Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-683/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-1547/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı sərəncamın ləğv edilməsi və əşyaların qaytarılması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 3- 33/000111S saylı sərəncamın ləğv edilməsi və sözügedən sərəncamda qeyd olunan əşyaların iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 03 iyul 2025-ci il tarixli, 2- 1(120)-1547/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi və sözügedən sərəncamda qeyd olunan əşyaların İddiaçı qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olundu ki, iddiaçı şəxsi istehlak məqsədilə geyim əşyaları, kiçik ev əşyaları, şəxsi təmizlik məhsulları və.s əşyaları Azərbaycan Respublikasına gətirmişdir. Lakin əşyalara “Qırmızı körpü” Gömrük Postundan keçərkən gömrük baxışı keçirilmiş və həmin əşyaların gömrük buraxılışına icazə verilməyəcəyi bildirilmiş və həmin əşyalar Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00068 nömrəli Aktla 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən xx.xx.2024-cü il tarixli sərəncam qüvvədədir, əşyalar toxunulmaz olaraq “Azərterminalkompleks” Birliyinin istifadəsində olan (icarəsində olan) ünvan 1 ünvanda yerləşən anbarda saxlanılır və həmin mallar iddiaçıya geri qaytarılmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən şəxsi istehlak məqsədilə geyim əşyaları, kiçik ev əşyaları, şəxsi təmizlik məhsulları, velosiped və s. əşyaları Azərbaycan Respublikasına gətirilmək istəmişdir. Lakin əşyalar “Qırmızı körpü” Gömrük Postundan keçərkən gömrük baxışı keçirilmiş və həmin əşyaların gömrük buraxılışına icazə verilməyəcəyi bildirilmişdir və əşyalar xx.xx.2024-cü il tarixli **********00068 nömrəli akt əsasında Qırmızı körpü postunun müvəqqəti saxlanc yerində 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd edilən müddətin keçməsinə baxmayaraq, ərizəçinin əşyaları geri qaytarılmamışdır. Belə ki, inzibati orqanın əsassız əməlləri nəticəsində ərizəçiyə külli miqdarda maddi zərər dəymişdir. X3 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla ərizəçiyə bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı əsasında “Azərterminalkompleks” Birliyinə təhvil veriləcəkdir, bununla da sözügedən əşyalar ya satılacaq, ya da məhv ediləcəkdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/000111S saylı sərəncamı əsasında “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş malların təhvil-təslimi ilə əlaqədar tədbirlərin görülməsi Tovuz Gömrük İdarəsinə tapşırılmışdır. Sözügedən əşyaların 30 gün ərzində müvəqqəti saxlanc yerində saxlanması və sonradan sərəncam əsasında satılması və ya məhv edilməsi mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır və bu hərəkətlərin heç bir normativ əsası mövcud deyildir. Cavabdeh iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli **********00068 nömrəli aktdan görünür ki, həmin tarixdə “Qırmızı körpü” gömrük postunda İddiaçı tərəfindən ölkə ərazisinə gətirilən qarışıq malların gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlərin çatışmaması səbəbindən 30 gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.11-ci bəndinə əsasən hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları gömrük sərhədindən keçirilməsinə icazə verir. Qaydaların 1.5-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ölkə ərazisinə 25 cüt ayaqqabı, 20 ədəd ətir, 10 ədəd şampun, 50 ədəd dərman və qida əlavəsi və s. gətirmişdir. Həmin şəxsin mütəmadi olaraq ölkə ərazisinə davamlı şəxsi istehlak adı altında bəyan etdiyi, lakin kommersiya təyinatlı müxtəlif çeşidli mallar gətirdiyi nəzərə alınaraq, ona idxal etdiyi mallara görə gömrük ödənişi ödəməli olması bildirilmişdir. Birinci instansiya məhkəməsi həmin malların şəxsi istehlak məqsədilə gətirildiyini göstərsə də, bunu əsaslandırmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı 2024-cü il ərzində 16 dəfə sərhəd keçmiş və mütəmadi olaraq, müxtəlif adda və çeşiddə mallar keçirmişdir. Onun eyni cinsli və say baxımından çox olan malları mütəmadi olaraq ölkəyə gətirməsi həmin malların şəxsi isteklak məqsədi ilə deyil, kommersiya məqsədi ilə gətirməsi qənaətinə gəlməyə əsas verir. İddiaçı məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş, həmçinin bildirmişdir ki, Almaniyadan Azərbaycana mütəmadi olaraq minik avtomobili gətirməklə məşğul olur, ona görə də gömrük sərhədindən mütəmadi keçidi baş verir. Sonuncu dəfə 3 nəfər ayrıayrılıqda 3 minik avtomobili gətirərkən digər şəxslərin də şəxsi istehlak məqsədilə aldıqları əşyalar onun idarə etdiyi avtomobildə olmuş, gömrük əməkdaşları həmin malların hamısının ona aid oldugunu güman etmişdir. Gömrük saxlancına götürülmüş malların bir qismini, yəni təmizlik və baxım vasitələrini, dərman və vitaminləri, şirniyyatı ailəsinin şəxsi istehlakı məqsədilə gətirmiş, geyinilmiş ayaqqabıları isə 3 nəfər şəxs Almaniyada yerləşən geyinilmiş mallar mağazasından ucuz olduğuna görə hərəsinə 6-7 cüt şəxsi istehlak məqsədilə almışlar. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İddiaçı müvəqqəti saxlanca götürülmüş malların siyahısından görünür ki, 25 cüt ayaqqabı, 20 ədəd ətir, 10 ədəd şampun, 50 ədəd dərman və qida əlavəsi və s. mallar saxlanca götürülmüşdür. -Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Ölkəyə gələrkən gətirdiyiniz mallar **********00068 nömrəli akt əsasında “Qırımızı Körpü” gömrük postunda 30 (otuz) gün müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Saxlanc müddətində malların anbardan təhvil alınması üçün Tovuz Gömrük İdarəsinə müraciət daxil olmamış və bununla da saxlanca götürülmüş mala təyin olunmuş müddət başa çatmışdır. Müvəqqəti saxlanc müddəti bitdiyi üçün **********00068 nömrəli akt əsasında “Qırımızı Körpü” gömrük postunda 30 (otuz) gün müddətinə müvəqqəti saxlanca götürülmüş mallar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2014-cü il tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın müddəalarına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamı əsasında “Azərterminalkomojeks” Birliyinə təhvil veriləcəkdir. -Dövlət Gömrük Komitəsinin Dövlət Gömrük Komitəsi Tovuz Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallara dair tədbirlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-33/000111S nömrəli sərəncamında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 5.6.11-ci yarımbəndinə əsasən: Tovuz Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca götürülən və saxlanc müddəti keçmiş mallarla bağlı təhvil-təslim prosesi ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin (siyahı əlavə olunur). Komitənin “Azərterminalkompleks” Birliyi təmin etsin: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın tələblərinə uyğun olaraq siyahıda qeyd olunan malların gömrük hərraclarında satışını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın 2.4-cü və 2.7-ci bəndlərinin tələblərinə uyğun claraq dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan malların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini; 2.3. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallara dair tərtib edilmiş protokollar və malların xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər barədə gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “MSAİE” alt bölməsində qeydiyyatın aparılmasını. Malların təhvil-təslim prosesi Gömrük İnzibatçılığı Baş İdarəsi Gömrük işinin təşkili idarəsinin Buraxılış məntəqələri üzrə iş şöbəsinin iştirakı ilə həyata keçirilsin. Komitənin Katibliyi sərəncamın aidiyyəti üzrə göndərilməsini təmin etsin. Sərəncamın icrasına nəzarət Komitə sədrinin müavini Cavad Qasımova həvalə edilsin. -Cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş mübahisələndirilən xx.xx.2024-cü il tarixli Sərəncam qüvvədədir, əşyalar toxunulmaz olaraq Azərterminalkompleks Birliyinin istifadəsində olan (icarəsində olan) ünvan 1 ünvanda yerləşən anbarda saxlanılır və həmin mallar iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının şərh olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın: -1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 299.1-ci maddəsinə əsasən hazırlanmışdır və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra - gömrük sərhədi) keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. -1.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. -2.1. Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:- 2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; -2.1-1. Bu qaydaların 2.1.2-ci və 2.1.10 - 2.1.12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. -2.1-2. Bu qaydaların 2.1.2-ci, 2.1.10-cu və 2.1.11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir. -2.2. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. -176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. -180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir. -180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Şərh olunan normaların tələblərindən göründüyü kimi təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Cavabdeh orqan iddiaçıdan saxlanca götürülmüş malların kommersiya məqsədi üçün ölkəyə gətirilməsini və bu halın mütəmadi olaraq davamlı baş verməsini göstərsə də, iddiaçının mütəmadi olaraq ölkəyə analoji, eyni cinsli malları gətirməsini təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin iddiaçının digər ölkələrdən satış üçün minik avtomobili gətirməsi ilə bağlı mütəmadi olaraq sərhəd keçməsi halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin cavabdeh Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş yuxarıda şərh olunan Qaydalarıın 1.5-ci bəndinə əsaslanaraq, iddiaçı tərəfindən ölkəyə idxal edilmiş malların gömrük ödənişinə cəlb edilməsi qənaətinə gəlsə də, həmin qaydanın 1.5-ci bəndinin dispozisiya şərti ondan ibarətdir ki, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməli, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi müəyyən edilməli, gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilməlidir. Müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ölkəyə gətirdiyi malların çoxluq təşkil edən və kommersiya məqsədi üçün gətirilməsini ehtimal etməyə əsas verən çeşidlərindən biri 25 cüt ayaqqabıdır ki, həmin ayaqqabılar geyinilmiş olmaqla, iqtisadi səmərə baxımından kommersiya məqsədi ilə gətirilməsi ağlabatan görünmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-1547/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-683/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-683/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver