Məhkəmə qərarları › İş №2-1(106)-685/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-685/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-685/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-1691/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyasının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 19 iyun 2025-ci il tarixli, 2- 1(120)-1691/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik statusu vermiş, inzibati orqan tərəfindən əsassız olaraq ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını, cavabdehin hərəkətini məhkəmə icraatı mübahisələndirərək, yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur. Göründüyü kimi qüvvədə olan əlilliyin etibarsız hesab edilməsində iddiaçının hər hansı bir təqsiri olmamış, onun hüquqları bərpa edildikdən sonra da hazırki cavabdeh tərəfindən ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik əsasında cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik xx.xx.2020-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddiası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1928/2024 saylı qərarı ilə təmin edilmiş və təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2021-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırıldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki, reablitasiya agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əlilliyi etibarsız hesab edilmiş, həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçıya 20 iyun 2017-ci il tarixdə orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasına görə (İİ dərəcəli) əlilliyi müəyyən olunmuş şəxs kimi əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı əlilliyi etibarsız hesab edildiyi üçün pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq məktubuna və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(120)-1928/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi Agentliyə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edilən normada nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etirazın dəlilləri ilə oxşar məzmunda apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının qərarı barədə elektron altsistemdən çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik – gözdən əlil diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1928/2024 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu əsasında aparılan araşdırma zamanı İddiaçı xx.xx.2024-cü il tarixli Sərəncama əsasən xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərində yaranan ötən dövr üçün əskik ödənilmiş vəsait 3807,21 manatın tam ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə əlillik təyin edilmişdir. Həmin əlillik xx.xx.2019-cu il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız hesab edilmiş, xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Məhkəmə qərarı ilə iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə qərar ləğv edilərək, xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın istinad etdiyi norma (“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi) hüquqların yaranmasını nəzərdə tutsa da, hazırki mübahisə əlilliyin təyin edilməsinin deyil, əlilliyin bərpa edilməsinin nəticələri ilə bağlıdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya əlillik təyin edilməmiş, əksinə xx.xx.2017-ci il tarixdə təyin edilmiş (xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmiş) əlillik bərpa edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etdiyindən və iddiaçının mübahisələndirdiyi xx.xx.2020-xx.xx.2021-ci il ərzindəki dövr həmin müddətə daxil olduğundan, tələb əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-1691/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar