Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-680/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(120)-719/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 17 iyun 2025-ci il tarixli, 2- 1(120)-719/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu ildə Saatlı rayonu Ukrayna adına kolxozda Elektrik qaynaqçısı işləmişdir. İddiaçının “Ukrayna” adın kolxozda “qaynaqçı” peşəsində işlədiyi müddətdə “əl ilə” və ya “elektriklə” qaynaq aparıb-aparılması barədə məlumatın olmamasına münasibətdə bildirilir ki, qeyd edilən məsələnin şəxsin işlədiyi vəzifənin güzəştli iş stajı kimi nəzərə alınıb-alınmaması məsələsində əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci bəndində ümumi şəkildə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə məşğul olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun şamil edildiyi müyyən edilir. Belə olan halda isə şəxsin “əl ilə” və ya “elektriklə” qaynaq aparıbaparmaması mübahisə üzrə həlledici əhəmiyyətə malik olmur. Həmçinin iddiaçının işlədiyi dövrə münasibətdə onun kolxozda əl ilə qaynaq işlərini apardığı açıq-aşkardır və həmin halın araşdırılmasına ehtiyac belə yoxdur. Bununla belə, ədalət prinsipi baxımından işçinin əmək kitabçasında “əl ilə” və ya “elektriklə” qaynaq aparmasının qeyd edilməməsindən, bununla bağlı arxivdə də məlumatın olmamasından və hazırda fəaliyyət göstərməyən müəssisənin güzəştli arayışının təqdim edilməməsindən doğan mənfi nəticə onun məsuliyyət sferasına daxil edilə və bu haldan törəyən nəticə onun sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. İşçi nə əmək kitabçasını dolduran, nə müvafiq sənədləri arxivə təhvil verən şəxsdir, nə də ki, qanunla onun üzərinə belə vəzifələr qoyulmamışdır ki, o, əmək kitabçasına qaynağın “əl ilə” və ya “elektriklə” aparıldığını qeyd etsin və ya müvafiq sənədləri arxivə təhvil versin. Bundan başqa, məhkəmə tərəfindən başqa iş üzrə əldə edilmiş güzəştli iş stajı ilə bağlı analoji müəssisə kimi Respublikada son dövrədək fəaliyyət göstərmiş kolxozun (Nikitin adına kolxoz) bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu göndərilmiş, Cəmiyyətin xx.xx.2025-ci il tarixli XO-44 nömrəli məktubunda qeyd edilmişdir ki, “İsmayıllı rayonu İvanovka kəndində əvvəllər fəaliyyət göstərmiş “Nikitin” adına kolxozda mövcud olmuş ixtisaslaşdırılmış şöbədə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan qaynaqçı peşəsi olmuşdur və həmin peşədə işləmiş şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etmişlər. Məlumdur ki, hal-hazırda kolxoz fəaliyyət göstərmir və məhkəmə sorğu nəticəsində oxşar müəssisədən güzəştli arayış əldə edə bilməmişdir. Bu hal iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və onun hüquqlarını məhdudlaşdıra bilməz. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, lakin cavabdeh pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 avqust 1988-ci il tarixli l/İT-l ******* əmək kitabçasının 42-44-cü səhifələrinin 3-4-cü qeydlərində onun xx.xx.1975-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Ukrayna adına kolxozda işlədiyi qeyd olunub. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilib. Buna görə də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 1 ay 25 gün (xx.xx.1977-xx.xx.1979-cu tarixləri arasındakı dövr və 2006-2023-cü illər üzrə 14 il 2 ay)) təşkil edir. Bundan başqa adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçı hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 15926,31 manat təşkil edir. İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şirvan filialına sorğu ünvanlanmış və təqdim olunmuş cavab məktubunda iddiaçının 1975-1994-cü illərdə əmək fəaliyyətini təsdiq edən sənədlər təqdim edilmişdir. Həmçinin sözügedən filialda iddiaçının 1975-1999cu illərdə Saatlı rayon “Ukrayna” adına kolxozda işləməsi faktının qarşılıqlı yoxlaması həyata keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Qarşılıqlı yoxlama zamanı İddiaçı 1975-1999-cu illərdə iş stajını təsdiq edən sənədlər aşkar edilmişdir. Digər tərəfdən iddiaçıya məxsus ikinci əmək kitabçasında xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək X2 İdarəsinin yardımçı təsərrüfatında fəhlə işlədiyinə dair qeyd mövcuddur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Saatlı Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında iddiaçının işə daxilolma tarixinin xx.xx.2001-ci il olduğu halda texniki səhv olaraq xx.xx.1996-cı il qeyd olunduğu bildirilmişdir. Ziddiyyətlərin aradan qaldırılması məqsədilə T.X6 X1 idarəsində işlədiyini iddia etdiyi dövrlərlə bağlı sənədlərin saxlanıldığı Saatlı Su X1 idarəsində qarşılıqlı yoxlamanın keçirilməsi və bu barədə məlumatların təqdim olunması barədə xidməti məktub ünvanlanmışdır. Cavab olaraq təqdim edilmiş məktubda yalnız xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövlərin İddiaçı iş stajına əlavə edilməsinin mümkün olduğu bildirilmişdir. Bu səbəbdən bildirilir ki, İddiaçı ümumi iş stajı 34 il 2 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 10 ay 29 gün ( 16 il 10 ay 14 gün kolxozda işlədiyi dövr, xx.xx.1977-xx.xx.1979-cu il və xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 15 il 4 ay) təşkil etmişdir. Güzəştli iş stajına münasibətdə bildirilir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik qaynaqçısı işlədiyinə dair qeyd mövcuddur. Lakin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yerinin arayışı təqdim edilməmişdir. Həmçinin məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş məktublarda təsdiqedici sənəd aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edildiyi bildirilmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli məktubunda “elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İB-də məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olub-olmamasına dəqiq münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək Saatlı rayonu “Ukrayna” adına kolxozda işlədiyi elektrik qaynaqçısı peşəsinin təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malik olmadığı qeyd edilmişdir. Bu səbəbdən iddiaçı T.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçıya 2019-cu ildə (təyinat tarixi 2015-ci il olmaqla) güzəştli şərtlərlə pensiya təyin edilmiş, başqa bir şəxsin barəsində cinayət işi araşdırılarkən 2020-ci ildə pensiya ödənişi faktiki olaraq dayandırılmışdır. 2023-cü ildə isə ümumi əsaslarla pensiya təyin edilmişdir. İddiaçıya güzəştli şərtlərə pensiya ödənişi xx.xx.2019-cu il tarixdə dayandırılmışdır, yəni sonuncu dəfə müvafiq ödənişi həmin tarixdə almışdır. İddiaçı və nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə etiraz etmişlər, həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, ona xx.xx.2019cu il tarixdə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (Ümumi Peşələr) qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun şamil edildiyi şəxslər kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1975ci il tarixdə Saatlı rayon, Ukrayna adına kolxoza üzv qəbul edilmiş, xx.xx.1982-ci ildə elektrik qaynaqçısı işinə keçirilmiş, xx.xx.1999-cu ildə azad edilmişdir. Digər ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək X2 İdarəsinin yardımçı təsərrüfatında fəhlə vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Falez Boru MMC-də qülləli krda siqnalçı vəzifəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Falez Memarlıq MMC-də mexanik vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İnkom MMC-də mexanik vəzifəsində, xx.xx.2020-ci il tarixdən hal-hazıradək Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ElmiTədqiqat İnstitutunun Təsərrüfat şöbəsində kənar aqrotexnik vəzifəsində işləyir. -xx.xx.1977-ci il tarixli, H3 ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusunda xidmət etmişdir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Təmir-tikinti” Trestində işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi ilə eynidir və xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə- ********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402№-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 jvfo-İi Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.1982-ci ildən xx.xx.1999-cu ilədək Saatlı rayonu Ukrayna adına kolxozda işlədiyi elektrik qaınaqçısı peşəsi təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malik deyildir. -xx.xx.1981-ci il tarixli, K № 032583 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1976-cı il tarixdən 1981-ci il tarixədək Sumqayıt politexnik texnikomunda təhsil almışdır. -X4 filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X4 filialında mühafizə olunan Saatlı rayonu “Ukrayna” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş İddiaçı 1975-1994-cü illərdə əmək fəaliyyəti barədə aşkar olunan qeydin müvafiq qaydada təsdiq olunmuş surətini təqdim edir. Saatlı rayonu “Ukrayna” adına kolxozun əmr və əmək haqqı cədvəlləri kitabları X4 filialına təhvil verilməyib. -Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarına 1 №-li əlavə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906) qeyd edilmişdir. -SOCAR “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladğı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azneft” İstehsalat Birliyinə (İB) daxil olmuş (qeydiyyat: 14- 2-1/1-223/2025 nömrəli, xx.xx.2025-ci il tarixli) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə sosial sığorta (əmək) stajı ilə bağlı daxil olmuş sorğu məktubuna aidiyyəti üzrə baxılmışdır. Sorğu məktubunda İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmçinin, Saatlı rayon “Ukrayna” adına Kolxozda elektrik qaynaqçısı peşəsində çalışdığı qeyd olunub. “Elektrik qaynaqçısı” adında peşə normativ sənədlərdə nəzərdə tutulmadığına və İddiaçı çalışdığı peşənin təlimatı haqda İB-də məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (Siyahı) aid olubolmamasına dəqiq münasibət bildirilməsi mümkün deyil. Bununla belə, Siyahıda elektrik qaynağı ilə məşğul olan peşələr (məsələn 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi) nəzərdə tutulmuşdur və İB-nin təşkilatlarında “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə çalışan işçilərə, habelə nəzərdə tutulan digər peşələr üzrə çalışan müvafiq arayışlar təqdim edilir. -Saatlı Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 86 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, İddiaçı 12 dekabr 2001-ci il tarixdən X2 İdarəsinin yardımçı təsərrüfatına fəhlə işinə qəbul edilsin və 02 yanvar 2002-ci il tarixdə öz ərizəsinə əsasən, 06 nömrəli əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd: İddiaçı işə qəbul olma tarixi xx.xx.2001ci il olduğu halda texniki səhv olaraq əmək kitabçasında 10 may 1996-cı il qeyd olunmuşdur. Cavabdehin imtinasına əsas səbəb iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1999cu il tarixədək Ukrayna adına kolxozda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yerinin arayışını təqdim etməməsidir. İddiaçının işlədiyi müəssisə (Ukrayna adına kolxoz) hazırda mövcud olmadığından birinci instansiya məhkəməsi tərəfindən eyni peşə fəaliyyəti ilə məşğul olmuş şəxslərin işlədiyi idarələrə sorğular ünvanlanmış və həmin sorğular əsasında “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə çalışan işçilərə, habelə nəzərdə tutulan digər peşələr üzrə çalışan şəxslərə müvafiq arayışlar təqdim edildiyi müəyyən edilmişdir. Cavabdehin imtinasının digər bir səbəbi iddiaçının “Ukrayna” adına kolxozda xx.xx.1982-xx.xx.1999-cu illər ərzində işlədiyi elektrik qaynaqçısı peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamasıdır. İddiaçının Ukrayna adına kolxozda xx.xx.1982-xx.xx.1999-cu il tarixləri ərzində işlədiyini nəzərə alsaq, həmin dövrdə elektrik qaynağı üçün tələb olunan müvafiq texnoloji avadanlıqların mövcud olması real görünmür. Buna görə də iddiaçının elektrik qaynağını əl ilə aparması daha ağlabatan hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin birinci instansiya məhkəməsində aparılmış icraatı dövründə iddia tələbinə ilkin pensiya təyinatı müstəvisində qiymət verilmiş, ona əvvəllər pensiya təyin edilməsi, dayandırılması və bunun əsasları araşdırılmamış və hüquqi qiymət verilməmişdir. İşin apellyasiya icraatı zamanı təqdim edilmiş sübutlar və inzibati orqanın nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçıya 2019-cu ildə (təyinat tarixi 2015-ci il olmaqla) güzəştli şərtlərlə pensiya təyin edilmiş, xx.xx.2019-cu il tarixdə pensiya ödənişi faktiki olaraq (qərarsız) dayandırılmış, 2023-cü ildə isə ümumi əsaslarla pensiya təyin edilmişdir. Cavabdehin nümayəndəsi pensiya ödənişinin dayandırılmasının əsası kimi başqa bir şəxsin barəsində cinayət işi araşdırılması ilə əlaqələndirsə də, bunu təsdiq edən sübut təqdim etməmiş, həmçinin həmin araşdırmanın iddiaçının pensiya işinə aidiyyətini şərh etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə dəqiqləşdirilmiş iddia həcmində baxılmalı, pensiyanın dayandırılması əsaslarına və onun bərpası üçün hüquqi əsasların olub-olmaması müstəvisində qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ödənilən pensiyanın dayandırılması üçün konkret hüquqi əsas mövcud olmamış, cavabdeh tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Hazırki icraat zamanı isə iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verməsi məsələsini mübahisələndirmişdir ki, bu xüsusata yuxarıda hüquqi qiymət verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2-1(120)-719/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-680/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-680/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver