən AKİA tərəfindən elektron bəyənnamələr təsdiq edildikdən 15 gün müddətinə subsidiya ödənişi Fermer-Toxumçunun (Tingçinin) hesabına köçürülür. Qaydanın 3.17-ci bəndinə əsasən isə təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. “Saatlı-Taxıl” şirkəti 2020-ci ilin toxum subsidiyasını almaq üçün 2020-ci il ərzində "xxxx" ASC-nin müvafiq filialında bank hesabı açdırmalı olduğu təqdirdə 2021-ci il sentyabr ayının 8-də açdırmışdır. Bundan əlavə, Şirvan İnzibati Məhkəməsində işə baxılarkən çəkişmə prinsipinə riayət edilməmiş, iclasların vaxtı barədə elektron sistemə müvafiq məlumatlar əlavə edilməmiş, əldə edilmiş sənədlərin əksəriyyəti elektron sistemə yüklənməmişdir. Elektron sistemdə “əlaqəli iclaslar” altbaşlığında yalnız bir dəfə xx.xx.2002-ci il tarixdə hazırlıq iclasının keçirildiyi və həmin iclasda da yekun qərar qəbul edildiyi göstərilmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-821/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı “Saatlı-Taxıl” şirkətinin nümayəndəsi X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-821/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 1.2.3. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti (maddə 1.2.1), fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. 1.2.11. Toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiyadır. 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 3.3. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər. 3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasının “Saatlı-Taxıl” şirkətinin hesabına köçürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olması, uzun müddət həmin bank hesabından istifadə edərək subsidiya vəsaitinin alması, sonradan, yəni subsidiya vəsaitinin ödənilmə anında cavabdeh tərəfindən yeni bank hesabının açılmasının tələb edilməsi və həmin hesabın açılmasına baxmayaraq müddətin keçməsi səbəbi ilə pul vəsaitinin ödənilməsindən imtina olunması inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamışdır. Ümumiyyətlə, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olmasına baxmayaq cavabdeh inzibati orqan tərəfindən yeni bank hesabının açılmasının tələb edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla əlavə olaraq cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı “Saatlı-Taxıl” şirkəti tərəfindən subsidiyanın əldə edilməsindən ötrü 2020-ci ildə 44,2 min reproduksiyalı buğda və 70,0 min kq 2-ci reproduksiyalı buğda istehsal edilərək satılmasına dair məlumatlar X3 İnformasiya Sisteminə (EKTİS) daxil etmişdir. Həmin məlumatlar əsasında “Saatlı-Taxıl” şirkətinin 2020-ci ildə istehsal edib, fermerlərə satdığı İ və İİ repraduksiyalı buğda toxumuna görə dövlət büdcəsindən 7997.51 manat subsidiya vəsaiti ayrılmışdır (iş vərəqi 170). Lakin buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat yanında Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya vəsaitin ayrıldığı dövr ərzində şirkətin bank hesabının açılmaması səbəbindən hesablanmış 7997,51 manat məbləğində toxum subsidiyasını şirkətə köçürməkdən imtina etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Saatlı-Taxıl” şirkəti 2020-ci ilin toxum subsidiyasını almaq üçün 2020-ci il ərzində "xxxx" ASC-nin müvafiq filialında bank hesabı açdırmalı olduğu təqdirdə 2021-ci il sentyabr ayının 8-də açdırmışdır”. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “Saatlı-Taxıl” şirkətinin əmək kollektivi adından X6 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrə ilə qeydiyyata alınmış ərizədə aşağıdakılar qeyd olunmuşdur: “...2020-ci ilin dekabr ayının sonlarında keçirilən video konfransda mən sizə bu barədə müraciət etmişdim. Yəni kollektiv müəssisənin üzvlərindən 10 nəfər vəfat edib. Onların vərəsəlik sənədlərinin karantin dövrü olduğuna görə və ailə üzvlərinin bəzilərinin ölkədən kənarda olduqlarına görə rəsmiləşdirmək mümkün deyil. Bu səbəbdən "xxxx" ASC-nin Saatlı filialından hüquqi şəxs adına biznes-fermer kartı əldə etmək mümkün deyil. Bunu nəzərə alaraq “Saatlı-Taxıl” şirkətinin adına olan toxum subsidiyasının Azərbaycan Respublikasının Beynəlxalq bankının Saatlı filialında olan hesablaşma hesabına köçürülməsinə sərəncam verməyinizi xahiş edirəm. Nəzərinizə çatdırıam ki, bizim kollektiv 10 ildən çoxdur ki, taxıl toxumu istehsalı və satışı ilə məşğul olur. Hər ildə toxuma görə hesablanmış subsidiya şirkətin hesablaşma hesabına köçürülür. Bu vəsaitdən işçilərin əmək haqqının verilməsinə, yanacaq-sürtkü materiallarının alınmasına və sosial sığorta fonduna olan tədiyyələrin ödənilməsin də istifadə edilir”. İşdə olan Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialının xx.xx.2022-ci il tarixli, 73 nömrəli arayışından görünür ki, “Saatlı-Taxıl” şirkətinə (VÖEN **********) məxsus Azərbaycan Respublikası Beynəlxalq Bankının Saatlı filialında AZ82İBAZ******************** nömrəli hesab 1997-ci il tarixdə açılmışdır və hal-hazırda aktivdir. Göründüyü kimi, subsidiya vəsaitin ayrıldığı dövr ərzində (2020-ci il üçün) şirkətin (iddiaçının) aktiv bank hesabı olmuş və həmin hesab barədə məlumatlar iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş, hətta ötən dövrlər ərzində həmin hesaba cavabdeh inzibati orqan tərəfindən subsidiya vəsaiti ödənilmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olması, uzun müddət həmin bank hesabından istifadə edərək subsidiya vəsaitini alması, sonradan, yəni subsidiya vəsaitinin ödənilmə anında cavabdeh tərəfindən yeni bank hesabının açılmasının tələb edilməsi və həmin hesabın açılmasına baxmayaraq müddətin keçməsi səbəbi ilə pul vəsaitinin ödənilməsindən imtina olunmasının hüquqi əsası yoxdur, eyni zamanda bu hal cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, subsidiya vəsaitinin ayrıldığı zaman iddiaçının aktiv bank hesabının olmasına baxmayaq, yeni bank hesabının açılmasının tələb edilməsinin zəruri edən faktiki şərtlərin mövcudluğuna dair cavabdeh inzibati orqan tərəfindən istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də hazırkı icraat çərçivəsində hər hansı sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bundan başqa, iş materialların olan iddiaçının müraciətlərindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin müvafiq filialında bank hesabı açmasının gecikdirilməsini kollektiv müəssisənin üzvlərinindən 10 nəfərin vəfat etməsi, bəzilərinin ölkə sərhədlərindən kənarda olması və Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimin tətbiq edilməsi ilə əlaqələndirmişdir. Ancaq qeyd olunan hallar cavabdeh tərəfindən üzrlü səbəb kimi nəzərə alınmamış, bununla yanaşı, həmin xüsusatlara ümumiyyətlə, münasibət bildirilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 50.1-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunaziddir və bu, iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-821/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-cı il tarixli, 2-1(120)-821/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-68/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-68/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver