Məhkəmə qərarları › İş №2-1(106)-684/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-684/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-684/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(120)-1773/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X2na şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 15 may 2025-ci il tarixli, 2- 1(120)-1773/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının X2, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən çağırılmış, 1-ci əməliyyat taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü olmuş, xx.xx.2024-cü il tarixdə uzun müddət əziyyət çəkdiyi mədə xərçəngindən vəfat etmişdir. İş materialarında olan arayışlardan müəyyən olunur ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, Qida borusunun bədxassəli törəməsi nəticəsində vəfat etmişdir. Müdafiə Nazirliyinin məktubundan da göründüyü kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X6 xx.xx.2024-cü il tarixdən Müdafiə Nazirliyinin Baş X3 bölməsində stasionar müalicədə olmuşdur. Belə olan halda qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. Fərzullayev Zabilin ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, X6 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş vəzifəsində xidmət edərkən Müdafiə Nazirliyinin Baş Kilinik Hospitalına qəbul olunduqdan sonra xx.xx.2023-cü il tarixdə “Qida borusunun qanaxma ilə fəsadlaşmış böyük ölçülü bədxassəli törəməsi" diaqnozu ilə ixtisaslı müayinə və müalicə üçün Milli Onkologiya Mərkəzinə köçürülmüşdür. Sonradan isə xx.xx.2024-cü il tarixdən Müdafiə Nazirliyinin Baş X3 bölməsində stasionar müalicə alaraq qida borusunun bədxassəli yenitörəməsi diaqnozu ilə ölüm səbəbi göstərilmişdir. X2 2016-cı il tarixli ağır aprel döyüşlərinin iştirakçısı olmuşdur. “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə “Qüsursuz xidmətə” görə 3-cü dərəcəli medalı ilə Azərbaycan Respublikasının “Müharibə Veteranı” adının verilməsi ilə bağlı vəsiqələrlə və “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” Yubileyi medalları ilə təltif olunmuş və döyüş hazırlığının yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanlarla təltif olunmuşdur. Bütün bunları nəzərə alaraq X2na şəhidlik statusunun verilməsi üçün köməklik göstərilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bildirilir ki, Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün konkret məhdudlaşdırıcı siyahı hüquqauyğun deyildir və təkmilləşdirmələr aparılmalıdır. İddiaçının oğlu da bu ağır xəstəliyə xidmət dövründə tutulmuş, müharibədə iştirak etmişdir. Xərçəng xəstəliyinin əsas yaranma səbəbləri stress, qorxu, həyəcandır. Oğlu 44 günlük Vətən Müharibəsində aktiv iştirak etmiş, çoxsaylı medallarla təltif olunmuşdur. Xəstəliyin konkret yaranma tarixi bilinməsə də, onun müharibədə yaranma ehtimalı yüksəkdir. Odur ki, birinci instansiya məhkəməsinin oğlunun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin olmadığı qənaətinə gəlməsi yanlış olmuşdur. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriləsə də, nümayəndəsinin iştirakının təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -N nömrəli hərbi hissənin ərzaq xidməti rəisinin arayışında qeyd edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə ərzaq təminatından çıxarılmış və Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına getmiş hesab edilmişdir. -xx.xx.2024-cü il tarixli, AZ-İİ№ 406800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə qida borusunun bədxassəli yenitörəməsi səbəbi ilə ölmüşdür. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 283 nömrəli arayışında qeyd edilmişdir ki, çavuş X6 xx.xx.2024-cü il tarixdə uzun müddət əziyyət çəkdiyi mədə xərçəngindən vəfat etmişdir. -N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1672 nömrəli arayışında qeyd edilmişdir ki, hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş X6 aldığı “qida borusunun qanaxması ilə fəsadlaşan böyük ölçülü bədxassəli törəməsi” diaqnozunu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əməliyyatlar və xidməti vəzifələrini yerinə yetirərkən deyil, xidmət dövründə aldığı üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əməliyyatlar və xidməti vəzifələrini yerinə yetirərkən arayışın verilməsi mümkün olmamışdır. -Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X6 ilk dəfə 16.11.23-cü il tarixdə qida qəbulunun çətinləşməsi, qida qəbulu zamanı ağrı, qan qusma, çəki itkisinin olması, ümumi halsızlıq şikayətləri ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 13.11.23 tarixli, 6742 saylı göndərişi ilə MOM-a müraciət etmişdir. Xəstəyə “Qida borusunun xərçəngi. Proqress.Traxeyaya invaziya. Subkarinal LAP.cT4bN1M0 İV mərhələ“ diaqnozu qoyulmuş, şüaterapevt tərəfindən baxılmış, şüa terapiyası məsləhət görülməmişdir. Xəstə sonralar MOM-a müraciət etməmişdir. Yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilir ki, iddiaçının X2 xx.xx.2024-cü il tarixdə “Qida borusunun bədxassəli yenitörəməsi” nəticəsində vəfat etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarından göründüyü kimi mərhum X6 xx.xx.2024-cü il tarixdə xidmət etdiyi hərbi hissədən Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərildikdən uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə “Qida borusunun bədxassəli yenitörəməsi” nəticəsində vəfat etdiyindən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələbləri mərhum Z.Fərzullayevə şamil oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi oğlunun ölümü ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda məntiqi əlaqə olması barədə dəlili əsassızdır. Belə ki, Z.Fərzullayevin ölümünə səbəb olan xəstəlik bir çox faktordan asılı olaraq yarana bilər və birbaşa yaranma səbəbini müəyyənləşdirmək qeyri-mümkündür. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunverici şəhid adının verilməsini konkret olaraq şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması ilə şərtləndirmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, Z.Fərzullayevin “qida borusunun bədxassəli yenitörəməsi” xəstəliyindən vəfat etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması kimi qiymətləndirilə bilməz. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(120)-1773/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar