Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-687/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-2049/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyul 2025-ci il tarixli, 2-1(120)- 2049/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Bəhrəmtəpə qum-çınqıl karxanasında sürücü işləyərkən idarə etdiyi “URAL-4320” markalı, 49-12 AQF dövlət nömrə nişanlı avtobusla İmişli rayon Polis Şöbəsinin əməkdaşları ilə Dağlıq Qarabağ və onun ətraf rayonlarına ezam olunması və həmin ərazidə gedən döyüşlərdə iştirak etməsi, eləcə də iddiaçıya məxsus “URAL-4320” markalı, 49-12 AQF dövlət nömrə nişanlı avtobusun 26 avqust 1993-cü il tarixdə İmişli rayon hərbi komissarlığı tərəfindən N nömrəli hərbi hissəyə göndərilməsi və N nömrəli hərbi hissənin 1-ci taborunda istifadə olunması tam təsdiq olunur. Göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti üzrə icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Bəhrəmtəpə qum-çınqıl karxanasında sürücü işlədiyi zaman 1992-ci ilin iyul ayında İmişli rayon hərbi komissarlığının çağırışı əsasında İmişli rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə döyüş bölgəsinə, Laçın rayonuna getmişdir. O, polis işçilərini aparan “Ural-4320” markalı, 49-12 AQF nömrə nişanlı avtomaşını idarə edirdi və onlarla birlikdə döyüş gedən yerlərdə ezamiyyətdə olmuş, döyüş yerlərində döyüşlərdə iştirak etmiş, qorxu keçirib xəstəliyə düçar olmuşdur. Onun avtobusu İmişli rayon hərbi komissarlığı tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir və bunu hərbi hissənin verdiyi arayış, İmişli rayon polis şöbəsinın verdiyi arayış, "xxxx" ASC-nin məktubu, yol vərəqəsi və sair sənədlər təsdiq edir. Onunla döyüşdə İmişli RPŞ-nin əməkdaşları X9, Vəliyev Abdulla, Şirinov Həbib, Məmmədov İqbal, Vidadi Əmiş oğlu və qeyriləri olmuşlar və bu faktı təsdiq edirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Respublika hərbi komissarlığına və İmişli rayon hərbi komissarlığına müraciətlər etmişdir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilsin, lakin imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən mümkünsüz sayılmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarda qeyd olunan Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində imtina aktı və iddiaya qarşı etirazda göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və idddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı mülki işçi olmuş, 1992-ci ilin iyul ayında İmişli rayon hərbi komissarlığının çağırışı əsasında İmişli rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə döyüş bölgəsinə, yəni Laçın rayonuna göndərilmiş, o, polis işçilərini aparan “Ural-4320” markalı, 49-12 AQF nömrə nişanlı avtomaşını idarə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -N nömrəli hərbi hissənin Qərargah rəisinin xx.xx.1993-cü il tarixli, 82 nömrəli arayışından görünür ki, НЗАЗ-4951 (nömrəsi 49-12 AQF, şassi nömrəsi – 156317) markalı, Bəhramtəpə qum-çınqıl karxanasına məxsus avtomaşın 26 avqust 1993-cü il tarixində İmişli rayon hərbi komissarlığı tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş və hal - hazırda N nömrəli hərbi hissənin 1-ci taborundadır. -İmişli rayon Polis Şöbəsinin Azərbaycan X6 Birliyi İmişli rayon şöbəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli, 2438 nömrəli məktubdan görünür ki, İmişli rayon Xubyarlı kənd sakini Şirinov X3 qum-çınqıl karxanasında sürücü işləyərkən idarə etdiyi “URAL-4320” markalı, 49-12 AQF dövlət nömrə nişanlı avtobusla İmişli rayon Polis Şöbəsinin əməkdaşları ilə Dağlıq Qarabağ və onun ətraf rayonlarında ezamiyyətdə olmuş və orada gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası İmişli rayonu Bəhrəmtəpə “Çınqıl” ATSC-nin xx.xx.2005-ci il tarixli, 05 nömrəli arayışında bildirilir ki, X13 Karxanasında URAL-4320 markalı, 4912 AQF Dövlət nömrə nişanlı avtobus sürücüsü işləmiş X2 Çınqıl Karxanasının 16 iyul 1992ci il tarixli yol vərəqəsinə əsasən Qarabağ bölgəsinin Laçın-Minkənd istiqamətində iştirak etmək üçün İmişli rayon Polis Şöbəsinə göndərilmişdir. -İmişli rayon İHB-nın Məzrəli İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2010-cu il tarixli, 1989 nömrəli Arayışından görünür ki, İddiaçı həqiqətən İmişli rayon Xubyarlı kəndində yaşayır. Təqdim olunan arxiv sənədlərinə istinad edərək vətəndaş Şirinov X3 qum-çınqıl karxanasında sürücü işlədiyi dövürdə də onun idarə etdiyi “URAL-4320” markalı, 49-12 AQF dövlət nömrə nişanlı avtobusla İmişli rayon Polis Şöbəsinin əməkdaşları ilə Dağlıq Qarabağ və onun ətraf rayonlarında ezamiyyətdə olmuş və orada gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 3466 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin avqustdekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, yanvar-iyul 1993cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. -İmişli rayon Hərbi Komissarının iş üzrə iddiaçının adına tərtib etdiyi 30 mart 1993-cü il tarixli, 1135 nömrəli arayışından görünür ki, İddiaçı 27 noyabr 1992-ci il tarixdə İmişli rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmış, hazırki arayışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli, 131 nömrəli Qərarı ilə hərbi qulluqçuların ailələri üçün müəyyən olunmuş imtiyaz və üstünlüklərin onun ailəsinə də şamil olunması, 100% əmək haqqı ödənilməklə iş yerinin saxlanılması üçün əsas olduğu bildirilmişdir. -N nömrəli hərbi hissənin Qərargah rəisinin xx.xx.1993-cü il tarixli, 82 nömrəli arayışından görünür ki, НЗАЗ-4951 (nömrəsi 49-12 AQF, şassi nömrəsi – 156317) markalı, Bəhramtəpə qum-çınqıl karxanasına məxsus avtomaşın 26 avqust 1993-cü il tarixində İmişli rayon hərbi komissarlığı tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş və hal - hazırda N nömrəli hərbi hissənin 1-ci taborundadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Göründüyü kimi Əsasnamə 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət edən, yaxud həmin hərbi hissələrə ezam olunmuş şəxslərə müharibə veteranı statusunun verilməsini həmin şəxslərin mütləq şəkildə hərbi qulluqçu olmaları ilə şərtləndirmişdir. Əsasnamədə hərbi qulluqçu olmayan, yəni özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə də müvafiq statusun verilməsi nəzərdə tutulsa da, iddiaçı həmin şəxslərin də dairəsinə düşmür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-2049/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikas Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-687/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-687/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver